Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-591/2023 07.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: Şərəf, ləyaqət və işgüzar nüfüzün müdafiəsi,vurulmuş zərərin ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “şərəf, ləyaqət və işgüzar nüfüzün müdafiəsi, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(023)- 1344/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 18 avqust 2021-ci il tarixli aktın məzmunundan görünür ki, Qazax rayonu, Kəmərli kənd sakini İddiaçı 18 avqust 2021-ci il tarixdə respublika ərazisində mövcud karantin qaydalarını pozmuş və tənəfuss yollarını qoruyan vasitədən (maskadan) istifadə etməyərək RİH-nin inzibati binasına daxil olmuş, bununla bağlı xidmət göstərən polis nəfərinin və növbətçinin qanuni tələblərinə məhəl qoymamışdır.
2. Gəncə Apellyasiya Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 3(104)-13/2022 saylı qərarının surətindən görünür ki, İddiaçı şikayəti təmin edilmiş, 15 noyabr 2021-ci il tarixli, 3(023)- 440/2021 saylı qərarı ləğv edilmiş, Qazax rayon Polis Şöbəsinin vəzifəli şəxsinin 23 avqust 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğu və Cavabdeh3 ona vurulmuş maddi ziyanın əvəzi olaraq 2000 manat, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi ilə əlaqədar ona dəymiş mənəvi zərərin əvəzi olaraq 10.000 (on min) manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, o, sosial çətinlikləri ilə bağlı rayon İcra Hakimiyyətinə müraciət etmiş, həmin müraciətin nəticəsi ilə maraqlanmaq üçün xx.xx.2021-ci il tarixdə rayon İcra Hakimiyyətinin inzibati binasına daxil olmaq istəyərkən qapıdan içəri buraxılmamışdır. Həmin vaxt o, Qazax rayon İcra Hakimiyyətinin bir qrup əməkdaşının ona münasibətdə böhtan xarakterli qanunsuz hərəkətlərinə məruz qaldığını, şərəf, ləyaqətinin və işgüzar nüfuzunun ləkələnməsi nəticəsində maddi və mənəvi zərər almışdır. Qazax rayon İcra Hakimiyyətinin başçısının aparatında Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində işləyən Cavabdeh1, Qazax rayon İcra Hakimiyyətinin başçısının aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi vəzifəsində işləyən Cavabdeh2 və Qazax rayon İcra Hakimiyyətində polis nəfəri kimi işləyən Cavabdeh3 iştirakı ilə tərtib edilmiş 18 avqust 2021-ci il tarixli akta əsasən ona qarşı həqiqəti əks etdirməyən böhtan xarakterli qarayaxma kampaniyası həyata keçirilməsindən dolayı həmin şəxslərin qanunsuz hərəkətləri nəticəsində zərər çəkmişdir. Qazax rayon Polis şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və ona 100 manat cərimə növündə tənbeh tətbiq edilmişdir. Həmin qərardan şikayət vermiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Qazax rayon Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli MN1014784 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmişdir. Sözügedən aktı tərtib edən vəzifəli şəxslərin ona qarşı yalan və böhtan xarakterli məlumatları verdiklərinə görə, saxta və əsassız akt tərtib etdiklərinə görə, pandemiya qaydalarını pozmaqda ittiham edən qanunsuz hərəkətlərinə görə cəzalandırılmalıdırlar. Qanunla qorunan şərəf, ləyaqət və işgüzar nüfuzunun həmin şəxslərin qeyri qanuni qəsdlərindən qorunmalı və cəzalandırılmalıdır. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona həm maddi, həm də mənəvi zərər dəymişdir. Odur ki, iddiasının təmin olunmasını xahiş edir.
5. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh X1 iddianı qəbul etməmiş və izahat verərək bildirmişdir ki, İddiaçı qarşı heç vaxt qərəzli hərəkətlər olmamışdır. Sadəcə olaraq pandemiya dövründə vətəndaşlar Qazax rayon İcra hakimiyyətinin inzibati binasına daxil olandan maskasız içəri buraxılmamışdır. Həmin dövrdə açıq havada maska taxıla ya da, taxılmaya bilərdi. İddiaçı qarşı heç bir ədavəti olmamışdır. Sadəcə olaraq pandemiya dövründə Nazirlər Kabinetinin qərarına uyğun olaraq tövsiyyə və tapşırıqları yerinə yetirirərkən İddiaçı maskasız içəri daxil olması ilə əlaqədar ona maskasını taxmasını bildirilmiş, həmin vaxt İddiaçı zorla içəri daxil olmuş, bu vaxt məcbur qalaraq onun maskasız içəri daxil olduğuna görə oradan kənarlaşdırılmışdır. Lakin İddiaçı pandemiya qaydalarına əməl etmədən nümayişkaranə şəkildə imtina etmiş və binaya daxil olmuşdur. Maskasız olaraq inzibati binaya daxil olduğu üçün akt tərtib edilərək, Qazax rayon Polis şöbəsinə göndərilmişdir. O, İddiaçı şərəf və ləyaqətini ləkələməmişdir. Odur ki, iddianın təmin olunmamasını xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh3 iddianı qəbul etməmiş və izahat verərək bildirmişdir ki, İddiaçı əvvəllər tanımamışdır. Hadisə ilə bağlı tanımışdır. Qazax rayon İcra Hakimiyyətində polis nəfəri kimi xidmət edir. Pandemiya dövründə Nazirlər Kabinetinin qərarına uyğun olaraq vətəndaş maskasız içəri qapalı yerlərə maskasız daxil olması qadağan edilmişdir. xx.xx.2021-ci il tarixdə İddiaçı maskasız Qazax rayon İcra Hakimiyyətinin inzibati binasına daxil olmuş, maskasız içəri daxil olmamasını bildirmiş, İddiaçı ona öz narazılığını bildirmişdir. Onların iştirakı ilə akt tərtib edilmiş, həmin aktı imzalamış və Qazax rayon Polis şöbəsinə göndərilmişdir. Odur ki, iddianın təmin olunmamasını xahiş etmişdir.
7. Qazax Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(023)-1344/2022 nömrəli qətnaməsi ilə (hakim N.Musayev) İddiaçı Cavabdeh1, Cavabdeh2 oğu və Cavabdeh3 qarşı şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1, 23.4, 1097, 1100-cu və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 119.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı apellyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin 10 noyabr 2022ci il tarixli, 2(023)-1344/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün araşdırma aparmadan, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. O, cavabdehlərin ona qarşı böhtan və qarayaxma əməllərinə məruz qalmış və bundan dolayı dərin mənəvi sarsıntı keçirmişdir. Belə ki, guya o, Qazax Rayon İcra Hakimiyyətinin inzibati binasına daxil olarkən pandemiya qaydalarını pozmuş və maskasız daxil olmuşdur. Halbuki, belə bir şey olmamışdır. Nəticədə həmin şəxslərin iştirakı ilə onun barəsində akt tərtib edilmiş və bunun nəticəsi olaraq barəsində polis şöbəsi tərəfindən inzibati icraata başlanmış və sonda o, əsassız və qanunsuz olaraq AR İXM-nin 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunaraq 100 manat cərimə olunmuşdur. Lakin, həmin qərar son nəticə olaraq Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli müvafiq qərarı ilə ləğv edilmiş və barəsində inzibati icraata xitam verilmişdir. Göründüyü kimi, icra hakimiyyətində çalışan bir qrup şəxslərin ona olan neqativ, xoşagəlməz və qərəzli mövqeyindən dolayı o, bu quruma müraciət edərkən mənəvi terrora və kobud rəftara məruz qalmışdır. Öz haqlarını tələb edərkən isə, əsasız və böhtan xarakterli ittihamlar əsasında barəsində akt tərtib olunaraq qanunsuz olaraq inzibati məsuliyyətə cəlb olunmuşdur. Qeyd olunan qanunsuz qərarın ləğv edilməsi üçün aidiyyəti orqanlara dəfələrlə gedib-gəlmiş, maddi xərclər çəkmiş, günlərlə Bakı və Gəncə şəhərində qalmışdır. Sinir gərginliyi yaşamış və müalicə üçün xərclər çəkmişdir. Ağır mənəvi sarsıntı keçirmişdir.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, Qazax Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(023)-1344/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddiasının təmin edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirdilər və Qazax Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(023)-1344/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 23.1. Yayılmış məlumatların həqiqətə uyğun olduğunu sübuta yetirmək vəzifəsi həmin məlumatları yayan şəxsin üzərinə qoyulur. Maddə 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
14. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunveriliciyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 3-cü bəndinə əsasən şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç hal aydınlaşdırılmalı və onlara məcmu halda hüquqi qiymət verilməlidir: məlumatların vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olması, bu məlumatların yayılması. Məlumat əxlaq prinsipləri, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənf rəy yaradarsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması başa düşülür. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab olunur.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 13 iyun 2002-ci il tarixli qərarına əsasən şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunarsa, o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərərə qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı,yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeydi-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.
16. “Mənəvi zərərin ödənilməsi barədə qanunveriliciyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının 2-ci bəndinə əsasən mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunveriliciyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərərin vurulması onun yaxın qohumlarını və ya iş yerini itirilməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və sair hallarda özünü birüzə verir.
17. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 13 iyun 2002-ci il tarixli qərarına və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarına əsasən vətəndaşlar şərəf, ləyaqət, habelə işgüzar nüfuzlarının müdafiəsi barədə qaldırdıqları iddialarda həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi ilə bərabər, həm də onlara vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini də tələb edə bilər.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o, sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqdardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri
19. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
21. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyindən, yəni şikayətin dəlilləri qətnamənin bütövlükdə ləğvinə yönəldiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
23. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
24. Məhkəmə kollegiyası ilk növbdə iddiaçının maddi zərərin ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün cavabdehin iddiaçıya birbaşa ziyan və ya zərər vurması ilə nəticələnən hüquqazidd əmələ təqsirili şəkildə yol verməsi tələb olunur. Yuxarıda şərh edilən normaların məzmunundan görünür ki, mülki hüquq pozuntusu törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır və yalnız bu əsasla da ondan vurulmuş maddi zərərin əvəzi tutula bilər. Yuxarıda qeyd olunan işin faktiki hallarına görə cavabdehlərin iddiaçı qarşısında hansı əsaslara görə mülki hüquq məsuliyyəti daşıması müəyyən olunmur.
25. Sübutlarla bağlı mülki prosessual qanunvericiliyin normalarının mənasından aydın görünür ki, məhkəmə mülki iş üzrə icraat zamanı yalnız tərəflərin təqdim etdiyi sübutlardan istifadə etməklə müəyyən nəticəyə gəlir. İddiaçı cavabdehlər tərəfindən onun şərəf və ləyaqətinin, işgüzar nüfuzunun ləkələndiyi bildirsə də, bu halın mövcudluğunu təsdiq edən mötəbər sübutları məhkəmələrə təqdim edə bilməmişdir. İş materiallarında olan 18 avqust 2021-ci il tarixdə tərtib edilmiş aktda Qazax rayonu, Kəmərli kənd sakini İddiaçı 18 avqust 2021-ci il tarixdə respublika ərazisində mövcud karantin qaydalarını pozması və tənəffüs yollarını qoruyan vasitədən (tibbi maskadan) istifadə etməyərək RİHnin inzibati binasına daxil olması, bununla bağlı xidmət göstərən polis nəfərinin və növbətçinin qanuni tələblərinə məhəl qoymadığı göstərilmişdir. Göründüyü kimi, inzibati orqanın əməkdaşları tərəfindən iddiaçının barəsində akt tərtib edilən zaman ona hər hansı maddi zərərin vurulması və yaxud şərəf və ləyaqətinin ləkələnməsi iş materialları ilə müəyyən olunmur. Aktın tərtib edilməsi proseduru zamanı cavabdeh kimi göstərilmiş şəxslər tərəfindən iddiaçının şərəf və ləyaqətinı ləkələyən hər hansı hərəkətlərə yol vermələrini təsdiq edən sübutlar da mövcud deyildir.
26. Məhkəmə kollegiyası iddiaçının iddia etdiyi zərərin tərkib hissəsi olaraq göstərdiyi mənəvi zərərlə bağlı qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərərə qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeydi-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Göründüyü kimi, iddiaçı mənəvi sarsıntı keçirməsini və hansı mənəvi zərərə məruz qalmasını sübut edə bilməmişdir.
27. Göründüyü kimi, mübahisə üzrə iddiaçının cavabdehlərin təqsirli hərəkəti nəticəsində mənəvi zərər çəkməyi işin faktiki halları ilə müəyyən edilmir və bunu təsdiqləyən mötəbər sübutlar da mövcud deyildir. Məhkəmə kollegiyası işin faktiki hallarını tədqiq edərək, belə hesab edir ki, iddiaçı ilk növbədə bu halların doğru olmasını sübut edə bilməmişdir. İddiaçı bu halı təsdiq edən mümkün və mötəbər sübutları məhkəmələrə təqdim edə bilməmişdir.
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi mülki mübahisəni işin faktiki hallarına uyğun, tərəflərin sübutlar təqdim etmək imkanını təmin etməklə, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normaları düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir.
29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372- 376, 378-382, 384, 387, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Apellyasiya şikayəti təmin edilməsin. Qazax Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(023)-1344/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Azər Bayramov
Hakimlər: Rəşad Mamedov
Aygül İsgəndərova