Məhkəmə qərarları › İş №2(104)-578/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-578/2025

19.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-578/2025 19.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı və X8 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X4 ibarət tərkibdə, Kəsəmənli Nicat Güloğlan oğlunun katibliyi, İddiaçı (o həm də iddiaçı (atası) X8 nümayəndəsidir) və Cavabdeh1 iştirakı ilə, İddiaçılar İddiaçı və X8 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(066)-1084/2024 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı və X14 tərəfindən verilmiş apellyasiya şikayətinə 19 fevral 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı Apellyasiya Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2(103)-3747/2024 nömrəli, qətnaməsindən görünür ki, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5686/2023 nömrəli, 15 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

2. 07 avqust 2021-ci il tarixli, “Elektron notariat” X1 çıxarışdan məlum olur ki, Cavabdeh2 Cavabdeh1 mülkiyyətində olan 0,10 hektar həyətyanı torpaq sahəsinin 0,03 hektar torpaq sahəsindən istifadə etmək səliyyətini X11 vermişdir.

3. 14 sentyabr 2021-ci il tarixli “Elektron notariat” X1 çıxarışdan məlum olur ki, X3 Almas Calal qızının mülkiyyətində olan 0,10 hektar həyətyanı torpaq sahəsinin 0,03 hektar torpaq sahəsiindən istifadə etmək səliyyətini X6 vermişdir.

4. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.

5. Cavabdeh2 Bakı şəhər Sabunçu RPİ-nə verdiyi izahatda bildirmişdir ki, 2020-ci ildə qonşu Cavabdeh1 8.000 manata Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Sovxozundan içərisində evi olan 3 sot torpaq sahəsi almışdır. Həmin torpaq sahəsi Almasın həyəti ilə qonşudur. Almasın həyəti ilə həmin torpaq sahəsinin arasında hasar olsa da, hasarda qapı yeri var idi. 2021-ci ilin avqust ayında torpaq sahəsini 9.000 manata Oqtaya satmış, o Oqtaya demişdir ki, torpaq sahəsini Almaz Qurbanovadan almışdır. Həmin vaxt Almaz Qurbanovada orada idi, Almas da təsdiq etmişdir ki, torpağı ona satmışdır. Oqtay Almasa bildirmişdir ki, arada olan qapını bağlayacaqlar və həmin tarixdə Almasın iştirakı ilə aradakı qapı yerini hörmüşlər. xx.xx.2021-ci il tarixdə həmin topraq sahəsini sataraq həmin pulu almağı barədə Oqtaya qəbz yazmışdır. Cavabdeh1 adından Oqtayın atası Əli Əhmədovun adına torpağa dair etibarnamə vermişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçılar İddiaçı və X14 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 verilmiş pula görə 9000 (doqquz min) manat, Cavabdeh1 evin təmirinə görə 6000 (altı min) manat, digər xərclərə görə 4000 (dörd min) manat pulunun alınıb onlara verilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir.

7. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, iddiaçı X14 Cavabdeh2 etibarnamə əsasında 9000 (doqquz min) manata Bakı şəhəri Ramana Südçülük sovxozu ərazisində yerləşən 0,03 hektar torpaq sahəsini və həmin 0,03 hektar torpaq sahəsinin üzərində 3 otaqlı yaşayış evi almışdır. Onlar həmin evə baxarkən həmin evi ilkin satan şəxsin həyətinə ara qapı olmasını görmüşlər. Onlar həmin qapının bağlanmasını tələb etmişlər. Onlar sonra həmin evə xərc çəkmişlər və onu təmir etmişlər. Belə ki, evin su sistemini, dam örtüyünü dəyimiş və hasar çəkmişlər. Bundan sonra iddiaçı X14 vicdanlı əldə edən kimi həmin evi X6 15000 (on beş min) manata satmışdır. Aralarındakı razılaşmaya uyğun olaraq onlar evi X6 təhvil vermişlər. X12 evi onlardan satın almış və öz əşyalarında həmin evə yığmışdır. X12 həmin evdə yaşamadığına görə Cavabdeh1 aradakı hasarı sökmüş və evə dair Cavabdeh2 vermiş olduğu etibarnaməni ləğv etmişdir. Bundan sonra X12 onin barəsində iddia ərizəsi ilə Bakı şəhər Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-5686/2023 nömrəli, 15 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş və ondan 15000 (on beş min) manat pulun alınıb, X12 verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 291030-3747/2024 nömrəli, 13 iyun 2024-cü il tarixli qətnaməsi ilə Sabunçu Rayon Məhkəməsinin 2(008)-5686/2023 nömrəli, 15 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakl şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-5686/2023 nömrəli, 15 noyabr 2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, mübahisəli 0,03 hektar torpaq sahəsi üçüncü şəxs Cavabdeh1 faktiki sahibliyində olmuşdur. Cavabdeh1 üçüncü şəxs Cavabdeh2 həmin torpaq sahəsindən təyinatla istifadə etməsinə sair səlahiyyətlərə dair etibarnamə vermişdir. Cavabdeh2 isə etibarnamə əsasında eyni səlahiyyətlərlə 07 avqust 2021-ci il tarixli etibarnamə əsasında X11 vermişdir. X14 14 sentyabr 2021-ci il tarixli etibarnamə əsasında səlahiyyətləri X6 vermişdir. İşin mübahisəsiz halı ondasn ibarətdir ki, qeyd edilən etibarnamə əsasında Cavabdeh2 9000 manat məbləğində pul vəsaitini X7, X14 isə 15000 manat məbləğində pul vəsaitini X5 almışdır. Cavabdeh2 8000 manat pulu Cavabdeh1 verməsini bildirmiş, sonuncu inkar etmişdir. Hazırda Cavabdeh1 torpaq sahəsinə sahiblik edir. Cavabdeh2 Sabinçu Rayon Polis Şöbəsində verdiyi izahatında həmin torpaq sahəsini 8000 manat pula Cavabdeh1 almasını, 9000 manata satmasını bildirmişdir. Bütün binlara əsasən iddianın təmin edilməsini xahiş etmişlər.

8. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(066)-1084/2024 nömrəli qətnaməsi ilə (hakim Mübariz Məmmədov), iddianın təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmə mövqeyi ilə bağlı qeyd etmişdir ki, iddiaçılar cavabdehlərə qarşı qeyd edilən iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh2 verilmiş pula görə 9000 (doqquz min) manat, Cavabdeh1 evin təmirinə görə 6000 (altı min) manat,digər xərclərə görə 4000 (dörd min) manat pulunun alınıb onlara verilməsini tələb etmiş olsalarda həmin halları təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etmədi. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğuna görə rədd edilməlidir.

10. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 445.2, 1091.1 və 1091.2-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 14.2, 77.1 və 216-220-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçılar İddiaçı və X14 apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(066)-1084/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, faktiki olaraq işdə olan sənədlərdən də göründüyü kimi işin hallarına dair məlumatları özündə əks etdirən Sabunçu Rayon Məhkəməsinin 2(008)-5686/2023 saylı, xx.xx.2023-cü il tarixli artıq qüvvəyə minmiş qətnaməsi vardır. Qətnamədə bütün bu hallar öz təsdiqini tapmışdır. Digər tərəfdən iddiaya da əlavə edilmiş Sabunçu RPİ İstintaq Şöbəsinə verdiyi izahatdan da göründüyü kimi Cavabdeh2 etiraf edir ki, o mübahisəsi gedən torpaq sahəsini 2020-ci ildə qonşusu Cavabdeh1 8000 manata almış, 2021-ci ilin avqust ayında 9000 manata İddiaçı satmışdır. Satarkən Cavabdeh1 adından verilmiş etibarnaməyə uyğun olaraq Oqtayın atası Əli Əhmədova etibarnamə vermişdir. Yəni, hazırda Cavabdeh1 iddianı qəbul etməməsi də gülünc görsənir. Necə ola bilər ki, cavabdehin ərazisində illərlə tikililər olsun, ona dair etibarnamələr verilsin, orda başqa şəxslər yaşasın, yeni tikili tikilsin və təmir işləri aparılsın, amma özünün razılığı olmasın. Hətta digər Cavabdeh2 qeyd edilənləri təsdiq edir və göstərir ki, o həmin torpağı və üzərindəki tikilini Cavabdeh1 almış və iddiaçı olaraq bizə satmışdır. Qeyd edilməlidir ki, torpaq sahəsi, həmçinin üzərindəki tikili satılarkən Cavabdeh2 qızı hamilə idi və Cavabdeh1 oğlu ilə nişanlı olması tam yalandır. Onu da vurğulamaq yerinə düşər ki, Cavabdeh1 özü də oğlu ilə bərabər arada olan qapının yerinin hörülməsində iştirak etmiş, qapının yeri şəxsən Cavabdeh2 hamilə qızının əri, yəni kürəkəni Vüqar tərəfindən hörülmüşdür. Bu barədə aramızda akt imzalanmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı (o həm də iddiaçı (atası) X8 nümayəndəsidir) apellyasiya şikayətini dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, iddiaçı X14 Cavabdeh2 etibarnamə əsasında 9000 (doqquz min) manata Bakı şəhəri Ramana Südçülük sovxozu ərazisində yerləşən 0,03 hektar torpaq sahəsini və həmin 0,03 hektar torpaq sahəsinin üzərində 3 otaqlı yaşayış evi almışdır. Onlar həmin evə baxarkən həmin evi ilkin satan şəxsin həyətinə ara qapı olmasını görmüşlər. Onlar həmin qapının bağlanmasını tələb etmişlər. Onlar sonra həmin evə xərc çəkmişlər və onu təmir etmişlər. Belə ki, evin su sistemini, dam örtüyünü dəyimiş və hasar çəkmişlər. Bundan sonra iddiaçı X14 vicdanlı əldə edən kimi həmin evi X6 15000 (on beş min) manata satmışdır. Aralarındakı razılaşmaya uyğun olaraq onlar evi X6 təhvil vermişlər. X12 evi onlardan satın almış və öz əşyalarında həmin evə yığmışdır. X12 həmin evdə yaşamadığına görə Cavabdeh1 aradakı hasarı sökmüş və evə dair Cavabdeh2 vermiş olduğu etibarnaməni ləğv etmişdir. Bundan sonra X12 onin barəsində iddia ərizəsi ilə Bakı şəhər Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Hazırda da Sabunçu Rayon Məhkəməsinin 2(008)-5686/2023 saylı, xx.xx.2023-cü il tarixli artıq qüvvəyə minmiş qətnamə vardır. Qətnamədə bütün bu hallar öz təsdiqini tapmışdır. Digər tərəfdən iddiaya da əlavə edilmiş Sabunçu RPİ İstintaq Şöbəsinə verdiyi izahatdan da göründüyü kimi Cavabdeh2 etiraf edir ki, o mübahisəsi gedən torpaq sahəsini 2020-ci ildə qonşusu Cavabdeh1 8000 manata almış, 2021-ci ilin avqust ayında 9000 manata İddiaçı satmışdır. Satarkən Cavabdeh1 adından verilmiş etibarnaməyə uyğun olaraq Oqtayın atası Əli Əhmədova etibarnamə vermişdir.Yəni, hazırda Cavabdeh1 iddianı qəbul etməməsi də gülünc görsənir. Necə ola bilər ki, cavabdehin ərazisində illərlə tikililər olsun, ona dair etibarnamələr verilsin, orda başqa şəxslər yaşasın, yeni tikili tikilsin və təmir işləri aparılsın, amma özünün razılığı olmasın. Hətta digər Cavabdeh2 qeyd edilənləri təsdiq edir və göstərir ki, o həmin torpağı və üzərindəki tikilini Cavabdeh1 almış və iddiaçı olaraq onlara satmışdır. Qeyd edilməlidir ki, torpaq sahəsi, həmçinin üzərindəki tikili satılarkən Cavabdeh2 qızı hamilə idi və Cavabdeh1 oğlu ilə nişanlı olması tam yalandır. Onu da vurğulamaq yerinə düşər ki, Cavabdeh1 özü də oğlu ilə bərabər arada olan qapının yerinin hörülməsində iştirak etmiş, qapının yeri şəxsən Cavabdeh2 hamilə qızının əri, yəni kürəkəni Vüqar tərəfindən hörülmüşdür. Bu barədə aralarında akt imzalanmışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, ona məxsus Bakı şəhəri Ramana Südçülük sovxozu ərazisində yerləşən 0,10 hektar həyətyanı torpaq sahəsi vardır. Həmin həyətyanı torpaq sahəsinin 0,03 hektar torpaq sahəsini və həmin 0,03 hektar torpaq sahəsinin üzərində 3 otaqlı yaşayış evi vardır. O, həmin torpaq sahəsini və evi oğlu üçün, evlənərkən yaşaması üçün saxlamışdır. 2020-ci ildə onun oğlu Cavabdeh2 qızı ilə nişanlanmasına görə o, Cavabdeh2 həmin 0,03 hektar torpaq sahəsinə, üzərində 3 otaqlı yaşayış evə istifadəyə dair etibarnamə vermişdir. Ancaq onun oğlu ilə Cavabdeh2 qızı ilə evlənmələri baş tutmadığına görə o, Cavabdeh2 vermiş olduğu etibarnaməni ləğv etdirmişdir. Hal-hazırda da 0,03 hektar torpaq sahəsini və həmin 0,03 hektar torpaq sahəsinin üzərində 3 otaqlı yaşayış evi onun sahibliyindədir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

16. İş üzrə iddiaçı X14 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə, onlara məhkəmə bildirişinin və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə, həmin xəbərdarlığı almalarına baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. İddiaçı Əli Əhmədov nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

17. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

18. Maddə 14.2.7. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.

19. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

20. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

21. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

22. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

23. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

24. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

25. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

26. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

27. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

28. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

35. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

36. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

37. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

38. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

Apellyasiya baxışının hədləri

39. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

42. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.

44. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da mübahisələndirilən hissədə qanunsuz qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

45. İşin kollegiya tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, İddiaçı ilə Cavabdeh2 arasında daşınmaz əmlakın satılmasını özündə ehtiva edən hər hansı etibarlı müqavilə bağlanmamış, Cavabdeh2 özünə məxsus olması müəyyən edilməyən Ramana qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən sahəsi 300 kv.m olan torpaq sahəsini müvafiq məbləğ müqabilində xx.xx.2021-ci il tarixli, 10484 nömrəli etibarnamə əsasında iddiaçının sahibliyinə verməyi, iddiaçı isə müqabilində 9.000 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. İddiaçının mübahisəli torpaq sahəsinin sahibliyinə verilməsi üçün 9.000 manat məbləğində pul ödədiyi, müqabilində isə torpaq sahəsinin verilmədiyi işin mübahisələndirilməyən hallarındandır. Mübahisəli torpaq sahəsinə Cavabdeh2 hər hansı aidiyyəti müəyyən edilməmiş, o, bu əmlakın nə əvvəlki, nə də indiki sahibi deyildir.

46. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.

47. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

48. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.

49. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

50. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir.

51. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.

52. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.

53. Hazırkı mübahisədə sübutetmə vəzifəsinin bölgüsü baxımından pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir.

54. Bu baxımdan hazırki mübahisə araşdırılan zaman İddiaçı iddiasının əsası kimi, polis orqanının qərarını birinci instansiya məhkəməsinə təqdim etmişdir.

55. Nəzərə alınmalıdır ki, əgər tərəflərdən biri sübut qismində məhkəməyə polis orqanlarında aparılmış araşdırma materiallarını, qəbul edilmiş qərarları, yaxud məhkəmə aktlarını və orada əksini tapmış izahatları təqdim edirsə, məhkəmə həmin sənədlərə yuxarıda istinad edilmiş prosessual hüquq normaları baxımından qiymət verməlidir.

56. İş materiallarına əlavə edilmiş Cavabdeh2 Bakı şəhər Sabunçu RPİ-nə verdiyi izahatda bildirmişdir ki, 2020-ci ildə qonşu Cavabdeh1 8.000 manata Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Sovxozundan içərisində evi olan 3 sot torpaq sahəsi almışdır. Həmin torpaq sahəsi Almasın həyəti ilə qonşudur. Almasın həyəti ilə həmin torpaq sahəsinin arasında hasar olsa da, hasarda qapı yeri var idi. 2021-ci ilin avqust ayında torpaq sahəsini 9.000 manata Oqtaya satmış, o Oqtaya demişdir ki, torpaq sahəsini Almaz Qurbanovadan almışdır. Həmin vaxt Almaz Qurbanovada orada idi, Almas da təsdiq etmişdir ki, torpağı ona satmışdır. Oqtay Almasa bildirmişdir ki, arada olan qapını bağlayacaqlar və həmin tarixdə Almasın iştirakı ilə aradakı qapı yerini hörmüşlər. xx.xx.2021-ci il tarixdə həmin topraq sahəsini sataraq həmin pulu almağı barədə Oqtaya qəbz yazmışdır. Cavabdeh1 adından Oqtayın atası Əli Əhmədovun adına torpağa dair etibarnamə vermişdir.

57. Göründüyü kimi, polis orqanlarında aparılmış araşdırma materialları zamanı Cavabdeh2 İddiaçı 9.000 amanat pul aldığını və buna görə də mübahisəli torpaq sahəsinin sonuncun istifadəsinə verilməsi barədə etibarnamə verdiyini qeyd etmişdir.

58. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, daşınmaz əmlakla bağlı müəyyən hərəkətlərin həyata keçirilməsinə dair verilmiş etibarnamə alqı-satqı müqaviləsinin baş tutmasının sübutu kimi qəbul edilməsi yolverilməzdir. Çünki, etibarnamənin təyinatı fərqlidir və əmlakın adına özgəninkiləşdirilməsinə dair hər hansı öhdəliyin nə cavabdeh, nə də torpağın qanuni sahibi tərəfindən üzərinə götürülməsi həmin etibarnamədə göstərildiyi müəyyən edilməmişdir.

59. Belə olan halda isə iddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsidir. Həmin normada deyilir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

60. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

61. Mülki Məcəllənin 14.2.1-ci maddəsinə əsasən, Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Mülki Məcəllənin 1091.2-ci maddəsinin tələbinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

62. Yuxarıda göstərilən normaların mənasına görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

63. Beləliklə cavabdeh qaytarılmamış məbləğ həddində iddiaçının hesabına əsassız olaraq varlanmışdır. İddiaçı da həmin əmlakdan məhrum olan şəxs olaraq əsassız varlanmaya əsasən “varlanmış” borclunun hüquqi əsas olmadan artmış əmlakın əvvəlki vəziyyətə qaytarılmasını tələb etmək hüququna malikdir. Belə ki, Cavabdeh2 məhrum olan kreditorun hesabına heç bir hüquqi əsas olmadan varlanmış şəxsdir.

64. Lakin, iddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməməlidir. Çünki, iddiaçılar tərəfindən Cavabdeh1 onlardan pul alması barədə məhkəmə kollegiyasına sübutlar təqdim edilməmişdir.

65. Eyni zamanda, iddiaçılar evə xərclər çəkdiyini və buna görə də 10.000 manat məbləğində maddi ziyan dəydiyini bildirir. Halbuki, bu halda sübutetmə yükü iddiaçının üzərinə düşür. Çünki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

66. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

67. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).

68. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

69. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

70. Azərbaycan Respublikasının MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olubolmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.

71. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.

72. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.

73. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

74. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

75. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

76. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

77. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

78. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

79. Məhkəmə Kollegiyası tərəfindən işin halları əlaqəli şəkildə araşdırılarkən müəyyən edilmişdir ki, Cavabdeh2 Bakı şəhər Sabunçu RPİ-nə verdiyi izahatda 2020-ci ildə qonşu Cavabdeh1 8.000 manata Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Sovxozundan içərisində evi olan 3 sot torpaq sahəsi almış, Almasın həyəti ilə həmin torpaq sahəsinin arasında hasar olsa da, hasarda qapı yeri olmuşdur. 2021-ci ilin avqust ayında torpaq sahəsini 9.000 manata İddiaçı satmış, Oqtaya demişdir ki, torpaq sahəsini Almaz Qurbanovadan almışdır. Həmin vaxt Almaz Qurbanovada orada olmuşdur. Almas da təsdiq etmişdir ki, torpağı ona satmışdır. Oqtay Almasa bildirmişdir ki, arada olan qapını bağlayacaqlar və həmin tarixdə Almasın iştirakı ilə aradakı qapı yerini hörmüşlər. xx.xx.2021-ci il tarixdə topraq sahəsini 9.000 manata sataraq pul almağı barədə Oqtaya qəbz yazmışdır. Cavabdeh1 adından Oqtayın atası Əli Əhmədovun adına torpağa dair etibarnamə verilmişdir. Pul aldığını və buna görə də mübahisəli torpaq sahəsinin sonuncun istifadəsinə verilməsi barədə etibarnamə verdiyini qeyd etmişdir. Göründüyü kimi, Cavabdeh2 9000 manat qaytarılmamış məbləğ həddində iddiaçının hesabına əsassız olaraq varlanmışdır. İddiaçı da həmin əmlakdan məhrum olan şəxs olaraq əsassız varlanmaya əsasən “varlanmış” borclunun hüquqi əsas olmadan artmış əmlakın əvvəlki vəziyyətə qaytarılmasını tələb etmək hüququna malikdir. Bununlada, yuxarıda qeyd olunanlarla bir daha təsdiq olunur ki, Cavabdeh2 heç bir hüquqi əsas olmadan varlanmış şəxsdir. Bundan başqa iddiaçılar tərəfindən Cavabdeh1 onlardan pul alması barədə məhkəmə kollegiyasına sübutlar təqdim edilməmişdir. Belə ki, iddia tələbinin Cavabdeh1 evin təmirinə görə 6000 (altı min) manat, digər xərclərə görə 4000 (dörd min) manat pulun alınması hissəsi üzrə iddiaçılar nə birinci instansiya məhkəməsinə nədəki, Məhkəmə Kollegiyasına heç bir sübut təqdim etməmişlər.

80. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

81. Eyni zamanda kollegiya hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən iddia qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə münasibətdə ödənilmiş 110 manat dövlət rüsumu Cavabdeh2 alınaraq iddiaçılara verilməlidir.

82. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 388, 392, 393, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçılar İddiaçı və X14 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(066)-1084/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh2 9.000 (doqquz min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 110 (bir yüz on) manat məbləğində pul alınaraq, iddiaçılar İddiaçı və X11 verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində qətnamədən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar