Məhkəmə qərarları › İş №2(104)-575/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-575/2025

14.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-575/2025 14.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil və cavadeh Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli 2(066)-1143/2024 nömrəli qətnaməsindən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə 14 aprel 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh cəmi 10990 (on min doqquz yüz doxsan) manat borc verməsini, cavabdehin aldığı borcu 2022-ci ildə qaytarmalı olmasını, lakin qaytarmadığını bildirir.

a)İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Göygöl Rayon Məhkəməsində iddia qaldıraraq, Cavabdeh 10990 (on min doqquz yüz doxsan) manat, 2 il müddətinə borcu gecikdirməsinə görə 1099 (min doxsan doqquz) manat alınıb ona verilməsi barədə qətnamə çıxarılmısini xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ilkin olaraq 31 yanvar 2022-ci ildə bank vasitəsilə cavabdehin adına 4600 ABŞ dolları göndərmiş, cavabdeh isə həmin məbləği hissə-hissə qaytarmağa söz vermişdir. Eləcədə cavabdehin xahişi ilə avtomobilinin təmiri üçün ehtiyat hissələrinə görə 2500 manat, işlərin görülməsi üçün isə 500 manat servisə ödəniş etmişdir. vermişdir. Bundan əlavə cavabdehə 100 ABŞ dollarıda borc vermişdir. Dəfələrlə cavabdehdən pulunu geri istəsə də, lakin sonuncu yalan vəd verərək borcu qaytarmamışdır.

4. Göygöl Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli 2(066)-1143/2024 nömrəli qətnaməsi ilə (hakim M.Məmmədov) İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası əsassız olduğundan təmin edilməməsi qət olunmuşdur.

5. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 445.2, 739, 740, 1091-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.1, 217.4, 216-220-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

6. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi cavabdehin iddiaya qarşı etirazını əsas götürərək iddianı rədd etmişdir. Onun təqdim etdiyi sübütlara isə qiymət verməmişdir. Digər tərəfdən cavabdeh özü etirazda pulların alınmasını etiraf etmişdir. Bu isə sübüt edir ki, o, pulu cavabdehə vermişdir. İşin bu halı bank qəbzləri ilə də təsdiqini tapır. Cavabdeh iddiaçı ilə ailə münasibətləri olmasını və göndərilən pulun borc olmadığını bildirsədə, əslində tərəflər arasında bağışlama müqaviləsi olmamış, eləcədə məhkəmə tərəflərin ailə münasibətlərində olmalarını araşdırmamışdır. Bu barədə hər hansı sübüt da təqdim olunmamışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları,

9. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, nümayəndəsi olduğu şəxslə Cavabdeh arasında ər-arvad münasibətləri olmamış, sonuncular sadəcə dostluq etmişlər. Cavabdehin xahişinə əsasən onun istifadəsində olan avtomobilin təmir-bərpasına 3500 manat xərcləmiş, eləcədə 4600 ABŞ dolları borc vermişdir. Cavabdeh aldığı borcun qaytarılmasına söz versəsdə qaytarmamışdır. Vəkil sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Məhkəmə iclasında iştirak edən cavadeh Cavabdeh izahatında bildirmişdir ki, iddiaçı ilə yaxın, yəni bir evdə yaşamasalarda faktiki olaraq ər-arvad münasibətlərində olmuşlar və sonuncu onun bütün maddi ehtiyaclarını ödəmişdir. Münasibətləri pozulduğundan iddiaçı ona qarşı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Halbu ki, iddiaçı onun başqa şəxsə pul borcunun olduğunu bilmiş və buna əsəbləşərək dərhal borcu qaytarmaq məqsədilə kart hesabına 4600 ABŞ dolları göndərmiş, o da həmin borcu qaytarmışdır. Eləcədə idarə etdiyi avtomobilin təmiri üçün servisə 3500 manat ödəmişdir. Hətdə pozulmuş münasibətlərinin bərpa olunması üçün iddiaçı sonradan ona “Hyunday Elantra” markalı avtomobil alsada, lakin o həmin hədiyyəni qəbul etməmiş, iddiaçının onun adına aldığı mənzilin satılması üçün iddiaçıya etibarnamə vermiş, sonuncuda mənzili özgəninkiləşdirmişdir. Cavabdeh sonda İddiaçılə aralarında olan faktiki münasibətlərin bərpasının mümkünsüz olduğunu qeyd edərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmişdir. Sonuncu nümayəndəsi vastəsilə təmsil olunduğundan kollegiya işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

14. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

15. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləğ olduqda, o, kredit müqaviləsi adlandırılır.

16. Maddə 740. Borc müqaviləsi predmetinin məbləğiüç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

17. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

18. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

23. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

25. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

29. İşin müəyyən olunmuş faktiki hallarından müəyyən olunur ki, İddiaçı Cavabdeh 2022-ci ildə qaytarmaq şərtilə ümumilikdə 10990 manat (4600 ABŞ dolları və 3500 manat avtomobilin təmiri üçün xərclənən) borc verməsini, lakin sonuncunun həmin borcu qaytarmadığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir.

30. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin “birinci instansiya məhkəməsinin cavabdehin iddiaya qarşı etirazını əsas götürərək iddianı rədd etməsi, nnun təqdim etdiyi sübütlara isə qiymət verməməsi, cavabdehin özünün etirazda pulların alınmasını etiraf etməsi, borcun verilməsinin bank qəbzləri ilə də təsdiqini tapması dəlilləri qətnamənin ləğvi üçün əsas deyil.

31. Belə ki, İddiaçı Cavabdeh kart hesabına 4600 ABŞ dolları göndərməsi, eləcədə cavabdehin istifadəsində olan avtomobilin təmiri (ehtiyat hissələrinin alınması və ustalara ödənilən) üçün 3500 manat ödəməsi, eləcədə iddiaçı İqar Abdullayevlə Cavabdeh uzun müddət (cavabdehin deməsinə faktiki olaraq 6 il ər-arvad kimi yaşamışlar) yaxın münasibətdə olması işin mübahisəsiz halıdır.

32. İddiaçı qeyd olunan məbləğin cavabdehə borc kimi verildiyini bildirir, cavabdeh isə İddiaçılə uzun müddət yaxın, yəni faktiki olaraq ər-arvad münasibətlərində olduqları üçün İddiaçı onun bütün ehtiyaclarını qarşılamış, eləcədə avtomobilini təmiri üçün 3500 manat xərcləmiş, həmçinin başqa şəxsə borcunun olmasından xəbər tutan kimi əsəbləşmiş və borcun qaytarılması üçün dərhal kartı hesabına 4600 ABŞ dollar göndərmiş, iddiaçının ondan xəbərsis evlənməsi səbəbindən münasibətləri pozulmuş və bu səbəbdən də ondan ayrılmasını, hətda adına alınan mənzilidə özünə qaytarmasını (deməsinə görə satılması üçün etibarnamə vermişdir) bildirir.

33. Mülki iş materiallarına əlavə olunmuş “whatsapp” yazışmalarından müəyyən olunur ki, həmin yazışmalar iddiaçı ilə cavabdehin qızı arasında aparılmış və yazışmalar bu iş üzrə tərəflərin münasibətlərinin pozulmasından sonrakı vaxta təsadüf edilir.

34. Göründüyü kimi, İddiaçı Cavabdeh borc verdiyini iddia etsədə, lakin tərəflər arasında borc öhdəlik hüquq münasibətlərinin yaranması işdən müəyyən olunmur. Belə ki, borc müqaviləsinin bağlanmış hesab olunması, yəni hüquqi nəticə əmələ gətirməsi, digər müqavilələrdə olduğu kimi sırf razılaşma sayəsində olur. Bununla bağlı təkcə Mülki Məcəllənin borc müqaviləsini tərif edən 739.1-ci maddəsindəki müddəanın nəzərdən keçirilməsi kifayətdir. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

35. Göründüyü kimi öhdəliyin əmələ gəlməsi üçün onun tərəfləri arasında əqdin bağlanması zəruridir. Əqddən yalnız o halda bəhs etmək mümkündür ki, əqdi əmələ gətirən iradə ifadəsi, görünüş etibarı ilə hüquqi nəticəni gerçəkləşdirmək məqsədilə edilmiş olsun. İradə ifadəsi müəyyən bir hüquqi nəticəyə yönəlmiş olmalı, hansı hüquqi nəticəni əmələ gətirmək üçün edildiyi müəyyən edilə bilinmədiyi təqdirdə əqd əmələ gəlmir. Qarşılıqlı bir-birinə uyğun iradə ifadələri nəticəsində əmələ gələn əqd növünə müqavilə deyilir. Əsas etibarı ilə müqavilələr fərqli mənafe və məqsədlərlə (məsələn biri satmaq digəri isə almaq) hərəkət edən şəxslər arasında müəyyən hüquqi nəticəni əmələ gətirmək üçün bağlanır. Müqavilə ikitərəfli əqd növüdür və bu anlayışı əmələ gətirən meyar öhdəlikdir. Əgər müqavilə üzrə tərəflərdən hər birinin öhdəliyi, sırf qarşı tərəfin öhdəliyinin yaranması əvəzində əmələ gəlirsə onda bu cür müqavilələrə tam ikitərəfli müqavilədir. Nəticə etibarı ilə qüvvədə olan mülki qanunvericiliyin tələblərinə əsasən müqavilə anlayışına və müqavilələrin bağlanılmasının ümumi şərt və əsaslarını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405-424 maddələri ilə tənzimlənən ümumi sisteminə uyğun olaraq razılaşma ilə əmələ gələn bir əqd mahiyyətindədir.

36. Mülki prosessual qanunvericiliyə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1, 372-376, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli 2(066)-1143/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar