Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-763/2024 15.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, 2(062)-285/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 377,81 manat məbləğdə pulun və ödənilmiş 30,40 manat dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “Ersağ” kosmetika firmasının əməkdaşıdır. Həmin firmanın məhsullarının satışı ilə məşğul olur. Cavabdehi bir müştəri kimi tanımışdır. Cavabdeh ondan nəğd və nisyə mal alıb pulunu sonra vermişdir. Cavabdeh 2022-ci ilin aprel ayında ondan dəyəri 80 manat olan idman dəsti almış və dəyərini hissə-hissə ödəyəcəyini bildirmişdir. Bundan başqa cavabdeh ona 2023-cü ilin aprel ayında ümumi dəyəri 297,81 manat məhsul sifariş vermişdir. Həmin məhsulları cavabdehə verən zaman o, bildirmişdir ki, aldıqlarının dəyərini hissə-hissə ödəyəcəkdir. Aradan 7 ay keçməsinə baxmayaraq cavabdeh məhsulların dəyərini ona verməmişdir. Cavabdeh ilə dəfələrlə aralarında olan telefon və whatsapp danışıqları zamanı sonuncu borcunu ən qısa zamanda verəcəyini bildirmişdir. Lakin bunu etməmişdir. Ən son xx.xx.2023-cü il tarixdə cavabdehin işlədiyi “X1” gedərək ondan pulunu tələb etsə də, cavabdeh onu təhqir etmiş və pulu verməyəcəyini bildirmişdir. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Tovuz Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, 2(062)-285/2024 saylı qətnaməsi ilə (hakim F.Əliyev) iddia təmin edilərək, Cavabdeh 377,81 (üç yüz yetmiş yeddi manat səksən bir qəpik) manat məbləğdə pulun alınaraq İddiaçı verilməsi, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat pulun əvəzinin Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin dəlilləri. Tovuz Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, 2(062)-285/2024 saylı qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və ədalətli qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Tovuz Rayon Məhkəməsinin 2(062)-285/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddiaçının iddiası təmin edilmiş, ondan 377.81 manat məbləğində pulun alınaraq İddiaçı veriməsi qət edilmişdir. Lakin o məhkəmənin həmin qətnaməsi ilə razı deyil. Belə ki, onun iddiaçı ilə aralarında olan kosmetik məhsullar alqı-satqısından ona 80 manat borcu qalıb, qalan məbləğ isə tamamilə əsassız və sübutsuzdur. İddiaçı göstərir ki, guya onların aralarında 377.81 manat borcun etirafı ilə bağlı etirafı var. Halbuki, o ona 80 manat borcunun qalmasını demişdir. Məhkəmə isə bunu araşdırmadan, yalnız iddiaçının dediyini əsaslı götürərək iddianı tam təmin etmişdir. Bundan başqa qeyd edir ki, onun məhkəmə proseslərinin vaxtı barədə məlumatı olmamışdır və proseslər onun iştirakı olmadan keçirilmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh izahat apellyasiya şikahyətini müdafiə edərək izahat verib bildirmişdir ki, onun iddiaçıya təxminən borcu 80 manat məbləğində olmalıdır. O, iddiaçıdan sonuncu dəfə iki dənə krem, şampun və bədən geli almışdır. İddiaçı onun müştərilərinə satdığı məhsulların da pulunu ondan istəyir. İdman formasını isə iddiaçı onun müştərisi olan Günel adlı şəxsə satmışdır. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, həqiqətən də rumyana, arqan yağlı kremi, CC kremi, zanbaqlı duş geli, ayaq kremi, yuyucu maye və asit serumu adlı məhsulları almışdır. Lakin, aldığı malların dəyərini bilmir, bunu iddiaçının özü bilirdi və hesablayıb pulunu deyirdi o da ödəyirdi. Rumyanının və bəzilərinin pulunu ödəmişdir. Onun hesablamasına görə təxminən 80 manata qədər borcu qalmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verib bildirmişdir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəməyə təqdim etdiyi “Ersağ” kosmetika firmasının arayışında cavabdehin aldığı məhsulların dəyəri qeyd olunmuşdur. Cavabdeh aldığı rumyana, arqan yağlı kremi, CC kremi, zanbaqlı duş geli, ayaq kremi, yuyucu maye və asit serumu adlı məhsullardan heç birinin dəyərini ödəməmişdir. İdman paltarını və həmin malları şəxsən cavabdehə satmışdır. Sonradan cavabdeh ondan aldığı idman paltarını öz müştərisinə satmışdır. Həmin idman paltarının pulu istədikdə isə satdığı şəxsin səs yazısını ona ataraq, ödəyəcəyi təqdirdə pulunu verəcəyini bildirmişdir. İşdə olan sübutlarla, səs yazıları ilə ona iddia tələbi həcmində borclu olması təsdiq olunur. Buna görə də apellyasiya şikayətinin rədd edilməsini xahiş edir. Tətbiq edilən hüquq:
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, Tovuz Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, 2(062)-285/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında cavabdeh iddiaçıdan rumyana, arqan yağlı kremi, CC kremi, zanbaqlı duş geli, ayaq kremi, yuyucu maye və asit serumu adlı məhsulları almasını etiraf edib, bəzi məhsulların dəyərini ödədiyini iddia etsə də bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Whatsapp yazışmaları və səs yazıları ilə də cavabdehin qeyd edilən məhsulları iddiaçıdan alması və bunun müqabilidə iddiaçıya borclu qalması təsdiq olunmaqdadır. Bundan başqa cavabdeh iddiaçının idman formasına görə tələb etdiyi 80 manat pul məbləğinin ona aid olmadığını, belə ki, həmin idman formasının iddiaçının onun müştərisi olan Günel adlı şəxsə satdığını qeyd etsə də bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. İddiaçı isə bunun əksini iddia edərək, idman formasını məhz cavabdehə satdığını iddia etmişdir ki, iddiasının təsdiqi kimi Günel adlı şəxsin cavabdehə, cavabdehin isə Whatsapp tətbiqi vasitəsi ilə ona yönləndirdiyi həmin səs yazısını məhkəməyə təqdim etmişdir. Həmin səs yazısından isə məlum olur ki, Günel adlı şəxs cavabdehə ona kartını göndərməsini bildirməklə, pulu bir neçə gündən sonra hissəhissə olmaqla ona ödəməyə başlayacağını bildirməkdədir ki, bununla da iddiaçı ilə həmin şəxs arasında idman formasının alqı-satqının olmaması təsdiq olunur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız hesab eilməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Tovuz Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, 2(062)-285/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, 2(062)-285/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.