Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-635/2025 11.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Açar sözlər: reyestrin həqiqiliyi və tamlığı prezumpsiyası; mülkiyyətçi hüquqları Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli 2(062)-2778/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 11 mart 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin mülkiyyət hüququ haqqında xx.xx.2004-cü il qeydiyyat tarixli 001933 qeydiyyat nömrəli şəhadətnaməsindən görünür ki, Tovuz şəhəri Qovlar qəsəbəsi Vağzal küçəsində yerləşən 57 saylı pavilyon (ümumi sahəsi 122,7 kv.m) İddiaçı xüsusi mülkiyyətində olmuşdur;
2. Tovuz Rayon Мəhkəməsinin 20 aprel 2018-ci il tarixli 2(062)-854/2018 nömrəli qətnaməsi ilə mərhum X9 mülkiyyətində olmuş Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində yerləşən 57 saylı pavilyonun ½ hissəsindən ibarət payının miras əmlak kimi X11 tərəfindən qəbul edilməsi faktının müəyyən olunması qət edilmişdir;
3. Gəncə şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş 05 fevral 2022-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, ümumilikdə 848,03 manat sadələşdirilmiş vergi ödənilməklə 90000 manat torpaq sahəsini, 15000 manat isə qeyri-yaşayış binasını istismar müddəti keçmiş, istifadə üçün tam yararsız vəziyyətdə olan 57 saylı povlionu Atəş Alıyevdən ümumi dəyəri olan 105000 manat məbləğində pul "xxxx" ASC-nin Gəncə filialında satıcı X3 hesabına depozit qoyularaq Cavabdeh tərəfindən satın almışdır;
4. **********29-06301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Tovuz rayonu Qovlar qəsəbəsi Vağzal küçəsində yerləşən ümumi sahəsi 122,7 kv metr olan 0,013240 ha torpaq sahəsi Cavabdeh adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır;
5. xx.xx.2022-ci il tarixli “Elektron Notariat” X1 çıxarışdan görünür ki, Cavabdeh **********29- 06301 reyestr nömrəli çıxarışla ********** qeydiyyat nömrəsi ilə ona məxsus olan Tovuz rayonu Qovlar qəsəbəsi Vağzal küçəsində yerləşən ümumi sahəsi 122,7 kv metr olan qeyri-yaşayış binasını sökdüyünü bildirmiş və o, həmin qeyri-yaşayış binasının dövlət qeydiyyatının ləğv edilməsi barədə ərizə vermişdir;
6. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(104)-2350/2022 nömrəli qətnaməsindən görünür ki, Tovuz Rayon Məhkəməsinin 2(062)- 854/2018 saylı mülki iş üzrə 20 aprel 2018-ci il tarixli qətnaməsi tamamilə ləğv edilmiş iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməmişdir;
7. Tovuz rayon prokurorluğunun 07 mart 2023-cü il tarixli qeydiyyat nömrəsi 215 olan qərarından görünür ki, Tovuz Rayon Məhkəməsinin 15 avqust 2022-ci il tarixli 2(062)-713/2022 saylı xüsusi qərardadı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılmış və Cavabdeh əməlində cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir;
8. Tovuz rayon Polis şöbəsinin 28 yanvar 2024-cü il tarixli qərarın surətindən görünür ki, X10 şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin material üzrə Cavabdeh əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186-cı maddəsinin tərkib əlamətləri olmaması qənaətinə gəlinmişdir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən vurulmuş zərərə görə 30000 manat məbləğdə vəsait və 180 manat dövlət rüsumu tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, ləğv edilmiş qətnamələr əsasında torpaq sahəsinin cavabdehin adına rəsmiləşdirilməsinin geriyə dönüş edilməsi, daşınmaz əmlakın ilkin vəziyyətə qaytarılması, torpaq sahəsinin onun istifadəsinə qaytarılması, habelə ona dəymiş 30000 manat ziyanın və onun tərəfimdən ödənilmiş 180 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(062)-854/2018 saylı qətnaməsi ilə mərhum X9 mülkiyyətində olmuş Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində yerləşən 57 saylı pavilyonun ½ hissədən ibarət payının miras əmlak kimi iddiaçı X11 tərəfindən qəbul edilməsi faktı müəyyən edilmiş, bu qətnamə həmin miras əmlakın X4 adına mülk kimi qeydə alınması üçün əsas olması qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)-2350/2022 saylı qətnaməsi ilə Tovuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(062)-854/2018 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunmaqla iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-1689/2023 saylı qərarı ilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 noyabr 2022-ci il tarixli 2(104)-2350/2022 nömrəli qətnaməsindən üçüncü şəxs Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 mart 2023-cü il tarixli qərardadı ləğv edilmişdir. Tovuz Rayon Məhkəməsinin 15 avqust 2022-ci il tarixli 2(062)-713/2022 saylı qətnaməsi ilə iddiaçı X4 cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(104)- 2794/2022 saylı qətnaməsi ilə Tovuz Rayon Məhkəməsinin 15 avqust 2022-ci il tarixli 2(062)-713/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)- 2507/2023 saylı qərarı ilə qeyd edilən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Tovuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(062)-854/2018 saylı qətnaməsindən xəbəri olmadığından həmin qətnamə icra olunmuş xx.xx.2019- cu il tarixdə Qeydiyyat nömrəsi **********, Reyestr nömrəsi **********77-06301 nömrəli torpaq sahəsi dövlət mülkiyyətində olmaqla X6 elektron çıxarış verilmişdir. Bundan sonra, özəlləşdirilən dövlət müəssisəsi və obyektlərinin, fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı qaydasına uyğun olaraq xx.xx.2019-cu il tarixli 998 nömrəli alqı-satqı müqaviləsi əsasında 0,013240 ha torpaq sahəsini Ə.Sadıqov dövlətdən almışdır. Torpaq sahəsi alındıqdan sonra xx.xx.2019-cu il tarixdə qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********29-06301 nömrəli torpaq sahəsi də xüsusi mülkiyyətə verilməklə mülkiyyət hüququna dair elektron çıxarış verilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(062)-1848/2020 saylı qətnaməsinə, Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(062)-63/2021 saylı və xx.xx.2021-ci il tarixli 8(062)-735/2021 saylı qərardadları əsasında əmlak tələbkar X3 adına qeyd edilmişdir. Bundan sonra X12 tərəfindən 05 fevral 2022-ci il tarixli AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi ilə Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində yerləşən 122,7 kvm sahəsi olan 57 saylı pavilyonu 105000 manata Cavabdeh satılmışdır. Sonuncuya 10 fevral 2022-ci il tarixli ********** qeydiyyat nömrəsi olan çıxarış verilmişdir. Cavabdeh həmin pavilyonu qanunsuz olaraq qəsdən, məhkəmə prosesləri gedən zaman sökdürmüş və yalnız torpaq sahəsinə dair AJV ******* nömrəli torpaq sahəsinin plan və ölçüsü olmaqla, xx.xx.2022-ci ildə qeydiyyat nömrəsi ********** nömrəli 0,0132 ha torpaq sahəsinə elektron çıxarış verilmişdir. Tovuz rayonu Qovlar qəsəbəsi Vağzal küçəsində yerləşən 57 saylı pavilyon (ümumi sahəsi - 122,7 kvm) onun xüsusi mülkiyyətində olmuşdur. Bununla bağlı ona xx.xx.2004-cü il tarixdə qeydiyyat nömrəsi 001933 olan Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti “mülkiyyət hüququ haqqında şəhadətnamə” vermişdir. Tovuz rayonu Qovlar qəsəbəsi Vağzal küçəsi 57 saylı pavilyona aid 22 may 2003-cü il tarixdə qeydiyyat nömrəsi 004949 olan “Müəssisə və obyektin texniki pasportu” verilmişdir.
12. Cavabdeh iddia ərizəsinə etiraz verərək qeyd etmişdir ki, iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 may 2023-cü il tarixli 2(102)- 1689/2023 saylı və 05 iyul 2023-cü il tarixli 2(102)2507/2023 saylı qərarları ilə onun, Cavabdeh əmlakı ilə birlikdə İddiaçı mülki mübahisəsinə hər hansı bir aidiyyəti olmaması qənaətinə gəlinmişdir. Belə ki, o, sözügedən əmlakı 05 fevral 2022-ci il tarixdə AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Gəncə şəhər 6 saylı notariat ofisində ümumilikdə 848,03 manat sadələşdirilmiş vergi ödənilməklə, 90000 manata torpaq sahəsini, 15000 manata isə qeyri-yaşayış binasını istismar müddəti keçmiş, istifadə üçün tam yararsız vəziyyətdə olan 57 saylı pavilyonu Atəş Alıyevdən ümumi dəyəri olan 105000 manat pulu "xxxx" ASC-nin Gəncə filialına Atəş Alıyevin hesabına depozit qoyaraq satın almışdır. Alqı-satqı müqaviləsinin 3-cü bəndində qeyd edilmişdir ki, 05 fevral 2022-ci il tarixdə, yəni alqı-satqı müqaviləsi bağlanan gün alqı-satqı predmeti olan əmlak ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. Bir sözlə, əmlak qanunvericiliyin tələblərinə uyğun olaraq alqı-satqı predmeti olmaqla qanuni əsaslarla ona 105000 manata satılmışdır. Əmlakı satın aldıqdan sonra, elə həmin gün də yəni 05 fevral 2022-ci il tarixdə saat 13:36-da Gəncə şəhər 6 saylı notariat ofisinin elektron müraciət ərizəsi əsasında 5 gün müddətinə 105000 manata satın aldığı əmlakın adına rəsmiləşdirilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə elektron qaydada müraciət etmişdir. 10 fevral 2022-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə gedərək qanunvericilikdə nəzərdə tutulmuş qaydada Dövlət rüsumu və xidmət haqqı ödəməklə 10 fevral 2022-ci il tarixli qeydiyyat nömrəsi ********** olan reyestr nömrəsi **********29-06301 olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarış və 09 fevral 2022-ci il tarixli inventar nömrəsi 5xx-xx/3243 olan texniki pasport almışdır. Beləliklə, daşınmaz əmlaka xüsusi mülkiyyət hüququ rəsmiləşdirilməklə, əmlak üzərində sahiblik, istifadə və sərəncam hüquqları tanınmışdır. Bundan sonra mübahisəsi gedən qeyri-yaşayış binası (57 saylı pavilyon) yararsız vəziyyətdə olduğundan və istismar müddəti başa çatdığından yerində yeni müasir tələblərə cavab verən mağaza inşa etdirmək məqsədilə köhnə, istismar müddətini başa vurmuş yararsız binanı (57 saylı pavilyonu) sökmüş və bu barədə 10 may 2022- ci il tarixdə **********361 saylı notariat qaydada təsdiq olunmuş ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 15 saylı Tovuz Ərazi İdarəsinə müraciət edərək, qeyri-yaşayış binasının (57 saylı pavilyonun) dövlət qeydiyyatının ləğv edilməsini xahiş etmişdir. Ərizəsi əsasında qeyri-yaşayış binasının (57 saylı pavilyonun) dövlət qeydiyyatı ləğv edilərək, binanın yerləşdiyi təkcə torpaq sahəsinə dair 18 may 2022-ci il tarixli qeydiyyat nömrəsi ********** olan reyestr nömrəsi **********29 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron Çıxarış və 18 may 2022-ci il tarixli A№ 741627 saylı torpaq sahəsinin planı və ölçüsü onun adına qeydə alınmaqla Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən ona həmin əmlakın hüquqmüəyyənedici sənədi verilmişdir. Binanın yerləşdiyi torpaq sahəsi isə özəlləşdirilən dövlət müəssisəsi və obyektlərinin hüququ və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisəsi və obyektlərin yerləşdiyi dövlət torpaqlarının satılması haqqında Ulu öndər Heydər Əliyev tərəfindən təsdiq edilmiş 19 dekabr 1997-ci il tarixli 659 saylı Fərman əsasında 14 oktyabr 2019-cu il tarixli 998 nömrəli alqı-satqı müqaviləsi ilə Dövlətdən satın alınmışdır.
13. Tovuz Rayon Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli 2(062)-2778/2024 nömrəli qətnaməsi ilə (hakim Qafil Baxşıyev) İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsinə dair iddiasının qanunsuz olduğundan təmin edilməməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 152.1 və 1096.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
15. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Cavabdeh pavilyonu qanunsuz olaraq qəsdən, məhkəmə prosesləri gedən zaman sökdürmüş və yalnız torpaq sahəsinə dair AJV ******* nömrəli torpaq sahəsinin plan və ölçüsü olmaqla, xx.xx.2022-ci ildə qeydiyyat nömrəsi ********** nömrəli 0,0132 ha torpaq sahəsinə elektron çıxarış verilmişdir. Halbuki, pavilyon onun xüsusi mülkiyyətində olmuşdur. Bununla bağlı ona xx.xx.2004-cü il tarixdə qeydiyyat nömrəsi 001933 olan Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti mülkiyyət hüququ haqqında şəhadətnamə vermişdir Cavabdehin qanunsuz hərəkətləri nəticəsində əmlakından tam mərhum olmuşdur. Məhkəmə isə hesab etmişdir ki, həmin obyekt cavabdehin mülkiyyəti olmuş və onun öz mülkiyyətində olan tikilini sökmək hüququ olmuşdur.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili X5 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində yerləşən 57 saylı pavilyon iddiaçının mülkiyyətində olmuşdur. Tovuz Rayon Мəhkəməsinin 20 aprel 2018-ci il tarixli 2(062)-854/2018 nömrəli qətnaməsi ilə həmin əmlakın ½ hissəsinin miras əmlak kimi X11 tərəfindən qəbul edilməsi faktı müəyyən olunmuşdur. Bundan sonra əmlak X4 adına rəsmiləşdirilmiş, daha sonra isə məhkəmə qərardadları əsasında əmlak icra sənədi üzrə tələbkar X3 adına rəsmiləşdirilmişdir. Sonuncu isə alqı-satqı müqaviləsi əsasında əmlakı Cavabdeh satmışdır. Sədrlik edənin suallarına cavab olaraq vəkil Səadət Seyidli bildirmişdir ki, hazırkı işdən başqa digər keçirilmiş məhkəmə proseslərində də Cavabdeh işə cəlb edilmiş və əmlakın mübahisəli olmasından məlumatlı olmuşdur. Əmlaka dair cavabdehin adına verilmiş çıxarışı məhkəmədə mübahisələndirmişlər və iş Gəncə İnzibati Məhkəməsinin icraaatındadır. Vəkil Səadət Seyidli sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişlər. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək səhhətilə əlaqədar məhkəmə iclasında iştirak edə biməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılaraq apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İddiaçı isə məhkəmə iclasına gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
21. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
22. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır
23. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
24. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
25. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
32. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
35. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia tələbi təmin edilməmişdir və iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Sonuncu apellyasiya şikayətində qətnamənin tamamilə ləğv olunmasını xahiş etsə də, lakin şikayətin məzmunundan müəyyən olunur ki, qətnamə iddia tələbinin maddi ziyanla bağlı hissəsində mübahisələndirilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslığı yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
37. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Tovuz şəhəri Qovlar qəsəbəsi Vağzal küçəsində yerləşən 57 saylı pavilyon (ümumi sahəsi 122,7 kv.m) İddiaçı xüsusi mülkiyyətində olmuşdur. Tovuz Rayon Мəhkəməsinin 20 aprel 2018-ci il tarixli 2(062)-854/2018 nömrəli qətnaməsi ilə mərhum X9 mülkiyyətində olmuş Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində yerləşən 57 saylı pavilyonun ½ hissəsindən ibarət payının miras əmlak kimi X11 tərəfindən qəbul edilməsi faktının müəyyən olunması qət edilmişdir. Həmin qətnamə icra olunmuş və Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində yerləşən 57 saylı pavilyona dair (əmlakın yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olmaqla) X4 adına xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Eyni zamanda, özəlləşdirilən dövlət müəssisəsi və obyektlərinin, fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı qaydasına uyğun olaraq xx.xx.2019-cu il tarixli 998 nömrəli alqı-satqı müqaviləsi əsasında sözügedən pavilyonun yerləşdiyi 0,013240 ha dövlət mülkiyyətində olan torpaq sahəsi X4 adına özəlləşdirilmişdir. Başqa məhkəmə aktının icrasını təmin etmək məqsədilə sözügedən əmlaka dair mülkiyyət hüququ icra sənədi üzrə tələbkar X7 ötürülmüşdür. Bundan sonra X12 tərəfindən 05 fevral 2022-ci il tarixli AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi ilə əmlak 105000 manata Cavabdeh satılmışdır. Həmin alqı-satqı müqaviləsi əsasında da əmlaka dair Cavabdeh adına 10 fevral 2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Tovuz şəhəri Qovlar qəsəbəsi Vağzal küçəsində yerləşən 57 saylı pavilyon Cavabdeh mülkiyyətində olduğu zaman sonuncu əmlakın sökülməsi barədə sərəncam vermişdir. Eyni zamanda, əmlakın mülkiyyətçisi olan Cavabdeh qeyri-yaşayış binasının söküldüyü və həmin qeyriyaşayış binasının dövlət qeydiyyatının ləğv edilməsi barədə daşınmaz əmlakın dövlət reyestri orqanına notarial qaydada ərizə vermişdir. X8 Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(104)-2350/2022 nömrəli qətnaməsi ilə Tovuz Rayon Məhkəməsinin 2(062)-854/2018 saylı mülki iş üzrə 20 aprel 2018-ci il tarixli qətnaməsi tamamilə ləğv edilmiş iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)-2350/2022 nömrəli qətnaməsi qanuni qüvvəyə minmişdir. İddiaçı Tovuz şəhəri Qovlar qəsəbəsi Vağzal küçəsində yerləşən 57 saylı pavilyonun onun mülkiyyətində olduğunu və həmin əmlakın Cavabdeh tərəfindən sökülməsi nəticəsində maddi ziyana məruz qaldığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
38. Məhkəmə kollegiyası yoxlanılan hissədə iddia tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
39. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında da deyilir ki, «mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır».
40. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.
41. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
42. Həmçinin, MPM-nin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
43. İşin mübahisəsiz halı kimi müəyyən edilir ki, Gəncə şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş 05 fevral 2022-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində yerləşən 57 saylı pavilyon (torpaq sahəsi ilə birlikdə) 105000 manat vəsait müqabilində satıcı X12 tərəfindən alıcı Cavabdeh satılmışdır. Həmin alqı-satqı müqaviləsi əsasında da əmlaka dair Cavabdeh adına 10 fevral 2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.
44. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarı). Yuxarıda da göstərildiyi kimi əmlakda söküntü işləri aparılan zaman həmin əmlaka dair cavabdehin adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış hüquqi qüvvədə olmuşdur.
45. Şərh olunan halları ümümiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik deyildir. Çünki, Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində yerləşən 57 saylı 10 fevral 2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında Cavabdeh mülkiyyətindədir və daşınmaz əmlaka dair cavabdehin adına aparılmış reyestr qeydi və həmin qeydə əsas olan alqı-satqı müqaviləsi hazırkı məqamda hüquqi qüvvədədir. Mövcud vəziyyətdə isə, İddiaçı həmin əmlaka hər hansı hüququ mövcud deyildir.
46. Kollegiya onu da qeyd edir ki, iddiaçının subyektiv hüququnun olmadığı qənaətinə gəlindiyindən, apellyasiya şikayətinin dəlillərinin araşdırılmasına ümumiyyətlə ehtiyac yoxdur, çünki işin həlli üçün onun hər hansı əhəmiyyəti mövcud deyildir.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli 2(062)-2778/2024 nömrəli qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan yəni, maddi ziyanın əvəzinin ödənilməsinin təmin edilməməsi hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.