Məhkəmə qərarları › İş №2(104)-644/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-644/2024

19.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-644/2024 19.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Daşkəsən Rayon Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli 2(030)-334/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 65560 manat və ödənilmiş 286,68 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daşkəsən Rayon Məhkəmədsinin 27 dekabr 2023-cü il tarixli 2(030)-334/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı Cavabdeh Daşkəsən rayonunda yerləşən çayxananın tikilməsi üçün çəkdiyi xərc üçün 34905 manat, Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 29 saylı evin 6 saylı mənzilini almaq üçün 10500 manat və Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 29 saylı evin 14 saylı mənzilini almaq üçün 13500 manat pul vəsaiti olmaqla, cəmi 65560 manat və ödənilmiş 286,68 manat dövlət rüsumunun tutulub ona ödənilməsi tələbi üzrə Daşkəsən rayonu, İ.Qayıbov küçəsi 20 saylı evin 6 saylı mənzilinə dair 10500 manat hissədə, Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 29 saylı evin 14 saylı mənzilinə dair 10000 manat hissədə, Daşkəsən rayonunda yerləşən çayxananın tikilməsi üçün çəkilmiş xərcə dair 34905 manat hissədə xitam verilmişdir. Qərardaddan narazı qalan iddiaçı Cəfərov X1 Rayon Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli 2(030)-334/2023 saylı qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi sözügedən qərardadı qəbul etməkdə haqlı olmamışdır. Belə ki, o, çayxananı 10 ay işlətmiş və hər ay cavabdehə 500 manat icarə haqqı ödəmişdir. Əlavə qazanc əldə edib Azərin ona olan 54000 mant borcu çıxara bilməmiş və buna görə də aralarında barışıq sazişi imzalamışlar. Belə olan halda hesab edir ki, barışıq sazişi icra edilmədikdə həmin sazişə əsaslanan yeni iddia verilməlidir. Bu zaman tərəf və predmet eyni olsa da, əsas eyni olmur. Barışıq sazişi yeni iddia üçün əsasdır. Hesab edir ki, birinci instansiya məhkəməsi işə tam, hərtərəfli və obyektiv baxmayaraq qanunsuz və əsassız məhkəmə aktı çıxarmışdır. Odur ki, həmin qərardadın ləğv edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Daşkəsən Rayon Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli 2(030)-20/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilmədən Daşkəsən Rayon Məhkəməsinin 27 dekabr 2023cü il tarixli 2(030)-334/2023 saylı qərardadı və həmin qərardadla bağlı 19 yanvar 2024-cü il tarixli 2(030)-20/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki işin materiallarında olan Daşkəsən Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli 2(030)-16/2021 saylı qərardadının surətindən görünür ki, 14 sentyabr 2020-ci il tarixdə Daşkəsən Rayon Məhkəməsinə daxil olmuş İddiaçı Cavabdeh qarşı Cavabdeh çəkilmiş xərc olaraq 54000 manat pulun alınıb ona ödənilməsi tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq olunmuş, barışıq sazişinə uyğun olaraq iddiaçı Cəfərov X1 şəhəri İsmət Qayıbov küçəsində yerləşən, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx.xx.2001-ci il tarixli 000705 qeydiyyat nömrəli, 02 reyestr nömrəli Şəhadətnaməyə əsasən Cavabdeh məxsus cəmi 114 m² qeyri yaşayış sahəsi olan 5 saylı çayxanaya dair icarə müqaviləsi bağlayaraq video çəkiliş aparmaqla təhvil-təslim aktı əsasında obyekti təhvil götürməyi öhdəsinə götürmüş, icarə müqaviləsi 10 (on) il müddətinə, yəni 01 noyabr 2021-ci il tarixdən 01 noyabr 2031-ci il tarixədək bağlanmış, aylıq İcarə haqqı 500 (beş yüz) manat təşkil edir. İcarə haqqı hər ayın 1-dən 5-dək bank, poçt və ya digər nəğdsiz ödəniş terminalı vasitəsi ilə Cavabdeh ödənilməlisi, icarə haqqının ödənişinin üzürsüz səbəbdən gecikdirilməsinə görə, gecikdirilmiş hər gün üçün icarə haqqı məbləğinin 1 %-i miqdarında cərimə ödənilir. İddiaçı adi təsərrüfat fəaliyyətinin aparılması ilə bağlı icarə obyektinin istismara yararlı və qənaətbəxş vəziyyətdə qorunub saxlanılmasını, texnikitəhlükəsizlik, sanitar-gigiyena və yanğından mühafizə qaydalarına riayət edilməsini, zərur cari təmiri aparmağı, kommunal xərcləri (qaz, su, işıq və sair.), qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməli olan vergiləri, Dövlət Sosial Müdafiə Fonduna ödənişləri ödəməyi və sair xərcləri çəkməyi, icarə müqaviləsinin müddəti bitdikdən sonra icarə obyektini 10 gün müddətində lazımi səviyyədə icarəyə verənə təhvil verməyi öhtəsinə götürmüş, Cavabdeh icarəyə verilən obyektə dair qeyd olunan şərtlərə uyğun icarə müqaviləsi bağlamağı, icarə obyektini video çəkiliş aparmaqla təhvil-təslim aktı əsasında İddiaçı təhvil verməyi, 500 (beş yüz) manat aylıq icarə haqqını qəbul etməyi, müqavilənin qüvvədə olduğu müddətdə obyektin, o cümlədən İddiaçı təsərrüfat fəaliyyətinə müdaxilə etməməyi və müqavilənin müddəti başa çatdıqdan sonra obyekti təhvil götürməyi öhdəsinə götürmüş, Cavabdeh İddiaçı üzərinə götürdüyü öhdəliklərin şərtləri ilə razıdır. Qarşısı alınmaz qüvvə (Force Majeure) halında, yəni zəlzələ, yanğın, daşqın, hərbi əməliyyatlar, hökümətin qərarları və tərəflərin iradəsindən asılı olmayan digər fövqəladə hadisələr nəticəsində obyektin fəaliyyət göstərməsi qeyri mümkün olduqda tərəflər öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşımadığını, obyekt yalnız icarəyə verənin, yəni Cavabdeh notariat qaydasında təsdiq olunmuş razılıq ərizəsinə əsasən subicarəyə verilə biləcəyi, icarə müqaviləsinin müddətinin vaxtından əvvəl dayandırılması və müqavilənin ləğv edilməsi üçün tərəflər ən azı 1 ay qabaqcadan qarşı tərəfi yazılı surətdə öz niyyəti barədə rəsmi olaraq xəbərdar etməsi, bununla əlaqədar olaraq İddiaçı Cavabdeh qarşı heç bir ayrı tələb və şikayət irəli sürməyəcəyini öhdəsinə götürmüş, tərəflərə izah edilmişdir ki, barışıq sazişinin şərtləri icra edilmədikdə və ya lazımi qaydada icra edilmədikdə həmin şərtlərin məcburi icrası qanunvericiliyə uyğun olaraq məhkəmə tərəfindən təmin edilməli, bununla əlaqədar olaraq İddiaçı Cavabdeh qarşı Cavabdeh çəkilmiş xərc olaraq 54000 manat pulun alınıb ona ödənilməsi tələbinə dair mülki işin icraatına xitam verilmişdir. İş üzrə icraata xitam verilməsi qənaətinə gələn birinci instansiya məhkəməsi ona istinad etmişdir ki, həm əvvəlki, həm də hazırki mübahisə üzrə tərəflər eynidir. İddiaların faktiki və hüquqi əsasları da mübahisələndirilmir. Mübahisə doğuran hal iddianın predmeti ilə bağlıdır. İddianın predmeti iddianın elementlərindən biri olmaqla iddiaçının cavabdehə qarşı irəli sürdüyü və mübahisəli hüquq münasibətlərindən irəli gələn maddihüquqi tələbindən ibarətdir. Yəni, iddianın predmeti dedikdə mübahisəli subyektiv hüquq və ya hüquq münasibətləri deyil, bu münasibətlərdən irəli gələn iddiaçının cavabdehə qarşı olan maddi-hüquqi tələbi başa düşülür. İddianın predmetinin eyniliyi dedikdə isə, iddiaçının cavabdehə qarşı olan mövcud tələbinin həmin iddiaçının həmin cavabdehə qarşı olan əvəlilki tələbi ilə mahiyyət etibarı ilə eynilik təşkil etməsi nəzərdə tutulur. Belə ki, İddiaçı xx.xx.2020-ci il tarixli iddia tələbində Daşkəsən rayonu, İ.Qayıbov küçəsi 20 saylı evin 6 saylı mənzilini almaq üçün 12000 manat, hazırki tələbdə isə Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 20 saylı evin 6 saylı mənzilini almaq üçün 10500 manat, Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 29 saylı evin 14 saylı mənzilini almaq üçün 10000 manat, hazırki tələbdə isə Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 29 saylı evin 14 saylı mənzilini almaq üçün 13500 manat, Daşkəsən rayonunda yerləşən çayxananın yenidən tikilməsi üçün 38000 manat, hazırki tələbdə isə Daşkəsən rayonunda yerləşən çayxananın yenidən tikilməsi üçün 34905 manat xərc çəkdiyini göstərərək həmin pulların alınıb ona verilməsini xahiş etmişdir. Hazırda məhkəmənin icraatında olan eyni tərəflər arasındakı Daşkəsən rayonunda yerləşən çayxananın yenidən tikilməsi üçün 34905 manat çəkilmiş xərc, Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 20 saylı evin 6 saylı mənzilini almaq üçün 10500 manat və Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 29 saylı evin 14 saylı mənzilini almaq üçün 13500 manat pul vəsaitinin 10000 manata dair hissəsi 14 sentyabr 2020-ci il tarixli iddia tələbi ilə eynilik təşkil edir. Daşkəsən Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli 2(030)-16/2021 saylı qərardadı ilə həmin tələb üzrə tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilmiş, hal-hazırda bu mübahisə barədə qanuni qüvvəyə minmiş məhkəmə qərardadı mövcuddur. Odur ki, İddiaçı Cavabdeh qarşı Cavabdeh Daşkəsən rayonunda yerləşən çayxananın tikilməsi üçün çəkdiyi xərc üçün 34905 manat, Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 20 saylı evin 6 saylı mənzilini almaq üçün 10500 manat və Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 29 saylı evin 14 saylı mənzilini almaq üçün 13500 manat pul vəsaiti olmaqla, cəmi 65560 manat və ödənilmiş 286,68 manat dövlət rüsumunun tutulub ona ödənilməsi tələbi üzrə Daşkəsən rayonu, İ.Qayıbov küçəsi 20 saylı evin 6 saylı mənzilinə dair 10500 manat hissədə, Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 29 saylı evin 14 saylı mənzilinə dair 10000 manat hissədə, Daşkəsən rayonunda yerləşən çayxananın tikilməsi üçün çəkilmiş xərcə dair 34905 manat hissədə xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə əlaqədər iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Tərəflər arasında eyni mübahisə predmetinə dair barışıq sazişi təsdiqlənmiş və hazırda da qüvvədədir. Beləliklə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair yuxarıda qeyd olunan məhkəmə qərardadı olduğu halda, iddiaçı yenə də eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, iddiaçı tərəf qanuni qüvvədə olan qərardadının icrasını tələb etməkdə haqlıdır. Ona görə də kollegiya bu qənaətdədir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə icraata xitam vermişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri heç bir mötəbər sübuta söykənmir və birinci instansiya məhkəməsi mübahisəni yuxarıda qeyd olunan qanunun tələbləri çərçivəsində düzgün həll etmişdir. Ona görə də, kollegiya Daşkəsən Rayon Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli 2(030)-334/2023 saylı qərardadının dəyişdirilmədən saxlanılması, şikayətin isə təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək səlahiyyəti vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu növ qərardadlarından şikayət verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 398.0, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Daşkəsən Rayon Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli 2(030)-334/2023 saylı qərardadı və həmin qərardadla bağlı 19 yanvar 2024-cü il tarixli 2(030)-20/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı gündən qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar