Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-776/2024 01.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Daşkəsən Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli 2(030)-512/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 01 aprel 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 01 iyul 2021-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, borc verən İddiaçı 01 sentyabr 2021-ci il tarixədək qaytarmaq şərtilə borc alan Cavabdeh 7000 manat borc vermişdir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Daşkəsən Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 14500 manat və ödənilmiş 133,50 manat dövlət rüsumu olmaqla, cəmi 14633,50 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, 01 iyul 2021-ci il tarixdə Cavabdeh 7000 manat borc vermiş, sonuncu həmin borcu 01 sentyabr 2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüş və bu barədə notarial qaydada müqavilə bağlamışdır. 2021-ci ilin avqust ayında cavabdeh 01 sentyabr 2021-ci il tarixdə qaytarmaq şərtilə ondan ondan əlavə olaraq 7500 manat borc istəmiş, cavabdehə 7500 manat borc versədə, lakin aralarında yazılı borc müqaviləsi bağlamamışdır. Cavabdeh aldığı borcu vədd etdiyi müddətdə qaytarmamışdır. Dəfələrlə cavabdehdən borcun ödənilməsini tələb etmiş, lakin heç bir nəticə əldə olunmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
4. Daşkəsən Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli 2(030)- 512/2023 nömrəli qətnaməsi ilə (hakim M.Mustafayev) iddia tələbi qismən təmin edilərək, Cavabdeh 7000 manat əsas borc və 64 manat dövlət rüsumu olmaqla, cəmi 7064 (yeddi min altmış dörd) manat alınıb İddiaçı verilməsi; İddia tələbi qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
5. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2, 385.1, 386, 389.1, 442, 445, 448.1, 739.2, 744.1 maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1, 106.1, 119.1, 217.3, 217.4, 216-220, 227, 233 maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
6. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməməsi hissədə ləğv edilməsini, həmin hissədə də iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalrının tələblərini pozaraq, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı şifahi olaraq bildirdirmişdir ki, cavabdehin ondan 7500 manat borc almasını və geri qaytarmamasını təsdiq edən səs yazısı mövcuddur, lakin həmin səs yazısı olan mobil telefon nasaz olduğuna görə təqdim edilməsi mümükün deyil və yaranmış problem həll ediləndən sonra sözügedən səs yazısını təqdim edə bilər. Hal-hazırda mobil telefonda olan nasazlıq aradan qalxmış və cavabdhin borcu olmasını təsdiq edən səs yazını təqdim etməsi mümkündür. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, 7000 manat borc verməsi barədə notarial qaydada müqavilə olsada, lakin 7500 manat borc verməsi barədə aralarında yazılı müqavilə bağlanmamışdır. Lakin səs yazısı ilə cavabdeh həmin borcu da etiraf edib. İddiaçı sonda məhkəmə kollegiyasından iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.
10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
13. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
14. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
15. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
16. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
17. Maddə 740.2. Borc müqaviləsi üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 88-ci maddəyə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
20. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
21. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
22. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunmaması hissəsində baxılmasını xahiş etdiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının həmin hissədə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
26. İşin hallarından müəyyən olunur ki, 01 iyul 2021-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı 01 sentyabr 2021-ci il tarixədək qaytarmaq şərti ilə cavabdehə Cavabdeh 7000 manat, 2021-ci ilin avqust ayında isə (şifahi razılaşma əsasında) 7500 manat borc verməsini, lakin cavabdeh vədd etdiyi müddətlərdə aldığı borcu geri qaytarmadığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı qismən təmin etmişdir.
27. Kollegiya hesab edir ki, iddia tələbini qismən təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyil.
28. Belə ki, borc müqaviləsinin bağlanmış hesab olunması, yəni hüquqi nəticə əmələ gətirməsi, digər müqavilələrdə olduğu kimi sırf razılaşma sayəsində olur. Bununla bağlı təkcə Mülki Məcəllənin borc müqaviləsini tərif edən 739.1-ci maddəsindəki müddəanın nəzərdən keçirilməsi kifayətdir. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
29. İddiaçı tərəfindən Cavabdeh 7000 manat borc verməsi tərəflər arasında bağlanmış 01 iyul 2021-ci il tarixli kredit müqaviləsi ilə təsdiq olunsada, lakin 2021ci ilin avqust ayında cavabdehə 7500 manat borc verilməsi iş materialları ilə sübut olunmur, eləcədə İddiaçı bu barədə məhkəməyə hər hansı bir möhtəbər sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı Cavabdeh da iddia tələbini 7000 manat hissədə qəbul (etiraf) etmiş, 7500 manat hissədə isə qəbul (etiraf) etməmişdir.
30. Halbu ki, mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, mübahisələndirilən hissədə qətnamənin ləğvi üçün heç bir hüquqi əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Daşkəsən Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli 2(030)-512/2023 nömrəli qətnaməsi mübahisələndirilən, yəni “Cavabdeh 7500 manat alınıb İddiaçı verilməsinin təmin edilməməsi” hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.