Məhkəmə qərarları › İş №2(104)-63/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-63/2023

14.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-63/2023 14.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı2 cavabdehlər İddiaçı1, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı, iddiaçı Bərdə rayon Qəhrəmanlı Bələdiyyəsinin cavabdeh İddiaçı2 qarşı mülki iş üzrə Açar söz: torpaq sahəsindən çıxarılma tələbi üzrə ilk iddia, qonşuluq hüququnun pozulması və qeyri-qanuni hərəkətlərə son qoyulması tələbi üzrə qarşılıqlı iddia tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Ədil İsa oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı2 və onun nümayəndəsi X7, Cavabdehlər Cavabdeh1, İddiaçı1 və onun vəkili Vəkil iştirakları ilə, Bərdə Rayon Məhkəməsinin 2(021)-120/2021 saylı mülki iş üzrə 17 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə 14 noyabr 2023cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İşdə olan “Torpağın Mülkiyyətə verilməsinə dair” JN-052A KOD 61003038 saylı Şəhadətnamənin surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 12 saylı qərarı ilə Bərdə rayon Qəhrəmanlı kənd sakini İddiaçı2 mülkiyyətinə 0.26 ha torpaq sahəsi verilmişdir.

2. İşdə olan “Torpağın Mülkiyyətə verilməsinə dair” JN-059A KOD 61003038 saylı Şəhadətnamənin surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 12 saylı qərarı ilə Bərdə rayon Qəhrəmanlı kənd sakinləri X9, X2 və X10 mülkiyyətinə 0.20 ha torpaq sahəsi verilmişdir.

3. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Mingəçevir Layihə Tədqiqat İdarəsi tərəfindən verilmiş 462 nömrəli 25 sentyabr 2020-ci il tarixli mütəxəssis rəyində qeyd olunur ki, iddiaçı və cavabdehin iştirakı ilə iddiaçının faktiki istifadəsində olan həyətyanı torpaq sahəsinin koordinatları naturada müəyyən edilərək S.Vurğun təsərrüfatının ərazisində aparılmış Torpaq İslahatına dair kompleks yerquruluşu layihəsinə yerləşdirildi. Məlum oldu ki, JN-52a KOD 61003038 NÖMRƏLİ Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən cavabdeh İddiaçı2 mülkiyyətinə verilmiş 0.26 ha həyətyanı torpaq sahəsi ilə faktiki istifadə etdiyi 0.23 ha həyətyanı torpaq sahəsinin yerləşmə mövqeyi, həndəsi ölçüləri və koordinatları üst-üstə düşmədiyindən mütəxəssis qarşısında qoyulan sualların cavablandırılması mümkün olmamışdır.

4. İşdə olan “X6”nin xx.xx.2021-ci il tarixli 38 saylı Ekspert Rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, hüquqüəyyənedici sənədlər əsasında ərazinin ümumi xəritəsində (islahat xəritə məlumatı) aparılmış tədqiqat nəticəsində İddiaçı2 tərəfindən tikilmiş tövlə tikilisinin ona məxsus JN-052A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında qeydiyyata alınmış Bərdə rayon Qəhrəmanlı kəndində yerləşən 0.26 ha torpaq sahəsinə aid planşetdə əks olunan 239 BB kod nömərli 0.26 ha torpaq sahəsindən əlavə faktiki istifadə olunan 0.09 ha torpaq sahəsinin sərhədləri daxilində olması müəyyənləşdirilmişdir. Həmin rəyə əlavə edilən “ekspertiza xərclərinə dair bildiriş”də göstərilmişdir ki, aparılmış tədqiqatların dəyəri 300 manat məbləğini təşkil edir. 5 Mülki işin materiallarına əlavə olunan, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/5135 nömrəli rəyində qeyd edilmişdir ki, inşa edilmiş mübahisəli tövlə tikilisinin yerləşdiyi torpaq sahəsinin Bərdə rayon Qəhrəmanlı kənd sakini İddiaçı2 mülkiyyətinə verilmiş 0.26 ha torpaq sahəsinin hüdudları daxilində yerləşmədiyi, mübahisələndirilən tövlə tikilisinin yerləşdiyi 85.6 kv.m torpaq sahəsinin 8.3 kv.m hissəsinin X3 mülkiyyətinə aid olması, qalan 77.3 kv.m hissəsinin isə bələdiyyə mülkiyyətinə aid olduğu müəyyən edilmişdir. Həmin rəyə əlavə edilən “ekspertiza xərclərinə dair bildiriş”də göstərilmişdir ki, aparılmış tədqiqatların dəyəri 100 manat məbləğini təşkil edir.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayon Qəhrəmanlı kəndidə yerləşən həyətyanı torpaq sahəsində tövlənin tikilməsinə maneçilik törədən cavabdehlər Cavabdeh4 Məşdi oğlunun, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hərəkətlərinə qadağa qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı1, Cavabdeh1 və Orucova X5 Qiymət Əli qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2 qonşuluq huququnun pozmasına, qeyri-qanuni hərəkətlərinə son qoyulmasına və qanunsuz tikililərin sökülməklə zəbt edilmiş kəndarası yolun açılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə hər iki mülki iş bir-biri ilə əlaqəli tələblər olduğundan bir icraatda birləşdirilməsi qərara alınmışdır.

9. Bərdə rayon Qəhrəmanlı Bələdiyyəsinin sədri X12 mülki iş üzrə ilk iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi barədə ərizə təqdim edərək, iddiaçıları əsl iddiaçı əvəz etməklə onun əsl iddiaçı kimi işə cəlb olunması, İddiaçı2 qonşuluq hüququnu pozmasına, qeyriqanuni hərəkətlərinə son qoyulmasına və qanunsuz tikililərin sökülməklə zəbt edilmiş kəndarası yolun açılmasına dair məhkəmə aktı çıxarılmasını xahiş etmişdir.

10. Daha sonra Qəhrəmanlı Bələdiyyəsinin sədri X12 iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək İddiaçı2 qeyri-qanuni hərəkətliinə son qoyulmasına və qanunsuz tikililərin sökülməklə zəbt edilmiş kəndarası yolun açılmasına dair məhkəmə qətnaməsi qəbul olunmasını xahiş etmişdir.

11. Bərdə Rayon Məhkəməsinin 2(021)-120/2021 saylı mülki iş üzrə 17 mart 2021ci il tarixli qətnaməsi ilə (hakim Q.Əbilov) İddiaçı2 cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və X4 qarşı “qanunsuz hərəkətlərinə qadağan qoyulması” tələbinə dair iddiası təmin edilməmiş, iddiaçı Bərdə rayon Qəhrəmanlı Bələdiyyəsinin sədri X8 cavabdeh İddiaçı2 qarşı “qeyri-qanuni hərəkətliinə son qoyulmasına və qanunsuz tikililərin sökülməklə zəbt edilmiş kəndarası yolun açılması” tələbinə dair iddiası təmin edilmiş, İddiaçı2 qeyri-qanuni hərəkətlərinə son qoyulması və qanunsuz tikilinin (tövlə) sökülməklə zəbt edilmiş kəndarası yolun açılması, Azərbaycan Respublikası “X6” MMC-nin 300 manat ekspertiza xərcinin cavabdeh İddiaçı2 alınaraq, “X6” MMC-nin hesabına köçürülməsi qət edilmişdir.

Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı2 apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 2(021)- 120/2021 saylı mülki iş üzrə 17 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

13. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə əsassız və qanunsuzdur. Belə ki, qeyd edilən tikililər 1978-ci ilin tikililəridir və onlar mərhum valideynlərinin tikdiyi binalardır. Hesab edir ki, iş üzrə məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin edilməli və sözügedən tikililərin hansı tarixdə tikilməsi müəyyən edilməlidir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 və onun nümayəndəsi X13 apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1, İddiaçı1 və onun vəkili Vəkil apellyasiya şikayətində göstərilənlərə etirazlarını bildirərək, şikayətin təmin edilməməsini xahiş etdilər. .

16. Məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı Bərdə rayon Qəhrəmanlı Bələdiyyəsinin nümayəndəsi və Cavabdeh2 və Cavabdeh3 məhkəməyə gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək işə baxmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

17. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

18. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. (Maddə 152.2. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. (Maddə 152.3.)

20. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. (Maddə 157.4.) Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. (Maddə 157.5.)

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:

21. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

22. Maddə 111. Azərbаycаn Respublikаsındа torpаqlаrın özbаşınа tutulmаsı (zəbt edilməsi) qаnunlа qаdаğаn olunur. Özbаşınа tutulmuş (zəbt edilmiş) torpаq sаhələri istifаdə zаmаnı çəkilən xərclərin əvəzi ödənilmədən аidiyyəti üzrə geri qаytаrılmаlıdır. Torpаqlаrın əvvəlki vəziyyətinə gətirilməsi (orаdа olаn binаlаrın, tikililər və qurğulаrın sökülməsi də dаxil olmаqlа) torpаqlаrı zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və yа onlаrın hesаbınа həyаtа keçirilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 76. İşdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi nəzərdə tutulmuşdur.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsində təqdim edilir.

27. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o, sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 106.1. İşdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

30. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

31. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

32. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

33. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

Apellyasiya baxışının hədləri barədə MPM-in normaları

34. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qismən əsaslıdır.

37. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.

38. Qanunvericiliyin tələblərinə görə mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunur. 39 Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisi olmalı, həmin torpaq sahəsi cavabdehin sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır.

40. İddiaçının apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, məhkəmə işə baxarkən ekspertiza təyin etməmiş, iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.

41. Apellyatorun şikayətinin dəlilinə qiymət verilməsi məqsədilə məhkəmə kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin edilmiş və ekspert rəyi alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəməyə daxil olan xx.xx.2023-cü il tarixli 10/5135 nömrəli rəyinə əsasən inşa edilmiş mübahisəli tövlə tikilisinin yerləşdiyi torpaq sahəsinin Bərdə rayon Qəhrəmanlı kənd sakini İddiaçı2 mülkiyyətinə verilmiş 0.26 ha torpaq sahəsinin hüdudları daxilində yerləşmədiyi, mübahisələndirilən tövlə tikilisinin yerləşdiyi 85.6 kv.m torpaq sahəsinin 8.3 kv.m hissəsinin X3 mülkiyyətinə aid olması, qalan 77.3 kv.m hissəsinin isə bələdiyyə mülkiyyətinə aid olduğu müəyyən edilmişdir. Kollegiya hesab edir ki, həmin rəyin işin hallarının müəyyən edilməsində mötəbər sübut növü kimi qəbul edilməməsi üçün heç bir əsas yoxdur.

42. Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuşdur ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

43. Göründüyü kimi, mübahisəli tikili iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsində yerləşmir. Bununla belə tövlənin 77.3 kv.m hissəsinin bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsinin üzərində yerləşməsi işin faktiki halı kimi öz təsdiqini tapmışdır. Tikilinin qalan 8.3 kv.m hissəsinin isə X3 mülkiyyətində olan torpaq sahəsinin üzərində yerləşdiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası tərəfindən X11 üçüncü şəxs kimi işdə iştirak etməyə cəlb edilmiş, ancaq X11 məhkəməyə gəlməmiş, İddiaçı2 tərəfindən inşa edilən tikilinin onun mülkiyyətində olan torpaq sahəsinin üzərinə düşən hissədə sökülməsini tələb etməmişdir. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 2(021)-120/2021 saylı mülki iş üzrə 17 mart 2021-ci il tarixli qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə, Bərdə rayon Qəhrəmanlı bələdiyyəsinin İddiaçı2 qarşı irəli sürdüyü iddia tələbi qismən təmin edilməli, İddiaçı2 tərəfindən inşa edilən tikilinin bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsinin üzərində yerləşən 77.3 kv.m hissəsi sökülməli, kəndarası yol açılmalıdir. İddiaçı2 tərəfindən inşa edilən tövlə tikilisinin onun öz mülkiyyətində olan torpaq sahəsi üzərində inşa edilmədiyi fakt kimi müəyyən edildiyindən, İddiaçı2 tərəfindən irəli sürülən iddia tələbinin təmin edilməməsi hissədə qətnamə dəyişdirilmədən saxlanmalıdır.

44. Azərbaycan Respublikasının MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib qaydada tərəflərə aid edilməli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə xərcinin 90 manat hissəsi İddiaçı2, qalan 10 manat hissəsi isə Bərdə rayon Qəhrəmanlı bələdiyyəsindən alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, bundan başqa, X6 tərəfindən aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 300 (üç yüz) manat məbləğində məhkəmə xərcinin 270 manat hissəsi İddiaçı2, qalan 30 manat hissəsi isə Bərdə rayon Qəhrəmanlı bələdiyyəsindən alınıb, X1 hesabına ödənilməlidir.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.2, 392, 393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-120/2021 saylı mülki iş üzrə 17 mart 2021-ci il tarixli qətnaməsi iddiaçı Bərdə rayon Qəhrəmanlı Bələdiyyəsinin sədri X8 cavabdeh İddiaçı2 qarşı “qeyri-qanuni hərəkətllərinə son qoyulmasına və qanunsuz tikililərin sökülməklə zəbt edilmiş kəndarası yolun açılması” tələbinə dair iddiasının təmin edilməsi, İddiaçı2 qeyri-qanuni hərəkətlərinə son qoyulması və qanunsuz tikilinin (tövlə) sökülməklə zəbt edilmiş kəndarası yolun açılması hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddiaçı Bərdə rayonunun Qəhrəmanlı Bələdiyyəsinin cavabdeh İddiaçı2 qarşı irəli sürdüyü iddia tələbi qismən təmin edilsin. İddiaçı2 tərəfindən Bərdə rayonunun Qəhrəmanlı kəndi ərazisində inşa etdirdiyi tövlə tikilisinin Bələdiyyə mülkiyyətində olan torpaq sanəsinin üzərinə düşən 77,3 kvadrat metr hissəsi sökülsun, kəndarası yol açılsın. Həmin iddia tələbi qalan hissədə təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-120/2021 saylı mülki iş üzrə 17 mart 2021-ci il tarixli qətnaməsi İddiaçı2 cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və X4 qarşı “qanunsuz hərəkətlərinə qadağan qoyulması” tələbinə dair iddianınn təmin edilməməsi hissədə dəyişdirilmədən saxlanılsin., Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə xərcinin 90(doxsan) manat hissəsi İddiaçı2, qalan 10 (on) manat hissəsi isə Bərdə rayon Qəhrəmanlı bələdiyyəsindən alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, bundan başqa, X6 tərəfindən aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 300 (üç yüz) manat məbləğində məhkəmə xərcinin 270 (iki yüz yetmiş) manat hissəsi İddiaçı2, qalan 30(otuz) manat hissəsi isə Bərdə rayon Qəhrəmanlı bələdiyyəsindən alınıb, X1 hesabına ödənilsin Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar