Məhkəmə qərarları › İş №2(104)-604/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-604/2024

28.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-604/2024 28.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: Əsassız borcun silinməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Goranboy Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(045)-1892/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 28 fevral 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli, xx.xx.2023-cü il tarixli akta əsasən İddiaçı istifadəsində olan mənzildə qaz sayğacı yenisi ilə əvəz edilmişdir.

2. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli, xx.xx.2023cü il tarixli aktdan görünür ki, sayğaca baxış keçirilmişdir. Sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən aralanır. Sayğacın hesablayıcı mexanizminin iş prinsipinə maneə törədilməsi mümkündür. Sayğac istismara yararsızdır.

3. Abonentin saldosuna görünür ki, (2023-cü il) itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 1555.2 manat pul abonentdən tələb olunur (akt üzrə). İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdehnə qarşı əsassız borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən barəsində yazılmış 1555.2 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Goranboy rayonunun Qızılhacılı qəsəbəsində ailə üzvüləri ilə birlikdə yaşayır. Yaşadığı ərazidə “Azəriqaz" İstehsalat Birliyinin abonenti olduğu üçün təbii qaz istifadəçisidir. İstifadə etdiyi təbii qazın pulunu həmişə vaxtı-vaxtında, gecikdirmədən ödəmişdir. Heç vaxt Cavabdeh əməkdaşları ilə aralarında mübahisə və yaxud narazılıq olmamışdır. 16 fevral 2023-cü il tarixdə Cavabdeh əməkdaşları isdifadələrində olan qaz sayğacına baxış keçirmişdir. Onlar belə məsləhət etmişlər ki, sayğaca bağlanmış açarı (krantı) dəyişdirsinlər. Bu zaman onlar ehtiyatsızlıqdan sayğaca gedən borunu gövdəsindən qopartmışdır. Bundan sonra sayğac yararsız vəziyyətə düşdüyü üçün akt tərtib edərək sayğacı dəyişməli olmuşlar. Ona da bildirmişlər ki, burda onun heç bir təqsiri yoxdur, özləri etmişlər. Bu barədə tərtib olunmuş aktada göstərilir ki, sayğacın çıxış yivlisi gövdədən aralanmışdır. Bu günlərdə ona nəzarətçi tərəfindən bildirilmişdir ki, dəymiş ziyanın bərpası əməkdaşlar tərəfindən hesablanmışdır və bu ziyan 8x24x90=12960 kubdur, yəni 1555.2 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat dəymiş zərər hesablanmışdır. O, barəsində hesablanmış dəymiş zərəri qanunsuz hesab edir və aşağıdakı səbəblərə görə hesab edir ki, borc ləğv edilməlidir. Yuxarıda qeyd etdiyi kimi sayğaca baxış keçirən Cavabdeh əməkdaşlarının özləri tərəfindən həmin boru qırılmışdır və bu əsasa görə də sayğacı dəyişmişlər. Dəyişdirilərkən də ona hər hansı bir irad, nöqsan tutulmamışdır. Əksinə, etiraf etmişlər ki, hər şey üçün özləri cavabdehdir. Buna baxmayaraq bir neçə aydan sonra tərtib olunmuş labaratoriya aktında göstərilir ki, sayğacın çıxış borusu sınaraq sayğacın işləmə mexanizminə maneə ola bilər və bu səbəbdən də qaz itkisi baş vermişdir. Məhkəməyə təqdim etdiyi sayğacın həmin vaxt çəkilmiş şəklindən də görünür ki, sayğacın qoruyucu mezanizmi tam salamdır və sayğacın iş prinsipinə heç bir maneə törətmir. Hesab edir ki, o, təbii qazdan istifadə edərkən heç bir qanun pozuntusuna yol verməmişdir. Ümumiyyətlə o və onun ailə üzvülərindən heç kim heç vaxt sayğaca yaxın da getməmişdir. Çünki, sayğac həytdən yox uzaqda, yolda quraşdırılmışdır. Ona nəzarət etmək isə onların vəzifələri deyildir. Qanunvericiliyin tələbindən də görünür ki, tərtib olunmuş akt qanunsuz və əsassızdır. Əgər akt əsaslı olsaydı Qanunun tələbinə görə xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsi dayandırılmalı və dəymiş zərərin ödənilməsi qanunvericiliyə uyğun olaraq ondan tələb edilməli idi. Ona isə heç bir irad bildirilməmişdir.

6. Goranboy Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(045)- 1892/2023 nömrəli qətnaməsi (hakim Tural Ələkbərov) ilə, iddianın təmin edilməsi, Cavabdeh İB tərəfindən istehlakçı İddiaçı qaz sərfinə görə hesablanmış 1555.2 manat məbləğində borc silinsin (Goranboy rayonu, Qızılhacılı qəsəbəsi (Abonent kodu: **********00000), 35.56 (otuz beş manat əlli altı qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinin 8-ci bəndinə, “Qazdan istifadə qaydaları” haqqında Azərbaycan Respublikasının Qanunun 4.2, 4.6, 4.7, 4.8 və 4.9-cu bəndlərinə və Mülki Prosessual Məcəllənin 119.2, 216-220, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verərək, Goranboy Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(045)-1892/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməni maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, göründüyü kimi iddiaçıya 2023-cü ilin fevral ayında hesablanmış borc məbləği qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilərək iddiaçının abonent hesabına işlənmişdir. Birinci instansiya məhkəməsi İddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. İddiaçı təqsirin Birliyin əməkdaşları tərəfindən törədildiyini qeyd etmiş, lakin sayğacın konkret kimlərin yararsız hala saldığını bildirməmişdir. Bildirirlər ki, iş materiallarından da göründüyü kimi iddiaçı tərəf iddia tələbinə dair heç bir sübut təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş abonent saldosundan göründüyü kimi iddiaçının qaz hesabına 2023-cü ilin may ayında hər hansı əlavə hesabat yüklənməmişdir. Belə ki, iddiaçının iştirakı ilə sayğac şəbəkədən açılarkən çıxış borusunun gövdədən aralandığını bildirmiş, lakin qüsur tamamilə fərqli olmuşdur. Belə ki, qaz sayğacına müdaxilə çıxış plastmas borusunun oturacaqdan aralanması deyil, hesablanizminin gövdədən aralanmışdır. Bu da iddia tələbinin tam əsaslı olmasını şübhə yaradır. Lakin, məhkəmə qaz sayğacının iddiaçının iştirakı ilə (akta imza olunmaqla) sərfiyyatı qeyd etməməsi səbəbindən xx.xx.2023-cü il tarixdə şəbəkədən iddiaçının iştirakı ilə açıldığını, açılarkən sayğacın hesablama mexanizminin gövdədən aralandığı, AR Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin MSK-14-2-2/3-5-4762/Q001 saylı aktına əsasən sayğacın hesablama mexanizminin plastmas qapağının gövdədən aralandığımüəyyən edilmiş, lakin buna qiymət verilməmişdir. İş materiallarına əlavə edilmiş, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin MSK-1 2-2/3-5-4762/Q001 saylı aktına əsasən istismardançıxarılmış qaz sayğacına baxış keçirilərkən sayğaca qanunsuz müdaxilə olunduğu təsdiqini tapmışdır. Bundan sonra qaz sayğacına müdaxilə təsdiqini tapdığından ünvan üzrə itirilmiş 12960 m itirilmiş qazın bərpası üçün 1 555.20 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Buna baxmayaraq məhkəmə 2023-ci ilin may ayında sayğac üzrə müəyyən edilmiş məbləğin silinməsini qət etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

11. İş üzrə Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

12. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

13. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş Qazdan istifadə Qaydaları

14. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

15. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

16. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

17. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

20. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

21. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

22. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

23. Azərbaycan Respublikasının MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət edilməsini yoxlayır.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

26. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

28. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Belə ki, İddiaçı təbii qazdan istifadəyə görə yaşadığı Goranboy rayonu, Qızılhacılı qəsəbəsində yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına ehtimal edilən müdaxiləyə görə cavabdeh qarşısında məsuliyyət daşımadığı, həmin müdaxiləyə görə üzərinə öhdəlik götürmədiyi, istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılması üçün cavabdehliyi qaz paylayıcısının daşıdığı, sayğaca müdaxilənin aşkar olunmadığı və həmin müdaxilənin aktda öz əksini tapmadığı, sayğaca müdaxilənin iddiaçı və ya onun ailə üzvləri tərəfindən törədilməsi müəyyən edilmədiyi, bununla da iddiaçıya borcun əsassız hesablanması sübuta yetirildiyindən birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən tərtib edilmiş aktda göstərilən qüsur cavabdehə əsas vermir ki, iddiaçının sayğaca müdaxilə etdiyini güman edərək sonuncuya əlavə sərfiyyat hesablasın.

30. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərində göstərmişdir ki, iddiaçıya qaz sayğacına qanunsuz müdaxilə olunduğuna görə sayğac sərfiyyatı düzgün qeyd etməmiş, məsrəf olunmuş (qeydə alınmamış) qaz sərfi dəymiş ziyan kimi müəyyənləşdirilmiş və iddiaçının abonent hesabına işlənilmişdir. Məhkəmə kollegiyası həmin dəlilləri əsassız hesab edərək qeyd edir ki, iddiaçı tərəfindən sayğac sərfiyyatının düzgün qeyd etməməsinə səbəb olan qanunsuz müdaxilə edilməsi öz təsdiqini tapmamışdır.

31. Odur ki, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırki işin hallarına münasibətdə əsassız olmaqla təsdiqini tapmamışdır.

32. Hazırki iş üzrə çıxarılan qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10- 1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Goranboy Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(045)- 1892/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayət verilə bilməz .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar