Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-788/2024 01.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qızına qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: qızıl-zinət və əmlakın geri qaytarılması, dəyərinin ödənilməsi, əsassız varlanma Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı və nümayəndəsi (anası)Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qızına qarşı əşya tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli, 2(125)-369/2024 nömrəli qətnaməsindən Cavabdeh qızı tərəfindən verilmiş apellyasiya şikayətinə 01 may 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" MMC tərəfindən verilmiş rəydən görünür ki, 583 əyyarlı, 8,88 qram çəkidə olan tros sep - 750 (yeddi yüz əlli) manat, 585 əyyarlı 12 qram çəkidə olan qolbağı- 1000 (bir min) manat, 585 əyyarlı, 4.7 qram çəkidə olan “Pandora” sırğa - 400 (dörd yüz) manat, “Samsung Galaxy S21” markalı telefon-800 (səkkiz yüz) manat dəyərində qiymətləndirilmişdir.
2. 23.10.2022-ci il tarixli 03552296 nömrəli müqaviləyə əlavədən görünür ki, ümumi dəyəri 1919,96 manat olan Samsung Galaxy S21 markalı telefon 12 ay ödəniş cədvəli üzrə hər ay 153,33 manat ödəmək şərtilə "xxxx" MMC-dən alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qızına qarşı əşya tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh qızında qalmış ona məxsus qızıl-zinət əşyalarından: tros sep 750 manat dəyərində, sırğa qızıl 400 manat, qolbağ brilyant qaşlı qızıldan dəyəri 2500 manat, mobil telefon Samsung Galaxy S21FE5G dəyəri 1919,96 manat, musiqi kombaynı 250 manat, kosmetika dəsti 120 manat, 750 manat dəyərində geyim və ayaqqabılar dəstinin, onlar olmadığı təqdirdə onların dəyərinin və ödənilmiş dövlət rüsumu olmaqla 6690 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh qızı ilə aralarında 13 mart 2022-ci il tarixdə Gəncə şəhəri, Bayraq meydanı küçəsində yerləşən “İmperial” şadlıq sarayında 150 nəfərlik nişan mərasimi keçirilmişdir. Nişanda, onun tərəfindən Cavabdeh qızına nişanlıq olan qızıl zinət əşyaları üzərinə taxılmışdır. Cavabdeh qızı tərəfindən nişan pozulmuş və qızıl zinət əşyaları telefonda sövdələşmə olmuşdur ki, adət - ənənəyə görə qaytarılmalıdır. Bunun üçün məkan cavabdeh tərəfindən bildirilmişdir ki, Gəncə şəhəri, Bayraq Meydanının yanında xx.xx.2023 - cü il tarixdə Cavabdeh qızının anası Aygün Şəmilova tərəfindən qaytarılsın. Razılaşdıqları zamanda o, onlardan aralıda duraraq qızıl zinət əşyalarının bir hissəsini daşın üstünə atmış, əli ilə qızılların yerini işarə verib getmişdir. Anasıgil nə qədər çağırsalar da dayanmamışdır ki, qızılları tam yoxlayıb təhvil alsınlar. Evdə qızılların bir hissəsinin yerində olmadığını gördükdə cavabdehə zəng olunmuş, ancaq o cavab verməmişdir. Məlum məsələdir ki, o, qızıl- zinət əşyalarının bir hissəsini özündə saxlamışdır.
5. Cavabdeh qızı birinci instansiya məhkəməsində iddia tələbinə qarşı etiraz verərək göstərmişdir ki, həqiqətən xx.xx.2022-ci il tarixdə nişan mərasimləri olmuş, musiqi kombaynı kustar üzulla hazırlanmış və ad günündə ona hədiyyə olunmuşdur. Digər qızılzinət əşyalarını nişan mərasimində bağışlamışdır. Eyni zamanda iddiaçı tərəfindən kosmetika dəsti, 1 ayaqqabı, 2 kofta və bir kostyum hədiyyə olunmuşdur və bu vaxta hədiyyə olunan kosmetika dəstindən heç biri qalmamışdır. Nişan mərasimindən qabaq özünə məxsus Samsung Qalaxy S20 markalı telefonunu iddiaçı nişandan sonra onun ad günündə ondan alaraq satıb kreditə yeni Samsung Qalaxy S21 markalı telefon alaraq ona hədiyyə etmişdir.
6. Gəncə Şəhər Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli, 2(125)-369/2024 nömrəli qətnaməsi (hakim Cavid Tağıyev) ilə, Cavabdeh qızından 750 manat dəyərində 583 əyyarlı qızıldan hazırlanmış 8,88 qram çəkidə olan 1 ədəd tros sep, 1000 manat dəyərində olan 585 əyyarlı 12 qram çəkidə olan bir ədəd qolbağı, 400 manat dəyərində olan 585 əyyarlı 4,7 qram çəkidə olan bir ədəd sırğa, 1919,96 manat dəyərində olan bir ədəd “Samsung Galaxy S21” markalı telefon, 200 manat dəyərində olan bir ədəd musiqi kombayn, dəyəri 120 manat olan kosmetika dəsti onlar olmadıqda isə onların dəyəri olan 4389,96 (dörd min üç yüz səksən doqquz manat 96 qəpik) manat pul, bir cüt ayaqqabı, 2 ədəd kofta və bir dəst kostyum və dövlət rüsumunun əvəzi olaraq 63,89 manat alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
7. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1, 1091.2 və 1092.1-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 213, 216-220, 227, 233, 358 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh qızı apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli, 2(125)-369/2024 nömrəli qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, mübahisə ilə bağlı məhkəmə sadalanan maddi hüquq normaları düzgün tətbiq etməmişdir. Belə ki, mübahisə edilən əşyaları iddiaçı tərəfindən ona hədiyyə vermişdir və bu hədiyyə qanuni əsaslarla olduğundan burada heç bir əsassız varlanma halı mövcud deyil. Beləliklə, 13 mart 2022-ci il tarixdə Gəncə şəhəri Bayraq Meydanı küçəsində yerləşən “İMPERİAL” şadlıq sarayında nişan mərasimi olmuşdur. İddiaçı ilə 2018-ci ildə tələbə yoldaşı olmuşlar. İddiaçı 2020-ci ildə onun ad günündə musiqi kombaynı hədiyə etmişdir. Həmin musiqi kombaynı kustar usulla hazırlanmış bir kombayn idi. Qeyd edilən qızıl-zinyət əşyalarını iddiaçı ona nişan mərasimində bağışlamışdır. Eyni zamanda iddiaçı tərəfindən ona kosmetika dəstini və bir ayaqqabı və 2 kofta və bir kostyum hədiyyə olunmuşdur. Kosmetika dəsti istifadə olunmuşdur və bu vaxta hədiyyə olunan kosmetika dəstindən heç biri qalmamışdır. Əlavə olaraq bildirir ki, onun nişan mərasimindən qabaq özünə məxsus “Samsung Qalaxy S20” markalı telefonu olmuşdur, iddiaçı nişandan sonra, dəqiq onun ad günündə həmin telefonu ondan alaraq, həmin telefonu sataraq kreditə yeni model “SAMSUNG GALAXY S21FE5G” markalı telefonu alaraq ona hədiyyə etmişdir. Beləliklə bildirir ki, iddiaçı tərəfindən ona hədiyyə olan əşyaları o, qəbul etmiş və həmin hədiyyə etibarlı sayıldığından hədiyyə olunan əşyalara onun mülkiyyəti hesab edilməklə iddiaçının həmin əşyaları geri tələb hüququ yoxdur. Hesab edir ki, məhkəmə prosessual hüquq normanı pozmaqla tətbiq edilməli Mülkü Məcəllənin 666-cı maddəsinin əvəzinə Mülki Məcəllənin 1092-ci madəsini tətbiq etməklə hüququn tətbiq edilməsində səhv yol vermiş və nəticədə yalnış qətnamə çıxarmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.
13. İş üzrə Cavabdeh qızı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, o heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
14. Maddə 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
15. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
17. Maddə 14.2.7. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.
18. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
19. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
20. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
21. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
22. Maddə 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
28. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
29. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
30. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
32. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
33. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
36. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, cavabdeh qətnamənin yalnız iddianın təmin edilmiş hissəsini mübahisələndirir. Ona görə də qətnamənin əsaslılığı yalnız həmin hissə üzrə yoxlanmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
38. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli, 2(125)- 369/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
40. Beləliklə, işin halları ondan ibarətdir ki, tərəflər arasında nişan mərasimi keçirilmiş, İddiaçı tərəfindən nişan mərasimində və nişan mərasimindən kənar iddia ərizəsində göstərilən əşyalar Cavabdeh (gələcəkdə ailə həyatı qurması üşün) hədiyyə edilmişdir. Cavabdeh tərəfindən həmin əşyaların ona hədiyyə olunması mübahisələndirilməmişdir.
41. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflərin arasında yaranmış mübahisə, əsassız varlanma ilə bağlı yaranan mübahisədir. Ona görə də işin hallarına əsassız varlanma ilə bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməli və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır.
42. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsidir. Həmin normada deyilir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (17&).
43. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (20&).
44. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 1091.2-ci maddəsinin tələbinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (17-21&).
45. Məhkəmə kollegiyası sadalanan hüquq normalarını işin faktik halları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsi barədə məhkəmənin gəldiyi nəticə əsaslıdır.
46. Qeyd edilməlidir ki, nişan mərasimində nişanlanan oğlan və ya onun valideynləri tərəfindən nişanlanan qıza verilən hədiyyələr, o cümlədən qızıl-zinət əşyaları gələcəkdə rəsmi nikahın baş tutacağı ümidi ilə verilir. Gələcəkdə rəsmi nikah baş tutmazsa əldə etmə sonradan aradan qalxmış əsasa söykənmiş olur. Hazırki iş üzrə iddia tələbi rəsmi nikah baş tutmaması, yəni nişanlanmanın rəsmi nikahın bağlanması ilə nəticələnməməsi ilə əlaqədar nişanlanma mərasimində verilmiş qızıl-zinət əşyalarının tələbi ilə əlaqədardır.
47. İş materiallarından görünür ki, qızıl-zinət əşyalarının və digər əmlakların həqiqətən iddiaçıya məxsus olması sübut olunur. Belə ki, bu hal tərəflərin izahatları ilə, habelə işə əlavə edilmiş fotoşəkillər ilə də sübut olunur. Cavabdeh tərəfindən isə əmlakların mövcudluğu mübahisələndirilmir.
48. Qeyd olunan hallar belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı tərəfindən iddia ərizəsində göstərilənlər onun tərəfindən sübut edilmiş və məhkəmə iclası zamanı öz təsdiqini tapmışdır.
49. Lakin cavabdeh tərəf bildirir ki, həmin ona hədiyyə olunan bütün qızıl zinət əşyalarını qaytarmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfin bu dedikləri yalnız formal mülahizələrə söykənir və hər hansı sübutla təsdiq edilmir. Halbuki, həmin halları sübut etmə öhdəliyi Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən cavabdehin üzərinə düşür. Çünki, həmin normaya əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
51. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
52. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
53. Göründüyü kimi, cavabdeh tərəfindən nişan pozulmuş, nişan mərasimindən sonra tərəflərin ailə qurması baş tutmamış, iddiaçı hədiyyə etdiyi əşyaları geri tələb etsə də, cavabdeh əsassız olaraq aldıqlarını geri qaytarmamışdır. Cavabdeh ona hədiyyə olunan əmlakların onun mülkiyyəti olduğunu göstərsə də, ailə qanunvericiliyində yalnız nikah dövründə hədiyyə şəklində verilmiş əmlakın hədiyyə olunan şəxsin mülkiyyətində olmasını nəzərdə tutmuşdur.
54. Apellyatorun “məhkəmə prosessual hüquq normanı pozmaqla tətbiq edilməli Mülkü Məcəllənin 666-cı maddəsinin əvəzinə Mülki Məcəllənin 1092-ci madəsini tətbiq etməklə hüququn tətbiq edilməsində səhv edilməsi” barədə dəlilini kollegiya əsassız hesab edir. Belə ki, hazırki iddianın hüquqi əsasını Mülki Məcəllənin 673-cü maddəsi təşkil etmir. Belə ki, nişan mərasimində nişanlanan oğlan və ya onun valideynləri tərəfindən nişanlanan qıza verilən hədiyyələr, o cümlədən qızıl-zinət əşyaları gələcəkdə rəsmi nikahın baş tutacağı ümidi ilə verilir. Gələcəkdə rəsmi nikah baş tutmazsa əldə etmə sonradan aradan qalxmış əsasa söykənmiş olur. Hazırki iş üzrə iddia tələbi rəsmi nikah baş tutmaması, yəni nişanlanmanın rəsmi nikahın bağlanması ilə nəticələnməməsi ilə əlaqədar nişanlanma mərasimində verilmiş qızıl-zinət əşyalarının tələbi ilə əlaqədardır. İşin faktiki hallarını araşdıran apellyasiya instansiyası məhkəməsi qızıl-zinət əşyalarının iddiaçı tərəfindən cavabdehə toy hədiyyəsi kimi bağışlandığını qətnaməsində qeyd etsə də, yuxarıda göstərilən qənaətə gələrkən toyun baş tutmaması halını nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, belə olan təqdirdə iddianın hüquqi əsası kimi qızılzinət əşyaları əldə etmə ilə əlaqədar varlanmanın sonralar aradan qalxmış əsasa söykənməsi, əsassız varlanma nəticəsində əldə edilənləri qaytarma vəzifəsi ilə əlaqədar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091 və 1092-ci maddələri nəzərdən keçirilə bilər.
55. Nəzərə almaq lazımdır ki, bağışlamadan imtina üçün əsasların olmaması bağışlanmış əşya hesabına varlanmanın sonradan aradan qalxmış əsasa söykənməsi əsası ilə hədiyyənin geri tələb edilməsini istisna etmir.
56. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman tərəflərin hüquq bərabərliyi və çəkişmə prinsipinə əməl olunmuş, tərəflərin hər birinin öz mənafelərini müdafiə etməsi üçün prosessual vasitələrdən real istifadə etmə imkanı yaradılmış, prosesin bütün mərhələlərində tərəflərin iştirakı təmin edilmiş və qətnamə tərəfləri qanunla müəyyən edilmiş qaydada dəvət etməklə, tərəflərin təqdim etdikləri dəlillərlə əsaslandırılmışdır.
57. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
60. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
61. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə faktlar nöqteyi-nəzərindən düzgün nəticəyə gəlmişdir.
62. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır.
63. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddianın mübahisələndirilən hissəsi 4389,96 manat, yəni qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikasının MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
64. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10- 1,372.1, 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Şəhər Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli, 2(125)-369/2024 nömrəli qətnaməsi mübahisələndirilən – iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.