Məhkəmə qərarları › İş №2(104)-690/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-690/2024

12.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-690/2024 12.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: cərimə məbləğinin silinməsi tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, Goranboy Rayon Məhkəməsinin 2(045)-2105/2023 saylı mülki iş üzrə 05 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə 12 mart 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, 20172682 nömrəli plomb kəsilərək G4SM/7221 saylı qutu açılmış və sayğaca baxış keçirilmişdir. Sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi sınıqdır. Sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağı sınıqdır. Sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. İşdə olan Qaz sayğacının yoxlanılması barədə MSK-29/1710-02103-1 saylı aktın surətindən görünür ki, 20172682 nömrəli plomb kəsilərək G4SM/7221 saylı qutu açılmış və sayğaca baxış keçirilmişdir. Sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi sınıqdır. Sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağı sınıqdır. Sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. İş materiallarında olan İddiaçı aid abonent saldosundan görünür ki, 2023-cü ilin may ayında İddiaçı qalıq akt üzrə 1555.20 manat məbləğində borc hesablanmışdır. İşdə olan 25 aprel 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə MSK-29/1710-02103-1 saylı aktı ilə G-4 markalı ******* nömrəli sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi və sayğacın hesablama mexanizminin qoruyucu plasmas qapağının sınıq olduğu müəyyən edildiyinə görə **********00000 abonent kodlu istehlakçı İddiaçı 12960 m3 həcmində ziyanın dəyməsi ilə əlaqədar borc hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən barəsində hesablanmış 1555.2 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, Goranboy rayonunun Qızılhacılı qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Yaşadığı ərazidə Cavabdeh abonenti olduğu üçün təbii qaz istifadəçisidir. İstifadə etdiyi təbii qazın pulunu həmişə vaxtıvaxtında, gecikdirmədən ödəmişdir. Heç vaxt Cavabdeh əməkdaşları ilə aralarında mübahisə və yaxud narazılıq olmamışdır. Bu günlərdə ona nəzarətçi tərəfindən bildirilmişdir ki, sayğaca müdaxilə olunduğu üçün ona 1555,2 manat dəymiş zərər hesablanmışdır. O, bunu aydınlaşdırmaq üçün Cavabdeh Goranboy şöbəsində olmuşdur. Burada ona məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli, ******* saylı tərtib olunmuş akt, 25.04 2023-cü il tarixə dəymiş ziyanın bərpasına dair tələbnamə və məhkəməyə təqdim etdiyi digər sənədlər verilmişdir. Aktda göstərilir ki, sayğacın hesablama mexnizminin qoruyucu şüşəsi sınmışdır. Sayğacın hesablama mexanizmin qoruyucu plastmas qapağı sınıqdır. Sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. O, barəsində yazılmış borcu qanunsuz hesab edir və aşağıdakı səbəblərə görə hesab edir ki, borc ləğv edilməlidir. Bildirir ki, həmin evdə xx.xx.2018-ci ildən hal-hazıra kimi heç kim yaşamır. Bu səbəbdən də həmin ünvanda təbii qazdan ümumiyyətlə heç kim isdifadə etmir. Həmin ilə qədər də borc olmamışdır. Bundan başqa sayğac həyətdən kənarda quraşdırılmışdır. Bu gün də o, bilmir ki, həmin sayğac qırılıb, yoxsa sağlamdır. Ona nəzarət etmək də onun vəzifəsi deyildir. Eyni zamanda sayğac Cavabdeh İsehsalat Birliyinin əməkdaşları tərəfindən dəyişdirilmişdir. Dəyişdirilərkən də ona heç nə bildirilməmişdir. O, yalnız bu günlərdə bilmişdir ki, ona nəsə borc hesablanmışdır. Onun tərəfindən heç bir akta və s. imza edilməmişdir. Hesab edir ki, tərtib olunmuş akt qanunsuz və əsassızdır. Əgər akt əsaslı olsaydı, qanunun tələbinə görə xətt dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsi dayandırılmalı və dəymiş zərərin ödənilməsi qanunvericiliyə uyğun olaraq ondan tələb edilməli idi. Ona isə heç bir irad bildirilməmişdir. Goranboy Rayon Məhkəməsinin 2(045)-2105/2023 saylı mülki iş üzrə 05 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim: T.Ələkbərov) iddianın təmin edilməsi, Cavabdeh İB tərəfindən istehlakçı İddiaçı qaz sərfinə görə hesablanmış 1555.2 manat məbləğində borcun silinməsi (Goranboy rayonu, Qızılhacılı qəsəbəsi (Abonent kodu: **********00000), 35.56 (otuz beş manat əlli altı qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdehndən tutularaq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri Cavabdeh İB-nin nümayəndəsi apellyasiya şikayəti verərək, Goranboy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(045)-2105/2023 saylı qətnaməsini ləğv edib, İddiaçı iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edərək Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi hissəsində gəldiyi nəticə səhvdir və bu səbəbdən əsassız qətnamə qəbul edilmişdir. Göründüyü kimi iddiaçıya 2023-ci ilin aprel ayında hesablanmış borc məbləği qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilərək iddiaçının abonent hesabına işlənmişdir. Lakin, məhkəmə qaz sayğacının iddiaçının iştirakı ilə (akta imza olunmaqla) şəbəkədən iddiaçının iştirakı ilə açılmış, sayğacın sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin sınıq olduğu yerində aşkarlanmış, lakin buna qiymət verilməmişdir. İş materiallarından da göründüyü kimi iddiaçı tərəf iddia tələbinə dair heç bir sübut təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş abonent saldosundan göründüyü kimi iddiaçının qaz hesabına 2023-ci ilin aprel ayında hər hansı əlavə hesabat yüklənməmişdir. Belə ki, ünvana quraşdırılmış qaz sayğacı abonentin nümayəndəsinin iştirakı ilə şəbəkədən açılarkən sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi yerində aşkarlanmış və bu barədə xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib edilmişdir. Birinci instansiya məhkəməsi İddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Məhkəmə sayğacdan kənar hər hansı hesabatın aparılmadığını nəzərə almamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya məhkəməsində icraat Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etirazını bildirərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə cavabdeh təşkilatın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanun: Maddə 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə Qaydaları: Maddə 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Maddə 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Tətbiq edilməli olan prosessual hüquq normaları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllləsinin; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1 Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb məruzəçi hakimi və iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin uzərinə düşür. MPM sübut etmə vəzifələrinin bölgüsünün ümumi qaydasını muəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübut etmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübut etmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası göstərir ki, iş materiallarında İddiaçı təbii qazdan istifadə etməsinə görə borcunun olması barədə heç bir sübut yoxdur. Hesablanmış borc isə qaz sayğacına müdaxilə edilməsi əsası ilə hesablanmışdır. Həmçinin qaz sayğacında ortaya çıxmış problemin məhz onun təqsiri üzündən yaranması sübut edilmir. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, irəli sürülən iddianı təmin etməklə birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri formal mülahizələr olmaqla qətnamənin ləğvinə əsas vermir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticəetibarı ilə qanuni vəəsaslı qətnamə qəbul etmişdir. Buna görə də, apellyasiya şikayətinin dəlilləri həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanmalıdır. Kollegiya qeyd edir ki, hazırki işdə iddianın qiyməti 1555.20 manatdır. Ona görə də, hazırki iş üzrə qəbul edilən qətnamədən kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin 2(045)-2105/2023 saylı mülki iş üzrə 05 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar