Məhkəmə qərarları › İş №2(104)-776/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-776/2023

09.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-776/2023 09.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı1 vəkili və nümayəndəsi Vəkil və Cavabdeh1 vəkili və nümayəndəsi X1 iştirakları ilə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-1261/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı1 Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir şəhəri, Səməd Vurğun küçəsəsi 170 saylı yaşayış sahəsinin giriş-çıxış darvazanın və əmlak kompleksindən ümumi istifadə olan yola keçid üçün nəzərdə tutulmuş qapıların açılması, həmin yaşayış sahəsinə gedən yolun üzərində Cavabdeh1 tərəfindən inşa edilmiş çardağın cavabdehin hesabına sökülməsi, ümumi istifadə də olan giriş-çıxış yoluna qoyulan maneənin aradan qaldırılması və həmin giriş-çıxış yolunun gələcəkdə bağlanmasının Cavabdeh1 qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-1261/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı1 mülkiyyətində və qanuni sahibliyində olan ünvan 1 ünvanında (yeni qaydalara ünvan 2deh Cavabdeh1 mülkiyyətində olan Şəmkir şəhəri, S.Vurğun küçəsi 170 saylı yaşayış sahəsinə giriş-çıxış üçün nəzərdə tutulmuş yolun (başlağıcıına) Şəmkir şəhəri, S.Vurğun küçəsinin kəsişməsinə qoyulmuş qapının (darvaza) Cavabdeh1 hesabına götürülməsi, İddiaçı1 mülkiyyətində və qanuni sahibliyində olan ünvan 1 ünvanında (yeni qaydalara ünvan 2deh Cavabdeh1 mülkiyyətində olan Şəmkir şəhəri, S.Vurğun küçəsi 170 saylı yaşayış sahəsinə giriş-çıxış üçün nəzərdə tutulmuş yolun üzərində inşa edilmiş 4.3x9.1 m ölçüdə 39,1 kv.m çardağın Cavabdeh1 hesabına sökülməsi və 4.3x5.3m ölçüdə açıq sahənin ümumi istifadəyə qaytarılması, İddiaçı1 mülkiyyətində və qanuni sahibliyində olan ünvan 1 ünvanda yerləşən daşınmaz əmlaka giriş-çıxış üçün iddiaçı tərəfindən Şəmkir şəhəri, S.Vurğun küçəsi 170 saylı yaşayış sahəsinə gedən yola qoyulmuş qapının (darvaza) Cavabdeh1 hesabına açılması, məhkəmə xərci qismində iş üzrə aparılmış tikinti-texniki ekspertiza tədqiqatlarının dəyəri 200 (iki yüz) manatın Cavabdeh1 tutulması qət edilmişdir. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-1261/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi ekspertiza rəyinə və foto şəkillərə əsaslanaraq, həmin yolun iddiaçının qanuni istifadəsində və sahibliyində olan qapıya girişə maneəçilik törətməsini əsas gətirmişdir. Halbuki, iddiaçının əsas girişi küçəyə açılır. Onun isə əsas girişinə ancaq mübahisəli yoldan daxil olmaq mümkündür və o, həmin əraziyə qapı qoymuş, çardağ düzəltmişdir ki, başqa şəxslər onun istifadəsində olan hamam və digər yardımçı tikililərdən istifadə etməsin. İddiaçının iddia etdiyi ərazi bələdiyyə mülkiyətində olmaqla, iddia qaldırmaq hüququda məhz bələdiyyəyə məxsusdur. Birinci instansiya məhkəməsi işin bu hallarını araşdırmamış, düzgün nəticəyə gəlməmişdir. İş üzrə Cavabdeh1 və İddiaçı1 işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. İddiaçı1 məhkəmə kollegiyasının iclasında nümayəndəsi və vəkili Vəkil ilə, cavabdeh X2 isə nümayəndəsi və vəkili X3 ilə təmsil edilmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə həmin tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı1 vəkili və nümayəndəsi Vəkil məhkəmə kollegiyasına iddiaçının ərizəsini təqdim edərək, iddiaçı ilə cavabdeh arasında barışıq olmasını və bir-birlərinə qarşı tələblərinin olmadığını göstərərək, iddiaçının iddiadan imtina etməsini bildirdi və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-1261/2022 saylı qətnaməsinin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Cavabdeh1 vəkili və nümayəndəsi X3 məhkəmə kollegiyasının iclasında verdiyi izahatında ərizəni müdafiə edərək, iddiaçının iddiadan imtina barədə ərizəsinin qəbul edilməsini, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-1261/2022 saylı qətnaməsinin ləğv edilib, işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxslərin nümayəndələri olan vəkillərini dinləyərək, hesab edir ki, İddiaçı1 iddiadan imtinası qəbul edilməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)- 1261/2022 saylı qətnaməsi ləğv edilməli və işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini... təsdiq edənə qədər ona müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. 261.0, 261.0.4-cü maddələrinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. 384.0 və 384.0.5-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. İddiaçı1 ərizəsindən görünür ki, cavabdehlə aralarında olan mübahisəni barışıq yolu ilə həll etmişdir. Bu səbəbdən iddiadan imtina etdiyini və imtinanın nəticələrinin aydın olduğunu göstərməklə, iş üzrə icraata xitam verilməsini xahiş edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd deyildir, cavabdehin qanunla qorunan mənafelərini pozmur və iddiadan imtina prosessual qanunvericiliyin tələbinə uyğun verilmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1 iddiadan imtinası qəbul edilməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-1261/2022 saylı qətnaməsi ləğv edilməli və işin icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin MPM-nin 191, 261, 263-264, 384, 391, 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı1 iddiadan imtinası qəbul edilsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-1261/2022 saylı qətnaməsi ləğv edilsin və işin icraatına xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar