Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-769/2025 06.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X4 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-76/2025 saylı qətnaməsindən İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Göygöl RİHB-nin Topalhəsənli kənd İƏD-si tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-47-23/3-2-201/2024 saylı arayışın surətindən görünür ki, İddiaçı Göygöl rayonu Topalhəsənli kəndində yaşayaır.
2. Göygöl RİHB-nin Topalhəsənli kənd İƏD-si tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-47-23/2-68/2024 saylı məktubun surətindən görünür ki, Cavabdeh Göygöl rayonu Topalhəsənli kəndində yaşayır.
3. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə göndərilmiş etiraz ərizəsindən görünür ki, İddiaçı cavabdeh olaraq o, Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası qeyd etdiyi xüsusarlara əsasən əsassız olduğuna görə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh onun barəsində yaydığı yalan məlumatlara görə ondan üzr istəməsini, əks halda ondan ona yetirmiş olduğu mənəvi zərərə görə 1000 (min) manat, maddi zərərə görə 1000 (min) manat məbləğində pulun alınıb ona verilməsini, ödədiyi 40 (qırx) manat dövlət rüsumunun və iddia ərizəsinin tərtibi üçün “Hüquqi Xidmət” Mərkəzinə ödədiyi 70 (yetmiş) manat məbləğində xidmət haqqının cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X1 rayonu Topalhəsənli kəndində onun qonşuluğunda yaşayır və onların qohumluq əlaqələri var. Bir müddət bundan əvvəl cavabdeh evlərinin qarşısından keçən avtomaşın yolunun bir hissəsini zəbt edib evinin qarşısındakı əraziyə birləşdirmişdir. Buna görə o, ona irad tutmuş və bundan sonra münasibətləri pozulmuşdur. Cavabdehlə bir neçə dəfə mübahisələri olmuş və mübahisə zamanı o, onu nəyaliq söyüşlərlə söyərək şərəf və ləyaqətini alçaldaraq təhqir etmişdir. O, müsəlman olaraq Qurani-Kərimdə nəzərdə tutulan əməlləri yerinə yetirir və qadın olaraq hicab geyimindən istifadə edir. O, Gəncə-Daşkəsən Regional İdarəsinin X3 Zurnabad kənd Diyarşünaslıq evində mədəni kütləvi iş təşkilatçısı vəzifəsində işləyir. Cavabdehlə qohumluq və qonşulq münasibətləri pisləşdikdən sonra o, onun barəsində böhtan xarakterli məlumatlar yaymağa başlamışdır. Göygöl rayon Mədəniyyət Mərkəzinin müdiriyyətinə gələrək məlumat verib ki, guya o vaxtlı-vaxtında işə getmir və balaca uşaqlara hazırlıq dərsləri keçən zaman onlara dini dərslər keçir. O ixtisası üzrə ibtidai sinif şagirdlərinə hazırlıq dərsləri keçir və kənddə yaşayan uşaqların valideynləri hər gün uşaqlarının hazırlıq dərsləri ilə maraqlanırlar. Onlarda bilir ki, o uşaqlara dini dərs keçmir. Cavabdeh davamlı olaraq barəsində böhtan xarakterli məlumatlar yaymaqla onun müəllimlik nüfuzuna xələl gətirir.
6. Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-76/2025 saylı qətnaməsi ilə (hakim Rəşad Mustafayev) iddia tələbinin rədd edilməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlarda və iddiaçının vəsatəti əsasında məhkəmədə dindirilmiş şahidlərin ifadələrində cavabdeh tərəfindən iddiaçının şərəf və ləyaqətinə xələl gətirən hərəkətlərin edilməsi müəyyən edilməmişdir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23-cü maddəsinə, Mülki Prosessual Məcəlləsinin 88 və 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
9. Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-76/2025 saylı qətnaməsindən İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, şəxsin şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Cavabdeh Gəncə-Daşkəsən Mədəniyyət İdarəsi Regionalının Göygöl şəhəri üzrə nümayəndəsinə müraciət edərək, İddiaçı işindən yayınmasını bildirmişdir. Halbuki, cavabdeh iddiaçı barəsində nəinki Gəncə-Daşkəsən Mədəniyyət İdarəsi Regionalının Göygöl şəhəri üzrə nümayəndəsinə hətta Göygöl rayon polis şöbəsinə və digər hüquq-mühafizə orqanlarına şikayət edib və şikayətdə göstərilənlər də, araşdırılıb və öz əksini tapmamışdır.
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq göstərmişdir ki, 2022-ci ildə Göygöl rayonu Topalhəsənli kəndindən torpaq sahəsi almışdır. Cavabdeh onun torpağına iddia irəli sürmüşdür. Aralarında narazılıq yaranmışdır. Cavabdeh iş yerinə gedərək ondan şikayət etmişdir. Barəsində guya dini dərs keçməklə ittiham etmişdir. Bu səbəbdən də onun barəsində araşdırma aparılmışdır. O, Göygöl rayon Mədəniyyət Nərkəzində işləyir. Dəfələrlə polis şöbəsinə çağrılmışdır. Cavabdeh onu təhqir edərkən yanında yoldaşı olmuşdur. Video qeydiyyat etməmişdir. Yas mərasimində iştirak etmişdir, ancaq sosial şəbəkədə paylaşmamışdır.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq göstərmişdir ki, üç ildir ki, iddiaçı ilə danışmırlar. Həm qonşu, həm də uzaq qohumdurlar. xx.xx.2024-cü ildə iddiaçı ilə aralarında narazılıq olmuşdur. Göygöl rayon İcra Hakimiyyətinə müraciət etmişdir ki, guya cavabdeh iddiaçının yolunu zəbt etmişdir. xx.xx.2024-cü ildə Polis Şöbəsinə müraciət etmişdir ki, guya o, iddiaçının şəkillərini çəkib, onun müdriyyətinə vermişdir. İddiaçı ona şər-böhtan atdığı üçün o da, iddiaçı barəsində polisə şikayət etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı işindən yayınaraq, dini radikal şəxsin yas mərasimində iştirak etmişdir. Bu barədə o, müxtəlif hüquq mühafizə orqanlarına müraciət etmişdir. Sosial şəbəkələrdə paylaşmağını özü görməmişdir. Qohumları danışmışlar. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyanın 46-ci maddəsi:
14. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
15. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
16. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
17. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
18. Maddə 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin.
19. Maddə 23.2-ci maddəsinə görə, əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir.
20. Maddə 23.4-cü maddəsinə görə, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.
21. Maddə 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir(hərəkət və ya hərəkətsizlikdir).
22. Maddə 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin,habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən ödənilməlidir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
23. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
29. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
30. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
31. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-76/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh X1 rayonu, Topalhəsənli kəndində qonşuluqda yaşayırlar və onların qohumluq əlaqələri də var. Aralarında torpaq sahəsi ilə bağlı yaranmış mübahisə nəticəsində onlar bir-birləri barəsində müxtəlif hüquq mühafizə orqanlarına şikayətlər etmişlər. Müvafiq olaraq, araşdırmalar aparılmışdır. Hazırda isə iddiaçı cavabdehin şikayətləri ilə onun təhqir etməsi, onun şərəf və ləyaqətinə, işgüzar nüfusuna xələl gətirməsin iddiası ilə məhkəməyə müraciət etmişdir.
36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunveriliciyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 may 1999-cu il tarixli 7 nömrəli qərarının 3-cü bəndinə əsasən, şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç hal aydınlaşdırılmalı və onlara məcmu halda hüquqi qiymət verilməlidir: məlumatların vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olmaması, bu məlumatların yayılması. Məlumat əxlaq prinsipləri, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradarsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə, onun həqiqətə uyğun olmaması, yəni yalan olması başa düşülür. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab olunur... Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirilməklə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə ... məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlarda çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər... Qanunla xüsusi şikayət verilmə qaydası müəyyən edilmiş rəsmi sənədlərdə (məsələn, məhkəmə, istintaq orqanlarının qərarlarında və s.) rəsmi sənədlərdə olan məlumatların təkzib ediməsinə AR Mülki Məcəlləsinin qaydaları tətbiq edilmir.
37. Qanunvericiliyin sadalanan normalarının tələblərindən və “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunveriliciyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 may 1999-cu il tarixli, 7 nömrəli qərarının 3-cü bəndindən də göründüyü kimi, məlumatların vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olmaması, bu məlumatların yayılması barədə hər üç şərt məcmu halında mövcud olmalıdır ki, bu zaman həmin məlumatlar şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilsin.
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, cavabdehin İddiaçı şərəf və ləyaqətini, işgüzar nüfuzunu alçaldan məlumatların yayılması iddiaçı tərəfindən sübuta yetirilməmişdir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, «Mənəvi zərərin ödənilməsi barəsində qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi, «İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya»nın müddəları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından, «mənəvi zərər anlayışı» insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi-qeyri əmlak xarakterli hüquq və azadlığının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.
40. “Mənəvi zərərin ödənilməsi barəsində qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li qərarının 8-ci bəndinə əsasən izah olunmuşdur ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barəsində iddia o hallarda təmin oluna bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
41. «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 №-li qərarının 6-cı bəndinə əsasən, iddiacı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir.
42. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il trixli Qərarında qeyd olunmuşdur ki, «….Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır…»
43. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının şərəf və ləyaqətini, işgüzar nüfuzunu alçaldan məlumatların yayılması iddiaçı tərəfindən sübuta yetirilmədiyindən, iddianın mənəvi zərər hissəsində təmin etməyən birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddiaçının cavabdeh barəsində işlədiyi yerin rəhbərliyinə və hüquq mühafizə orqanlarına müraciət etmələrinə dair apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, tərəflər aralarında torpaq sahələri ilə əlaqədar yaranmış mübahisə səbəbindən bir-birindən şikayət etmişlər. Həmin müraciətlər isə iddiaçının şərəf və ləyaqətini ləkələyən hərəkət hesab edilə bilməz.
44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq, Qət etdi: Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-76/2025 saylı qətnaməsindən İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-76/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.