Məhkəmə qərarları › İş №2(104)-667/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-667/2025

20.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-667/2025 20.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Açar sözlər: qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsi Hakimlər Məcidov Rüfət Azadəli oğlu (məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iş üzrə Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(058)- 749/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq qərardad qəbul etdi. İşin halları

1. Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(058)-749/2024 nömrəli ilə qətnaməsi ilə Cavabdeh 8450 manat pulun və 38 manat ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət edilmişdir.

2. Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(058)-749/2024 nömrəli qətnaməsi poçt vasitəsi ilə cavabdehə göndərilmiş, xx.xx.2024-cü il tarixdə sonuncunun ünvanı üzrə təqdim edilmiş (Qarayev N.) və təqdimetməni təsdiq edən xəbərnamə məhkəməyə təqdim edilmişdir.

3. Qətnamədən narazı qalan cavabdeh xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti ilə Gəncə Apellyasiya Məhkəməsinə müraciət etmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə Samux Rayon Məhkəməsinə göndərilmişdir.

4. Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(058)-749/2024 nömrəli qərardadı ilə, Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(058)-749/2024 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti kağız daşıyıcıda təqdim edildiyi üçün geri qaytarılmışdır.

5. Bundan sonra cavabdeh apellyasiya şikayəti və ötürülmüş prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayətinin vermə müddətinin bərpa edilməsini məhkəmədən xahiş etmişdir.

6. Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(058)-749/2024 nömrəli qərardadı ilə, Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(058)-749/2024 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsindən imtina edilmiş və Samux Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(058)-749/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti geri qaytarılmışdır.

Birinci instansiya məhkəməsində icraat

7. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsasındırmışdır ki, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət üzürlü səbəbdən buraxılmış hesab oluna bilməz. Belə ki, Samux Rayon Məhkəməsinin 2(058)-749/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surəti cavabdehə xx.xx.2024-cü il tarixdə poçt vasitəsi ilə təqdim olunmuşdur. Cavabdeh sözügedən qətnamədən apellyasiya şikayətini əvvəlcə qanunvericiliyin tələbinə uyğun formada, yəni elektron məhkəmə informasiya sistemi vasitəsilə verməmiş, bu səbəbdən şikayət ona geri qaytarılmış, hazırda isə şikayətin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Müddətin ötürülməsini isə cavabdeh, qətnamədən apellyasiya şikayətinin elektron məhkəmə informasiya sistemi vasitəsilə verilməli olduğundan məlumatsız olması ilə əsaslandırmışdır. Halbuki sözügedən qətnamənin “qət etdi” hissəsində qətnamədən məhz elektron məhkəmə informasiya sistemi vasitəsilə apellyasiya şikayətinin verilməli olduğu və şikayətin verilməsi müddəti aydın izah olunmuşdur. Belə olan halda cavabdeh tərəfindən Samux Rayon Məhkəməsinin 2(058)-749/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsi halı üzürlü hesab olunmur.

8. Birinci instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1, 130.2, 130.3, 133.1, 133.5, 133.6, 360 və 363.1.3-cü madələrinə istinadən əsaslandırmışdır.

9. Qərardadın dəlilləri ilə razılaşmayan cavabdeh qərardaddan şikayətlə məhkəməyə müraciət etmiş və qərardadın ləğv edilməsini xahiş etmişdir.

10. Samux Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(058)-749/2024 nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Qərardaddan şikayətinin və ona qarşı etirazın dəlilləri a) Qərardaddan şikayətinin dəlilləri

11. Samux rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə, onun apellyasiya şikayəti vermə müddətini ötürməyi üzürlü hesab edilməyərək müddət bərpası barədə vəsatəti təmin edilməmişdir. Məhkəmənin qərardadını əsaslı hesab etmir. O apellyasiya şikayətini vaxtında vermişdir. Sadəcə kağız formasında poçt vasitəsilə məhkəməyə göndərmişdir. Məhkəmənin qərardadı ilə şikayəti geri qaytarıldıqdan sonra elektron qaydada verilmişdir. Onun apellyasiya şikayəti vermə müddətini ötürməyinə səbəb şikayətin elektron qaydada verilməməsi olmuşdur. Məhkəmə onun şikayət vermə müddətini bərpa etməməklə ədalətsiz çıxardığı qətnaməyə yenidən baxılmasını əngəlləmək niyyəti daşıyır. O səbəbdən ki, onun çıxardığı qətnamə tam olaraq əsassızdır. Onun övladı səhv müalicə nəticəsində ürək qüsurundan müalicə olunduğu üçün Bakı şəhərinə gedib-gəlməkdən yollarda qalmışdır. Bir tərəfdən də məhkəmənin ədalətsiz qərarları ilə mübarizə aparmaq məcburiyyətindədir. Hesab edir ki, məhkəmə qətnaməsindən apelllyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa edilməməsi onun məhkəmə müdafiəsi hüququnu kobud şəkildə pozur. Ona görə də çıxarılmış qətnamədən narazıdır.

b) Qərardaddan şikayətə qarşı etirazın dəlilləri

12. Qərardaddan şikayətə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya baxışının hədləri

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aid edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

1 5M . a d d ə 7 2 . Vətəndaşların vəzifələrinin əsası

İ. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. İİ. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. İİİ. Qanunu bilməmək məsuliyyətdən azad etmir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

16. Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır.

17. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.

18. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir

19. Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.

20. Maddə 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.

21. Maddə 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.

22. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

23. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddət keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onu vermiş şəxsə qaytarılır.

24. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

25. Maddə 134.1.5. Məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir.

26. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır.

27. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

28. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

29. Maddə 227.4. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir.

30. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

“C.İsmayılzadənin şikayətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli Qərarı

31. “Qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur.”

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Qərardad və şikayətin dəlillərini araşdıran məhkəmə kollegiyası (bundan sonra – məhkəmə) hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır.

33. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi poçt vasitəsi ilə cavabdehin yaşadığı ünvana göndərilmiş və həmin qətnamə cavabdehin ünvanı üzrə xx.xx.2024-cü il tarixdə poçt xəbərnaməsinə imza edilməklə qəbul edilmişdir. Bu halda qətnamə cavabdehə Azərbaycan Respublikası MPMnin 135.3-cü maddəsinə əsasən rəsmən verilmiş sayılır və həmin tarixdən apellyasiya şikayət vermək üçün müəyyən olunmuş bir aylıq müddətin axımı başlanmışdır.

34. Belə ki, şikayətin düzgün həlli üçün qanunvericiliyin apellyasiya şikayəti vermə müddəti, bu müddətin başlanması və sair kimi hüquqi əhəmiyyət kəsb edən prosessual hüquq normaları təhlil olunmalıdır. Başlanğıc olaraq qeyd olunmalıdır ki, Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə verilə bilər.

35. Bu normadan göründüyü kimi, apellyasiya şikayəti vermə müddəti, qətnamənin rəsmi qaydada verildiyi gündən başlanır.

36. Müddətlərin hesablanması qaydalarını müəyyən edən Azərbaycan Respublikası MPM-nin 128.3-cü maddəsinə görə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.

37. Azərbaycan Respublikası MPM-nin 129-cu maddəsində prosessual müddətlərin qurtarması qaydaları müəyyən edilərək göstərilmişdir ki, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır.

38. Qətnamədən şikayət vermə müddətinin axımı qətnamənin surətinin rəsmi qaydada verildiyi vaxtdan hesablandığına görə, qətnamənin rəsmi qaydada verilməsi anlayışının izahına da ehtiyac vardır. Bununla bağlı qeyd olunmalıdır ki, mülki mühakimə icraatına aid bəzi sənədlərin xüsusi əhəmiyyəti nəzərə alınaraq, onların proses iştirakçılarına verilməsi, həm də bunun rəsmi qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur.

39. Qeyd olunan qanunvericilik normalarından göründüyü kimi, rəsmi sənədlərin verilməsinin üç qaydasını, yəni poçt vasitəsi ilə çatdırılma, təqdim olunmaqla verilmə və “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməsi qaydalarını müəyyən etmişdir. Bu üsulların birinin digərindən üstünlüyü müəyyən olunmamışdır (26, 29&).

40. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin surəti cavabdehə xx.xx.2024-cü il tarixdə poçt vasitəsi ilə təqdim olunmuşdur. Cavabdeh sözügedən qətnamədən apellyasiya şikayətini əvvəlcə qanunvericiliyin tələbinə uyğun formada, yəni elektron məhkəmə informasiya sistemi vasitəsilə verməmiş, bu səbəbdən şikayət ona geri qaytarılmış, hazırda isə şikayətin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür.

41. Baxmayaraq ki, cavabdeh ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmiş, lakin ərizəsinə ötürülmüş prosessual müddətin üzürlü səbəblərdən olmasını təsdiq edən sübutlar əlavə edilməmişdir.

42. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, müddətin ötürülməsini isə cavabdeh, qətnamədən apellyasiya şikayətinin elektron məhkəmə informasiya sistemi vasitəsilə verilməli olduğundan məlumatsız olması ilə əsaslandırmışdır. Halbuki, sözügedən qətnamənin “qət etdi” hissəsində qətnamədən məhz elektron məhkəmə informasiya sistemi vasitəsilə apellyasiya şikayətinin verilməli olduğu və şikayətin verilməsi müddəti aydın izah olunmuşdur.

43. Belə ki, qanuni qüvvəyə minmiş və barəsində şikayət vermə imkanları tükənmiş yekun məhkəmə qərarının istənilən anda ləğv edilməsi mümkünlüyü qanunun aliliyi və hüquqi müəyyənlik prinsipləri ilə ziddiyyət təşkil edir. ("xxxx" ASC-nin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 dekabr 2006-cı il tarixli qərar)

44. Qanunvericinin məhkəmə qərarlarının (qanuni qüvvəyə minmiş məhkəmə qərarları da daxil olmaqla) müvafiq məhkəmə instansiyalarında mübahisələdirilməsinə MPM-nin qeyd olunan tərzdə yanaşması ilə növbədə hüquqi müəyyənlik prinsipi ilə əhatələndirilməsi də ehtiva edilən qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin təmin olunmasına yönəlmişdir.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 33.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Həmin Məcəllənin 133.4-cü maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. 133.5-ci maddəsinə əsasən müddətin bərpasından imtina barədə qərardad çıxarılır. 133.6-cı maddəsinə əsasən prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər.

46. Göründüyü kimi, qətnamədən vaxtında xəbərdar olmuş və onu almış şəxs tərəfindən qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayətinin verilməməsi, bunun isə heç də məğbul hesab edilməyən səbəblərlə əlaqələndirməsi, müddət keçdikdən sonra apellyasiya şikayətini verməsi halları yalnız həmin şəxsin iradəsindən asılı olan məsələ kimi təzahür edir. İstisna etmək olmaz ki, həmin şəxs sui-istifadəyə yol verib uzun müddət səhlənkarlığı nəticəsində məhkəmə aktından şikayət verməmişdir. Aydındır ki, qüvvəyə minmiş məhkəmə aktının taleyi, onun yaratdığı hüquq münasibətləri barəsində uzun müddət sürən belə qeyri-müəyyənlik vəziyyəti həmin qərarlarda şərh edilən hüquqi müəyyənlik prinsipi nöqteyi-nəzərindən məqbul sayıla bilməz.

47. Belə ki, Azərbaycan Respublikası MPM-nin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

48. Həmin Məcəllənin 366.2-ci maddəsində deyilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.İsmayılzadənin şikayətinə dair” xx.xx.2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illuziyasını yaradan vəziyyət, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsi ilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığna xələl gətirər. Belə vəziyyət cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldar.

50. Şikayət hüququ Avropa Konvensiyasının 6-cı maddəsinin prizması baxımından da mütləq hüquq hesab edilmir. Belə ki, Konvensiya mülki icraat çərçivəsində ümumiyyətlə apelyasiya hüququnu nəzərdə tutmamışdır. Avropa Məhkəməsi formalaşdırdığı presedent hüququ ilə apelyasiya icraatının 6-cı maddədəki təminatlar baxımından qiymətləndirilməsinin mümkünlüyünü daxili qanunvericilikdə apellyasiya hüququnun nəzərdə tutulduğu halla şərtləndirmişdir (Delkur Belçikaya qarşı iş üzrə qərarı).

51. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(058)-749/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır.

52. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir.

53. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.

54. Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(058)-749/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar