Məhkəmə qərarları › İş №2(104)-774/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-774/2024

03.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-774/2024 03.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(045)-1582/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdehlər X2 və Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Goranboy Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 8500 manat məbləğində və 105 manat dövlət rüsumuna ödənilmiş pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Bundan sonra İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 cavabdehlər siyahısından çıxarılması və Cavabdeh 6500 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(045)-1582/2023 nömrəli qətnaməsi (hakim Fizuli Мirzəquliyеv) ilə, iddianın təmin edilməsi, Cavabdeh 6500 (altı min beş yüz) manat məbləğində pul İddiaçı xeyrinə tutulması, ödənilmiş 105 (yüz beş) manat məbləğində dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh izahat verərək, hazırda iddiaçı ilə aralarında olan mübahisələrini aradan qaldırmışlar. Buna görə də iddiaçının ona qarşı tələbi yoxdur. Odur ki, iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verərək göstərmişdir ki, hazırda mübahisəni öz aralarında həll ediblər və heç bir tələbi qalmayıb. Ona görə də iddiadan imtina edir və imtinanın hüquqi nəticələri ona aydındır. Odur ki, iddiadan imtinasının qəbul edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Əlavə olaraq bu barədə müvafiq ərizəsini məhkəmə kollegiyasına təqdim etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, proses iştirakçıların izahatlarını, məruzəçi hakimi dinləyərək, imtina ərizəsini və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(045)- 1582/2023 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddiaçının iddia tələbindən imtina qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-in 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının MPM-in 47-ci və 52.1-ci maddələrinə əsasən, iddiaçının iddiadan imtina etmək hüququ vardır. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiadan imtina etmə, bu hərəkətin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikasının MPM-in 370-ci maddəsində deyilir ki, apelyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apelyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilibedilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Azərbaycan Respublikasının MPM-in 191.2-ci maddəsinin tələbinə görə iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının MPM-in 52.5-ci maddəsinin tələbinə görə iddiaçının iddiadan imtina etməsi o halda qəbul edilmir ki, iddiadan imtina etmə qanuna zidd olsun və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmuş olsun. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə iddiaçının iddiadan imtina etməsi qanuna zidd deyildir, hər hansı bir şəxsin qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikasının MPM-in 384.0.5-ci maddəsində göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməklə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-in 262.4-cü maddəsində göstərilmişdir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikasının MPM-in 402.2.4-cü maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə qərardadlardan kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 191, 261.0.4, 263, 264, 370, 384.0.5, 402, 405.0.2 və 406-407-cı maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(045)-1582/2023 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddiaçının iddia tələbindən imtina etməsi qəbul edilsin və bu əsasa görə iş üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar