Məhkəmə qərarları › İş №2(104)-609/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-609/2024

12.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-609/2024 12.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyası - hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (məruzəçi), Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2(125)-7433/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Atatürk prospekti 269 ünvanında çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 140,6 kv.m olan 6 saylı mənzil üzərində daşınmaz əmlakın dövlət reyestrində hüquqlarının qeydə alınması ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə təqdim edilməsi üçün həmin mənzilə dair təsdiqlənmiş plan-sxemin, mənzilin dəyərinin (pay haqqının) tam ödənilməsi və borcun olmamasına dair müvafiq arayışın ona verilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC-nin Gəncə şəhəri, Atatürk prospekti 269 ünvanında çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 140,6 kv.m olan 6 saylı mənzili 08 oktyabr 2004-cü il tarixli müqaviləyə əsasən almışdır. Müqavilənin 1.2-ci bəndinin şərtinə əsasən cavabdeh şirkət mənzilin dəyəri tam şəkildə ödənildikdə sonra mənzilin ona verilməsini öhdəsinə götürmüşdür. Tərəfindən mənzilin dəyəri tam şəkildə ödənilmişdir. Bununla bağlı cavabdehlə aralarında hər hansı bir mübahisə yoxdur. Aldığı mənzil üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün cavabdeh təşkilata müraciət edərək mənzilin tam dəyərinin ödənilməsi ilə bağlı müvafiq arayışın ona verilməsini tələb etsə də, cavabdeh ona ünvanladığı 06 iyul 2023-cü il tarixli cavabında mənzil üzrə quraşdırılmış kondinsionerə görə 1500 manat, həmçinin təmirsiz mənzil üzrə ümumi saxlanma xərci qismində 2010-cu ilin yanvar ayından başlamaqla, aylıq 20 manat olmaqla, cəmi 3240 manat borcun ödəniləcəyi, yəni borc olmadığı təqdirdə mənzil üzrə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alına bilməsi üçün müvafiq hüquqmüəyyənedici sənədlərin təqdim ediləcəyi bildirilmişdir. Cavabdehin müvafiq hüquqmüəyyənedici sənədi ona verməməsi ilə bağlı hərəkətlərini qanunsuz və əsassız hesab edir. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2(125)-7433/2023 saylı qərardadına əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər ərazi aidiyyəti qaydaları pozulmaqla verildiyi üçün Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. Gəncə Şəhər Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2(125)-7433/2023 saylı qərardadından narazı qalan İddiaçı şikayət verərək, Gəncə Şəhər Məhkəməsinin 07 noyabr 2023cü il tarixli, 2(125)-7433/2023 saylı qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2(125)-7433/2023 saylı qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı şikayətini onuna əsaslandırmışdır ki, cavabdehin müvafiq hüquqmüəyyənedici sənədi ona verməməsi ilə bağlı hərəkətlərini qanunsuz və əsassız hesab edirək iddia ərizəsində buna dair müvafiq əsaslandırma aparılmışdır. İddiasının mahiyyətindən isə göründüyü kimi onun məhkəməyə müraciəti mənzil üzrə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alına bilməsi üçün olmuşdur. Belə ki, iddiaçı borcunun olduğunu iddia etdiyi, onun tərəfindən isə borcu ödəməkdən imtina edildiyi təqdirdə məhkəmə müdafiəsi hüququndan istifadə hüququ vardır ki, yaranmış mübahisə də məhkəmə qərarı əsasında həll oluna bilər. Cavabdehin kondinsionerə və binanın o cümlədən mənzilin saxlanması xərclərinə görə borcunun olmasını iddia edib müvafiq arayışı ona verməməsi onun daşınmaz əmlak üzərində hüquqlarının həyata keçirilməsinə mane olmaqla, mülkiyyət hüququnun pozulması deməkdir. Buna görə də o, müstəsna aidiyyət qaydalarına uyğun olaraq, daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsinə, yəni Gəncə Şəhər Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində də məhz Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə istinad etmişdir. Birinci instansiya məhkəməsi isə buna əhəmiyyət vermədən yalnız Mülki Prosessual Məcəllənin 35.2-ci maddəsinə istinad etməklə, ərazi aidiyyəti üzrə məhkəməyə düzgün müraciət etmədiyimi əsas gətirərək iddia ərizəsini geri qaytarmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2(125)- 7433/2023 saylı qərardadı və həmin qərardadla bağlı 17 yanvar 2024-cü il tarixli, 2(125)- 7433/2023 saylı qərardadı ləğv edilməli və iş baxılması üçün birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytararkən və şikayəti təmin etməyərkən qərardadını onunla əsaslandırmışdır ki, cavabdehin hüquqi ünvanı ünvan 2izəsinə ərazi aidiyyəti qaydalarına uyğun olaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. Hazırkı iddia ərizəsi ilə «sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə tələb irəli sürüldüyündən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsində nəzərdə tutulan hallar mövcud olmadığından müstəsna aidiyyətə dair qaydalar tətbiq edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, iddia ərizəsindən göründüyü kimi iddiaçının tələbi Gəncə şəhəri, Atatürk prospekti 269 ünvanında yerləşən 140,6 kv.m olan 6 saylı yaşayış sahəli mənzilə dair müvafiq sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı olmuşdur ki, iddiaçının niyyəti qeyd olunan sənədlər əsasında həmin əmlak üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmaq istəməsindən ibarət olmuşdur. Lakin, cavabdeh hüquqi şəxs tələb olunan sənədləri iddiaçıya verməkdən imtina etmişdir ki, bununla da iddiaçının tələbi mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında olmuşdur. Azərbaycan Respbulikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinin tələbinə əsasən isə mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı müstəsna aidiyyət qaydalarına uyğun olaraq daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsinə iddia ərizəsi ilə müraciət etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi isə Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinin tələbini düzgün təfsir etməyərək, iddia ərizəsini geri qaytarmaqla səhv nəticəyə gəlmişdir. Buna görə də şikayət təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2(125)-7433/2023 saylı qərardadı və həmin qərardadla bağlı 17 yanvar 2024-cü il tarixli, 2(125)-7433/2023 saylı qərardadı ləğv edilməli və iş baxılması üçün birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 39 və 398-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şikayət təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2(125)-7433/2023 saylı qərardadı və həmin qərardadla bağlı 17 yanvar 2024-cü il tarixli, 2(125)-7433/2023 saylı qərardadı ləğv edilsin. Mülki iş baxılması üçün birinci instansiya məhkəməsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar