Məhkəmə qərarları › İş №2(104)-700/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-700/2023

07.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-700/2023 07.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 2(023)-872/2022 saylı 11 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 07 mart 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ-21723” markalı, Xetçbek tipli, 2013-cü il buraxılışlı, **-GB-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Gəncə şəhər Avtoservis Müəssisəsinin verdiyi 09 fevral 2022-ci il tarixli rəydən görünür ki, “VAZ-21723” markalı, Xetçbek tipli, 2013-cü il buraxılışlı, **-GB- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə 3797 manat maddi ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işinin başlanması rədd edilmiş, barəsində inzibati tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər BPİ-nin DYPŞ-nə göndərilmişdir. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 3(044)-236/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilmiş, zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki iddia qaldırmaq hüququ izah edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/4780 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Gəncə şəhər Avtoservis müəssisəsi” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “VAZ-21723” markalı, **- GB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci təxminən 3397.00 manat müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3797 manat midarında dəymiş ziyanın, mənəvi zərərə görə 1000 manat pulun və ödənilmiş 60 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2022-ci il tarixdə özünə məxsus, idarə etdiyi “VAZ-21723” markalı, Xetçbek tipli, 2013-cü il buraxılışlı, **-GB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri Gəncə-Şəmkir yolunun 1-ci kilometrliyində yerləşən Şəmkir avtovağzalının bərabərliyində baş yolla işıqforun yaşıl işığında hərəkətdə olarkən digər tərəfdən işıqforun qırmızı işığında hərəkətdə olan “ZAZ Slavuta” markalı avtomobili idarə edən Cavabdeh təqsiri üzündən, həmin avtomobil ilə toqquşaraq yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı o, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər almışdır. Həmçinin onun avtomobilinə ciddi ziyan dəymişdir. Bununla bağlı Gəncə şəhərində yerləşən "xxxx" Müəssisəsinə müraciət etmiş və müəssisənin 09 fevral 2022-ci il tarixli rəyinə əsasən onun avtomobilinə 3797 manat maddi zərər dəyməsi müəyyən edilmişdir. Onun avtomobilinə dəymiş zərər hazırkı vaxtadək cavabdeh tərəfindən ödənilməmişdir. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, avtoqəza nəticəsində iddiaçının avtomobilinə dəymiş zərərin nə qədər təşkil etməsindən məlumatı yoxdur. İddiaçıya dəfələrlə uşağının xəstə olmasını və maddi imkanının olmadığını bildirmişdir. Odur ki, iddianın qanuni həll olunmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 2(023)-872/2022 saylı mülki iş üzrə 11 oktyabr 2022-ci il tarixli (hakim: F.Məmmədov) qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 3397 ( üç min üç yüz doxsan yeddi) manat pul və ödənilmiş 60 (altmış) manat dövlət rüsumunun alınaraq, İddiaçı verilməsi, Cavabdeh ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manatın alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1 və1097.1, 1108.1, 1108.2 və 1108.3-cü maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 91.3, 106.1 və 217.4-cümaddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin 2(023)-872/2022 saylı mülki iş üzrə 11 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilib, iddianın təmin edilmiş hissəsində rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin dəymiş ziyanla bağlı hissədə gəlmiş olduğu nəticə əsassızdır. Belə ki, iddiaçı tələbinin əsasında duran halları mötəbər dəlillərlə sübuta yetirə bilməmişdir. Məhkəmə ziyan tələbini müəyyən edərkən işdə olan yalnız mütəxəssis rəyinə əsaslanmışdır. Hesab edir ki, həmin rəyə əsaslanıb iddianı təmin etmək düzgün deil. Belə ki, hadisə zamanı çəkilən fotoşəkillərdən də görünür ki, avtomobilə o qədər ziyan dəyə bilməz. Hesab edir ki, məsələni araşdırmaq üçün məhkəmə tərəfindən ekspertiza keçirilməli idi. Bundan başqa həmin ziyanın dəyməsi rəydə göstərilsə də, iddiaçı avtomobilin təmiri üçün o qədər pul xərcləməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsinin iddinın təmin edilmiş hissəsində ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya məhkəməsində icraat Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, şikayətin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1 - zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2 - Zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyəşəraitindəəldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1 - mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2 - delikt törətmişşəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Maddə 1108.1 - ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunu Maddə 36.3 - yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Prosessual hüquq normaları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 77.1 – hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1 - sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 88 - məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarina müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2 - qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Apellyasiya baxışının hədləri Maddə 372.1 - apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2 - yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6 - apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7 - apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1 - mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və məhkəmədə iştirak edən tərəfləri dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən edilən halları ondan ibarətdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə özünə məxsus, idarə etdiyi “VAZ-21723” markalı, Xetçbek tipli, 2013-cü il buraxılışlı, **-GB- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri Gəncə-Şəmkir yolunun 1-ci kilometrliyində yerləşən Şəmkir avtovağzalının bərabərliyində baş yolla işıqforun yaşıl işığında hərəkətdə olarkən digər tərəfdən işıqforun qırmızı işığında hərəkətdə olan Cavabdeh idarə etdiyi “ZAZ Slavuta” markalı avtomobili ilə toqquşaraq yol-nəqliyyat hadisəsi baş vermişdir. xx.xx.2022-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla Cavabdeh əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işinin başlanması rədd edilmiş, barəsində inzibati tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər BPİ-nin DYPŞ-nə göndərilmişdir. Daha sonra Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 3(044)-236/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qərarla Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilmiş, zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki iddia qaldırmaq hüququ izah edilmişdir. Gəncə şəhər Avtoservis Müəssisəsinin verdiyi 09 fevral 2022-ci il tarixli rəydən görünür ki, “VAZ-21723” markalı, Xetçbek tipli, 2013-cü il buraxılışlı, **-GB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə 3797 manat maddi ziyan dəymişdir. Bundan sonra dəymiş ziyanın müəyyən edilməsi üçün iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/4780 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Gəncə şəhər Avtoservis müəssisəsi” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “VAZ-21723” markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci təxminən 3397.00 manat müəyyən edilmişdir. Cavabdeh iddiaçıya dəymiş ziyanı ödəmədiyindən, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən qətnaməni qəbul etmişdir. Kollegiya hesab edir ki, məhkəmə irəli sürülən iddianı qismən təmin etməklə, iş üzrə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla, əsaslandırılmamışdır. Belə ki, hazırki işin faktiki halları ondan ibarətdir ki, iş üzrə cavabdeh olan Cavabdeh inzibati xəta törətməsi nəticəsində iddiaçının əmlakına, yəni, “VAZ-21723” markalı, Xetçbek tipli, 2013-cü il buraxılışlı, **-GB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə maddi zərər dəymişdir. Həmin zərərə görə cavabdeh iddiaçıya heç bir məbləğdə pul ödəməmişdir. Apellyatorun əsas dəlilləri avtomaşına dəymiş maddi zərərin və onun iddiaçı qarşısındakı maliyyə məsuliyyətinin düzgün müəyyən edilmədiyindəndir. Kollegiya qeyd edir işin bu halları işdə olan sübutlara əsasən müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus olan avtomaşına dəymiş zərərin məbləğinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən işə baxmış birinci instansiya məhkəməsi iş üzrə ekspertiza təyin etmiş və rəy alınmışdır. Artıq yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/4780 nömrəli rəyindən görünür ki, “VAZ-21723” markalı, Xetçbek tipli, 2013-cü il buraxılışlı, **-GB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş zərər 3797 manat müəyyən edilmişdir. Həmin rəyin iddiaçıya məxus olan avtomaşına dəymiş zərərin həddinin müəyyən edən mötəbər sübut növü kimi qəbul edilməməsi üçün heç bir əsas yoxdur. Bundan əlavə kollegiya qeyd edir ki, cavabdehin baş vermiş hadisədə təqsirli olması işin mübahisəsiz halı olmaqla, irəli sürülən iddianın təmin olunması üçün qanuni əsaslar mövcuddur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmişdir. Məhkəmə işin hallarını hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış, nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Qazax Rayon Məhkəməsinin 2(023)-872/2022 saylı mülki iş üzrə 11 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Hazırki mülki işdə iddianın qiyməti beş min manatdan az olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-cı maddəsinə əsasən bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPMin 384.0.1 və 402.1-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Qazax Rayon Məhkəməsinin 2(023)-872/2022 saylı mülki iş üzrə 11 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar