Məhkəmə qərarları › İş №2(104)-595/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-595/2025

11.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-595/2025 11.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X1 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı cavabdeh Gəncə şəhəri 5 saylı Notariat Ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 2(125)-5156/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Gəncə şəhəri 5 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə, 8İ-10031 reyestr nömrə ilə təsdiq olunmuş notariat işində olan: -xx.xx.2023-cü il tarixli, 8İ-10031 reyestr nömrəli icra qeydinin surətindən görünür ki, ipoteka saxlayan "xxxx" ASC-nin tələbi ilə ipoteka qoyan İddiaçı məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən əmlaka tutma yönəldilməlidir. Öhdəliyi müəyyən edən İP-21039544 müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 49995,99 manat əsas borc, 3628,10 manat faiz borcu, 1200,14 manat dəbbə pulu olmaqla cəmi tutulmalı olan məbləğ 54824,23 manat təşkil edir.

2. Gəncə şəhər 5 saylı notariat ofisində 3M-578 reyestr nömrə ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, “Bank” ilə “Borcalan” arasında Gəncə şəhərində bağlanılmış xx.xx.2022-ci il tarixli, **********26102022 saylı bank xidmətlərinin göstərilməsi üzrə ümumi müqavilənin və həmin müqavilənin xx.xx.2022-ci il tarixli, 206MKBL79280190A saylı maksimal borclanma limitinə dair əlavəsi, həmçinin həmin əlavə üzrə gələcəkdə yaranan öhdəliklərin təminatı kimi ipoteka qoyan (borcalan) İddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan ipoteka predmeti ünvan 2 ünvanında yerləşən 0,0282 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 70,4 kv.m olan fərdi yaşayış evini ipoteka saxlayan "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir.

3. İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilmiş xx.xx.2023-cü il tarixli, 15/11448 nömrəli bildirişin surətindən görünür ki, borcun 21 gün müddətində ödənilmədiyi halda notarius tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş poçt vasitəsilə ipoteka qoyan (borclu) İddiaçı ünvanına göndərilmişdir.

4. A497173 saylı qəbzin surətindən görünür ki, xx.xx.2023-cü il tarixli bildiriş İddiaçı ünvanına göndərilmiş və xx.xx.2023-cü il tarixdə Vüsalə Əzimovaya təqdim edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Gəncə şəhər 5 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər 5 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli icra qeydinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Gəncə şəhər 5 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinə əsasən yaşadığı evə-Gəncə şəhəri, Üzeyir Hacıbəyli küçəsi, ev 50-yə tutulma yönəldilmişdir. Qeyd olunan icra sənədi qanunsuz və əsassızdır. Ona görə də, məhkəmədə icra qeydinin ləğv edilməsinə dair iddia qaldırmışdır. İcra qeydi işinin içərisində olan sənədləri tədqiq etdikdə müəyyən olunmuşdur ki, icra qeydinin verilməsinin hüquqi əsası ipoteka müqaviləsi, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş, onun sifarişli poçtla ipoteka qoyana göndərilməsinə dair sənəd, icra qeydinin aparılacağı barədə bildirişin surəti və onun sifarişli poçtla göndərilməsinə dair sənəddir. Qeyd olunan sənədlərə əsasən icra qeydi verilməsi kobud pozuntudur. Notarius icra qeydi verərkən tərəflər arasında mübahisə olmaması qənaətinə gəlmişdir.

8. Şəhər Məhkəməsinin 2(125)-5156/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim C.Tağıyev) iddia rədd edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, ipotekaya tutmanın yönəldilməsi barədə icra qeydi “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun aparıldığından icra qeydinin ləğvi üçün hüquqi əsas yoxdur.

10. Məhkəmə öz mövqeyini “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36-38-ci maddələrinə və Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1 və 117.4cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

11. Gəncə Şəhər Məhkəməsinin 2(125)-5156/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin mövqeyi ilə qətiyyən razı deyildir. Həmin mövqe özündə maddi və prosessual hüquq normalarının pozulmasını ehtiva edir. Belə ki, hakim icra qeydinin verilməsinin qanuniliyini tələbkar tərəfindən 20 gün əvvəl sifarişli poçt göndərişinin borcluya göndərilməsi ilə izah edir. Məhkəmə kollegiyası tərəfindən həqiqətin müəyyən edilməsi üçün notariusun hansı hallarda icra qeydi verməsini araşdırmaq lazımdır. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, tərəflər arasında münasibətlər hesablaşma və kredit münasibətlərindən irəli gələn əsaslarla borcun alınmasından ibarətdir. Notarius tərəfindən icra qeydi hesablaşma və kredit münasibətlərindən irəli gələn əsaslar üzrə borcun alınması ilə bağlı verildikdə notarius tərəfindən ilk öncə “Notariat haqqında” Qanunun 76-cı maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Təlimat”ın 161, 162, 170-1-ci tələblərinə riayət etməli idi. Notarius tərəfindən icra qeydi verilərkən yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, tələbkar tərəfindən icra qeydi verilməsi ilə bağlı notariusa lazımi sənədlər təqdim edilməmişdir. Notarius yalnız tələbkarın bildirişini əsas götürərək icra qeydi vermişdir. İkincisi, notarius tərəfindən borcluya bildiriş göndərilməmişdir. Həmin bildirişin göndərilməsi tərəflərin bərabərliyi baxımından əhəmiyyət kəsb edir. Çünki notarius özü tərəfindən bildiriş göndərməklə tərəflər arasında mübahisə olub-olmadığını müəyyən etməli idi. Əgər mübahisə olardısa, notarius tərəfindən heç bir halda icra qeydi verilə bilməz. Üçüncüsü, kredit və ipoteka müqaviləsində göstərilmişdir ki, tərəflər mübahisənin həlli zamanı razılığa gələ bilmədikdə, mübahisəni məhkəmə qaydasında həll edəcəklər. Kredit müqaviləsinin məzmunundən da görünür ki, tərəflər kredit müqaviləsi üzrə aralarında olan mübahisəni ya razılıq, ya da ki, məhkəmə qaydasında həll etməlidir. Bu fakt isə icra qeydinin verilməsinin istisna edir. Dördüncüsü, əsas, faiz və cərimə borcu hissəsində də mübahisə vardır. Belə ki, bank tərəfindən pretenziya məktubu göndərildikdən sonra da müqavilənin xitam olunmasına baxmayaraq əlavə faiz və cərimə hesablanmışdır. Bildirişdə (pretenziya məktubunda) Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, kredit müqaviləsinin ləğv edildiyi göstərilmişdir. Müqavilə ləğv olunduğundan sonra faiz hesablanması qanunsuz və əsassızdır. Hesab etmişdir ki, faiz borcu pretenziya tarixinə hesablanmalıdır.

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, iddiaçı gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, cavabdeh isə işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə bildirişi ilə onlara hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasına gəlməyəcəkləri təqdirdə işə onların iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Notariat haqqında Azərbaycan Respublikasının Qanunu:

15. Maddə 76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

16. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

19. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

20. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

21. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

23. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

24. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

25. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəfin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 2(125)-5156/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, Gəncə şəhər 5 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 8İ-10031 reyestr nömrəli icra qeydinə əsasən ipoteka saxlayan "xxxx" ASC-nin tələbi ilə ipoteka qoyan İddiaçı məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən əmlaka tutma yönəldilmişdir. Öhdəliyi müəyyən edən İP-21039544 müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 49995,99 manat əsas borc, 3628,10 manat faiz borcu, 1200,14 manat dəbbə pulu olmaqla cəmi tutulmalı olan məbləğ 54824,23 manat təşkil etmişdir.

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin tələbkar tərəfindən icra qeydi verilməsi ilə bağlı notariusa lazımi sənədlərin təqdim edilməməsi dəlilləri ilə bağlı qeyd edir ki, borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Birinci instansiya məhkəməsi tərəfindən Gəncə şəhər 5 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 8İ-10031 reyestr nömrəli icra qeydinə aid olan sənədləri surətləri əldə edilmişdir. Həmin sənədlər qismində “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” icra qeydi, “Notariat icra qeydi haqqında” ərizə, “İpoteka müqaviləsi” İP-21039544, “Sürətli poçt daşıma” qəbzi və “İcra qeydinin aparılacağı barədə” bildiriş mövcud olmuşdur. Kollegiya hesab edir ki, ipotekaya tutmanın yönəldilməsi barədə icra qeydi Gəncə şəhər 5 saylı notariat ofisinin notariusu tərəfindən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq, müvafiq sənədlər təqdim edildikdən sonra aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin” Siyahısının İİ. hissəsinin 2-ci bəndinə əsasən, borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı təqdim olunur.

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin notarius tərəfindən borcluya bildiriş göndərilməməsi barədə dəlilləri ilə bağlı qeyd edir ki, iş materiallarının 44 və 45-ci vərəqində olan sənədlərdən görünür ki, “İcra qeydinin aparılacağı barədə” bildiriş qanunvericiliyin tələbinə uyğun olaraq, ipoteka saxlayanın nümayəndəsi tərəfindən ipoteka qoyan İddiaçı ünvan 3 ünvanına göndərilmiş, “Vüsalə Əzimova” tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 14:00 radələrində imza edilərək qəbul edilmişdir. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. İş materialları ilə icra qeydi verilərkən “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinin tələbkarın icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli olması ilə bağlı müddəasının tələblərinin pozulduğu müəyyən edilməmişdir. Borclu icra qeydindən xx.xx.2023-cü il tarixdən məlumatlı olmasına baxmayaraq xx.xx.2023-cü il tarixədək keçən zaman kəsiyində icra qeydini mübahisələndirməmişdir.

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin kredit və ipoteka müqaviləsində əsasən, tərəflər mübahisənin həlli zamanı razılığa gələ bilmədikdə, mübahisəni məhkəmə qaydasında həll edəcəklər normasının icra qeydinin verilməsinin istisna etməsi barədə dəlilləri ilə bağlı qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 37.1-ci maddəsinə əsasən ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Həmin Qanunun 38.1-ci maddəsinə əsasən bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Lakin cavabdeh həmin müddət ərzində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etməmişdir.

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin əsas, faiz və cərimə borcu hissəsində də mübahisə olması barədə dəlilləri ilə bağlı qeyd edir ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinin tələblərinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər.

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci bəndinə əsasən, borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq... üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir.

35. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir.

36. Məhkəmə kollegiyası iddiaçının icra qeydini mübahisələndirməsi ilə bağlı apellyasiya dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində məhkəməyə şikayət verməmiş, qanunvericilik isə ipoteka qoyanın kredit borcunu mübahisələndirə bilməsi üçün müvafiq bildirişi aldıqdan sonra müəyyən müddətdə məhkəməyə müraciət imkanını nəzərdə tutmuşdur.

37. Göründüyü kimi, Gəncə şəhəri 5 saylı notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixli, 8İ-10031 reyestr nömrəli icra qeydi “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsində nəzərdə tutulan qaydalara riayət edilməklə verilmişdir ki, apellyasiya şikayətinin dəlilləri onun məhkəmə qaydasında ləğvi üçün əsas deyildir.

38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi: Gəncə Şəhər Məhkəməsinin 2(125)-5156/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-5156/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar