Məhkəmə qərarları › İş №2(104)-626/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-626/2025

12.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-626/2025 12.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Tovuz Rayon Məhkəməsinin 2(062)-167/2025 saylı 08 yanvar 2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X1 və “M X5 Kredit Təşkilatı” MMC-yə qarşı “icra qeydinin etibarsız hesab edilməsi” tələbinə dair ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, icra qeydinin ləğv edilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 2(062)-167/2025 saylı 08 yanvar 2025-ci il tarixli qərardadı ilə (hakim Q.Baxşıyev) İddiaçı cavabdehlər X1 və “M X5 Kredit Təşkilatı” MMCyə qarşı “icra qeydinin etibarsız hesab edilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı 17 yanvar 2025-ci il tarixdə məhkəməyə şikayət verərək, Tovuz Rayon Məhkəməsinin 2(062)-167/2025 saylı 08 yanvar 2025-ci il tarixli qərardadının ləğv edilməsinə, ərizəyə mahiyyəti üzrə baxılması üçün qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər X1 və “MX5 Kredit Təşkilatı” MMCyə qarşı “icra qeydinin etibarsız hesab edilməsi”nə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Müraciəti elektron qaydada təqdim edilmiş və xx.xx.2024-cü il tarixdə Tovuz Rayon Məhkəməsində hakim Qafil Baxşıyevin icraatına götürülmüşdür. Bununla bağlı e-2(062)-3356/2024 saylı xx.xx.2024cü il tarixli qərardad qəbul edilmiş və məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixində, saat 10:10 Tovuz Rayon Məhkəməsinin inzibati binasında təyin edilmişdir. Buna dair bildiriş onlara göndərilmişdir. Həmin tarixdə səhhətində yaranmış problemlə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini və hazırlıq iclasının onun iştirakım olmadan keçirilməsini və işin məhkəmə baxışına göndərilməsini xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəmədən xahiş etmişdir. EMİS üzərindən sənədlər bölməsində bütün bu qeyd etdikləri sənədlər mövcud olmaqla öz təsdiqini tapır. Bundan sonra məhkəmə ilk hazırlıq iclasını keçirmiş və işi baxış iclasına, xx.xx.2024 tarixə təyin etmişdir. Həmin tarixlərdə övladının yanına, Bakı şəhərinə getdiyi üçün məhkəmə baxış iclasında iştirak edə bilməyəcəyinə dair yazılı məlumat verə bilməmişdir. Məhkəmədən isə gəlib-gəlməyəcəyi barədə məlumat alınmamış, onunla əlaqə saxlanılmamışdır. Bütün bunlardan sonra Tovuz Rayon Məhkəməsi əsassız olaraq e-2(062)-167/2025 saylı xx.xx.2025-ci il tarixli qərardad qəbul edərək “icra qeydinin etibarsız hesab edilməsi” tələbinə dair ərizəsini baxılmamış saxlamışdır. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsinə görə işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Hesab edir ki, məhkəmənin qərardadı əsassız və ədalətsiz olmuşdur. Odur ki, qəbul edilmiş qərardad ləğv edilməli və işə baxılaraq iddia tələbimə uyğun olaraq qətnamə qəbul edilməlidir. Tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. İşin hallarından görünür ki, məhkəmənin təkrar çağırışı olmamış, ilk məhkəmə iclasında iştirak edə bilməyəcəyinə və işə onun iştirakı olmadan baxılmasına dair ərizəsi məhkəməyə daxil olmuşdur. Buna baxmayaraq məhkəmə qeyd edilən hüquq normasının tələblərinə zidd bir qərardad qəbul etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(062)-167/2025 nömrəli qərardadı ilə Tovuz Rayon Məhkəməsinin 2(062)-167/2025 saylı 08 yanvar 2025-ci il tarixli qərardadının əsaslı hesab edilməsi və İddiaçı 08 yanvar 2025-ci il tarixli qərardadın ləğv edilməsinə dair şikayətinin təmin edilməməsi, şikayətin baxılması üçün iş materialları ilə birlikdə 7 gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilmədən Tovuz Məhkəməsinin xx.xx.2025-ci il tarixli e- 2(062)-167/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə iclası 08 yanvar 2025-ci il tarixə təyin olunmuş və bu barədə tərəflərə rəsmi məhkəmə bildirişi göndərilmiş, tərəflər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Cavabdeh “M X5 Kredit Təşkilatı” MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Ona görə də, iddia baxılmamış saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası MPM-in 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.7-ci maddəsinə görə işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinin tələblərinə əsasən isə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. İddiaçının şikayət ərizəsinin məzmunundan da göründüyü kimi o, məhkəmə baxışı iclasında iştirak etmədiyini, məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edildiyini inkar etmir. Göründüyü kimi, iddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış olsa da, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsi cavabdehin ərizəsini də nəzərə alaraq haqlı olaraq ərizəni baxılmamış saxlamışdır. Məhkəmə kollegiyası iddiaçının məhkəmənin onun gəlib-gəlməyəcəyi barədə məlumat alınmaması, onunla əlaqə saxlanılmaması dəlili ilə bağlı qeyd edir ki, mülki məhkəmə icraatında məhkəmənin tərəfin gəlib-gəlməməsinin səbəbi ilə bağlı araşdırma aparmaq vəzifəsi yoxdur. Ona görə də, kollegiya iddiaçının həmin dəlilini də əsassız sayır. Kollegiya həmçinin qeyd edir ki, iddiaçının hazırkı ərizəsinin baxılmamış saxlanması onun yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 398.0, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 2(062)-167/2025 saylı 08 yanvar 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar