Məhkəmə qərarları › İş №2(104)-676/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-676/2024

22.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-676/2024 22.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X16 və X14 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X4 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 və cavabdehlər X7, onun nümayəndəsi (vəkili) Vəkil2 (eyni zamanda o, cavabdeh X9 nümayəndəsi və vəkilidir) iştirakı ilə, İddiaçı cavabdehlər X16 və X14 qarşı borc tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(023)-1521/2023 nömrəli qətnaməsindən cavabdehlər X16 və X9 nümayəndələri (vəkili) Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə 22 may 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cavabdeh X16 tərəfindən yazılmış və imzalanmış qəbzdən görünür ki, xx.xx.2021. 8500 imza. X19 q. Borcluyam. İddiaçı. Qeyd edilmişdir.

2. Cinayət işi başlanılmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, araşdırma zamanı X16 verdiyi izahatında göstərmişdir ki, 2018-ci ildə İddiaçı faizlə 1500 manat pul almışdır, lakin sonradan pulu faizi ilə birlikdə tam olaraq qaytarmışdır. Sonradan hər dəfə ona pul lazım olanda İddiaçı faizə borc kimi pul almış, faizi artıq olduğu üçün qaytara bilməyəndə onu hədələməyə və şantaj etməyə başlamışdır. 2021-ci ildə İddiaçı oğlu Elsun ilə birlikdə onun evinə gələrək onun ünvanına nəlayiq ifadələr işlətmiş, daha sonra onu və həyat yoldaşını həbs elətdirəcəyi ilə hədələmişdir. O, 2018- ci ildə İddiaçı hissə-hissə aldığı 3500 manat pulu faizə götürmüş, həmin pulu faizi ilə birlikdə təxminən 40000-50000 manat olmaqla qaytarmışdır, sonradan onu İddiaçı oğlanları ilə birlikdə hədələdiyi üçün 11.700 manat borcunun olmasını bildirmişdir, lakin onun İddiaçı hazırda heç bir məbləğdə pul borcu qalmamışdır.

3. Araşdırma zamanı X17 da verdiyi izahatında göstərmişdir ki, 2018-ci ildə İddiaçı ilə Qazax rayonunda tanış olmuşdur, təxminən 2 il bundan əvvəl avtomaşının mühərriki nasaz olduğundan İddiaçın 3000 manat pul 15% -lə borc almışdır, lakin vaxtında pulu qaytara bilmədiyindən İddiaçı faizin üstünə əlavə pul artırmuş, xx.xx.2023-cü il tarixinədək təxminən 27.000 manat faiz pul ödəmişdir. Sonradan ona məlum olmuşdur ki, həyat yoldaşı Cavabdeh1 ondan borc faizə pul almış və həyat yoldaşıda hədə altında olduğu üçün ona ödənişlər etmişdir O, şəxsən 16.000 manat pul faiz olaraq İddiaçı almış, həmin pulun 10.000 manatını qaytarsa da yerdə qalan 6000 manat pulu maddi imkanı ilə bağlı olaraq ödəyə bilməmişdir.

4. Ödəniş qəbzlərindən görünür ki, 12.10.22-ci il tarixdə 180 manat, 05.12.22-ci il tarixdə 30 manat, 09.01.23-cü il tarixdə 350 manat, 03.04.23-cü il tarixdə 791 manat, xx.xx.2023-cü il tarixdə 215 manat pul İddiaçı kart hesabına göndərilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər X16 və X14 qarşı iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X6 20000 manat və cavabdeh X8 16600 manat pulun tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş edilmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh X10 geyim əşyalarının satışı ilə məşğul olan şəxs kimi tanımış və aralarında olan bir neçə illik şəxsi münasibətlərdən sonra sonuncunun təklifi ilə geyim əşyalarının alqı-satqısı üçün birlikdə biznes qurmaq məqsədi ilə ona müxtəlif zamanlarda hissə-hissə olmaqla ümumilikdə 20000 manat məbləğində borc pul vermişdir. Aralarında olan şifahi razılığa əsasən X16 qeyd olunan vəsaiti müxtəlif malların alqı-satqısına istifadə edərək əldə edilən gəliri onunla bölüşməli idi. Lakin artıq uzun müddət keçməsinə baxmayaraq nə əldə edilən gəlir iddiaçı ilə bölüşdürülməmiş, nədəki, alınan 20000 manat vəsait ona geri qaytarılmamışdır. Qeyd olunan halla bağlı Abşeron rayon Polis İdarəsinə müraciət edilmiş və araşdırma aparılmışdır. Araşdırma zamanı X16 guya iddiaçı tərəfindən ona verilmiş pulun faiz pul olduğunu bildirmiş və alınan vəsaiti geri qaytardığını bildirmişdir. Araşdırmanın nəticəsi olaraq mübahisənin mülki xarakter daşıdığı müəyyən edilərək cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Qeyd olunan məbləğin iddiaçı tərəfindən cavabdeh X11 verilməsi onların aralarında olan whatsapp danışığı və cavabdehin özü tərəfindən yazılmış yazı vasitəsi ilə sübut edilir. Eyni zamanda İddiaçı cavabdeh X7 həyat yoldaşı X14 maşın alqı-satqısı ilə məğul olmaq üçün hissə-hissə olmaqla 16600 manat vəsait borc vermiş, lakin o iddiaçının etibarından sui istifadə edərək aldığı borcu geri qaytarmamışdır. X17 barəsində də Abşeron rayon Polis İdarəsinə müraciət edilmiş, araşdırma aparılan zaman sonuncu İddiaçı qeyd olunan məbləğdə borc pul aldığını etiraf etmiş, lakin maddi imkanı olmadığı üçün borcunu geri qaytara bilmədiyini bildirmişdir. Bu fakt həmçinin X1 ilə öz təsdiqini tapır. Göründüyü kimi cavabdeh X5 20000 manat borcu və cavabdeh X12 16600 manat borcu bugünə qədər geri qaytarılmamışdır.

7. Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(023)-1521/2023 nömrəli qətnaməsi ilə (hakim Nemət Musayev), iddianın qismən təmin edilməsi, X6 10.144 (on min bir yüz qırx dörd) manat və X8 16000 (on altı min) manat pul alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.2, 329.3, 373.2, 385, 427, 442, 448.1, 529.3 və 740.1-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 227 və 360-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdehlər X16 və X9 nümayəndələri (vəkili) Vəkil2 apellyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(023)-1521/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və Abşeron Rayon Polis İdarəsinin qərarına əsasən, yəni cavabdehlərin İddiaçı olan borcun yenidən hesablanaraq qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, cinayət işi başlanılmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarı və Şəfəq Mehtiyevaya məxsus səs yazısı ilə onun İddiaçı 11.700 manat borcunun olmasını öz təsdiqini tapmışdır. Bundan başqa X2 Aqibət İskra qızından 16000 manat faizə pul aldığını, həmin məbləğin 10000 manatını qaytardığını, qalan 6000 manat pulu maddi imkanı olmadığından ödəyə bilmədiyini bildirsə də, X9 iddiaçı oğlu ilə danışan zaman onun anası İddiaçı 16.000 manat borcunun olduğunu etiraf etmişdir. X9 iddiaçıya olan borcundan 10000 manat qaytarmasını bildirsə də, həmin borcu ödəməsi ilə bağlı hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Hazırkı iddia tələbi ilə bağlı sübut etmə yükü cavabdehin üzərinə düşür. Bundan başqa X16 tərəfindən təqdim edilmiş 12.10.22-ci il tarixdə 180 manat, 05.12.22-ci il tarixdə 30 manat, 09.01.23-cü il tarixdə 350 manat, 03.04.23-cü il tarixdə 791 manat, xx.xx.2023-cü il tarixdə 215 manat pul İddiaçı kart hesabına göndərilmişdir. Odur ki, iddia qismən təmin edilməli, X6 10.144 manat və X8 16000 manat pul alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin X11 aid olan 9856 manat hissəsində və X13 aid olan 600 manat hissəsində qiymət verərək hesab edir ki, həmin məbləğlərdə pulun verilməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, nə də cavabdehlər tərəfindən həmin pulun alınması etiraf edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz. Məhkəmə, iş üzrə Cavabdeh X7 iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinin araşdırılması zamanı müəyyən etdi ki, sözügedən borc müqaviləsinin 2018-ci il tarixdən yaranması ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, hazırkı iddia tələbinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsaslanıb, iddia müddəti tətbiq edilə bilməz. Hesab edir ki, məhkəmənin bu nəticəsi də qanuni və əsaslı sayıla bilməz. Belə ki, birinci instansiya məhkəməsində iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı məndən tələb etdiyi 20.000 (iyirmi min) manat puldan 10.144 (on min yüz qırx dörd) manat pul məbləği borc olaraq onun öhdəliyidir, lakin iddiaçı pul tələbi ilə bağlı Abşeron Rayon Polis İdarəsinə ona qarşı şikayət ərizəsi ilə müraciət etmişdir. İşin araşdırılması zamanı məlum olmuşdur ki, o iddiaçıdan 3000 (üç min) manat və 4000 (dörd min) manat borca almışdır. Həmin məbləğin faizini də və əsas məbləği də 8000 (səkkiz min) manat ödəmişdir. Bunu İddiaçı da təsdiq etmişdir. Birinci instansiya məhkəməsinə iddiaçının vəkili səsyazması təqdim etmişdir. Həmin səs yazmasında olar ona təzyiq edərək 12.000 (on iki min) manat pulun ondan götürdüyünü bildirməyini tələb etmişdilər. O məhkəmədə ödəniş qəbzlərini də təqdim etmiş, Məhkəmə həmin qəbzləri hesablayaraq olan məbləği 10.144 (on min yüz qırx dörd) manat saxlamışdır, lakin polisin qərarını nəzərə almamışdır. Halbuki, həmin qərarda da onun 8000 (səkkiz min) manat pul ödədiyini İddiaçı öz izahatında etiraf etdiyini qeyd etmişdir. Məhkəmə isə həmin qərarı görməyərəkdən gələrək ödədiyi pulu borcdan çıxmamış və üzərində 10.144 (on min yüz qırx dörd) manat borcu saxlamışdır. Digər hissədə, Cavabdeh2 barədə bildirilmişdir ki, İddiaçı aldığı 16.600 (on altı min altı yüz) manat məbləğində borc pul qaytarilmasına baxmayaraq yenidən ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Məhkəmə bu iddianı icazəsiz, qanunsuz qırağdan yazılan səs yazısına əsaslanaraq qəbul etmişdir. Məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, Cavabdeh2 bu səs yazmasından sonra pulu İddiaçı qaytarmışdır. Qeyd edilən bütün bu hallar birinci instansiya məhkəməsində araşdırılmalı olduğu halda araşdırılmamış və ya düzgün qiymət verilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X16 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, Qazax şəhərində paltar mağazasını işlədir. İddiaçı 2018-ci ildə ondan mal almışdır. Sonradan iddiaçıdan hissə-hissə 3000 manat ayda 15% ödəmək şərti ilə pul almış və həmin pulu ödəmişdir. Borcla bağlı qeyd olunan qəbzi iddiaçı ona hədə-qorxu gələrək yazdırmışdır. İddiaçının ona hədə-qorxu gəlməsi ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etməmişdir. İddiaçı oğlu Elsun ilə birlikdə onun evinə gələrək onun ünvanına nəlayiq ifadələr işlətmişdir. Daha sonra onu və həyat yoldaşını həbs etdirəcəyi ilə hədələmişdir. O iddaçıdan aldığı borcu faizi ilə birlikdə ödəmişdir. Daha sonra 8000 (səkkiz min) manat olan borcunu və faizlərini ödəmişdir. Bunu iddiaçının özü də ibtidai istintaq orqanında verdiyi izahatda da təsdiq olunmuşdur. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər X16 və X9 nümayəndələri (vəkili) Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və iddiaçının göstərdiyi xüsusatları təsdiq edərək, izahatında göstərmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmamış, sözegedən iddiaçıdan aldığı pulu faizi ilə birlikdə artıqlaması ilə qaytarmışdır. İddiaçı da cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda 8000 manat aldığını etiraf etmişdir. Sözügedən qəbz və səs yazısı cavabdeh X11 məcburi qaydada yazdırılmışdır. Belə ki, o iddiaçıdan 3000 (üç min) manat və 4000 (dörd min) manat borca almışdır. Həmin məbləğin faizini də və əsas məbləği də 8000 (səkkiz min) manat ödəmişdir. Bunu İddiaçı da təsdiq etmişdir. Birinci instansiya məhkəməsində təqdim edilən səs yazısında iddiaçı cavabdeh Şəfəq Mehtiyevaya təzyiq edərək 12.000 manat pulun ondan götürdüyünü bildirməyini tələb etmişdir. Sonuncu tərəfindən məhkəməyə ödəniş qəbzləri təqdim edilmiş, məhkəmə həmin qəbzləri hesablayaraq olan məbləği 10.144 manat saxlamışdır, lakin polisin qərarını nəzərə almamışdır. Halbuki, həmin qərarda da onun 8000 manat pul ödədiyini İddiaçı öz izahatında etiraf etdiyini qeyd etmişdir. Cavabdeh2 münasibətdə isə İddiaçı aldığı 16.600 manat məbləğində borc pulun qaytarılmasına baxmayaraq yenidən ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Halbuki, cavabdeh həmin məbləğdən sonrada 5000 manat hissəsini qaytarmışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, İddiaçı cavabdeh X10 geyim əşyalarının satışı ilə məşğul olan şəxs kimi tanımış və aralarında olan bir neçə illik şəxsi münasibətlərdən sonra sonuncunun təklifi ilə geyim əşyalarının alqı-satqısı üçün birlikdə biznes qurmaq məqsədi ilə ona müxtəlif zamanlarda hissə-hissə olmaqla ümumilikdə 20.000 manat məbləğində borc pul vermişdir. Lakin, iddiaçının hansı zamanlarda hissə-hissə olaraq nə qədər miqdarda verməyi barədə dəqiq məlumatı yoxdur. Aralarında olan şifahi razılığı əsasən X16 qeyd olunan vəsaiti müxtəlif malların alqı-satqısına istifadə edərək əldə edilən gəliri onunla bölüşməli idi. Lakin, artıq uzun müddət keçməsinə baxmayaraq nə əldə edilən gəlir iddiaçı ilə bölüşdürülməmiş, nədəki, alınan 20.000 manat vəsait ona geri qaytarılmamışdır. Eyni zamanda İddiaçı cavabdeh X7 həyat yoldaşı X14 maşın alqı-satqısı ilə məşğul olmaq üçün hissə-hissə olmaqla 16.600 manat vəsait borc vermiş, lakin o iddiaçının etibarından sui istifadə edərək aldığı borcu geri qaytarmamışdır. Cavabdeh Amur Mehtiyev isə 5000 manat məbləğində pulu borc almamışdan, yəni 2021-ci il tarixdə qaytarmış və hazırki borc məbləği olan 16.600 manat borca aidiyyəti yoxdur. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

15. İş üzrə İddiaçı və cavabdeh X17 məhkəmə iclasının vaxtı və yeri haqqında xx.xx.2024 saat 12-00, xx.xx.2024 saat 16-30, xx.xx.2024 saat 16-15, xx.xx.2024 saat 12-00 və xx.xx.2024 saat 16-15-də lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

18. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

19. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

20. Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

21. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

27. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

28. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

30. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

33. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, cavabdehlər qətnamənin yalnız iddianın təmin edilmiş hissəsini mübahisələndirir. Ona görə də qətnamənin əsaslılığı yalnız həmin hissələr üzrə yoxlanmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

35. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(023)-1521/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

37. İlk öncə kollegiya qeyd edir ki, İddiaçı tərəfindən hissə-hissə olaraq verilmiş cavabdehlər Şəfəq Məmmədovaya 20.000 manat məbləğində pulun və Cavabdeh2 isə 16.000 manat pulun hansı tarixlərdə hansı miqdarda borcun verilməsi barədə tərəflər dəqiq məlumat verə bilməmiş, yalnız sonda nə qədər borcun qalması və borcun qaytarılıb-qaytarılmaması barədə izahatlar və sübutlar vermişlər.

38. Belə olan halda məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri borcla bağlı yaranan mülki münasibətlərdir. Ona görə də işin hallarına borcla bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməli və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır.

39. Belə ki, Mülki Məcəllənin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olmasıdır.

40. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

41. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

42. Birinci instansiya məhkəməsi iddia tələbini araşdıraraq, iddiaçı tərəfindən cavabdehə borc verildiyini müəyyən etmiş və iddia tələbini qismən etmişdir.

43. Məhkəmə kollegiyası bildirir ki, iddiaçı tərəfindən cavabdehlərlə öhdəlik münasibətlərinin yarandığı iddia olunduğuna görə, hazırki vəziyyətdə onların mübahisə anına qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alına bilər.

44. Məhkəmə kollegiyasına iclasında iddiaçının nümayəndəsi (vəkili) və cavabdehin razılığı ilə tərəflərin arasında olan “CD” diskdə qeyd edilmiş audio səs yazıları tərəflərin iştirakı ilə tədqiq edilərək dinlənilmişdir. Həmin “səs yazıları”ndan ümumilikdə müəyyən olunur ki, X17 iddiaçının oğlu ilə danışan zaman onun anası İddiaçı 16.000 manat borcunun olduğunu, X3 yazısında isə onun İddiaçı 11.700 manat borcunun olduğunu və həmin səs yazısının ona və oğluna məxsus olmasını etiraf etmişdir.

45. Göründüyü kimi, həmin səs yazılarında cavabdeh Şəfəq Mehtiyevaya məxsus səs yazısı ilə onun İddiaçı 11.700 manat borcunun olmasını öz təsdiqini tapmışdır. Bundan əlavə, cavabdeh X17 İddiaçı 16.000 manat faizə pul aldığını, həmin məbləğin 10.000 manatını qaytardığını, qalan 6.000 manat pulu maddi imkanı olmadığından ödəyə bilmədiyini bildirsə də, X9 iddiaçı oğlu ilə danışan zaman onun anası İddiaçı 16.000 manat borcunun olduğunu etiraf etmişdir.

46. Belə ki, iddiaçının nümayəndəsinin (vəkilinin) və cavabdehin razılığı ilə kollegiyanın iclasında tədqiq olunmuş və “səs yazısı”ndakı həmin səsin tərəflərə məxsus olması proses iştirakçıları tərəfindən təsdiqlənmişdir. Eyni zamanda həmin səs yazısı başqası tərəfindən gizli yazılmamış, iki şəxs arasında könüllü olaraq bir-birinə göndərilən yazıdır və onların etirazı olmadan həmin səs yazısı dinlənilmişdir. Bu qaydada tərtib edilmiş sübutlara güvən daha çoxdur. Ona görə ki, sərbəst səs yazısı göndərən şəxs şüuraltı olaraq ehtimal etməlidir ki, göndərmiş olduğu səs yazısı digər başqa situasiyada istifadə oluna bilər. Ona görə, analoji sübutlar digər sübutlarla birlikdə təsdiq olunduğu təqdirdə mötəbər sübut kimi dəyərləndirilə bilər.

47. Azərbaycan Respublikasının MPM-in 175.1-ci maddəsinə əsasən, məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini öyrənməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur

48. Mülki Prosessual Məcəlləyə əsasən, şəxsi yazışmaların gizliliyini qorumaq məqsədi ilə bu yazışmalar yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Səs yazısı və videoyazı materialının xüsusi əlamətləri və səsləndirmə vaxtı məhkəmə iclası protokolunda əks olunmaqla məhkəmə iclası zalında və ya bunun üçün xüsusi avadanlıq qurulmuş başqa otaqda səsləndirilə bilər. Bundan sonra məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyir. Səs yazıları və videoyazılar səslənərkən onlarda olan məlumatları aydınlaşdırmaq üçün mütəxəssis cəlb edilə bilər. Zəruri hallarda məhkəmə ekspertiza təyin edə bilər.

49. İş materiallarından göründüyü kimi, cavabdeh X16 iddiaçıya heç bir borcunun qalmamasını və cavabdeh X9 10.000 borcunun qaytarmasını bildirsələr də, bu barədə mötəbər sübutlarını məhkəmələrə təqdim etməmişlər. Bu halda sübutetmə yükü cavabdehlərin üzərinə düşür. Çünki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

51. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).

52. Sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.1-ci maddəsi).

53. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (MPM-nin 106.1-ci maddəsi).

54. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

55. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

58. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

59. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

60. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

61. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdehlər X16 və X9 nümayəndələri (vəkili) Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(023)-1521/2023 nömrəli qətnaməsi – iddianın təmin edilmiş - hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar