Məhkəmə qərarları › İş №2(104)-576/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-576/2025

14.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-576/2025 14.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi, İddiaçı və onun vəkili Nümayəndə2 iştirakı ilə İddiaçı (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tаrixli qətnaməsindən Cavabdeh1(bundan sonra- cavabdeh) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İş materiallarına əlavə edilmiş 14 oktyabr 2021-ci il tarixli qəbzlə müəyyən olunur ki, cavabdeh özünə məxsus “07” markalı, ** BK *** nömrəli avtomobili girov qoyaraq iddiaçıdan 4.000 manat borc pul alıb. Qəbz cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən imzalanıb. İş materiallarına əlavə edilmiş 25 noyabr 2021-ci il tarixli qəbzdən görünür ki, cavabdeh özünə məxsus “07” markalı avtomobili girovdan götürərək, borcunu 31 mart 2022-ci ilədək qaytarmağı öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 verilmiş borca görə 4.000 manat, borcun gecikdirilməsinə görə 800 manat faiz borcunun, hüquqi yardım üçün ödənilmiş 300 manat pulun və ödənilmiş 64 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 və Cavabdeh2 2020-ci ilin iyul-avqust ayında öz tanışı X2 vasitəsi ilə tanımışdır. Belə ki, X2 2020-ci ilin avqust ayında cavabdehləri onun yanına gətirib, onların uşaqlarının ağır xəstə olmasını və müalicəyə ehtiyacları olmasına görə onlara borc pul verməsini xahiş etmişdir. O da onların uşaqlarının xəstə olmasına görə Cavabdeh1 və Cavabdeh2 4.000 manat borc pul vermişdir. Ancaq 14 oktyabr 2021-ci il tarixdə ona məlum olmuşdur ki, cavabdehlər borclarını qaytarmaq istəmirlər. Ona görə də o, Cavabdeh1 pulunu tələb etmişdir. Cavabdeh1 14 oktyabr 2021-ci il tarixdə özünə məxsus olan “VAZ-2107” markalı avtomobilini ona girov qoyaraq, borcunu yaxın müddət ərzində qaytaracağına söz verməklə bu barədə qəbz yazmışdır. Ancaq Cavabdeh1 borcunu qaytarmamış, 25 noyabr 2021-ci il tarixdə “VAZ-2107” markalı avtomobilin ona lazım olmasını bildirib, 31 mart 2022-ci il tarixdə borcunu tamamilə qaytaracağını bildirb, avtomobilini götürmüş və bu barədə qəbz yazmışdır. Ancaq Cavabdeh1 31 mart 2022-ci il tarixdə borcunu qaytarmamışdır. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, tanışı X2 2020-ci ilin iyul ayında onu iddiaçı ilə tanış etmiş, o da həmin vaxt sələmçi olmasına görə iddiaçıdan 4.000 manat borc almışdır. İddiaçı girov və hər ay 400 manat tələb etməsinə görə o, özünə məxsus olan “VAZ-2107” markalı avtomobilini girov qoymuşdur. 4 ay isə ona hər ay 400 manat pul vermişdir. 2020-ci ilin axırlarında isə tanışı X1 3.000 manat pul vermişdir ki, avtomobilini girovluqdan çıxartsın. X2 pulu verib, avtomobilini girovluqdan çıxartmışdır. 2020-ci ilin dekabr ayında isə qalan 1.000 borcunu iddiaçıya ödəmişdir. Həmçinin iddiaçı iddia ərizəsini müəyyən edilmiş iddia müddətini buraxmaqla vermişdir. Göygöl Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(066)- 1176/2024 nömrəli iş üzrə qəbul etdiyi 10 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim M.Məmmədov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 verilmiş borca görə 4.000 manat məbləğində, ödənilmiş dövlət rüsumuna görə 60 manat və hüquqi yardım göstərilməsi üçün ödənilmiş 300 manat məbləğində pulun alınıb İddiaçı verilməsi qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, Cavabdeh1 və Cavabdeh2 2020-ci ilin iyul-avqust ayında İddiaçı 4000 (dörd min) manat borc pul almışlar. Onlar borclarını qaytarmadıqlarına görə Cavabdeh1 14 oktyabr 2021-ci il tarixdə özünə məxsus olan “VAZ-2107” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilini girov qoymuşdur. Cavabdeh1 25 noyabr 2021-ci il tarixdə özünə məxsus olan “VAZ-2107” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobili götürmüş 4000 (dörd min) manat borcunu 31 mart 2022-ci il tarixdə tamamilə ödəyəcəyinə söz vermişdir. Ancaq cavabdehlər hal-hazıra kimi 4.000 manat borcu iddiaçıya qaytarmamışlar, üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirməmişlər. Ona görə də cavabdehin iddiaçı qarşısında yerinə yetirilməmiş öhdəliyi vardır. Məhkəmə hesab etmişdir ki, iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Cavabdeh1 borc götürdüyü pulu qaytarmasını bildirmiş olsa da həmin halları təsdiq edən subutu məhkəməyə təqdim etməmişdir. Məhkəmədə həmçinin , da müəyyən edilmişdir ki, tərəflər arasında verilmiş borca görə bank uçot faizi barəsində hər hansı bir razılaşma olmamasına görə iddia həmin hissədə təmin edilməməlidir. Eləcə də Cavabdeh1 iddia müddətinin tətbiq edilməsi barədə tələbi də əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə iddia müddəti şəxsin hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu vaxtdan hesablanmalıdır. Hazırkı mülki iş üzrə Cavabdeh1 yazıb, imzaladığı qəbzdə borcunu 31 mart 2022-ci il tarixdə tamamilə ödəyəcəyinə söz vermişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, hazırkı mülki iş üzrə iddia müddəti tətbiq edilməməlidir. Rayon Məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 373.1, 373.3, 373.4, 375.1, 375.2, 377.1, 385.1, 442, 445.2, 739.1, 740-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119, 124.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə eyni olan apellyasiya şikayətində əlavə olaraq bildirilmişdir ki, cavabdeh hərbi hissədən birbaşa məhkəməyə gəlmiş və bu səbəbdən evə gedib qəbzi götürə bilməmişdir. Həmin qəbzdən görünür ki, cavabdeh sələmə götürdüyü pulu tam ödəmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə etiraz verməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, lakin iddiaçı qətnaməni apellyasiya qaydasında mübahisələndirməmişdir. Cavabdehin apellyasiya şikayətində Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin iddia tələbinin təmin edilən hissəsi mübahisələndirilir. Ona görə də Məhkəmə birinci instansiyası məhkəməsinin aktını yalnız mübahisələndirilən hissədə yoxlayır. . Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi 4.000 manat borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində mübahisə üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, 4.000 manat borcun tutulmasına dair iddianın təmin edilməsi barədə xx.xx.2024-cü il tarixli qətnaməyə dair cavabdehin apellyasiya şikayətində ifadə olunmuş etirazı ondan ibarətdir ki, cavabdeh tələb olunan borc məbləğini iddiaçıya qaytarmışdır. Apellyasiya şikayətinin bu dəlili ilə bağlı Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MPM-nin 77-ci maddəsinə görə isə, bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi borc alanın – cavabdeh tərəfin üzərinə düşür. Lakin cavabdeh öhdəliyi vaxtında və lazımi qaydada icra etdiyini sübut edə bilmir. Cavabdeh apellyasiya şikayətinə “borcun qaytarılması” barədə qəbzin surətini əlavə etmişdir. Həmin qəbzin əslinin məhkəməyə təqdim edilməsi, eyni zamanda cavabdehin məhkəmə iclasında iştirakını təmin etmək üçün məhkəmə iclası iki dəfə təxirə salınsa da, cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Göstərilənlənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin əsas borc olaraq 4.000 manat məbləğində pulun cavabdehdən tutulması barədə gəldiyi nəticə Mülki Məcəllənin “Öhdəliklərin icrası” adlı 21-ci fəslinin, “Öhdəliklərin icra edilməməsi” adlı 22-ci fəslinin və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlı 23-cü fəslinin müddəalarına uyğundur. Beləliklə, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, iddiaçının iddiası qismən, yəni 4.000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində əsaslıdır. Birinci instansiya məhkəməsi iddianı həmin hissədə iddianı təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin onu da qeyd etməyi vacib hesab edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə, hazırki iş üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayəti verə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Göygöl Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 dekabr 2024ci il tarixli qətnamə “Cavabdeh1 və Cavabdeh2 borca görə 4.000 manat məbləğində pulun alınıb İddiaçı verilməsi” hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar