Məhkəmə qərarları › İş №2(104)-683/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-683/2024

01.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-683/2024 01.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «qanunsuz hesablanmış qazın dəyərinin silinməsi» tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli 2(066)- 1464/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdehnə qarşı « qanunsuz hesablanmış qazın dəyərinin silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh RQİİ-nin vəzifəli şəxslərinin qanunsuz hesabladıqları 345.60 manat məbləğin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2023-cü ilin iyul ayında “Azərqaz” Gəncə RQİİ-nin əraziyə nəzarət edən əməkdaşları ona bildirmişdilər ki, yaşayış evində quraşdırılan qaz sayğacı işləmir. O isə nəzarətçiyə bildirmişdir ki, təbii qazın dəyərini hər ay ödəyir, sayğac istifadə olunan sərfiyyatı göstərir. Nəzarətçi bildirmişdir ki, sayğac son ayı düzgün göstərməyib. Belə olan halda o nəzarətçidən xahiş etmişdir ki, qaz sayğacına bir yerdə onun iştirakı ilə baxış keçrilsin. X1 yanında sayğaca baxış keçirmiş və sayğaca heç bir kənar müdaxilənin olmadığını bildirmişdir. Bundan bir neçə gün sonra sayğac yenisi ilə əvəz olunmuş və köhnə sayğacda qalan borcunu tam həcimdə ödəmişdir. xx.xx.2023-cü il tarixdə Azərqaz” Gəncə RQİİ-nin əməkdaşları onun iştirakı olmadan “Təbii qazın istifadə qaydalarını pozulması haqqında ******* nömrəli akt tərtib edərək 345.60 manat borc hesablamışlar. Odur ki, qanunsuz hesablanmış pulun silinmısi iddianın təmin olunmasını xahiş edtmişdir. Göygöl Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli 2(066)-1464/2023 nömrəli qətnaməsi ilə (hakim Q.Abbasov) iddia təmin edilərək, Cavabdeh tərəfindən İddiaçı adına yazılmış 345.60 (üç yüz qırx beş manat, altımış qəpik) manat borcun silinməsi qət edilmişdir. İşdə olan sübutlar: “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 30 iyun 2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, iddiaçıya məxsus G-4 markalı, **********3 nömrəli qaz sayğacı yenisi ilə əvəzlənmişdir. Sayğacın son göstəricisi 7522 kubmetr olmuşdur. “Qaz sayğacının dövlət yoxlamasından keçiriməsi haqqında” 07 iyul 2023-cü il tarixli aktdan görünür ki, yoxlama zamanı **********3 nömrəli sayğacdan qazın keçməsi, lakin sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi müəyyən edilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli aktdan və Dəymiş ziyanın bərpasına dair Tələbnamədən görünür ki, iddiaçının sayğacının işləməməsinə görə qaz sərfi 4 kubmetr olmaqla, gündəlik 12 saat və 60 gün müddəti nəzərə alınmaqla, 2880 kubmetr həcmində, 245,6 manat dəyərində zərər məbləği hesablanmışdır. Apellyasiya şikayətinin dəlilləri: Göygöl Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli 2(066)-1464/2023 nömrəli qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin12 oktyabr 2023-cü il tarixli 2(023)-1265/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edərək Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qaz sayğacı iddiaçının iştirakı ilə (akta imza olunmaqla) xx.xx.2023-cü il tarixdə şəbəkədən açılmış, sayğacın sərfiyyatı qeyd etmədiyi yerində aşkarlanmış, lakin məhkəmə buna qiymət verilməmişdir. İş materiallarına əlavə edilmiş, xx.xx.2023-cü il tarixli, ******* saylı aktla sayğac şəbəkədən açılarkən sayğacda olan qüsurun yerində aşkarlandığı, bundan sonra qaz sayğacına müdaxilə təsdiqini tapdığından ünvan üzrə itirilmiş 2880 kubmetr itirilmiş qazın bərpası üçün 345.60 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Buna baxmayaraq məhkəmə 2023-ci ilin iyun ayında sayğac üzrə müəyyən edilmiş məbləğin silinməsini qət etmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmlərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verib bildirmişdir ki, həqiqətən də sayğac 1 ay qeydə alamamışdır. Lakin, cavabdeh orqan həddən artıq məbləğdə itirilmiş qaz dəyəri hesablamışdır. Normal 1 aylıq istifadə etdiyi qazın dəyərini ödəməyə etirazı yoxdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”: 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi və bunun iddiaçının təqsiri olmadan baş verməsi iş materialları ilə təsdiq olunmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş abonentin saldosu adlı sənəddən görünür ki, sonuncu dəfə sayğacın son göstəricisi 2023-cü ilin aprel ayında 7521 kubmetr olmuş, sayğac çıxarılarkən isə həmin göstərici 7522 kubmetr göstəricidə olmuşdur ki, bununla da təxminən iki ay müddətində sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etməmişdir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh təşkilat itirilmiş qazın həcmini 345,0 manat dəyərində müəyyən etməsi əsaslı olmamışdır. Belə ki, “Qazdan istifadə qaydaları”nın 5.4-cü bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Abonentin saldosu adlı sənəddən isə görünür ki, sayğac çıxarılmamışdan əvvəlki ayda istifadə edilmiş qazın həcmi 35 kubmetr həcmində olmuşdur. Sayğacın təxminən iki aylıq müddətdə işləməməsi nəzərə alındıqda isə itirlimiş qazın həcmi qaydaların tələbinə müvafiq olaraq, 70 kubmetr həcmində, 8,4 manat dəyərində müəyyən edilməli idi. Birinci instansiya məhkəməsi isə işin qeyd olunan halını nəzərə almadan hesablanmış məbləği tam olaraq əsassız hesab etməklə, silmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli 2(066)-1464/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia qismən təmin edilməli, İddiaçı məxsus **********00020 saylı abonent hesabında qeyd olunmuş 345,6 (üç yüz qırx beş manat, 60 qəpik) manat məbləğində qaz sərfinin 337,2 (üç yüz otuz yeddi manat, 20 qəpik) manatı silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Göygöl Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(066)-1464/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(066)-1464/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. İddiaçı məxsus **********00020 saylı abonent hesabında qeyd olunmuş 345,6 (üç yüz qırx beş manat, 60 qəpik) manat məbləğində qaz sərfinin 337,2 (üç yüz otuz yeddi manat, 20 qəpik) manatı silinsin. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə çıxarıdığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar