Məhkəmə qərarları › İş №2(104)-654/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-654/2025

18.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-654/2025 18.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli, 2(076)-2656/2024 nömrəli qəradadından Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 6803,82 manat vurulmuş ziyan, 60 manat mediyasiya xərci və ödənilmiş 34 manat dövlət rüsumu alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 2(076)-2656/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh 6803,82 manat alınıb İddiaçı MMC-yə verilməsi; Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməsi; Cavabdeh 34 manat dövlət rüsumu və 60 manat mediyasiya xidməti haqqı alınıb İddiaçı MMC-yə verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti, eləcədə ötürülmüş prosessual müddətin bərpasına dair ərizə vermişdir. Şəmkir Rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli 2(076)-2656/2024 nömrəli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Cavabdeh münasibətdə Şəmkir Rayon Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli 2(076)–2656/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpasından imtina edilməsi qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh şikayət vermiş, Şəmkir Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2(076)-2656/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayətə baxılması işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 fevral 2025-ci il tarixli 2(104)-654/2025 nömrəli qərardadı ilə şikayətə yazılı icraat qaydasında baxılması mümkün hesab edilmişdir. Cavabdeh ərizə göndərərək şikayətə açıq məhkəmə iclasında baxılmasına xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 fevral 2025-ci il tarixli 2(104)-654/2025 nömrəli qərardadı ilə Şəmkir Rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli 2(076)-2656/2024 nömrəli qəradadından Cavabdeh tərəfindən verilmiş şikayətə məhkəmə iclasında baxılması qərara alınmış və işə baxılması 10 mart 2025-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə işə baxılarkən Cavabdeh bildirmişdir ki, qətnamənin surəti ona təqdim olunmamışdır. İşdə olan xəbərnamədəki imza da atası Rasim tərəfindən icra edilməmişdir. İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 isə iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra şikayətin təmin edilməməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 mart 2025-ci il tarixli 2(104)-654/2025 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişç və rəy alınanadək iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 12 may 2025-ci il tarixli, 3-16-16/2-4/577/2025 nömrəli rəy mülki işlə birlikdə məhkəməyə daxil olduğundən iş üzrə icraat təzələnmişdir. Hazırkı məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, qətnamənin surəti ona təqdim olunmadığına görə apellyasiya şikayəti verə bilməmişdir. Qətnamə icraya yönəldildikdən sonra xəbəri olmuşdur. Cavabdeh sonda məhkəmə kollegiyasından şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 şikayətin təmin olunmamasını xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına daxil olmuş 12 may 2025-ci il tarixli, 4/577 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş mülki işin 79-cu vərəqəsinbdə olan 12 oktyabr 2024-cü il tarixli poçt göndərişində “X6” yazıları və həmin yazılar qarşısındakı imza-X3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə kollegiyası ekspert rəyinə, eləcədə işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, apellyasiya şikayəti vaxtında verilmiş hesab edildiyindən prosessual müddətin bərpasına dair ərizə təmin edilməməli, apellyasiya şikayəti əsasında iş qeydiyyat üçün Gəncə Apellyasiya Мəhkəməsinin Mülki kollegiyasına verilməlidir. Şikayətin düzgün həlli üçün qanunvericiliyin apellyasiya şikayəti vermə müddəti, bu müddətin başlanması və sair kimi hüquqi əhəmiyyət kəsb edən prosessual hüquq normaları təhlil olunmalıdır. Başlanğıc olaraq qeyd olunmalıdır ki, MPM-nin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə verilə bilər. Bu normadan göründüyü kimi, apellyasiya şikayəti vermə müddəti, qətnamənin rəsmi qaydada verildiyi gündən başlanır. Müddətlərin hesablanması qaydalarını müəyyən edən MPM-nin 128.3-cü maddəsinə görə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. MPM-nin 129-cu maddəsində prosessual müddətlərin qurtarması qaydaları müəyyən edilərək göstərilmişdir ki, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Qətnamədən şikayət vermə müddətinin axımı qətnamənin surətinin rəsmi qaydada verildiyi vaxtdan hesablandığına görə, qətnamənin rəsmi qaydada verilməsi anlayışının izahına da ehtiyac vardır. Bununla bağlı qeyd olunmalıdır ki, mülki mühakimə icraatına aid bəzi sənədlərin xüsusi əhəmiyyəti nəzərə alınaraq, onların proses iştirakçılarına verilməsi, həm də bunun rəsmi qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Rəsmi qaydada verilməli olan sənədlərin siyahısı MPM-nin 134-cü maddəsində müəyyən olunmuşdur. Həmin Məcəllənin 134.1.5-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin aktları rəsmi qaydada verilməlidir. MPM-nin 135-ci maddəsində məhkəmə sənədlərinin çatdırılması və rəsmi şəkildə verilməsi qaydaları dəqiq müəyyən edilmişdir. Həmin Məcəllənin 135.1-ci maddəsinə görə, bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Daha sonra həmin Məcəllənin 135.2-ci maddəsində göstərilir ki, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.6-cı maddəsində göstərilmişdir ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.7-ci maddəsinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. Həmin Məcəllənin 135.5-ci maddəsində deyilir ki, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi qanunvericilik rəsmi sənədlərin verilməsinin üç qaydasını, yəni poçt vasitəsi ilə çatdırılma, təqdim olunmaqla verilmə, habelə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə proses iştirakçısının elektron kabinetinə yerləşdirilməsi qaydalarını müəyyən etmişdir. Bu üsulların birinin digərindən üstünlüyü müəyyən olunmamışdır. İşdən görünür ki, qətnamənin surəti cavabdehin ünvanına poçt vastəsilə göndərilsədə, lakin poçt göndərişinin çatdırılmasına dair xəbərnamədəki imza cavabdehin atası tərəfindən deyil kənar şəxs tərəfindən imzalanmışdır. “Q.Hüseynovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx.xx.2007-ci il tarixli Qərarında qeyd etmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Şərh olunanlara əsasən məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, apellyasiya şikayəti vaxtında verildiyindən prosessual müddətin bərpası barədə ərizə təmin edilməməli və apellyasiya şikayəti əsasında iş qeydiyyat üçün Gəncə Apellyasiya Мəhkəməsinin Mülki kollegiyasına verilməlidir. MPM-nin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və MPM-in 133, 263-264, 267, 398 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli, 2(076)-2656/2024 nömrəli qərardadı ləğv edilsin. Cavabdeh tərəfindən verilmiş ərizə apellyasiya şikayəti verilməsi üçün prosessual müddət ötmədiyindən təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 2(076)-2656/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti vaxtında verilmiş hesab edilsin və apellyasiya şikayəti əsasında iş qeydiyyat üçün Gəncə Apellyasiya Мəhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar