Məhkəmə qərarları › İş №2(104)-617/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-617/2024

02.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-617/2024 02.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı, Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qаrşı pul tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 2(066)-249/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qаrşı iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona satılmış qızıl-zinət əşyaları, geyim paltarları və ev məişət avadanlıqlarının dəyəri olan 18601 manat və həmin məbləğə əldə çıxmış faydaya görə hesablanmış faiz borcu, maddi ziyana görə 1000 manat və mənəvi ziyana görə 500 manat pul vəsaitinin alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 2(066)-249/2023 nömrəli qətnaməsi ilə (hakim Əyyub Kərimov) iddianın qismən təmin edilməsi, Cavabdeh 5730 (beş min yeddi yüz otuz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 77.30 manat hissəsi alınaraq İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsi İddiaçı özünə aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 iyul 2023-cü il tarixli 2(104)- 1410/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Göygöl Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 2(066)-249/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılması; İddianın qismən təmin edilməsi; Cavabdeh 18.601 (on səkkiz min altı yüz bir) manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 145,8 (bir yüz qırx beş manat səksən qəpik) manat dövlət rüsumu alınıb İddiaçı verilməsi; İddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli 2(102)-4682/2023 nömrəli qərarı ilə Cavabdeh kassasiya şikayəti qismən təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1410/2023 nömrəli 12 iyul 2023-cü il tarixli qətnaməsinin Cavabdeh 12871 manat və dövlət rüsumuna görə 68,50 manat pul tutulması hissəsində ləğv edilməsi; İşin həmin hissədə yeni apellyasiya baxışına qaytarılması; Qətnamənin Cavabdeh 5730 manat və dövlət rüsumuna görə 77,30 manat pul tutulması hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin səmimiliyinə inanaraq 13 iyul 2022-ci il tarixdə 18601 manat məbləğində cavabdehə qızıl-zinət əşyaları və ev-məişət avadanlıqları satmışdır. Cavabdeh söz vermişdir ki, 1-2 aya borcunu ödəyəcəkdir. Lakin bu günə kimi heç bir ödəniş etməmişdir. Uzun müddət keçməsinə baxmayaraq cavabdeh borcunu qaytarmamışdır. Müxtəlif bəhanələrlə cavabdeh bundan imtina etmişdir. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. Bundan sonra Samux rayon Polis Şöbəsinə müraciət edərək cavabdeh barəsində şikayət etmişdir. Həmin polis şöbəsində araşdırma aparılmış və cavabdehin izahatı alınaraq işin polisə aid olmadığı barədə məlumat verilmişdir. Polis şöbəsindən həmin məsələnin məhkəməyə aid olmasına görə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Bu səbəbə görə də iddiaçı məcbur qalıb məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən cavabdehə satılan qeyd olunan əşyaların miqdarı və dəyəri olan soyuducu - 1 ədəd 3200 manat, televizor - 1 ədəd 1500 manat, qazan dəsti- 1 ǝdǝd 140 manat, cəmi 4840 manat, cavabdeh həmin borc məbləğindən 200 manat ödəniş etmiş və 4640 manat qalıq borc qalmışdır. Digər geyim paltarlarından və əşyalardan olan 1 ədəd idman dəsti 55 manat, 1 ədəd idman dəsti ağ 50 manat, 1 ədəd cins şalvar 35 manat, 1 ədəd yorğan lentli 90 manat, 1 ədəd kofta 12 manat, 1 ədəd idman dəsti qırmızı 50 manat, 2 ədəd mayka bəzəkli 24 manat, 1 ədəd skater dəri 90 manat, 1 ədəd köynək ağ 20 manat, 1 ədəd idman dəsti ağ qırmızı xətli 40 manat, qalıq 466 manat, köhnə borcu qalıq 245 olmuş, yəni borcu 466 cəmi 466+245=711 manat təşkil etmişdir. Qızıl-zinət əşyalarından olan komplekt çirnel qaşlı 10qr.3mm 1200 manat, sep 15qr.93mm 1650 manat, sep 15qr.22mm 1630 manat, qolbağ 8qr.75mm 1000 manat, komplekt seplǝ 28qr.81mm 2900 manat, Tifanni qolbağ 9qr.5mm 1150 manat, qolbağ yaquar 12qr.84mm 1550 manat, komplekt yaquar 15qr.87mm 1950 manat, sep 18qr 1800 manat, komplekt 13qr.13mm 1600 manat, ayaq bağı 2qr.73mm 310 manat, 16740 manat satılmış qızıl-zinət əşyalarından, ancaq ümumi qızıldan 3490 manat ödəniş edilmiş, qalıq borc isə 13250 manat təşkil etmişdir. Cavabdeh məişət və paltar üçün ümumi qalıq borcundan 13250+4640+711 manat olmaqla cəmi 18601 manat qalmışdır. İş materiallarında olan: xx.xx.2022-ci il tarixli zəmanət talonunun surətindən görünür ki, “VESTEL” markalı paltaryuyan maşın üçün iki il müddətində zəmanət verilmişdir. xx.xx.2022-ci il tarixli zəmanət talonunun surətindən görünür ki, “LOTUS” markalı, LT 4466RFS modelli soyuducu üçün iki il müddətində zəmanət verilmişdir. Samux rayon Polis şöbəsinin rəisi polis polkovnik-leytenantı cənab Ramil Səfərəliyevə xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən yazılmış izahatın surətindən görünür ki, onun barəsində Samux rayon Polis şöbəsinə ərizə ilə müraciət edən Səməd Əliyevin arvadı Lalədən 2022-ci ilin yay aylarında elektrik avadanlığı almışdır. Lalənin Samux rayonu Qarayeri qəsəbəsində yerləşən satış mərkəzindən bir ədəd dəyəri 3200 manat olan soyuducu və bir ədəd 1400 manat dəyərində televizor və 320 manat dəyərində mətbəx əşyası, müxtəlif növdə geyim paltarlarını şifahi razılaşma yolu ilə götürmüşdür. Həmin mallara görə ilkin ödəniş kimi 500 manat vermişdir. Ümumilikdə onun Laləyə 4920 manat qalıq borcu qalmışdır. Qeyd olunanlara əsasən Səməd Əliyevin müraciətində 18200 manat pul borcu olmasının yalan və böhtan xarakterli olmasını bildirmişdir; Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, təqdim olunmuş CD disklərdə tam va aydın şəkildə qızıl-zinət əşyalarının cavabdeh tərəfindən alınması sübuta yetirilmişdir. Digər tərəfdən məhkəmənin qətnaməsinin təsviri və asaslandırıcı hissəsində cavabdeh tərəfindən etiraf edilmiş 5000 manatın nədən borc yaranması ilə bağlı qiymət verilərək araşdırılmamış və hüquqi qiymət verilməmişdir. Halbuki, CD diskdə açıq şəkildə qeyd edilir ki, həmin məbləğ lotereya borcudur. Bununla bağlı da, iddiaçının məhkəmədə verdiyi izahatlar təhrif edilmişdir. Çünki, iddiaçı açıqlama vermişdir ki, aralarında olan borc ilə bağlı, iddiaçının qızıl-zinət əşyalarının aldığı insanlara borcu olduğundan va həmin borcu ödəməkdən ötrü cavabdehin razılığı ilə lotereya oynayaraq həmin üçüncü şəxsə olan borcu bağlamışdır. Göründüyü kimi, iddiaçı burdada cavabdeh tərəfindən aldanaraq onun əvəzinə lotereya pulu ödəmiş və həmin 5000 manatda ordan aralarında borc kimi qalmışdır. Bu da ümümi olaraq qızılzinət borcuna aid edilmişdir. Digər tərəfdən iddiaçı dəfələrlə izahatında həmin pulu borc yaranana qədər ödənilməsini bildirmişdir. Həqiqət ondan ibarətdir ki, aralarında olmuş nisyə alqı-satqı da sübut edir ki, cavabdeh hər dəfə nisyə mal götürüb sonralar ödəniş edib, yeni əşyalar götürüb. Beləliklə də, iddiaçının etibarını və etimadını qazanmışdır. Yəni, burda məhkəmə iddiaçının izahatını təhrif etmişdir, halbuki 4190 manat məbləğ ödənildikdən sonra 18601 manat borc qalmışdır. Həmin məbləği iddiaçıya ödənilməsini cavabdeh heç bir sübutla təsdiq edə bilməzdi, ancaq iddiaçının özünün etirafından sonra məhkəmə bu qənaətə gəlmişdir. Bu da bir daha sübut edir ki, iddiaçı bütün izahatlarında və ifadələrində səmimi olaraq ancaq olan hadisələri həqiqəti söyləmişdir. Həmçinin, məhkəmə zalında yazılı vasatət taqdim edilərak iş üçün əhəmiyyət kəsb edən şahidlərin dindirilməsi ilə bağlı müraciət edilmiş, lakin məhkəmə vəsatəti qəbul etməyərək hər bir halda şahidlərin dindirilməsi ilə bağlı şərait yaradılmasını bildirmişdir. Lakin, məhkəmə iclaslarında bu məsələ həllini tapmamışdır. CD disklərində yenidən dinlənməsinə zərurət yaranır. Sübutlar birinci instansiya məhkəməsində hazırlıq iclaslarında təqdim edilmiş, lakin aydınlaşdırılmamışdır. Cavabdeh disk yazılarında ümumiyyətlə iddianın tam məbləğini etiraf etmiş, lakin məhkəmə buna qiymət verməmişdir. bundan ərinin xəbəri yoxdur, ona 5000 manat pul tapsın, qızıllarını lombarddan götürsün. O da demişdir ki, özündə o qədər pul yoxdur və heç kimdən də ala bilməz. Buna görə iddiaçı ondan çox narazı qalmışdır. Həm bu səbəbdən, həm də qızıllarını lombarda ərinin xəbəri olmadan qoyduğundan əri ilə arasında narazılıq olmasın-deyə göstərir ki, guya ondan qızıl-zinət əşyaları da almışdır. Apellyasiya şikayətinə etiraz: Cavabdeh apellyasiya şikayətinə dair məhkəmə kollegiyasına etiraz təqdim edərək, Göygöl Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 2(066)-249/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti əsassızdır və təmin edilməməlidir. Belə ki, apellyasiya şikayətində göstərilir ki, məhkəmə sübutlara düzgün qiymət verməmişdir. Təqdim olunmuş CD disklərdə qızıl-zinət əşyalarının cavabdeh tərəfindən alınması sübuta yetirilmişdir. Məhkəmənin qətnaməsində göstərilən 5000 manat borc onun iddiaçıya olan lotereya borcudur. Yəni, güya lotereya oynamışıq, onun əvəzinə iddiaçı 5000 manat pul ödəmişdir və qətnamədə göstərilən 5000 manat da həmin puldur. Bununla bağlı bildirir ki, iddiaçı ona demişdir ki, uşağının qıçı, yaxud qolu sınıb, müalicəsinə 5000 manat pul lazımdır, hər ay 500 manat ödəmək şərti ilə o da qrupa daxil olsun və lotereya oynasınlar. O da iddiaçıya demişdir ki, “mənim pul ödəmək imkanım yoxdur, lotereya oynaya bilmərəm” və imtina etmişdir. İddiaçının loteraya oynayıb-oynamamasından xəbəri olmamışdır. Apellyasiya şikayətində göstərilir ki, iddiaçıdan aldığı mallara görə ödədiyi məbləğdən başqa ona 18601 manat borcu olmuşdur. Bununla bağlı bildirir ki, o iddiaçıdan 4920 manat dəyərində məişət, mətbəx avadanlıqları və pal-paltar almışdır və ona 690 manat borcu qalmışdır. İddiaçının deməsinə görə isə guya məişət avadanlıqlarına görə 4640 manat, pal-paltara görə isə 711 manat borcu qalmışdır. İddiaçının deməsinə görə ödədiyi pulun 3490 manatı guya qızıl-zinət əşyalarına görədir. Bir halda ki, iddiaçıdan qızıl-zinət əşyaları almamışsa, ona bu əşyalara görə 3490 manat necə ödəyə bilər. Bildirir ki, o cavabdehdən yalnız bir dəfə uşağı üçün 280 manat dəyərində qızıl ayaq bilərziyi almış və pulunu da nağd ödəmişdir. İddiaçının guya ondan qızıl-zinət əşyaları da almağını göstərməsinin səbəbini də məhkəmənin diqqətinə çatdırmaq istəyir. Belə ki, iddiaçı ona zəng edib demişdir ki, qızılları lombardda batır, Apellyasiya şikayəti üzrə izahatlar: 05 mart 2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh ona ümumilikdə 22791 manat borcu olmuşdur. Həmin borcun 711 manatı geyim əşyalarına, 4600 manatı məişət avadanlıqlarına görə, 17480 manatı isə qızıl-zinət əşyalarına görə olmuşdur. Cavabdeh ona olan borcundan cəmi 4191 manat ödəmişdir. Vəfanın ona hazırda ödənilməmiş 18600 manat borcu vardır. Cavabdehin məhkəmə kollegiyasının iclasında iştirakının təmin olunmasını xahiş edir. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə etdiyini və əvvəlki məhkəmə iclasında verdiyi izahatına əlavəsi olmadığını bildirərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, onun İddiaçı 18601 manat borcu qalmamışdır. Nə də ki, aralarında gedən telefon danışıqlarında iddiaçıya 18601 manat borcu olduğunu bildirməmişdir. Əksinə, bildirmişdir ki, iddiaçıya 18601 manat borcu qalması böhtandır. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə da apellyasiya şikayətini qəbul etməyərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli 2(102)-4682/2023 nömrəli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)- 1410/2023 nömrəli 12 iyul 2023-cü il tarixli qətnaməsi Cavabdeh 12871 manat və dövlət rüsumuna görə 68,50 manat pul tutulması hissəsində ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır. Həmçinin apellyasiya instansiyası məhkəməsinin əvvəlki qətnaməsi Cavabdeh 5730 manat və dövlət rüsumuna görə 77,30 manat pul tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini qismən ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, kasassiya instansiyası məhkəməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1410/2023 nömrəli 12 iyul 2023-cü il tarixli qətnaməsini Cavabdeh 12871 manat və dövlət rüsumuna görə 68,50 manat pul tutulması hissəsində ləğv edərək işi həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarmış, qətnaməni qalan hissədə dəyişdirmədən saxlamışdır. Bu baxımdan, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının yalnız kasassiya instansiyasının təkrar baxışa göndərdiyi hissədə yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, “Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli qərarında, kassasiya məhkəməsi tərəfindən faktiki və hüquqi cəhətlərdən analoji hallara artıq formalaşmış məhkəmə təcrübəsindən müvafiq səbəblər göstərmədən fərqli yanaşılmasının Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatının pozulmasına gətirib çıxara biləcəyi, bu konstitusiya təminatının məhkəmələr tərəfindən qərarların qəbul edilməsində qanunsuzluqdan müdafiəni də ehtiva etdiyi vurğulanaraq aşağıdakılar göstərilmişdir: “Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir. Kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Konstitusiyaya və qanunlara tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir”. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını bu kontekstdə аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə hazırkı apellyasiya baxışının predmeti olan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən olunan halına görə tərəflər məişət, geyim və qızıl-zinət əşyalarının nisyə alqı-satqısına dair razılığa gəlmişlər. Cavabdeh İddiaçı müxtəlif vaxtlarda, müxtəlif növ əşyaları nisyə şəkildə almışdır. İddiaçı iddia edir ki, Cavabdeh ona nisiyə satılmış həmin əşyalara görə borcunun bir qismini ödəsə də, sonuncunun ona ödənilməmiş 18600 manat borcu qalmışdır. MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış mübahisə, nisyə satılmış əşyanın dəyərinin ödənilməsi münasibətləri üzrə yaranmışdır. Ona görə də işin hallarına nisyə satılmış əşyanın dəyərinin ödənilməsi ilə bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməli və mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Mülki Məcəllənin 567-ci maddəsində alğı-satqı müqaviləsinin anlayışı müəyyən edilərək göstərilir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsindən bəhs edən 2-ci fəslinin 14.2.1-ci maddəsinə görə, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Mülki Məcəllənin 600.1-ci maddəsidir. Həmin normada deyilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsində deyilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Kassasiya instansiyası məhkəməsi işin yeni apellyasiya baxışına göndərilməsi ilə bağlı 18 dekabr 2023-cü il tarixli qərarında mövqeyinin hüquqi əsasını belə şərh etmişdir ki, işin müəyyən edilmiş hallarına görə tərəflər arasında əşyaların nisyə satışını nəzərdə tutan alqı-satqı münasibətləri olmuşdur. İddiaçı bu münasibətlərdən cavabdehin ona 18601 manat ödənilməmiş borcunun qalmasını bildirmişdir. Cavabdeh isə iddianı qismən qəbul edərək, iddiaçıdan 4920 manat dəyərində nisyə mal (məişət və mətbəx avadanlıqları, geyim əşyaları) götürdüyünü, iddiaçıya müxtəlif vaxtlarda ödəniş etdiyini, hazırda borcunun 690 manat qalmasını bildirmişdir. Birinci instansiya məhkəməsi tərəflərin izahatlarına və onlar arasındakı danışıqların əks edildiyi CD diskə əsasən cavabdehin nisyə satılmış mallara görə borcunun 5730 manat olmasını müəyyən edərək, iddianı həmin məbləğ həddində təmin etmiş, dövlət rüsumunu da təmin edilən hissəyə mütənasib olaraq tutmuşdur. Qeyd edildiyi kimi cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirməyərək, ondan 5730 manat və dövlət rüsumuna görə 77,30 manat pul tutulması hissəsində birinci instansiya məhkəməsini qətnaməsi ilə razılaşmışdır. Apellyasiya instansiyası məhkəməsi də cavabdehdən nisyə satılmış mallara görə əlavə olaraq 12871 manat və iddianın təmin edilən hissəsinə müvafiq olaraq dövlət rüsumunun əvəzi kimi əlavə 68,50 manat pul tutulmasını təmin edərkən iddiaçının təqdim etdiyi CD diskə istinad etmişdir. Hər iki instansiya məhkəməsi nisyə satılmış mallara görə borcun məbləğini müəyyən etmək üçün işdəki CD diskə istinad etmiş, lakin eyni sübuta istinad edən birinci instansiya məhkəməsinin müəyyən etdiyi məbləğlə apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi məbləğlər arasında iki dəfədən artıq fərq olmuşdur. Eyni sübut əsasında məhkəmələrin müxtəlif nəticələrə gəlməsi çox pilləli məhkəmə sistemində qəbul edilən haldır və işə mahiyyəti üzrə baxan məhkəmələr sübutları qiymətləndirməklə müxtəlif nəticələrə gəlməkdə müstəqildirlər. Lakin hər bir halda işdəki sübutlar prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mümkünlük, aid edilənlik baxımından qiymətləndirilməlidirlər. Apellyasiya instansiyası məhkəməsi nisyə alqı-satqıdan ümumilikdə ödənilməmiş 18601 manat borcun qalması faktının cavabdehin səs yazısı ilə sübuta yetirilməsini qeyd etsə də, cavabdehin bu faktı işdəki hansı diskdə (işdə 4 ədəd CD disk var), danışıqların hansı dəqiqə və (və ya) saniyəsində etiraf etməsini və bu etirafın hansı məzmunda olmasını göstərməmişdir. Cavabdeh də kassasiya şikayətində nisyə alqı-satqıdan qalan borcunun miqdarının CD diskdəki səs yazısı ilə müəyyən edilməsini mübahisələndirmişdir. Qeyd edilənlər göstərir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin nisyə alqı-satqıdan qalan borcunun miqdarını istinad etdiyi sübutu MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olmayan şəkildə qiymətləndirməklə müəyyən etmişdir. Halbuki həmin normaya görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Cavabdehdən nisyə satılmış mallara görə əlavə olaraq 12871 manat pul tutulması hissəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. Qeyd edilən hissədə gəlinən nəticə əsaslı olmadığı üçün iddianın təmin edilən hissəsinə mütənasib olaraq dövlət rüsumunun əvəzi kimi əlavə olaraq 68,50 manat pulun tutulması hissəsində gəlinən nəticə də MPM-nin 119.1-ci maddəsinin tələblərinə uyğun deyil. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, qızıl-zinət, habelə məişət və geyim əşyalarının nisyə alqı-satqısı barədə tərəflər arasında alqı-satqı müqaviləsi, əlyazma sənəd, akt və.s tərtib edilməmişdir. Lakin tərəflərin izahatları, habelə iş materiallarında olan sənədlər əlaqəli şəkildə tədqiq olunduqda müəyyən olunur ki, həqiqətən də iddiaçı tərəfindən cavabdehə müxtəlif vaxtlarda müxtəlif növ əşyalar nisyə olaraq satılmışdır. Həmçinin kollegiya qeyd edir ki, cavabdeh nisyə almış olduğu əşyaların dəyərinin iddiaçıya ödənilməsinə dair məhkəməyə sübutlar təqdim etməsə də, lakin iddiaçının izahatları ilə müəyyən olunur ki, cavabdeh iddiaçıdan aldığı əşyalara görə 4190 manat ödəniş etmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, mübahisənin hərtərəfli, tam və obyektiv həlli üçün iş materiallarındakı sənədlər, habelə tərəflərin izahatı əlaqəli şəkildə tədqiq edilməlidir. Xüsüsilə diqqətə alınmalıdır ki, mülki prosessual qanunvericiliyə görə sübutların qiymətləndirilməsinin məntiqi (daxili) və hüquqi (zahiri) tərəfləri mövcudur. Bütövlükdə götürüldükdə bu, təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materiallarının həm qanunun tələblərinə uyğunluğunun, həm də tamlığnın, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, hərtərəfliliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında düzgün nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi işin mahiyyəti üzrə həll edilərək qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübutlara rəsmi və hüquqi nəticələr doğuran qiymətləri yalnız məhkəmə verir. Sübutlara obyektiv baxılması məhkəmədən tələb edir ki, subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlilləri və faktları qiymətləndirsin. Obyektivlik sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Heç bir sübutun məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəsi yoxdur. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliyinə şübhə mövcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalı, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübut təqdim olunmasını təklif etməli, zərurət olduqda mövcud sübutu yenidən araşdırmalıdır. Sübutların məzmunundakı məlumatlarla bağlı şübhələrin aradan qaldırılmasının ən etibarlı üsullarından biri isə müxtəlif sübutların müqayisə edilməsidir. Məhkəmə kollegiyasının qeyd etdiyi hüquqi mövqe «Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında da öz əksini tapmışdır. Avropa Məhkəməsi həmin qərarında göstərmişdir ki, sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, ilk növbədə araşdırılmalı olan məsələ iddiaçı tərəfindən cavabdehə hansı əşyaların və hansı məbləğdə nisyə satılmasının müəyyən edilməsindən ibarətdir. İşin halları bu aspektdə araşdırılaraq müəyyən edilmişdir ki, İddiaçı tərəfindən Cavabdeh 9920 manat dəyərində müxtəlif növ əşyalar satılmışdır. Qeyd olunan hal iş materiallarındakı CD diskdə olan səs yazıları və Cavabdeh Samux rayon Polis Şöbəsində aparılan araşdırma zamanı vermiş olduğu izahatı, habelə birinci instansiya məhkəməsində icraat zamanı vermiş olduğu iddia ərizəsinə etirazının əlaəqli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapır. Belə ki, hazırkı apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə iclasında tərəflərin işrirakı ilə iş materiallarındakı CD disklərdə olan səs yazıları dinlənilmiş və tərəflər qeydə alınmış səs yazılarının onlara məxsus olduğunu bildirmişlər. İş materiallarında olan üzərində 1 yazısı qeyd olunan CD diskdə olan səs yazısı dinlənilərək müəyyən edilmişdir ki, səs yazısı iddiaçının əri Səməd Əliyevlə Cavabdeh arasında gedən danışıqdan ibarətdir. Həmin danışıqda tərəflər arasında borcun qaytarılması ilə bağlı danışıqlar gedir. Səs yazısının 01:45 saniyəsində Cavabdeh bildirir ki, “soyuducu və paltaryuyandan əlavə İddiaçı 5000 manat borcu” var. Həmin səs yazısında iddiaçının əri Səməd Əliyev dəfələrlə cavabdehə borcun 18601 manat olduğunu bildirsə də, lakin sonuncu bunu qəbul etməmişdir. Həmçinin Samux rayon Polis şöbəsinin rəisi polis polkovnik-leytenantı cənab Ramil Səfərəliyevə xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən verilmiş izahatda Cavabdeh qeyd etmişdir ki, onun barəsində Samux rayon Polis şöbəsinə ərizə ilə müraciət edən Səməd Əliyevin arvadı Lalədən 2022-ci ilin yay aylarında elektrik avadanlığı almışdır. Lalənin Samux rayonu Qarayeri qəsəbəsində yerləşən satış mərkəzindən bir ədəd dəyəri 3200 manat olan soyuducu və bir ədəd 1400 manat dəyərində televizor və 320 manat dəyərində mətbəx əşyası, müxtəlif növdə geyim paltarlarını şifahi razılaşma yolu ilə götürmüşdür. Həmin mallara görə ilkin ödəniş kimi 500 manat vermişdir. Ümumilikdə onun Laləyə 4920 manat qalıq borcu qalmışdır. Cavabdeh birinci instansiya məhkəməsində icraat zamanı vermiş olduğu iddiaya etirazını da bu məzmunda əsaslandırmışdır. Beləliklə sözügedən səs yazısının və Cavabdeh Samux rayon Polis şöbəsində vermiş olduğu izahatının, o cümlədən iddiaya etirazının məcmu halda tədqiqi nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı nisyə şəkildə aldığı soyuducu, televizor və mətbəx əşyaların dəyərinə görə 4920 manat, həmçinin bundan başqa əşyalarının dəyərinin ödənilməsinə görə isə 5000 manat borcu yaranmışdır. Artıq ikinci araşdırılmalı olan məsələ tərəflər arasındakı nisyə alqı-satqı münasibətləri üzrə cavabdeh tərəfindən iddiaçıya hansı məbləğdə pul ödənilməsinin müəyyən edilməsindən ibarətdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda da göstərildiyi kimi cavabdeh nisyə almış olduğu əşyaların dəyərinin iddiaçıya ödənilməsinə dair məhkəməyə sübutlar təqdim etməsə də, lakin iddiaçının izahatları ilə müəyyən olunur ki, cavabdeh iddiaçıdan aldığı əşyalara görə 4190 manat ödəniş etmişdir. Beləliklə müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı 9920 manat dəyərində nisyə şəkildə müxtəlif növ əşyalar almış və həmin əşyaların dəyərindən 4190 manat ödəmişdir və onun qalıq borcu (9920-4190=5730) 5730 manat təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Cavabdeh İddiaçı ondan 22791 manat dəyərində əşyalar aldığını və qalıq borcunun 18601 manat olduğunu iddia etsə də, lakin bununla bağlı məhkəməyə sübut təqdim etməmiş, eləcə də bu işin faktiki halları ilə də öz təsdiqini tapmamışdır. Belə ki, hazırkı apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə iclasında tərəflərin iştirakı ilə iş materiallarında olan üzərlərində 1, 2 və 3 rəqəmləri qeyd olunmuş CD disklər dinlənilərək tədqiq edilmişdir. Üzərində 1 rəqəmi qeyd edilmiş CD diskdəki audio səs yazıları dinlənilərkən müəyyən edilmişdir ki, səs yazılarının birində iddiaçının əri Səməd Əliyevlə cavabdehin atası Rasim adlı şəxs arasında nisyə mal satılması, habelə borcun qaytarılması barədə danışıqlar gedir. Həmin səs yazısı 15 dəqiqə 32 saniyədən ibarətdir. Həmin səs yazısında cavabdehin atası tərəfindən iddiaçı barəsində polisə müraciət edilməsindən, habelə tərəflər arasındakı borcla bağlı məsələlərdən bəhs olunur. Həmçinin üzərində 1 rəqəmi qeyd edilmiş CD diskdəki digər audio səs yazısı dinlənilərək müəyyən edilmişdir ki, səs yazısı 3 dəqiqə 20 saniyədən ibarətdir. Həmin səs yazısında iddiaçının əri Səməd Əliyevlə Cavabdeh arasında qeydə alınmışdır tərəflərin görüşüb cavabdehə satılan mallar, habelə ödənilmiş pullar barədə hesabat aparacaqlarından söhbət gedir. Həmin səs yazısının 1:42-ci dəqiqəsində cavabdeh iddiaçının əri Səməd Əliyevlə bildirir ki, “5000 (beş min) soyuducu və paltaryuyandan əlavə borcu var” “onun 18600 (on səkkiz min) manat borcu yoxdur”. Həmçinin üzərində 2 rəqəmi qeyd edilmiş CD diskdəki 1-ci faylda olan audio səs yazısı dinlənilərkən müəyyən edilmişdir ki, həmin danışıq İddiaçı, onun əri Səməd Əliyev və Cavabdeh arasında qeydə alınmışdır. Səs yazısı 19 dəqiqə 43 saniyədən ibarətdir. Həmin səs yazısında iddiaçı cavabdehə təklif edərək borc məsələsini öz aralarında həll etməklərini və bu barədə məhkəməyə müraciət etməməyini bildirir. Cavabdeh isə cavabında iddiaçıya işə məhkəmədə baxılmasını və bütün sübutlara məhkəmədə qiymət verilməsini bildirir. Həmçinin cavabdeh dəfələrlə onun iddiaçıya 18600 manat borcu olmadığını israrla bildirir. Həmçinin üzərində 2 rəqəmi qeyd edilmiş CD diskdəki 3-cü faylda olan audio səs yazısı dinlənilərkən müəyyən edilmişdir ki, həmin səs yazısı iddiaçının əri Səməd Əliyev və Cavabdeh arasında qeydə alınmışdır. Səs yazısı 3:25 dəqiqədən ibarətdir. Həmin səs yazısının başğanğıcında cavabdeh iddiaçıdan qızıl aldığını və onların dəyərlərini ilk dəfə 2000 manat, sonra isə 1000 manat olmaqla tam ödədiyini bildirir. İddiaçının əri Səməd Əliyev isə buna etiraz edərək qızılın dəyərinin ödənilmədiyini bildirdikdə cavabdeh ona məhkəməyə müraciət etməyini və işin işə məhkəmədə baxılmasını bildirir. Bundan başqa üzərində 3 rəqəmi qeyd edilmiş CD diskdəki səs yazısı dinlənilərkən müəyyən edilmişdir ki, səs yazısı iddiaçının əri Səməd Əliyev və Cavabdeh arasında qeydə alınmışdır. Səs yazısı 11:33 dəqiqədən ibarətdir. Həmin səs yazısında aralarındakı danışıqlar borc münasibətlərindən yaranan müxtəlif məsələlərdən bəhs olunur. Həmin səs yazısının 08:00-08:010 dəqiqələrində cavabdeh ona 18000 manat yox, onlara 5000 manat borcunun olduğunu və həmin məbləğidə kart hesablarına hissə-hissə ödəyə biləcəyini bildirir. MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı - “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır). Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Lakin, iddiaçı tərəf bu sübutetmə öhdəliyinin öhdəsindən gələ bilməmiş və yoxlanılan hissədə, yəni Cavabdeh 12871 manat pul tutulması hissədə tələbini sübuta yetirə bilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi həmin (yoxlanılan) hissədə iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Bununla yanaşı məhkəmə kollegiyası MPM-nin 119-cu maddəsinin tələblərini nəzərə alaraq qeyd edir ki, Cavabdeh 12871 manat pul tutulması hissədə iddia tələbi təmin olunmadığından həmin hissədə işə baxılması üçün ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutulması da yolverilməzdir. MPM-nin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.3, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 2(066)-249/2023 nömrəli qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar