Məhkəmə qərarları › İş №2(104)-579/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-579/2024

17.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-579/2024 17.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Nurəddin oğluna qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh Nurəddin oğlunun iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Nurəddin oğluna qarşı pul tələbinə dair mülki iş üzrə Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(030)-549/2023 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə 17 aprel 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 22 fevral 2022-ci il tarixli **********0522 nöğmrəli “Kredit müqaviləsi”nin surətindən görünür ki, "xxxx" MMC Qeyri-Bank Kredit Təşkilatı ilə İddiaçı1 arasında bağlanmış 22 fevral 2022-ci il tarixli **********0522 saylı “Kredit müqaviləsi”nə əsasən sonuncuya illik 28 faiz olmaqla 24 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Alınmış kreditin faizlə birlikdə qaytarılması müddəti və məbləği müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlində nəzərdə tutulmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

2. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Nurəddin oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə Daşkəsən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Nurəddin oğlundan borc olaraq verdikləri 4960 manat pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Nurəddin oğlu ünvanlı sosial yardım düzəltmək üçün ondan borc pul istəmişdir. Cavabdeh ondan 3960 manat, anası İddiaçı2 isə 1000 manat məbləğində borc pul almış və tezliklə qaytaracığına söz vermişdir. O, cavabdehə borc olaraq verdiyi məbləği "xxxx" MMC Qeyri-Bank Kredit Təşkilatından illik 28 faiz olmaqla 24 ay müddətinə 3000 manat məbləğində kredit götürmüş, anası isə lotoreya pulunu vermişdir. Cavabdeh onlardan aldığı cəmi 4960 manat borc məbləğini geri qaytarmadığı üçün Göygöl Rayon Polis şöbəsinə müraciət etmişlər. Aparılmış araşdırma zamanı cavabdeh ondan və anasından borc pul aldığını etiraf etmişdir. Bundan sonra, dəfələrlə cavabdehdən pulunu geri tələb etdikdə, cavabdeh müxtəlif bəhanələr gətirməklə yalan vədlər verərək onları aldatmağa çalışmışdır. Aralarında olan mübahisənin məhkəmədəkənar qaydada həlli mümkün olmamışdır.

4. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(030)-549/2023 nömrəli qətnaməsi ilə (hakim Mustafa Mustafayev), iddianın təmin edilməsi, Cavabdeh Nurəddin oğlundan 2886 (iki min səkkiz yüz səksən altı) manat əsas borc məbləği alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi, Cavabdeh Nurəddin oğlundan 40.50 (qırx manat əlli qəpik) manat dövlət rüsumunun tutulub Azərbaycan Respublikası Mərkəzi Bankı - X1 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, məhkəmə iclasında Cavabdeh Nurəddin oğlu İddiaçı1 2886 manat məbləğində borc pul aldığını etiraf etmişdir. Cavabdeh həmin məbləğin 1736 manatını geri qaytardığını bildirsə də, bu halı təsdiq edən heç bir sübütü məhkəməyə təqdim etməmiş, bu hal məhkəmə baxışında öz təsdiqini tapmamışdır.

6. Şərh olunanlar əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Nurəddin oğlundan 2886 manat əsas borc məbləği alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməlidir.

7. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 433.3, 448.1, 739.1, 740, 742.1 və 744.1-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.2, 216-220, 227 və 233-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(030)-549/2023 nömrəli qətnaməsinin dəyişdirilib və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, onlar cavabdehə 4000 manat məbləğində borc vermişik və həmin məbləğdən də, qeyd etdikləri kimi, indiyədək 1 manat da olsa qaytarmamışdır. Həm də belə bir sual yaranır, məhz nəyə görə cavabdeh onlardan nəyə görə 2886 manat borc alıb, bu nə məbləğdir, nə 2 mindir, nə 3 min, nə də 4 min. Bu fakt da bir daha göstərir ki, cavabdeh aldığı 4000 manat məbləğində borci tam olraq qaytarmaq istəməmişdir. Bunu da belə pərdələmək istəmişdir ki, onlardan 2886 manat borc pul almış, bunun 1736 manatını qaytardığından onlara 1150 manat borcu qalmışdır. Yuxarıda qeyd etdikləri kimi o İddiaçı1 qeyd olunan kredit müqaviləsi əsasında bankdan götürdüyü 3000 manata görə 960 manat faiz ödəmişdir. Beləliklə Cavabdeh Nurəddin oğlu bizə 4960 manat borc ödəməlidir. Göründüyü kimi onlara Cavabdeh Nurəddin oğlu tərəfindən 4960 manat məbləğində zərər vurulmuşdur. Əslində onlar bankdan götürdükləri 3000 manatı, həm də özlərində olan 1000 manatı öz problemlr üçün xərcləsəydilər, heç bir zərərə düşməzdirlər. Cavabdeh Nurəddin oğlu tərəfindən onlara vurulan zərər tam həcmdə ödənilməklə yanaşı, həm də bu müddətdə biz həmin puldan təyinatı üzrə istifadə edib hansısa fayda əldə edə bilərdilər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh Nurəddin oğlu işin düzəlməyi üçün zəruri xərclər olduğundan ondan borc pul istəmişdir. Bundan sonra o cavabdehə 3960 manat, anası İddiaçı2 isə 1000 manat məbləğində borc pul vermişdir. O, cavabdehə borc olaraq verdiyi məbləği "xxxx" MMC Qeyri-Bank Kredit Təşkilatından illik 28 faiz olmaqla 24 ay müddətinə 3000 manat məbləğində kredit götürmüş, anası isə lotoreya pulunu vermişdir. Lakin, daha sonra cavabdeh onlardan aldığı cəmi 4960 manat borc məbləğini geri qaytarmadığı üçün Göygöl Rayon Polis şöbəsinə müraciət etmişlər. Orada isə borc pul alığını etiraf etmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın tam təmin edilməsini xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və digər iddiaçının göstərdiyi xüsusatları təsdiq edərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın tam təmin edilməsini məhkəmədən xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən caavbdeh Cavabdeh Nurəddin oğlu apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək izahatında göstərmişdir ki, o, İddiaçı1 cəmi 2886 manat məbləğində borc pul almış və daha sonra həmin məbləğdən 1736 manat hissəsini geri qaytarmışdır. Buna görə də hazırda onun İddiaçı1 1150 manat məbləğində borcu qalmışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsasdır.

15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

17. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

19. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

20. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

25. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

28. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

29. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

30. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

31. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

32. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarı

33. Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

34. Bənd 2.2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.

35. Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

Apellyasiya baxışının hədləri

36. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

39. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, apellyatorlar qətnamənin yalnız iddianın təmin edilməmiş hissəsindən narazıdır. Odur ki, qətnamənin əsaslılığı yalnız həmin hissə üzrə yoxlanmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.

41. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir

42. Belə ki, işin halları ondan ibarətdir ki, Cavabdeh Nurəddin oğlu İddiaçı1 2022-ci il tarixdə 2886 manat məbləğdə borc pul almışdır. Lakin, cavabdeh tərəfindən həmin pul məbləği iddiaçıya qaytarılmamışdır. İddiaçı isə ümumilikdə cavabdehə 4960 manat verdiyini iddia edir.

43. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri borcla bağlı yaranan mülki münasibətlərdir. Ona görə də işin hallarına borcla bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməli və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır.

44. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MM-in) 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikasının MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olmasıdır.

45. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikasının MM-in 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

46. Azərbaycan Respublikasının MM-in 739.2-ci maddəsində deyilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

47. Birinci instansiya məhkəməsi iddia tələbini araşdıraraq, iddiaçılar tərəfindən cavabdehə borc verildiyini müəyyən etmiş və iddia tələbini qismən etmişdir.

48. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır. Çünki, məhkəmə Cavabdeh İddiaçı1 borc alması barədə düzgün nəticəyə gəlsə də, İddiaçı2 münasibətdə borc pulun verilib-verilməməsi aydınlaşdırmamış və iddianı ümumi qaydada qismən təmin edərək pulun hər iki iddiaçıya verilməsi qənaətinə gəlmişdir.

49. Belə ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.(Azərbaycan Respublikasının MPM-in 76.1 və 76.2-ci maddələri)

50. İş üzrə cavabdehin istər birinci instansiya məhkəməsinin iclasında, istərsə də məhkəmə kollegiyasının iclasında verdiyi izahatda, İddiaçı1 2886 manat borc pulu aldığını və sonuncuya 1736 manat məbləğini geri qaytardığını bildirmişdir.

51. Göründüyü kimi, cavabdeh tərəfindən yalnız İddiaçı1 borc alındığı qeyd edilmişdir. Lakin, İddiaçı2 cavabdehə borc verməsi barədə hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Ancaq, qeyd olunan hallar birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır.

52. Belə olan halda Cavabdeh İddiaçı2 qarşısında hansı qaydada öhdəlik daşıması, bu öhdəliyin hansı əsasla yaranması müəyyən edilmir. Onlar arasında borc müqaviləsi baş tutmamışdır ki, hazırki vəziyyətdə də cavabdeh İddiaçı2 münasibətdə iddiaya cavab verməli şəxs olsun. Lakin, birinci instansiya məhkəməsi tərəfindən işin qeyd olunan faktik halları nəzərə alınmamış və iddia tələbi İddiaçı2 münasibətdə təmin edilən zaman maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir.

53. Məhkəmə kollegiyası göstərir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə yetərincə araşdırılma aparılmamış və iddia tələbinin İddiaçı2 münasibətdə təmin edilən zaman gəlinmiş nəticə yetərincə əsaslandırılmamışdır.

54. Nəzərə almaq lazımdır ki, “Kuznetsov və digərlərinin işi üzrə” 21 yanvar 2007-ci il tarixli, “Hiro Bilani işi üzrə” 09 dekabr 1994-cü il tarixli Qərarlarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, məhkəmələr tərəfindən məhkəmə aktlarına irəli sürülən əsaslılıq tələbinə əməl edilməməsinin ədalətli məhkəmə araşdırılması hüququnun pozulması kimi qəbul etmişdir. Avropa Məhkəməsinin həmin qərarlarında qeyd edilir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir.

55. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir (H. Belçikaya qarşı, § 53).

56. Əsaslandırılmış qərar tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36).

57. Bundan əlavə, İddiaçı1 cavabdehə 4960 manat borc verməsi barədə dəlilləri əsassızdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

58. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbin icra edilməsi qaydalarını tənzimləyən 433.3-cü maddəsinə görə, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır.

59. Həm bu əsasa, həm də Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə konkret halda borcun qaytarılması üzrə sübutetmə yükü borcalanın üzərinə düşür. Lakin, borcalan bu vəzifəsinin öhdəsindən gələ bilməmiş, qeyd etdikləri dəlillər barədə hər hansı sübut təqdim etməmişdir.

60. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

61. Apellyator verdiyi borcun 4960 manat miqdarında olmadı barədə dəlil irəli sürsə də, bu nəticəyə gəlməyə əsas verən heç bir mötəbər sübutu (nə vaxt nə qədər məbləğ verməsi, qəbz və s) məhkəməyə təqdim etməmişdir.

62. Nəzərə alınmalıdır ki, iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir. Bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Bu baxımdan işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir

63. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsi də tələb edir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

64. İş üçün əhəmiyyət kəsb edən sübutların qiymətləndirilməsi iş üzrə toplanmış sübutetmə materialının qanunun tələbinə uyğunluğunun, tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məzmunu işin faktiki hallarına uyğun olmayan məlumatlardan təşkil edilən sübutlar əsasında çıxarılmış qətnamə isə əsaslı hesab edilə bilməz.

65. Həmçinin, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara mövcud olmayan hallar kimi qiymət verə və iddia tələbini rədd edə bilər.

66. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

67. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.

68. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.

69. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.

70. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

71. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

72. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

73. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

74. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

75. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

76. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilməlidir.

77. Bundan əlavə, “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanunun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AESdə qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad edilmişlər.

78. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

79. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci bəndinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir.

80. Eyni zamanda kollegiya hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119.2-ci maddəsinə əsasən, İddiaçı1 dövlət rüsumunu ödəməkdən azad olduğundan, iddianın təmin edilmiş hissəsinə münasibətdə 48,86 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir.

81. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 385.1.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti qismən təmin edilsin. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(030)-549/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh Nurəddin oğlundan 2886 (iki min səkkiz yüz səksən altı) manat pul alınaraq İddiaçı1 verilsin. Cavabdeh Nurəddin oğlundan 48,86 (qırx səkkiz manat səksən altı qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar