Məhkəmə qərarları › İş №2(104)-721/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-721/2024

07.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-721/2024 07.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 06 aprel 2023-cü il tarixli 2(125)- 920/2023 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, vurulmuş maddi zərərin əvəzi qismində 1500 manat və mənəvi zərərin əvəzi qismində 1000 manat pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını etmişdir. Gəncə Şəhər Məhkəməsinin 06 aprel 2023-cü il tarixli 2(125)-920/2023 nömrəli qətnaməsi ilə (hakim Camal Quliyev) İddiaçı iddiası qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada vurulmuş maddi zərərin əvəzi qismində 1.200 (bir min iki yüz) manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 32 (otuz iki) manat, 1.232 (bir iki yüz otuz iki) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması; İddiaçı iddiasınin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, bacısının evinin arxasında yerləşən boş torpaq sahəsində arıçılıqla məşğul olmuş, bunun üçün də həmin sahəyə arı yeşikləri və topladığı balı saxlamaq üçün dəmir şkaf yerləşdirmişdir. 2022-ci ilin mart ayında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həmin torpaq sahəsinin Cavabdeh2 məxsus olduğunu bildirərək, ona məxsus 7 ədəd arı yeşiyini və arı ailələrini, o cümlədən, şkafda olan bal bankalarını dağıtmışlar. Yeşiklərin dağıdılması nəticəsində ona 600 manat, dəmir şkafda olan 30 kiloqram balın dağıdılması nəticəsində isə 900 manat olmaqla, cəmi 1500 manat maddi zərər vurulmuşdur. Cavabdeh2 qeyd olunan torpaq sahəsinin özünə məxsus olması barədə ona heç bir məlumat verməmişdir. Hətta məlumat vermiş olsa belə, T qanuni üsullarla ona qarşı öz etirazını bildirməli, məhkəmə hüquq müdafiə vasitəsindən istifadə etməli idi. Lakin Cavabdeh2 bacısı qızı olan digər Cavabdeh1 ilə birlikdə qanunsuz vasitə və üsullardan istifadə edərək, ona maddi və mənəvi zərər vurmuşlar. Hər iki cavabdehin hərəkəti eyni mahiyyətli olmuşdur. Cavabdehlərin hərəkətləri nəticəsində o stress və əsəb keçirmiş, mənəvi iztirab yaşamışdır. Bu mənəvi iztirab ona ağır mənəvi zərərə səbəb olmuşdur. Buna görə də, o pozulmuş hüquqlarının təmin edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarında olan: Göygöl Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 3(066)-116/2022 nömrəli qərarının surətindən görünür ki, 14 fevral 2022-ci il tarixdə saat 18:35-də Cavabdeh2 DİN-nin 102 xidmətizəng mərkəzi sisteminə zəng edərək qonşusu ilə aralarında münaqişə olması və qonşusunun avtomobili daşlayaraq ziyan vurması barədə məlumat vermişdir. Eyni zamanda 14 fevral 2022-ci il tarixdə Gəncə şəhəri, N.Nərimanov küçəsi, bina 3, mənzil 38-də yaşayan Cavabdeh2 Göygöl RPŞyə ərizə ilə müraciət edərək Göygöl rayonu, Yeni Qızılca kəndində 0.12 ha torpaq sahəsi olmasını, həmin əraziyə Adil adlı şəxsin arı yeşiklərini yığmasını, həmin tarixdə ora getdikdə Adilə adlı qadınla arasında mübahisə yaranmasını, mübahisə zamanı Adilənin onun bacısı qızına məxsus «Hunday Elantra» markalı, ** DB *** dövlət qeydiyyat nişanlı avtomobili daşla vuraraq bacısı qızına 200 manat ziyan vurmasını bildirərək araşdırma aparılmasını, Adilin onun torpağını boşaltmasını, eyni zamanda Adilə Bağırovanın məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli 200 manat məbləğdə cərimə tənbehi tətbiq edilmişdir; Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, hər ay bir dəfə İddiaçı 2-3 kiloqram bal alır. Hər dəfə bal alərkən İddiaçı arı yeşiklərinin yanındakı şkafdan bal götürüb ona vermişdir. Buna görə də o, həmin dəmir şkafda hər dəfə təxminən 40-45 kiloqram bal olduğunu görmüşdür. Sonuncu dəfə isə o, 2022-ci ilin yaz aylarında İddiaçı yanına bal almağa getmişdir. Lakin bu dəfə o, arı yeşiklərinin dağıldını, şkafın isə aşdığını görmüşdür. Həmin vaxt təxminən 7-8 ədəd arı yeşiyi qırılmış, aşmış şkafdan isə təxminən 30 kiloqram bal yerə dağılmışdır. O, balın çəkisini həm miqdarına, həm də qırılan bankalara görə təxmin edir. Nə baş verməsi ilə maraqlandıqda İddiaçı arı yeşiklərini və şkafı torpaq sahibinin və sonuncunun bacısı qızının dağıtdığını söyləmişdir; Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, İddiaçı uzun müddətdir ki, bal satışı ilə məşğul olan biri kimi tanıyır. Hadisə 2022-ci ilin mart ayında baş vermişdir. O, iddiaçının yanına bal almaq üçün getmiş və həmin vaxt baş verənlərə şahid olmuşdur. Belə ki, iki nəfər qadın İddiaçıla mübahisə edərək, sonuncuya məxsus arı yeşiklərini dağıtmış, arı yeşiklərinin yanında olan dəmir şkafı aşırmışdır. Həmin qadınlar səs-küy saldıqlarına görə o, əvvəlcə həmin şəxsləri sakitləşdirməkdə İddiaçı köməklik etməyi düşünsə də, onun öz ailəsi avtomobildə əyləşib onu gözlədiyinə görə sonradan o, bu fikrindən daşınmışdır. Həmin vaxt o, təxminən 7-8 ədəd arı yeşiyinin qırıldığını, 30 kiloqram çəkidə balın dəmir şkafdan axdığını görmüşdür. Əvvələr isə o, İddiaçı bal aldıqda, orada 15-dən çox arı yeşiyinin, dəmir şkafda təxminən 35-40 kiloqram bal olduğunu görmüşdür; Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, İddiaçı onun dayısıdır. Cavabdeh2 onun yaşadığı evin qonşuluğunda torpaq sahəsi satın almışdır. İddiaçı uzun müddətdir ki, öz arı yeşiklərini və bal saxladığı dəmir şkafını həmin torpaq sahəsində saxlayır. 2022-ci ilin mart ayında Təzəgül və Süadə oraya gələrək, iddiaçıya məxsus olan arı yeşiklərini qırıb dağıtmış, dəmir şkafı aşırtmışdırlar. Dəmir şkaf aşdığına görə, İddiaçı içərisində təxminən 30 kiloqram bal olan qabları sınmış, bal yerə tökülərək, yararsız hala düşmüşdür. Təzəgül və Süadənin bu əməli nəticəsində İddiaçı məxsus 7-8 ədəd arı yeşiyi qırılmışdır; Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, mütəmadi olaraq İddiaçı bal alır və onunla bu əsaslarla tanışdır. O, 2022-ci ilin may ayında bal almaq üçün İddiaçı yaxınlaşmışdır. Həmin vaxt o, iddiaçının orada qoyduğu arı yeşiklərinin qırıldığını, dəmir şkafın aşdığını, şkafdan yerə bal axdığını görmüşdür. O nə baş verdiyini İddiaçı soruşduqda, sonuncu torpaq sahibi olan Təzəgülün bacısı qızı Süadə adlı qohumu ilə birlikdə oraya hücum edərək, yeşikləri qırdığını və şkafı aşırdığını bildirmişdir; "xxxx" MMC-nin 18 aprel 2022-ci il tarixli, 0237 nömrəli rəyindən görünür ki, siyahı üzrə arıçılıq avadanlıqlarına və bal məhsuluna qiyabi baxış keçirərək, onların 18 aprel 2022-ci il tarixinə olan bazar qiymətlərini müəyyən etmişdir. 7 ədəd boş arı yeşiyinin dəyəri 300 manat, 30 kiloqram təmiz balın dəyəri 900 manat müəyyən edilmişdir; Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh2 adına verilmiş çıxarışın surətindən görünür ki, Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən 0.12 ha torpaq sahəsinə Cavabdeh2 mülkiyyət hüququ 22 oktyabr 2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi qeydiyyata alınmışdır; Apellyasiya şikayətinin dəlilləri: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. İşin həqiqi və faktiki halları ondan ibarətdir ki, 13 oktyabr 2010-cu il tarixli, AN-İ ******* nömrəli, daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satıcı X3 Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən 0.12 ha torpaq sahəsi almışdır. Daşınmaz əmlakın satış qiyməti 9000 manat olmuşdur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh2 adına 22 oktyabr 2010-cu il tarixdə çıxarış verilmişdir. Maddi imkanı olmadığına görə Cavabdeh2 həmin torpaq sahəsində ev tikə bilməmişdir. Bir neçə il əvvəl qonşuluqda torpaq sahəsi olan Bağırova Adilə öz torpaq sahəsində ev tikərkən bir metr enində, ev boyu Cavabdeh2 torpaq sahəsinə girdiyinə görə aralarında narazılıq yaranmış, Təzəgül ona tikilinin həmin hissəsini sökdürəcəyini bildirdikdə, Adilə Təzəgülə həmin sahənin əvəzində həyətinin digər hissəsindən torpaq verəcəyini bildirdiyinə görə, Təzəgül qonşuluq münasibətini pozmamaq üçün onunla razılaşmışdır. 2021-ci ildən başlayaraq Adiləgil Cavabdeh2 torpaq sahəsinə özbaşına, yəni onun razılığı olmadan arı yeşikləri qoyub, eyni zamanda küçə tərəfdən boyhaboy məftillə bağladıqları üçün Təzəgül onlardan məftili söküb, arı yeşiklərini çıxartmalarını tələb etdiyinə görə aralarında yenidən narazılıq yaranmışdır. Cavabdeh2 həmin torpaq sahəsini satmaq niyyətində olduğuna görə alıcılar torpaq almaq üçün ora gedib baxan müştəriləri qovmaqla, guya torpaq sahəsi Təzəgülə deyil, onlara məxsus olmasını deməklə Cavabdeh2 zərər vurmuşlar. Axırıncı dəfə Təzəgül 2022-ci ilin fevral ayının 14-də yaxın qohumu Süadə ilə birlikdə sonuncunun maşını ilə öz torpağına baş çəkməyə getmişdir. Dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq, çəpəri sökmədiyinə və arı yeşiklərini çıxartmadığına görə aralarında mübahisə yaranmış və Cavabdeh2 onun arı yeşiklərini özü çıxarmağa məcbur olmuşdur. 3 ədəd boş yeşiyi çıxardandan sonra, onlar yəni Adil və bacısının ailəsi onlara hücüm edib, dava-dalaş salmış və onları daşa basmışlar. Nəticədə onlar Süadənin maşınını daşla əzdiklərinə görə, Cavabdeh2 məcbur olub DİN 102 xidmətinə zəng edib kömək göndərilməsini xahiş etmişdir. Az bir müddətdən sonra Post Patrul xidməti maşınında 2 nəfər polis işçisi hadisə yerinə gəlmiş, onlar hər iki tərəfdən şifahi izahat almış, sonra hadisə yerində foto və video çəklişlər etmişlər. Bundan sonra cavabdehlər polislərlə birlikdə oranı tərk etmişlər. 2-3 gündən sonra cavabdehlər birlikdə yenidən onların torpaq sahəsini boşaldıb-boşaltmadıqlarını öyrənmək üçün yenidən oraya getmişlər. Onlar gedənə qədər İddiaçı oranı boşaltmasa da, cavabdehlərin yanında setkanı sökməyə başlamış və Təzəgül orada onun sökməsini videolentə almışdır. Adilin bacısının ailəsi yenidən cavabdehlərə qarşı əxlaqsız söyüşlər işlətmişlər. Təqribən 1 ay sonra X1 maşınına vurduğu zərərə görə Göygöl Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli qərarı ilə cərimə edilmişdir. 2022-ci ilin dekabr ayında məhkəmədən onlara bildiriş və İddiaçı ərizəsinin surəti gəlmişdir. İlk dəfə həmin ərizəni aldıqdan sonra cavabdehlərə məlum olmuşdur ki, guya 2022-ci ilin mart ayında guya cavabdehlər iddiaçının arı yeşiklərini dağıtmaqla və bal bankalarını sındırmaqla Adilə zərər vurmuşlar. Hadisə günündən başlamaqla həmin vaxta qədər iddiaçı tərəf bu barədə nə cavabdehlərə, nə də ki, polis əməkdaşlarına heç bir söz deməmişdir. Çünki bundan əvvəl Göygöl Rayon Məhkəməsində Adilə Bağırovanın Cavabdeh1 maşınını daşlayıb zərər yetirməsi ilə bağlı inzibati işə baxılmışdır. Daha sonra isə Gəncə Şəhər Məhkəməsində 2023-cü ilin əvvəlində X2 Cavabdeh2 qarşı “pul tələbinə” dair iddiasına baxılaraq nəticə verilmişdir. Hazırkı iş üzrə cavabdehlər yekun məhkəmə iclasında iştirak etməsələr də, məhkəmə hazırlıq iclasında iştirak edərək sübutlarını və əsaslı şifahi dəlillərini məhkəməyə təqdim etmişlər. Şifahi dəlillərində bildirmişlər ki, onlar tərəfindən həmin günü iddiaçı tərəfə heç bir zərər yetirilməmişdir. İddiaçının guya bal bankası saxladığı dəmir yeşiyə toxunulmamış, yalnız Cavabdeh2 tərəfindən 3 ədəd boş arı yeşiyi küçəyə çıxarıldıqdan sonra iddiaçı tərəf onlara hücum edərək dava-dalaş salmış və Süadənin maşınını daşla əzmişlər. Bundan sonra, Cavabdeh2 çağırışı ilə hadisə yerinə polis əməkdaşları gəlmiş, həmin vaxtı iddiaçı tərəf bal bankalarının qırılmağı barədə polisə heç nə bildirməmişdir. Hazırkı iş üzrə iddiaçıya zərər yetirilməsi halı təsdiq olunmur. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan, müdafiə üçün güc işlətmək ixtiyarı vardır. İddaçının zəbt edib, oranı özbaşına setkalayıb, arı yeşiyi qoyduğu torpaq, Cavabdeh2 xüsusi mülkiyyətində olmaqla, həmin torpağın sahibliyinin ona məxsus olması mübahisəsizdir. Cavabdeh2 iddiaçı tərəfə həmin torpaqdan arı yeşiklərini çıxartması və məftilin sökülməsi barədə dəfələrlə tələbi olması da mübahisəsiz haldır. Çünki işdə olan Gəncə Şəhər Məhkəməsinin 2(125)-540/2023 nömrəli qətnamədən də görünür ki, İddiaçı bacısı qızı Adilə Bağırova 2016-cı ildən qonşu torpaq sahəsinin yiyəsi Cavabdeh2 guya 1000 manat pul verib oranı aldığını göstərmiş, Cavabdeh2 isə həmin torpağı ona satmaqdan imtina etdiyinə görə həmin pulu Cavabdeh2 tələb etmişdir. Həmin qətnamədən də görünür ki, hazırkı iş üzrə iddiaçı tərəf və mübahisəli torpaq sahəsinə bitişik olan evdə yaşayan iddiaçının bacısı qızı olan Adilə Bağırova ilə uzun müddətli mübahisəsi vardır. Cavabdeh2 öz sahiblik hüququnu qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün, onun boş arı yeşiklərini kənara çıxarmaqla güc işlətmək ixtiyarına malik olmuşdur. Cavabdeh bunu məhkəmədə etiraf edərək bildirmişdir ki, İddiaçı onun torpağından boş arı yeşiklərini çıxarmadığı üçün o, setkanın bir hissəsini qopardaraq, 3 ədəd arı yeşiyini çıxarıb küçəyə atdıqdan sonra, İddiaçı və onun qohumları onlara hücum edərək onun hərəkətinin qarşısını almaq üçün küçədə dayanmış maşınlarını daş-qalaq etmişlər. Bundan sonra Təzəgül 102 xidmətinə zəng edib polis çağırmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar ziddiyyətli və qondarma olmaqla, inandırıçı və ağlabatan deyil. Belə ki, şahid qismində dindirilmiş X2 ifadəsi sübut kimi qəbul edilə bilməzdi. Çünki həmin şəxs iddiaçının bacısı qızı olmaqla Cavabdeh2 torpaq sahəsinin qonşuluğunda yaşayan və onunla uzun müddətli münaqişədə olan şəxsdir. Onun ev tikərkən Cavabdeh2 torpaq sahəsinə girməsi və dayısının arı yeşiklərini onun həyətində yerləşdirməsi nəticəsində onların uzun müddətli münaqişəsi olmuş və hadisə günü o, cavabdeh tərəfi daşladığına görə məhkəmə məsuliyyətinə cəlb edilmişdir. Bundan başqa, Adilə Bağırova məhkəmədə baxılan 2(125)-540/2023 nömrəli iş üzrə Cavabdeh2 qarşı iddiaçı qismində iştirak etmişdir. Belə bir şəxsin ifadəsi sübut kimi qəbul edilə bilməz. Digər şahid Çingiz İmanov məhkəmədəki ifadəsində göstərmişdir ki, guya o, 2022-ci ilin yaz aylarında İddiaçı yanına bal almağa getmiş, guya həmin vaxt arı yeşiklərinin dağıldığını və şkafın aşdığını görmüş və aşmış şkafdan təxminən 30 kiloqram balın yerə töküldüyünü görmüşdür. Bu ifadənin qondarma və nağılabənzər olduğu və işin digər həqiqi halları ilə uzlaşmadığı açıq aydın görünür. Həmin şahidin 14 fevralda baş vermiş hadisənin nəticəsini guya yaz aylarında görməsi, guya yaz aylarında hələ də, aşmış şkafın yerdə olması və 30 kiloqram balın axmasını görməsi mümkünsüz olan və daha çox öyrədilməyə uyğun gələn bir ifadədir. X12 adından qətnamədə yazılanlar yalandır və heç cürə həqiqətə uyğun gəlmir. Yazılır ki, guya o, mart ayında bal almağa gələndə baş verənlərin şahidi olmuşdur. Guya dava-dalaşı gözləri ilə görmüşdür. Nicat həmin vaxtı öz maşını və ailəsi ilə birlikdə orada olsaydı video çəkilişə düşərdi. Videoda küçə bütöv görünür. Orada Cavabdeh1 maşınından başqa maşın yoxdur. Eyni zamanda, hadisə yerində kənar şəxs yoxdur. X9 də ifadəsi yalandır. Çünki o, qeyd edir ki, guya may ayında bal almağa gəlib və dəmir şkafın aşdığını və yerə bal axdığını görüb. 3 aydan sonra şkafın aşılı qalaraq oradan bal axmasına inanmaq ancaq sadəlövhlük ola bilər. Bütün şahid ifadələrinin yalanlığını təsdiq edən fakt odur ki, dava-dalaşdan dərhal sonra Cavabdeh2 102 xidmətinə zəngindən sonra hadisə yerinə 2 nəfər polis gəlmiş, yerində araşdırma aparmış, telefonla video və foto çəklişləri aparmışdır. Əgər Adilin bal bankaları qırılıb, balı yerə axsaydı, həmin vaxt bunu onlara bildirər, şikayət edər, bunu polislər çəkər, çəkmədiyi halda isə onu özü çəkib saxlayardı. İnandırıcı deyildir ki, adamın üstünə hücüm edib onun yeşiklərini qırırlar, 30 banka balını qırıb yerə axıdırlar, o isə bundan şikayətçi olmur. Bundan başqa bildirir ki, cavabdeh tərəfdə hadisədən 2-3 gün sonra yerində çəkilmiş ikinci video var ki, orada İddiaçı Təzəgülün torpağına çəkdiyi dəmir setkanı sökür. Arxada dəmir şkaf düz dayanmış və yıxılmamış vəziyyətdədir. Şahidlər isə bildirirlər ki, ayrı-ayrı vaxtlarda gələndə guya şkafı yıxılı və balları axdığı vəziyyətdə görüblər. Belə çıxır ki, Adilin yıxılmış şkafından həftələrlə bal axıb. Belə olsaydı Adilin hadisədən dərhal sonra şkafı qaldırıb, bal axmasını dayandırıb, axmamış hissəsini yığıb, daha az ziyana düşməməsinə çalışardı. Qətnamədə Smart-KreditMMC-nin 18 aprel 2022-ci il tarixli rəyinə də, istinad edilmişdir. Həmin rəyin məzmunundan görünür ki, mötəbər deyildir. 2 ay sonraya aid, qiyabi baxış, yəni rəy üçün sifariş verənin sözü əsasında yeşiyi və balı görmədən ümumi bir məlumatı rəy hesab edib, sübut kimi qəbul etmək MPM-nin tələblərinin kobud pozuntusudur. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı ona dəymiş maddi ziyanı sübut etməlidir. Baş vermiş hadisə Gögyöl rayon Polis Şöbəsində inzibati xəta hadisəsi olaraq qeydə alınmışdır. Belə ki, tərəflər arasında dava olmuş və cavabdeh tərəf Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə müraciət etmişdir. Müraciət əsasında polis əməkdaşları əraziyə gəlmiş və tərəflərin şifahi izahatları alınmışdır. Həmin vaxt iddiaçı tərəf ona məxsus balın cavabdeh tərəfindən yerə axıdıldığını, habelə arı yeşiyinin aşdığı deməmişdir. Cavabdeh1 xalası Təzəgül Məhərəmovaya məxsus torpaq sahəsindən iddiaçının 3 boş yeşik çıxardığını bildirir. İddiaçı isə iddia edir ki, guya 10 ədəd boş yeşiyi sınıb və 30 kq balı məhv olub. Bundan başqa, Cavabdeh2 iddiaçıya ona məxsus torpaq sahəsindən çıxmasını dəfələrlə tələb etsə də, lakin iddiaçı buna məhəl qoymamışdır. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasıın, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, hadisə baş verən günü bacısı qızı Adilə Bağırova onlara gələndə cavabdehlər arı yeşiklərini yerindən götürərək yola atmışlar. Cavabdehlərlə aralarında mübahisə yarananda bacısı qızı Adilə Bağırova da orada olmuşdur. Cavabdeh tərəf onun ünvanına təhqiredici və biədəb ifadələr işlətmişdir. Cavabdehlər ona məxsus arı yeşiklərini yerə ataraq qırmışlar, həmçinin içərisində 700 qram olan 30 ədəd bal bankasını sındırmışlar. Beləliklə, cavabdehlər tərəfindən ona ziyan vurulmuşdur. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir». Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin olunmuş və iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Yalnız cavabdehlər birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişlər. Onlar apellyasiya şikayətində qətnamənin tamamilə ləğv olunmasını xahiş etsələr də, lakin apellyasiya şikayətinin məzmunundan müəyyən olunur ki, qətnamə iddia tələbinin təmin olunmuş hissəsində mübahisələndirilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslığı yalnız mübahisələndirilən hissə üzrə yoxlanılmalıdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hisədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən 0.12 ha torpaq sahəsi Cavabdeh2 xüsusi mülkiyyətindədir. İddiaçı həmin torpaq sahəsində arıçılıq təsərrüfatı ilə məşğul olaraq yeşiklərdə arı saxlamış və təsərrüfatdan əldə etdiyi bal məhsullarının satışı ilə məşğul olmuşdur. Cavabdeh2 bacısı qızı olan digər Cavabdeh1 ilə birlikdə həmin torpaq sahəsinə gəlmişlər və tərəflər arasında mübahisə yaranmışdır. İddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək iddia etmişdir ki, cavabdehlər tərəfindən ona məxsus arı yeşiklərinin yerləşdiyi şkaf dağıdılmış və nəticədə 7 ədəd arı yeşiyi sındırılmış, həmçinin 30 kiloqram balı yerə axmışdır. MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəlləsinin) 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə kollegiyası yoxlanılan hissədə iddia tələbinin təmin olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. İşin müəyyən olunmuş və faktiki hallarına əsasən 14 fevral 2022-ci il tarixdə Cavabdeh2 DİNnin 102 xidmətinə zəng edərək qonşusu ilə aralarında münaqişə olması və qonşusunun avtomobili daşlayaraq ziyan vurması barədə məlumat vermişdir. Eyni zamanda 14 fevral 2022-ci il tarixdə Gəncə şəhəri, N.Nərimanov küçəsi, bina 3, mənzil 38-də yaşayan Cavabdeh2 Göygöl RPŞ-yə ərizə ilə müraciət edərək Göygöl rayonu, Yeni Qızılca kəndində 0.12 ha torpaq sahəsi olmasını, həmin əraziyə Adil adlı şəxsin arı yeşiklərini yığmasını, həmin tarixdə ora getdikdə Adilə adlı qadınla arasında mübahisə yaranmasını, mübahisə zamanı Adilənin onun bacısı qızına məxsus «Hunday Elantra» markalı, ** DB *** dövlət qeydiyyat nişanlı avtomobili daşla vuraraq bacısı qızına 200 manat ziyan vurmasını bildirərək araşdırma aparılmasını, Adilin onun torpağını boşaltmasını, eyni zamanda Adilə Bağırovanın məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Həmin vaxt tərəflər arasında mübahisə yaranması və cavabdehlərin iddiaçıya məxsus arıçılıq təsərrüfatına dair əşyalarını Cavabdeh2 məxsus torpaq sahəsindən çıxartmaları işin mübahisəsiz halıdır. Qeyd olunan hal cavabdeh tərəfin apellyasiya şikayətinin dəlilləri ilə də öz təsdiqini tapır. Belə ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayətində qeyd etmişlər ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, iddiaçı çəpəri sökmədiyinə və arı yeşiklərini çıxartmadığına görə aralarında mübahisə yaranmış və onlar iddiaçının arı yeşiklərini özləri çıxartmağa məcbur olmuşlar. Beləliklə, işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir ki, həqiqətən də Cavabdeh2 məxsus torpaq sahəsində olan iddiaçının arı təsərrüfatı ilə əlaqədar bal saxladığı yeşiklər və digər ləvazimatlar cavabdehlər tərəfindən torpaq sahəsindən kənara çıxardılmışdır. İşin mübahisə doğuran tərəfi cavabdehlər tərəfindən iddiaçıya məxsus balçılıq təsərrüfatına dair arı yeşikləri və digər əşyalar torpaq sahəsindən kənara çıxarılarkən arı yeşiklərinin zədələnibzədələnməməsi, həmçinin iddiaçıya məxsus bal məhsulunun dağılıb-dağılmamasından ibarətdir. İşin halları bu aspektdə araşdırıldıqda müəyyən olunur ki, cavabdehlər tərəfindən iddiaçının balçılıq təsərrüfatı ilə əlaqədar arı yeşikləri sındırılmış, həmçinin bankalarda olan bal məhsulu dağılmışdır. Qeyd olunan hal birinci instansiya məhkəməsində icraat zamanı dindirilmiş şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunmuş video görüntülərlə öz təsdiqini tapır. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, hər ay bir dəfə İddiaçı 2-3 kiloqram bal alır. Hər dəfə bal alərkən İddiaçı arı yeşiklərinin yanındakı şkafdan bal götürüb ona vermişdir. Buna görə də o, həmin dəmir şkafda hər dəfə təxminən 40-45 kiloqram bal olduğunu görmüşdür. Sonuncu dəfə isə o, 2022-ci ilin yaz aylarında İddiaçı yanına bal almağa getmişdir. Lakin bu dəfə o, arı yeşiklərinin dağıldını, şkafın isə aşdığını görmüşdür. Həmin vaxt təxminən 7-8 ədəd arı yeşiyi qırılmış, aşmış şkafdan isə təxminən 30 kiloqram bal yerə dağılmışdır. O, balın çəkisini həm miqdarına, həm də qırılan bankalara görə təxmin edir. Nə baş verməsi ilə maraqlandıqda İddiaçı arı yeşiklərini və şkafı torpaq sahibinin və sonuncunun bacısı qızının dağıtdığını söyləmişdir; Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, İddiaçı uzun müddətdir ki, bal satışı ilə məşğul olan biri kimi tanıyır. Hadisə 2022-ci ilin mart ayında baş vermişdir. O, iddiaçının yanına bal almaq üçün getmiş və həmin vaxt baş verənlərə şahid olmuşdur. Belə ki, iki nəfər qadın İddiaçıla mübahisə edərək, sonuncuya məxsus arı yeşiklərini dağıtmış, arı yeşiklərinin yanında olan dəmir şkafı aşırmışdır. Həmin qadınlar səs-küy saldıqlarına görə o, əvvəlcə həmin şəxsləri sakitləşdirməkdə İddiaçı köməklik etməyi düşünsə də, onun öz ailəsi avtomobildə əyləşib onu gözlədiyinə görə sonradan o, bu fikrindən daşınmışdır. Həmin vaxt o, təxminən 7-8 ədəd arı yeşiyinin qırıldığını, 30 kiloqram çəkidə balın dəmir şkafdan axdığını görmüşdür. Əvvələr isə o, İddiaçı bal aldıqda, orada 15-dən çox arı yeşiyinin, dəmir şkafda təxminən 35-40 kiloqram bal olduğunu görmüşdür; Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, İddiaçı onun dayısıdır. Cavabdeh2 onun yaşadığı evin qonşuluğunda torpaq sahəsi satın almışdır. İddiaçı uzun müddətdir ki, öz arı yeşiklərini və bal saxladığı dəmir şkafını həmin torpaq sahəsində saxlayır. 2022-ci ilin mart ayında Təzəgül və Süadə oraya gələrək, iddiaçıya məxsus olan arı yeşiklərini qırıb dağıtmış, dəmir şkafı aşırtmışdırlar. Dəmir şkaf aşdığına görə, İddiaçı içərisində təxminən 30 kiloqram bal olan qabları sınmış, bal yerə tökülərək, yararsız hala düşmüşdür. Təzəgül və Süadənin bu əməli nəticəsində İddiaçı məxsus 7-8 ədəd arı yeşiyi qırılmışdır; Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, mütəmadi olaraq İddiaçı bal alır və onunla bu əsaslarla tanışdır. O, 2022-ci ilin may ayında bal almaq üçün İddiaçı yaxınlaşmışdır. Həmin vaxt o, iddiaçının orada qoyduğu arı yeşiklərinin qırıldığını, dəmir şkafın aşdığını, şkafdan yerə bal axdığını görmüşdür. O nə baş verdiyini İddiaçı soruşduqda, sonuncu torpaq sahibi olan Təzəgülün bacısı qızı Süadə adlı qohumu ilə birlikdə oraya hücum edərək, yeşikləri qırdığını və şkafı aşırdığını bildirmişdir. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericiliyə görə, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində çağrıla bilər. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Şahid ifadəsi sübut növüdür. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Şahid işin nəticəsində maraqlı olmayan, işə aid olan hallar barəsində hər hansı məlumata malik olan, işin araşdırılması üçün məhkəməyə çağrılan şəxsdir. Şahidin işin nəticəsində hüquqi marağı olmasa da, onun başqa marağı (tərəflərdən biri və ya hər ikisi ilə xüsusi münasibətləri xidməti asılılıq, qohumluq, dostluq və.s.) ola bilər. Belə maraq şəxsi şahid qismində cəlb etmək üçün maneəçilik yaratmır, lakin məhkəmə hər bir halda şahidin işdə iştirak edən şəxslərlə, habelə prosesin digər iştirakçıları ilə münasibətlərini aydınlaşdırmalı, onun ifadələrini ciddi yoxlamalı və hərtərəfli qiymətləndirməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı dindirilmiş şahidlər hazırkı mübahisə barədə məlumatı olan şəxslərdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şəxslərin verdiyi ifadənin mötəbər sübut olmasını şübhə altına alacaq hər hansı hal müəyyən olunmur, eyni zamanda kollegiya həmin şahidin ifadəsini mötəbər sübut olaraq qiymətləndirir. Həmçinin birinci instansiya məhkəməsində icraat zamanı cavabdehlər tərəfindən təqdim olunmuş videogörüntülər məhkəmə tərəfindən tədqiq edilmiş və cavabdehlərin uca səslə danışdıqları, torpaq örtüklü avtomobil yolunun üzərində qırılmış bir neçə arı yeşiyinin olduğu müəyyən edilmişdir. İşin faktiki halları ilə müəyyən olunur ki, cavabdehlər Cavabdeh2 Nürəddin qızı və Cavabdeh1 təqsirli hərəkətləri nəticəsində iddiaçıya məxsus 7 ədəd boş arı yeşiyi qırılaraq və 30 kiloqram bal dağıdılaraq, istifadəyə yararsız hala gətirilmişdir. İşin şərh olunan hallarını nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq yoxlanılan hissədə iddia tələbini təmin etmişdir. Cavabdeh tərəf apellyasiya şikayətinin dəlillərində həmin rəyin obyektiv olmadığını qeyd etsə də, lakin şikayətin bu dəlili məhkəmə kollegiyası tərəfindən əsassız hesab edilmişdir. Çünki, cavabdehlər rəydə göstərilən məlumatların həqiqi olmadığını təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Rəydə göstərilən məlumatların həqiqiliyini şübhə alına alacaq hər hanı hal müəyyən olunmamışdır. Ona görə də məhkəmə kollegiyası sözügedən rəyi mötəbər sübut olaraq qiymətləndirmişdir. MPM-nin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İşdən müəyyən olunur ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur. Göstərilənlərə əsasən və MPM-nin 372-376, 378-382, 384, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 06 aprel 2023-cü il tarixli 2(125)-920/2023 nömrəli qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar