Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-69/2023 31.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra QSC) Cavabdeh qarşı qanunsuz tikilinin sökülüb kənarlaşdırılması tələbinə dair mülki iş üzrə Daşkəsən Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(030)-116/2021 nömrəli qətnaməsindən iddiaçı "xxxx" QSC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı "xxxx" QSC Cavabdeh qarşı iddia ərizəsi ilə Daşkəsən Rayon Məhkəməsinə müraciət edərək, Gəncə yol sahəsinin Daşkəsən qolunun Qırıxlı-Bayan mənzilinin 26 km pk 10-da dəmir yolu oxundan 15 metr məsafədə mühafizə zonasında inşa edilmiş qanunsuz tikililər – 5 ədəd tikili, 4 ədəd çardaq və 3 metr məsafədə quraşdırılmış metal konstruksiyalı çəpərin Cavabdeh hesabına sökülərək dəmir yolunun mühafizə zonasından kənarlaşdırılması və ödənilmiş 10 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" QSCnin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daşkəsən Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(030)-116/2021nömrəli qətnaməsi ilə (hakim Azad Əliyev) iddianın təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı "xxxx" QSC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, mübahisəli tikililər dəmir yolunun mühafizə zolağında yerləşir. Lakin, cavabdeh məhkəməyə xx.xx.2010-cu il tarixli ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış təqdim edərək mübahisəli ərazinin və tikililərin onun xüsusi mülkiyyətində olduğunu bildirmişdir. Sözügedən xüsusatla əlaqədar "xxxx" QSC-nin nümayəndəsi tərəfindən məhkəməyə vəsatət təqdim edilərək iş üzrə ekspertiza teyin edilməsi tələb olunmuşdur. Çünki, dəmir yolunun mühafizə zonasında yerləşən tikilinin məhz reyestrdən çıxarışdakı tikili olub-olmaması xüsusi bilik tələb edən sahə olduğu üçün yalnız ekspertler tərəfindən müəyyən oluna bilər. Məlum məsələdir ki, Dövlət Reyestr Xidməti tərəfindən qanunla özəlləşdirilməsi qadağan olunan və dövlətin müstəsna mülkiyyətində olan torpaq sahəsinə çıxarış verilə bilməz. Məhkəmə təcrübəsində kifayət qədər belə hallar olmuşdur ki, vətəndaşların məhkəmələrə sübut növü kimi təqdim etdikləri çıxarışlardakı ərazilər və tikililər dəmir yolunun mühafizə zonasında deyil, yaxınlıqdakı başqa ərazidə yerləşən tikililər olmuşdur. İşə baxan məhkəmə iddiaçı tərəfin vəsatətini heç bir hüquqi əsas olmadan təmin etməmiş, mübahisəli əraziyə yerində baxış keçirtməklə formal mülahizə əsasında nəticəyə gəlmişdir. Halbuki hətta xüsusi ölçü işləri aparmaqla deyil, adi qaydada mübahisəli əraziyə baxarkən qanunsuz tikililərin dəmir yolunun yanında inşa edildiyi çox aydın müşahidə olunur. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı "xxxx" QSC-nin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, vergi ödəyicisi olduğunu, orada yüngul konstruksiyalı tikililərin inşa etdiyini, 4 ədəd çardaq quraşdırdığını və bununla ailəsini saxladığını bildirərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə və məhkəmə bildirişini imzalayaraq almasına baxmayaraq, o, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Daşkəsən Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(030)-116/2021nömrəli qətnaməsi ləğv edilməli və iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyasında işə əlavə edilmiş vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi barədə sistemdən çıxarışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən sahibkar kimi qeydə alınmış və ona ********** saylı VÖEN verilmişdir. Apellyasiya instansiyasında işə əlavə edilmiş vergi ödəyicisinin uçota alınması haqqında xx.xx.2005-ci il tarixli şəhadətnamədən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən sahibkar kimi qeydə alınmış və ona ********** saylı VÖEN verilmişdir. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, iddiaçı hüquqi şəxs və cavabdeh isə fərdi sahibkardır. Tərəflərin arasında yaranan hüquq münasibətləri cavabdehin sahibkarlıq fəaliyyətindən irəli gəlir. Torpaq sahəsinin 15 metr məsafədə mühafizə zonasında olan tikililər sahibkarlıq subyekti olan cavabdeh tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar tikilmişdir. Göründüyü kimi, tərəflər arasında olan mübahisə cavabdeh tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirməsi ilə əlaqədar yaranmışdır. Lakin, həmin hal birinci instansiya məhkəməsi tərəfindən araşdırılaraq hüquqi qiymət verilməmiş və nəticədə qanunla müəyyən olunmuş məhkəmə aidiyyətinin pozulmasına səbəb olmuşdur. Belə ki, Azərbaycan Respublikasının MPM-in 1-ci maddəsinə edilmiş qeydə əsasən, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MM-in) 13-cü maddəsinə görə, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikasının MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kollegiya qeyd edir ki, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Bu halda, həm mübahisənin subyekt tərkibi, həm də predmeti məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır. Hazırkı iş materiallarından görünür ki, mübahisənin cavabdeh tərəfi sahibkarlıq subyekti olmaqla, tərəflərin arasında yaranmış hüquq münasibətlərinin xarakteri də məhz cavabdehin sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə bağlıdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Plenumunun qərarında göstərilmişdir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Məhkəmələrə həmçinin izah edilir ki, kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir. Həmçinin, həmin Plenum qərarında qeyd edilmişdir ki, işin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı kommersiya məhkəməsində baxılmalı olan işlərin mümkün subyekt tərkibi və predmeti ilə bağlı qiymətləndirmənin həyata keçirilməsi zamanı MPM-in 30-cu maddəsinin tələblərinin nəzərə alınmalı olması da diqqətdən kənarda qalmamalıdır. Belə ki, həmin maddənin əvvəlki redaksiyasından fərqli olaraq hazırda qüvvədə olan redaksiyaya əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbin birləşdirilməsi zamanı onlardan bir qisminin ümumi məhkəməyə, digərlərinin isə kommersiya məhkəməsinə aid olduğu halda, tələblərə artıq ümumi deyil, kommersiya məhkəməsində baxılmalıdır. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. Subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi zamanı məhkəmələr əlavə olaraq nəzərə almalıdır ki, qeyri-hökumət təşkilatlarının və publik hüquqi şəxslərin fəaliyyətini tənzimləyən qanunlarla (“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Publik hüquqi şəxslər haqqında” Qanunlar) onların ikili, yəni həm qeyri-sahibkarlıq, həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanları nəzərdə tutulmuşdur. Məhz bu fərqləndirici xüsusiyyət mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslərə münasibətdə fərqli yanaşmanın sərgilənməsini tələb edir. Bu baxımdan məhkəmələrə izah edilir ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların kommersiya mübahisəsinin subyekti olması imkanı mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Onların sahibkarlıq fəaliyyətindən irəli gəlməyən mülki mübahisələrinin kommersiya məhkəmələrinin baxış predmetini təşkil etməsinə isə, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda yol verilməlidir. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik işlərə baxılmasının aidiyyət qaydalarını dəqiq müəyyən etmişdir və bu qaydalara riayət olunmaması aparılmış prosessual hərəkətlərin qəbul edilməməsinə səbəb ola bilər. Çünki «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinin tələbinə görə işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikasının MPM-in 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. “İnsan hüquqlarının və əsas azadlıqları müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir. Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini də xüsusi vurğulamışdır. Belə ki, Avropa Məhkəməsi Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında bildirir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə baxılarkən məhkəmə aidiyyəti qaydaları pozulmuş və Daşkəsən Rayon Məhkəməsi prosessual qanunvericiliyin aidiyyətlə bağlı tələblərini pozmaqla işi icraatına qəbul edərək, hazırkı qətnaməni qəbul etmişdir. Azərbaycan Respublikasının MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikasının MPM-in 387.2.1-ci maddəsinə əsasən, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa, ləğv edilməlidir. Azərbaycan Respublikasının MPM-in 384.0.4.-cü maddəsinə görə işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, Apellyasiya instansiyası məhkəməsi qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Daşkəsən Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(030)-116/2021 nömrəli qətnaməsi ləğv edilməli və iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 263, 264, 384.0.4, 385, 405-407-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Daşkəsən Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(030)-116/2021 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı qanunsuz tikilinin sökülüb kənarlaşdırılması tələbinə dair iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildiyi andan 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-69/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-69/2023
31.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver