Məhkəmə qərarları › İş №2(104)-608/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-608/2025

24.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-608/2025 24.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra - cavabdeh) qarşı akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-996/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları

1. 11 yanvar 2024-cü il tarixli 058221 nömrəli aktda həmin tarixdə abonentin sayğacına baxış keçirilərkən Göygöl rayonu, Şəhriyar kəndində yerləşən istehlakçı İddiaçı məxsus ünvanda İddiaçı iştirakı ilə gecə reydi zamanı sayğacdan kənar elektrik enerjisindən istifadə halı müəyyən edildiyi göstərimişdir.

2. Bundan sonra xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən icra vərəqəsi verilmiş və icra vərəqəsində itirilmiş enerjinin dəyəri 522,72 manat göstərilmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən 11 yanvar 2024-cü il tarixli 058221 nömrəli akt əsasında qanunsuz hesablanmış 1743 (min yeddi yüz qırx üç) manat məbləğində borcun onun hesabından silinməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, aktda göstərilir ki, gecə reydi zamanı aydın olmuşdur ki, abonent sayğacdan kənar xətt çəkərək işlədiciləri birbaşa şəbəkəyə qoşmuşdur. Bildirmək istəyir ki, o həmin ərazidə qonşuluqda yaşayır. Onun qeyd olunan obyektlə bağlı hər hansı öhdəliyi yoxdur. Cavabdeh orqanın əməkdaşları ilə qeyd olunan sayğacın onun adına qeydə alınması ilə bağlı hər hansı müqavilə bağlamamışdır. Obyektin sahibi digər şəxsdir. Akt tərtib edilərkən iştirakı təmin edilməmiş və bu barədə ona hər hansı məlumat verilməmiş, aktda dəymiş ziyanın məbləği göstərilməmişdir.

4. İddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbi müdafiə etməklə izahatında göstərmişdir ki, İddiaçı ailəsilə birlikdə Göygöl şəhərində yaşayır. O, istifadə etdiyi elektrik enerjisinin dəyərini vaxtında ödəmişdir. Cavabdeh ‘'Azərişiq" ASC-nin nümayəndələri tərəfindən 11 yanvar 2024-cü il tarixli 058221 nömrəli akt tərtib edilmişdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla sayğacdan kənar elektir enerjisindən istifadə etmişdir. Ancaq o, həmin ərazidə yaşamasına baxmayaraq onun həmin obyektlə hər hansı bir bağlılığı da yoxdur və o, cavabdeh "xxxx" ASC ilə hər hansı bir müqavilə bağlamamışdır. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Cavabdehin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğil olmaqla Göygöl rayonu A.Kazımov küçəsində yerləşən çayxananı işlətmişdir. 11 yanvar 2024-cü il tarixdə Azərişıq ASC-nin əməkdaşları həmin çayxananın sayğacına baxış keçirərkən isə orada sayğacdan kənar elektrik enerjisinin verilməsi barədə naqil aşkar etmişlər. Ona görə də onlar tərəfindən 11 yanvar 2024-cü il tarixli 058221 nömrəli akt tərtib edilmişdir. Ona görə də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-996/2024 nömrəli qətnaməsi (hakim Mübariz Məmmədov) ilə, iddianın təmin edilməsi, cavabdeh tərəfindən hesablanmış 1743 (min yeddi yüz qırx üç) manat məbləğində borc iddiaçının abunə hesabından (abonent kodu: **********3 olan) silinməsi, cavabdehdən hüquqi yardım üçün ödənilmiş pula görə 320 (üç yüz iyirmi) manat məbləğində pulun alınıb iddiaçıya ödənilməsi qət edilmişdir.

7. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarından da göründüyü kimi sayğac evdən kənarda küçədə quraşdırılmışdır. Belə olan vəziyyətdə isə abonent sayğacda müəyyən olunmuş qüsurlara görə məsuliyyət daşımamalıdır. Hazırki mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən halları və qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Məhkəmə hesab etmişdir ki, tərtib olunan akt qüsurlu olmaqla, cavabdeh təşkilat tərəfindən istifadə edilmiş və lakin dəyəri ödənilməmiş elektrik enerjisinin sərfinin miqdarını müəyyən etməklə, abonentin qəsdlə elektrik sayğacının yararsız hala salmasını bildirməklə ehtimala əsaslanmış, habelə aktın tərtibi və borc hesablanması istehlakçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Bununla da iddiaçıya məxsus ünvanda sayğaca müdaxilənin mövcudluğunu və bu pozuntunun məhz abonentin təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim edilməmişdir. Bu səbəbdən də göstərilən akt əsasında hesablanmış borc abonentin hesabından silinməlidir.

8. Məhkəmə həmin nəticəyə gələrkən “Elektroenergetka haqqında” Azərbaycan Respublikası Qanunun 19.16-cı maddəsinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə və 17-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.1, 1.2, 7.6, 7.11 və 8.32-ci bəndlərinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 77.2, 216-220, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir.

9. Cavabdeh Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-996/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti iə məhkəməyə müraciət etmiş, qətnamənin ləğv edilməsi və iddianın rədd ediməsini məhkəmədən xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

10. Birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, 11 yanvar 2024-cü il tarixdə "xxxx" ASC-nin Qərb RETSİ-nin struktur tərkibində fəaliyyət göstərən Göygöl EŞ-nin əməkdaşları tərəfindən Göygöl rayonu ərazisində, o cümlədən A.Kazımov küçəsində abonentlərin elektrik enerjisindən istifadə qaydalarının tələblərinə əməl edib-etməmələrinə dair onların yaşayış evləri (obyektləri) üçün quraşdırılmış sayğac uçot dəstlərinə baxış keçirilmişdir. Baxış zaman müəyyən edilmişdir ki, “sayğacdan kənar xətt” qüsur faktı aşkar edilmişdir. Məhz aşkar edilmiş enerji pozuntuları ilə bağlı əməkdaşlar tərəfindən iddiaçı barəsində “EEİQ”-nın tələbinə uyğun olaraq 11 yanvar 2024-cü il tarixli, AKT R 058221 saylı akt tərtib edilmişdir. Məhkəmə tərəflərin təqdim etdiyi bütün sübutların mötəbərliyini yoxlamalı, mübahisə olunan halları isə yerində araşdırmalı, baxış keçirərək həqiqətə nail olmalı idi. Lakin hazırkı iş üzrə işə baxan Göygöl rayon məhkəməsi tərəfindən Qanun və məhkəmə qarşısında bərabərlik (MPM-nin 8-ci mad.) Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi (MPM-nin 9-cu mad) tələblərinə əməl etməyərək iş üzrə Qanunsuz və əsassız qətnamə çıxarmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla Göygöl rayonu A.Kazımov küçəsində yerləşən çayxananı işlətmişdir. 11 yanvar 2024-cü il tarixdə Azərişıq ASC-nin əməkdaşları həmin çayxananın sayğacına baxış keçirərkən isə orada sayğacdan kənar elektrik enerjisinin verilməsi barədə naqil aşkar etmişlər. Ona görə də onlar tərəfindən 11 yanvar 2024-cü il tarixli 058221 nömrəli akt tərtib edilmişdir. Belə ki, bu barədə birinci instansiya məhkəməsinə həmin halların qeydə alınmasına dair “CD” diskdə olan video görünütülər təqdim edilmişdir. Lakin, məhkəmə tərəfindən iş materiallarına əlavə edilməmişdir. Bundan başqa məhkəmə qıtnmədə X1ydalarının 8.32-ci bəndinə istinad etmişdir ki, həmin bənd qüvvədən düşmüşdür. Apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

13. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında özünün və ya nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

15. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”

16. Bənd 1.3. Enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alğı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alğı-satqı müqaviləsi bağlanmalıdır.

17. Bənd 7.6. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Hissə 2. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir.

18. Bənd 7.7. Bu Qaydaların 7.4-cü, 7.5-ci və 7.6-cı (məişət abonenti istisna olmaqla) bəndlərində göstərilən hesablaşma elektrik sayğaclarının, həmçinin hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür.

19. Bənd 7.11 Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Hissə 2. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır.

20. Bənd 8.15. Ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerjitəchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Əgər, sayğac göstəricilərinin xətası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda, elektrik sayğaclarına onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə yenidən hesablaşma aparılır.

21. Bənd 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nda dəyişiklik edilməsi haqqında 14 aprel 2022-ci il tarixli, 155 nömrəli qərarı

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

28. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

31. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

32. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;

33. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

34. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”.

38. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnaməni tam mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası (bundan sonra – məhkəmə) qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən mülki iş mahiyyəti üzrə araşdıraraq düzgün nəticəyə gəlsə də, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

40. Nəzərə alınmalıdır ki, Konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.

41. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nda dəyişiklik edilməsi haqqında 14 aprel 2022-ci il tarixli, 155 nömrəli qərarın 8.9-cu bəndindən görünür ki, 8.27ci, 8.32-ci və 8.33-cü bəndlər ləğv edilmişdir.

42. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə, məhkəmə yalnız qüvvədə olan normativ-hüquqi aktlara istinad etməlidir. Qüvvədən düşmüş aktın tətbiqi hüquqi müəyyənlik prinsipinin pozulmasına və qanunsuz məhkəmə aktının qəbul olunmasına səbəb olmuşdur.

43. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarına əsasən, məhkəmələr yalnız qüvvədə olan normativ hüquqi aktları tətbiq etməli və hüquqi boşluqlar yaratmamalıdır. Bu prinsip hüquqi dövlətin əsas tələblərindən biridir.

44. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Nazirlər Kabinetinin 8.32-ci və 8.33-cü bəndlərə əsaslanaraq qətnamə qəbul etmiş və bununla da tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmadayan normativhüquqi akta istinad edərək məhkəmə aktı qəbul etməsi hüquqi müəyyənlik, qanunilik və qanunun aliliyi prinsiplərinə zidd olunmuşdur.

45. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsaslardan biridir.

46. Birinci instansiya məhkəməsinin tətbiq edilməli olan qanunu tətbiq etməməsi, Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə görə, maddi hüquq normalarının pozulması sayılır.

47. Qeyd olunanlara görə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv olunmalı və iş üzrə yeni qətnamə çıxarılmalıdır.

48. İddia tələbinin hüquqi mahiyyəti ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir.

49. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, “cavabdehin əməkdaşları tərəfindən Göygöl rayonu A.Kazımov küçəsində yerləşən çayxanaya aid ********** nömrəli sayğaca baxış keçirmişlər və həmin sayğaca kənar müdaxilə müəyyən edilmişdir. Lakin, cavabdeh həmin sayğaca müdaxilənin olması və bu müdaxilənin məhz iddiaçı tərəfindən edilməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir.

50. Məhkəmə iş üzrə müəyyən olunan faktik hallara əsasən hesab edir ki, tərəflər arasında yaranmış mübahisə, enerji təchizatı müəssisəsi ilə abonent arasında enerjidən istifadə qaydalarının pozulmasını müəyyən edən yoxlamanın nəticələri üzrə yaranan münasibətlərdir. Bu mübahisə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”, habelə əlaqəli hüquq normaları üzrə təhlil edilməlidir.

51. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları” 8.17-2-ci bəndi).

52. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.

53. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

54. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.

55. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

56. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir.

57. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.

58. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.

59. İşin faktiki hallarından görünür ki, cavabdeh 11 yanvar 2024-cü il tarixli 058221 nömrəli akt ilə, həmin tarixdə abonentin sayğacına baxış keçiriliyini və bu baxışın iddiaçının iştirakı ilə keçirildiyini iddia etsə də nə iddiaçının həmin baxışda iştirak etməsini təsdiq edən sübutlar, nə sayğaca müdaxilənin olmasını təsdiq edən sübutlar, nədə ki sayğaca müdaxilənin məhz iddiaçının tərəfindən edilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmidir.

60. Məhkəmə qeyd edir ki, cavabdeh o halda abonentə itirilmiş enerjinin dəyərini hesablamaq hüququna malikdir ki, sayğaca müdaxilə və ya qüsur mövcud olsun və bu müdaxilə və ya qüsur abonentrin təqsirindən baş vermiş olsun.

61. Məhkəmə araşdırması zamanı müəyyən edilmir ki, cavabdeh sayğaca müdaxilənin olmasını iddia etsə də müdaxilənin mövcudluğuna, habelə bu müdaxilənin məhz iddiaçı tərəfindən törədilməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Halbu ki, qaydaların tələbinə əsasən aşkar edilmiş qüsurların foto və video yazısı aparılmalı idi.

62. Eyni zamanda cavabdeh sayğaca baxışın iddiaçının iştirakı ilə aparıldığını iddia etsə də bununla bağlı sübut mövcud olmamaqla yanaşı tərtib edilmiş aktda belə iddiaçının iştirakı göstərilməmişdir.

63. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iştirak edən zaman sayğaca abonent tərəfindən kənar xəttin çəkilməsi barədə vidieo görüntü əlavə edilmiş “CD” disk təqdim edildiyini bildirmişdir.

64. Lakin, məhkəmə tərəfindən birinci instansiya məhkəməsində mülki iş aparılan zaman qeydə alınmış fasiləsiz audio-video yazıya və mülki işin materiallarına baxış keçirilən zaman, müəssisənin nümayəndəsi tərəfindən nəyinki məhkəmələrə “CD” diskin təqdim edilməsi, ümumiyyətlə həmin görüntülərin qeydə alınması barədə “CD” diskin mövcudluğuna dair mülahizələr müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən göstərilən xüsusatlar həqiqəti əks etdirmir.

65. Halbuki, bu halda sübutetmə yükü cavabdehin üzərinə düşür. Çünki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

66. Bir qayda olaraq “sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

67. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).

68. Məhkəmə qeyd edir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

69. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

70. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, “mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

71. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

72. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməlidir.

73. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 115ci maddəsinə əsasən, hüquqi xidmətlərin göstərilməsi ilə əlaqədar ödənilmiş 320 manat məbləğində xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

74. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırki iddianın iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikasının MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

75. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 372.1, 382.1, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi : Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətini tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-996/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilsin.. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı (abonent kodu: **********00517 olan) hesablanmış 1.743 (min yeddi yüz qırx üç) manat borc silinsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 320 (üç yüz iyirmi) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar