Məhkəmə qərarları › İş №2(104)-609/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-609/2023

15.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-609/2023 15.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı Əlizamin oğlunun nümayəndəsi və vəkili X2 iştirakı ilə, Şəmkir Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2(076)-1995/2022 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə 15 mart 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. JN-914 KOD 50411018 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının təsdiqlənmiş surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998ci il tarixli 51 saylı qərarı ilə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 0.92 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.

2. 15.05.2006-cı il tarixli, 4Ə-02-267 reyestr nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinə dair notariat işinin təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh2 Jn-914 KOD-50411018 saylı Dövlət Aktına əsasən onlara məxsus olan Şəmkir rayonu Keçili (Zəhmət) kəndində yerləşən 914z sahəsi 2618.00 kv.m-dən ibarət olan torpaq sahəsini İddiaçı satmışdır.

3. xx.xx.2019-cu il tarixli, 4Ə-2906 saylı reyestrə qeyd edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinə dair notariat işindən görünür ki, Cavabdeh2 JN-914, KOD:**********10 və **********01 olan dövlət aktına əsasən tam mülkiyyət üzrə 0.92 ha torpaq sahəsinin ona düşən hissəsini Cavabdeh4 və Cavabdeh3 bağışlamışdır.

4. 03.07.2021-ci il tarixli, AA622217 saylı Torpaq sahəsinin planı və ölçüsünün notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, Şəmkir rayonu Keçili kəndində yerləşən 0.2618 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 4Ə-2906 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında Cavabdeh4 adına qeyd edilmişdir.

5. xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, Şəmkir rayonu Keçili kəndində yerləşən 0.2618 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh4 və Cavabdeh3 ümumi birgə mülkiyyətinə verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Əlizamin oğlu cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı 25 dekabr 2019-cu il tarixli bağışlama müqaviləsinin etibarsız hesab olunması və həmin müqavilə əsasında cavabdehlər Cavabdeh3 və Cavabdeh4 adına verilmiş xx.xx.2021-ci il tarixli, **********01 reyestr saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv olunması tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlər Cavabdeh2nun, Cavabdeh3 və Cavabdeh4 mülkiyyəində olan Şəmkir rayon AİK-nın 28 may 1998-ci il tarixli 51 nömrəli qərarı, JN-914, KOD 504 11018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə 0.92 ha torpaq sahəsinin 0,26 ha hissəsini 15 may 2006-cı tarixdə qanuni əsaslarla almış, həmin torpaq sahəsini sənədləşdirmək məqsədilə DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə yaxınlaşmış və ona rəsmi məktubla bildirilmişdir ki, cavabdehlərin adına xx.xx.2019-cu ildə məhdudiyyət arayışı (forma 1) verilmişdir. 25 dekabr 2019-cu ildə Cavabdeh2 öz payına düşən hissəni oğlanlarına bağışlamışdır. Qeyd edir ki, həmin forma 1 arayışının ləğvi ilə bağlı məhkəməyə müaciət etmiş, hətta cavabdehlər məhkəmədə iddianı etiraf ediblər. (etiraf barədə ərizə işə əlavə olunur.) Məhkəmə qətnaməsi qanuni qüvvəsini alandan sonra məlum oldu ki, Cavabdeh2 həmin torpağı oğullarına bağışlamış və buna dair çıxarış almışlar. Çıxarışın ləğvi ilə bağlı DƏDX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş və ona imtina edilmişdir. Onu da qeyd edir ki, torpaq sahəsi aldığı bir gündən özünün istifadəsindədir.

8. Şəmkir Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2(076)-1995/2022 nömrəli qətnaməsi ilə (hakim Şəfəq Məmmədova) iddianın təmin edilməsi, Cavabdeh2 ilə Cavabdeh4 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-2906 saylı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Şəmkir rayonu Keçili kəndində yerləşən 0.2618 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Cavabdeh4 və Cavabdeh3 adına verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutulub iddiaçıya ödənilməsi qət edilmişdir.

9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 146.1, 146.2, 337.1 və 337.4-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh2 apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2(076)-1995/2022 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi mülki mübahisəni düzgün araşdırmamışdır. Belə ki, JN-914 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən ailə üzvlərinin mülkiyyətinə 0.92 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi bağışlama müqaviləsi əsasında övladlarının mülkiyyətinə verilmişdir. Əgər onun alqı-satqı müqaviləsi bağlamaq niyyəti olsaydı o zaman niyə bağışlama əsasında torpaq sahəsini övladlarınıa bağışlayardı. Həmçinin forma 1 arayışının verilməsinin mübahisələndirilməsi barədə məhkəmə işi olan zaman və həmin mübahisə apellyasiya məhkəməsində araşdırılan zaman iddiaçı nəyə görə bağışlama müqaviləsini mübahisələndirməmişdir. Məhkəmə tərəfindən notariat orqanına qeydiyyat kitabının alınması barədə sorğu verilməmişdir. O heç bir notariat orqanına getməmişdir. Əgər sorğu verilərsə bu hal öz təsdiqini tapar. Məhkəmə Mülki Məcəllənin 337.1-ci maddəsinə əsaslansa da başqa əqdi bağalmaq adı ilə (icarə müqaviləsi), bir başqa müqaviləyə (alqı-satqı) imza etdirilməsinin hansı hüquqi nəticəyə gətirib çıxaracağını qeyd etməmiş və bu hala münasibət bildirməmişdir. Ona görə də ayrılıqda alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia qaldırmaq məcburiyyətində qalmışlar. İddiaçı ifadəsində bildirmişdir ki, torpaq sahəsi aldığı gündən onun istifadəsindədir. Halbuki aralarında razılaşdıqları icarə müqaviləsinin bitdiyi gündən torpaq sahəsi onların istifadəsindədir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3 apellyasiya şikayətinə etiraz edərək izahatında göstərmişdir ki, İddiaçı Əlizamin oğlu 15 may 2006-cı il tarixdə Şəmkir rayonu Keçili kəndində yerləşən 0.2618 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini Cavabdeh2 600 manata rəsmi qaydada almışdır. Forma 1 arayışının ləğvi ilə bağlı məhkəməyə müaciət edilmiş, hətta cavabdehlər məhkəmədə iddianı etiraf etmişlər. Forma 1 arayışı ləğv edilmiş, Məhkəmə qətnaməsi qanuni qüvvəsini alandan sonra iddiaçılara məlum olmuşdur ki, Cavabdeh2 əvvəllər həmin torpaq sahəsinin rəsmi qaydada iddiaçıya satmasına baxmayaraq sonradan həmin torpağı oğullarına bağışlamış və buna dair çıxarış almışlar. Çıxarışın ləğvi ilə bağlı DƏDX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etdikdə isə bundan imtina edilmişdir. Sözügedən torpaq sahəsi alınan gündən iddiaçının istifadəsindədir. Apellyasiya şikayətinin dəlilləri cavabdeh tərəfin mülahizəsinə əsaslanır. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

14. İş üzrə iddiaçı və cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada təkrar xəbərdar edilmələrinə və məhkəmə bildirişini imzalayaraq almalarına baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. İddiaçı nümayəndəsi və vəkili ilə təmsil olunmuşdur. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır,mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Maddə 334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Maddə 334.2. Əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

17. 02.04.2021-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarında qeyd edilir ki, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.”

Apellyasiya baxışının hədləri

18. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2(076)- 1995/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

22. Məhkəmə araşdırmaları ilə müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi cavabdehlər Cavabdeh2 və onun oğlanlarına birlikdə AİK-nın qərarı ilə onların mülkiyyətinə verilmişdir. Cavabdeh2 torpağın bir hissəsini, yəni 0.26 ha hissəsini 2006-cı ildə alqı-satqı müqaviləsi ilə iddiaçıya satmışdır. Alqı-saqı zamanı onun övladları, yəni digər cavabdehlər Cavabdeh3 və Cavabdeh4 yetkinlik yaşına çatmamışlar. Ona görə alqısaqı işində onların razılıqları müəyyən olunmur. İddiaçı həmin alqı-satqı müqaviləsi əsasında çıxarış almaq istədikdə məlum olmuşdur ki, Cavabdeh2 torpağın iddiaçıya satılmış hissəsini oğlanlarına bağışlamışdır. Bundan başqa həmçinin müyyən edilir ki, cavabdehlər digər məhkəmə işində ərizə ilə məhkəməyə müraciət edərək torpağın mübahisəli hissəsini yəni 0,26 ha hissəsini iddiaçıya satmışlar, səhvən digər hissələrinə çıxarış alarkən 0,26 ha hissəsinə də çıxarış almışlar. Həmçinin müəyyən edilmişdir ki, mübahisəli hissə hazırda iddiaçının özü tərəfindən istifadə edilir.

23. Cavabdeh apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsi mülki mübahisəni düzgün araşdırmadığını, əgər onun alqı-satqı müqaviləsi bağlamaq niyyəti olsa idi bağışlama əsasında torpaq sahəsini övladlarınıa bağışlamasını uyğun gəlmədiyini, məhkəmə tərəfindən notariat orqanına qeydiyyat kitabının alınması barədə sorğu verilməli olduğunu, özünün heç bir notariat orqanına getmədiyini, icarə müqaviləsi bağlamaq adı ilə ona alqı-satqı müqaviləsinə imza etdirildiyini, ayrılıqda alqı-satqı müqaviləsini mübahisələndirdiyini bildirsə də, məhkəmə kollegiyası həmin dəlilləri əsassız hesab edir. Belə ki, yuxarıda qeyd edilən hüquq normalarına əsasən əqdlər Mülki Məcəllədə nəzərdə tutulmuş şərtlərin pozulması ilə bağlandığı halda etibarsız sayıla bilər, bu səbəbdən də Q.Mərdənovanın digər cavabdehlərlə bağladığı bağışlama müqaviləsi özü özlüyündə əhəmiyyətsiz əqddir. Onun bu əqdi bağlamağa subyektiv hüququ olmamışdır. Çünki Q.Mərdənovanın həmin əmlaka dair bir dəfə sərəncam vermək hüququ olmuşdur, o da 2006-cı ildə həmin əmlakı hazırki iddiaçı ilə bağladığı alqı-satqıya dair olan sərəncam hüququdur. İddiaçının isə alqı-satqı müqaviləsi ilə sahiblik və istifadə hüququ ilə yanaşı gözlənilən mülkiyyət hüququ olduğundan sərəncam hüququnu həyata keçirmək üçün o hazırki iddia ilə məhkəməyə müraciət eməkdə haqlı olmuş və birinci instansiya məhkəməsi iddianı təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Əqd etibarsız olduğundan, hüquqi nəticəsi kimi cavabdehlər Cavabdeh4 və Cavabdeh3 adına verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın da ləğv edilməsini qət etməkdə də birinci instansiya məhkəməsi haqlı olmuşdur.

24. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə Məhkəmə Kollegiyası razilaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uygun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

25. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

27. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 402, 403, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəmkir Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2(076)-1995/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar