Məhkəmə qərarları › İş №2(104)-639/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-639/2023

23.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-639/2023 23.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, Gəncə Şəhər Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(125)-1738/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Nizami rayonu, Ordubadi küçəsi, 97 saylı yaşayış evinin 1/2 hissəsinə olan mülkiyyət hüququnun həyata keçirilməsi üçün həmin hissənin ayrı giriş-çıxışının yaradılması imkanı ilə real bölünməsi, bu texniki cəhətdən mümkün olmadıqda Gəncə şəhəri, Ordubadi küçəsi, 97 saylı yaşayış evinin hərrac yolu ilə satılması və əldə olunan pulun mülkiyyətçilər arasında bərabər bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(125)-1738/2022 nömrəli qətnaməsi ilə (sədrlik edən X.Səfərli) iddia tələbinin təmin edilməsi, İddiaçı ½ hissədə və Cavabdeh ½ hissədə paylı mülkiyyətlərində olan Gəncə şəhəri, Nizami rayonu, M.S.Ordubadi küçəsi, 97 saylı fərdi yaşayış evinin açıq hərracda satılaraq satışdan əldə edilən pulun İddiaçı və Cavabdeh paylarına mütənasib surətdə onların arasında bölüşdürülməsi, iş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manatın Cavabdeh tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:- **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: STREAZ22, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ43CTRE********************, büdcə təsnifatının kodu142319-a ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(125)-1738/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən onun iştirakını təmin etməmişdir. Bundan başqa, iddiaçı i ona kompensasiya təklifi ilə bağlı heç bir sübut təklif etməmişdir. Cavabdeh işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, Cavabdeh ilə 1990-cı ildən birgə nikahda olmuş və 2018-ci ildə nikahları pozulmuşdur. Birgə nikahlarından 3 uşaqları doğulmuşdur ki, hamısı ailəlidir və qızlarının ayrıca evləri vardır. Cavabdehlə birgə nikahda olduğu müddətdə hazırkı evi tikdirmişlər.Lakin buna baxmayaraq, cavabdeh ona mülkiyyətində olan evdən istifadə etməyə qoymur və evə buraxmır. Ona görə də, məhkəmədə qaldırdığı iddiası üzrə Gəncə şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi onunla cavabdeh arasında hər birinin 1/2 hissə üzərində payları müəyyən edilmiş və bu barədə o, müvafiq olaraq çıxarış almışdır. Hazırda həmin evdə oğlu Azər anası ilə birgə yaşayır. O, cavabdehə evdən öz payının dəyərinin cavabddeh tərəfindən ona ödənilməsini dəfələrlə təklif etmiş, lakin cavabdeh bundan imtina etmiş və aralarında razılaşma əldə edilməmişdir. Ona görə də, hazırkı iddianı qaldırmışdır.Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin olunmamasını və Gəncə Şəhər Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(125)-1738/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, işdə iştirak edən şəxsi və məruzəçi hakimi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(125)-1738/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2 (102)-2263/2020 saylı qərarından görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14 may 2019-cu il tarixli, 2(044)- 1281/2019 saylı qətnaməsi ilə, İddiaçı cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı ümumi mülkiyyətdə olan əmlakda payın müəyyən edilməsi tələbinə dair iddia tələbi təmin edilərək, Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, Ordubadi küçəsi, 97 nömrəli mülkün ½ hissəsi üzərində Cavabdeh, ½ hissəsi üzərində İddiaçı payının müəyyən edilməsi qət edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)- 3169/2019 saylı, 21 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər R.Ş.Muradov (sədrlik edən və məruzəçi), Ş.M.Əliyeva, Ə.İ.Məmmədov) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14 may 2019-cu il tarixli 2(044)-1281/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2 (102)-2263/2020 saylı qərarı ilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(104)-3169/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, M.S.ünvan 1də yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə1/2 hissədə Cavabdeh və 1/2 hissədə İddiaçı mülkiyyətində olmaqla, xx.xx.2020-ci il tarixli, Ş **********30-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Həmin məktuba əlavə edilmiş xx.xx.2020-ci il tarixli ********** saylı çıxarışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, M.S.ünvan 1-də yerləşən mülk hər birinə 1/2 hissə ilə İddiaçı və Cavabdeh mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022- ci il tarixli 10/567 saylı rəyindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, M.S.ünvan 1-də yerləşən fərdi yaşayış evinin tərəflərin paylarına uyğun olaraq 1/2 hissələrə uyğun olaraq təcrid mənzillər şəklində iki hissəyə bölünməsi, İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1., 2.1., 2.2., 2.4., 2.7., 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmaması müəyyən edilmişdir. Gəncə şəhəri, Nizami rayonu, M.S.ünvan 1-də yerləşən fərdi yaşayış evinin bölünməsi mümkün olmadığından qərardadın bu sualı üzrə tədqiqat aparılmamışdır. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, paylı mülkiyyətdə olan əmlakın tərəflərin paylarına uyğun naturada bölünməsi, eləcə də, paylı mülkiyyət hüququna kompensasiya verməklə xitam verilməsi mümkün olmamışdır ki, bu halda paylı mülkiyyətdə olan əmlakdan payın ayrılması yalnız həmin əmlakın açıq hərracda satılması və əldə olunmuş vəsaitin mülkiyyətçilər arasında bölünməsi yolu ilə mümkündür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin nəticəsi ilə razılaşır və aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının MM-nin 220.1-ci maddəsinə görə, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-ci maddəsinə əsasə,n paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.6-cı maddəsinə görə, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Göründüyü kimi mülki qanunvericilik paylı mülkiyyətin bölünməsi ardıcıllığının imperativ qaydasını müəyyən etmiş və bunu zəruri olan bir neçə mərhələyə ayırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən xx.xx.2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə tərəflərin ümumi mülkiyyətində olan mübahisəli mənzilə payları müəyyən edilmişdir. Belə ki, mübahisə predmeti olan Gəncə şəhəri, Nizami rayonu, X1 küçəsi, ev 97 ünvanında fərdi yaşayış evinin ½ hissəsi İddiaçı qızının, ½ hissəsi isə Cavabdeh paylı mülkiyyətindədir. Birinci instansiya məhkəməsində icraat zamanı mülki iş üzrə keçirilmiş ekspertiza zamanı Gəncə şəhəri, Nizami rayonu, X1 küçəsi, ev 97 ünvanda yerləşən evin tərəflər arasında 1/2 hissə ilə paylara uyğun olaraq natura qaydasında təcrid mənzillər şəklində bölünməsi inşaat Norma və Qaydalarının 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Həmçinin, iş üzrə iddiaçının payının dəyərinin cavabdeh tərəfindən ona ödənilməsinin qeyri-mümkünlüyü müəyyən edilmişdir. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdeh payın müqabilində kompensasiya verilməsi barədə razılığa gələ bilməmişlər. Məhkəmə kollegiyası Cavabdeh məhkəmə işə baxarkən onun iştirakının təmin etməməsi və iddiaçının ona kompensasiya təklifi ilə bağlı heç bir sübut təqdim etməməsi ilə bağlı apellyasiya dəlillərinə münasibətdə qeyd edir ki, işin 181-ci vərəqəsində olan sifarişli xəbərnamədən görünür ki, o, birinci instansiya məhkəməsində işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Bundan başqa, o, iddiaçının ona kompensasiya təklifi ilə bağlı heç bir sübut təqdim etməməsini göstərsə də, iş materialları ilə müəyyən edilir ki, uzun müddətdir ki, onların arasında mənzil mübahisələri vardır və tərəflər payın müqabilində kompensasiya verilməsi barədə razılığa gələ bilməmişlər.Cavabdeh özü də, şikayətinin dəlillərində iddiaçının payının dəyərini ödəmək arzusunda olmaq niyyətini ifadə etməmiş və heç bir üzrlü səbəblər olmadan birinci instansiya məhkəməsinə və məhkəmə kollegiyasının iclasına gəlməyərək, bu niyyətini ifadə etməmişdir. Məhkəmə kollegiyası Mülki Məcəllənin 220-ci maddəsində müəyyən edilmiş payın ayrılmasının və ya ayrılan mülkiyyətçilərin paylarının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən onlara ödənilməsinin qeyri-mümkünlüyünü nəzərə alaraq, hesab edir ki, iddiaçı paylı mülkiyyətin açıq hərracda satılaraq satış pulunun paylara uyğun bölünməsi barədə iddia tələbində haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci istansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(125)-1738/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(125)-1738/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar