Məhkəmə qərarları › İş №2(104)-705/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-705/2025

28.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-705/2025 28.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə iddiaçı Əhmədova (Babazadə) Ülviyyə Yelmar qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Qarşılıqlı iddia üzrə Cavabdeh1 cavabdeh Əhmədova (Babazadə) Ülviyyə Yelmar qızına qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: əmlak tələbi Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Mustafayev Mustafa Əli oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Əhmədova (Babazadə) Ülviyyə Yelmar qızının iştirakı ilə, İlkin iddia üzrə iddiaçı Əhmədova (Babazadə) Ülviyyə Yelmar qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı qızıl-zinət əşyaları tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh Əhmədova (Babazadə) Ülviyyə Yelmar qızına qarşı əmlak tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 25 dekabr 2024cü il tarixli 2(013)-2465/2024 nömrəli qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Əhmədova (Babazadə) Ülviyyə Yelmar qızı tərəfindən verilmiş apellyasiya şikayətinə 28 aprel 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Nikahın pozulması haqqında 07 iyul 2024-cü il tarixli AZ-İ seriyalı 476934 seriyalı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə Babazadə Ülviyyə Yelmar qızı arasında olan nikah 01 aprel 2024-cü il tarixli məhkəmə qətnaməsi ilə pozulmuşdur.

2. "xxxx" MMC tərəfindən 19 avqust 2024-cü il tarixdə verilmiş qiymətləndirmə barədə rəydən görünür ki, əyarı 585, çəkisi 4,5 qram qızıl boyunbağının qiyməti 405 manat (hərf ilə), əyarı 583, çəkisi 15 qram boyunbağın qiyməti (klon ilə) qiyməti 1350 manat, əyarı 583 çəkisi, 4 qram brilyant qaşlı nişan üzüyün qiyməti 1000 manat, əyarı 585, çəkisi 13 qram boyunbağın qiyməti 1040 manat, əyarı 585, çəkisi 0,72 qram sırğa qiyməti 64,80 manat, əyarı 585, çəkisi 8 qram qızıl qolbaq qiyməti 630 manat, əyarı 585, çəkisi 5 qram şahmaran qolbağ qiyməti 450 manat, ümumi dəyər 4939,80 manat.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İlkin iddia üzrə iddiaçı Əhmədova (Babazadə) Ülviyyə Yelmar qızı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı qızıl-zinət əşyaları tələbinə dair iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada əyarı 585, çəkisi 4,5 qram, qiyməti 405 manat olan qızıl boyunbağı (hərf ilə), əyarı 583, çəkisi 15 qram, qiyməti 1350 manat boyunbağı (klon ilə), əyarı 583, çəkisi 4 qram, qiyməti 1000 manat brilyant qaşlı nişan üzüyü, əyarı 585, çəkisi 13 qram, qiyməti 1040 manat boyunbağı, əyarı 585, çəkisi 0,72 qram, qiyməti 64,80 manat sırğa, əyarı 585, çəkisi 8 qram, qiyməti 630 manat olan qızıl qolbaq, əyarı 585, çəkisi 5 qram, qiyməti 450 manat şahmaranın (qolbağın) naturada, həmin əmlalklar olmadıqda ümumi dəyəri 4939,80 manat, 50 manat mediasiya xidməti ödənişi və ödənilmiş dövlət rüsumu əvəzində 20 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

4. Əhmədova (Babazadə) Ülviyyə Yelmar qızı ilkin iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 04 iyul 2021-ci il tarixdə ailə qurmuş və sonuncunun valideynlərinə məxsus Bakı şəhərində yerləşən evə gəlin köçmüşdür. Nikahları toy mərasimindən əvvəl, yəni 25 may 2021-ci il tarixdə qeydə alınmışdır. Birgə nikahlarından uşaqları olmamışdır. Cavabdeh tərəf toy hədiyyəsi olaraq ona 405 manat dəyərində, əyarı 585, çəkisi 4,5 qram qızıl boyunbağı (hərf ilə), 1350 manat dəyərində, əyarı 583, çəkisi 15 qram boyunbağı (klon ilə), 1000 manat dəyərində, əyarı 583, çəkisi 4 qram brilyant qaşlı nişan üzüyü, 1040 manat dəyərində, əyarı 585, çəkisi 13 qram boyunbağı, 64,80 manat dəyərində, əyarı 585, çəkisi 0,72 qram sırğa, 630 manat dəyərində, əyarı 585, çəkisi 8 qram qızıl qolbaq, 450 manat dəyərində, əyarı 585, çəkisi 5 qram şahmaran qolbağı hədiyyə etmişlər. Cavabdeh1 ilə ayrılan zaman qızılzinət əşyaları cavabdeh tərəfdə qalmışdır. Cavabdehlər ağ qızıldan olan kompekti ona göndərsələrdə, lakin boyunbağını dəyişdirmişlər.

5. Cavabdeh1 Əhmədova (Babazadə) Ülviyyə Yelmar qızına qarşı əmlak tələbinə dair qarşılıqlı iddia verərək, ilkin iddianın nişan üzüyü istisna olunmaqla qalan hissədə rədd olunmasını, qarşılıqlı iddianın təmin edilərək nişan zamanı cavabdeh tərəfin ona hədiyyə etdiyi nişan üzüyünün, olmadığı təqdirdə 1000 manat dəyərinin Əhmədova (Babazadə) Ülviyyə Yelmar qızından alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Qarşılıqlı iddia tələbi onunla əsaslandırlmışdır ki, İddiaçı ona toy hədiyyəsi olaraq 1000 manat dəyərində üzük hədiyyə etmişdir. Sonuncu evdən gedərkən cehiz və qızıl-zinət əşyalarını, həmçinin ona hədiyyə olunmuş 1000 manat dəyərində nişan üzüyünü də özü ilə aparmışdır. İddiaçı məxsus nişan üzüyü ondadır və geri qaytarmağa etiraz etmir.

7. Ağdam Rayon Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli 2(013)-2465/2024 nömrəli qətnaməsi ilə (hakim M.Niftəliyev) ilkin iddia Cavabdeh3 qarşı qismən təmin edilməsi; Cavabdeh3 çəkisi 5 qram, əyarı 585, qiyməti 450 manat olan qızıl şahmaran (bilərzik-üzük), çəkisi 4,5 qram, əyarı 585, qiyməti 405 manat qızıl boyunbağı, çəkisi 0,72 qram, əyarı 585, qiyməti 64,8 manat olan qızıl sırğa dəsti, çəkisi 4 qram, əyarı 583, qiyməti 1000 olan brilyant qaşlı qızıl nişan üzüyü, həmin əmlaklar olmadıqda onların dəyəri, mediasiya xidmətinə ödənilmiş məbləğə 50 manat və ödənilmiş dövlət rüsumu əvəzində 20 manat alınaraq İddiaçı verilməsi; İddiaçı Cavabdeh3 qarşı olan iddiasının qalan - əyarı 583, çəkisi 15 qram, qiyməti 1350 manat boyunbağı (klon ilə), əyarı 585, çəkisi 13 qram, qiyməti 1040 manat boyunbağı, əyarı 585, çəkisi 8 qram, qiyməti 630 manat olan qızıl qolbağın naturada və ya pulla dəyərinin tələbinə dair hissəsi, həmçinin Cavabdeh2 və Cavabdeh1 qarşı olan tələbi rədd edilməsi; Qarşılıqlı iddia təmin edilməsi; İddiaçı qiyməti 1000 manat olan qızıl nişan üzüyü, həmin əmlak olmadığı təqdirdə dəyəri olan 1000 manat alınaraq Cavabdeh1 verilməsi qət edilmişdir.

8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2., 660.1. maddəsi, Ailə Məcəlləsinin 34.1. maddəsi, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 124, 216-220, 227, 233, 357 maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

9. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Əhmədova (Babazadə) Ülviyyə Yelmar qızı apellyasiya şikayəti verərək, ilkin iddia tələbinin təmin olunmaması hissədə qətnamənin ləğv edilməsini, həmin hisədə iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinin təmin edilməməsi hissədə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Belə ki, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, eləcədə subutlara düzgün hüquqi qiymət verilməmişdir. İlkin iddia tələbində qeyd etdiyi bütün əmlaklar cavabdehlərdə qalmışdır. Cavabdeh qızıl-zinət əşyalarını qaytarmaqdan yayınmaq üçün müxtəlif bəhanələr gətirmiş, birinci instansiya məhkəməsidə iddianı qismən təmin etmişdir. Halbu ki, Cavabdeh3 izahatında bildirmişdir ki, iddiaçıya məxsus şahmaran boyunbağınə (deməsinə görə 95 manat dəyərində) eləcədə bir cüt sırğanı (deməsinə görə 140-150 manat dəyərində) satmışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Əhmədova (Babazadə) Ülviyyə Yelmar qızı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, ilkin iddia ərizəsində qedy etdiyi qızl-zinət əşyaları ona hədiyyə olunmuşdur. Atası evinə gedəndə qızılları özü ilə aparmağa imkan olsada, nədənsə aparmaq ağlına gəlməmişdir. Qızıllar hazırda cavabdehlərdədir. Cavabdeh1 məxsus nişan üzüyünü onun özünə qaytarmışdır. Əhmədova (Babazadə) Ülviyyə Yelmar qızı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 (eləcədə qarşılqılı iddia üzrə iddiaçı), Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi

14. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəkilində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

15. Maddə 157.2 Mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

16. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

17. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

18. Maddə 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır.

19. Maddə 666. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Mənəvi və ya əxlaqi borcun icrası bağışlama sayılmır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

24. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.02. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

25. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Verilmiş apellyasiya şikayətinin məzmunundan görünür ki, qətnamə ilkin iddia tələbinin edimin edilməməsi hissədə mübahisələndirmişdir. Ona görə də kollegiya hesab edir ki, qətnamə mübahisələndirilən hissədə yoxlanılmalıdır.

29. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. Buna görə də, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apelyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

31. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, Əhmədova (Babazadə) Ülviyyə Yelmar qızı ilə Cavabdeh1 nikahlarını rəsmiləşdirərək ailə qurmuşlar. İddiaçı nişan və toy mərasimlərində, eləcədə toydan sonra ona qızıl-zinət əşyaları hədiyyə olunmasını, ailə münasibətləri pozulduqdan sonra isə hədiyyə olunmuş həmin əşyaların, yəni əyarı 585, çəkisi 4,5 qram, qiyməti 405 manat olan qızıl boyunbağı (hərf ilə), əyarı 583, çəkisi 15 qram, qiyməti 1350 manat boyunbağı (klon ilə), əyarı 583, çəkisi 4 qram, qiyməti 1000 manat brilyant qaşlı nişan üzüyü, əyarı 585, çəkisi 13 qram, qiyməti 1040 manat boyunbağı, əyarı 585, çəkisi 0,72 qram, qiyməti 64,80 manat sırğa, əyarı 585 çəkisi 8 qram, qiyməti 630 manat olan qızıl qolbaq, əyarı 585, çəkisi 5 qram, qiyməti 450 manat şahmaranın (qolbağın) cavabdehlərdə qalmasını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, Cavabdeh1 da qarşılıqlı iddia verərək Əhmədova (Babazadə) Ülviyyə Yelmar qızından 1000 manat dəyərində nişan üzüyünün alınıb ona verilməsini məhkəmədən xahiş etmiş, işə baxan birinci instansiya məhkəməsidə ilkin iddianı qismən, qarşılıqlı iddianı tam təmin etmişdir. Yuxarıda da qeyd olunduğu kimi qətnamə ilkin iddianın təmin edilməməsi hissədə mübahisələndirilir.

32. Kollegiya qətnamə mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə 585 əyyarlı, 13 qram çəkidə olan 1040 manat dəyərində qızıl boyunbağının təmin edilməməsi hissədə ləğv edilməli, həmin hissədə iddia tələbi Cavabdeh3 münasibətdə təmin edilməlidir.

33. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı Cavabdeh3 izahatında göstərmişdir ki, iddiaçıya məxsus 95 manat dəyərində şahmaran, boyunbağı və 140- 150 manat dəyərində sırğanı birlikdə 450 manata satmışdır. Göründüyü kimi Cavabdeh3 qızıldan ibarət şahmaran, boyunbağı və üzüyü satmasını etiraf etmişdir. Cavabdehlərdən üç ədəd boyunbağı tələb olunmuş, birinci instansiya məhkəməsi 405 manat dəyərində olan 4,5 qram boyunbağı (hərflə) təmin etmişdir. 1350 manat dəyərində 15 qram çəkidə olan boyunbağı (klonla) və dəyəri 1040 manat olan 13 qram boyunbağı təmin olunmamışdır. Cavabdeh izahatında klon və hərflə olan boyunbağıların deyil, boyunbağının satılmasını etiraf etdiyindən belə qənaətə gəlmək olur ki, cavabdeh tərəfindən satılan boyunbağı məhz 1040 manat dəyərində 13 qram çəkidə olan tək boyunbağı olmuşdur.

34. Qətnamə mübahisələndirilən qalan hissələrdə, yəni əyarı 583, çəkisi 15 qram, qiyməti 1350 manat boyunbağı (klon ilə) və əyarı 585, çəkisi 8 qram, qiyməti 630 manat olan qızıl qolbağın təmin edilməməsi hissədə isə kollegiya hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı həmin əmlakların cavabdehlərdə qalmasını iddia etsədə, lakin sonuncu bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir.

35. Halbuki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri).

36. Qeyd olunanlara əsasən məhkəmə kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağdam Rayon Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli 2(013)-2465/2024 nömrəli qətnaməsi “585 əyyarlı, 13 qram çəkidə olan 1040 manat dəyərində qızıl boyunbağının təmin edilməməsi” hissədə ləğv edilməli, həmin hissədə iddia təmin olunmalı, Cavabdeh3 585 əyyarlı, 13 qram çəkidə olan 1040 manat dəyərində qızıl boyunbağı, həmin əmlak olmadıqda onun dəyəri alınıb iddiaçı Əhmədova (Babazadə) Ülviyyə Yelmar qızına verilməli, mübahisələndirilən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

37. Qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384, 385, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı Əhmədova (Babazadə) Ülviyyə Yelmar qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli 2(013)-2465/2024 nömrəli qətnaməsi “585 əyyarlı, 13 qram çəkidə olan 1040 manat dəyərində qızıl boyunbağının təmin edilməməsi” hissədə ləğv edilsin. Həmin hissədə iddia təmin olunsun. Cavabdeh3 585 əyyarlı, 13 qram çəkidə olan 1040 manat dəyərində qızıl boyunbağı, həmin əmlak olmadıqda onun dəyəri alınıb iddiaçı Əhmədova (Babazadə) Ülviyyə Yelmar qızına verilsin. Mübahisələndirilən qalan hissədə, yəni əyarı 583, çəkisi 15 qram, qiyməti 1350 manat boyunbağı (klon ilə), əyarı 585, çəkisi 8 qram, qiyməti 630 manat olan qızıl qolbağın təmin edilməməsi hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar