Məhkəmə qərarları › İş №2(104)-793/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-793/2024

02.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-793/2024 02.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu və X1 ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə və Cavabdeh iştirakları ilə, Naftalan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(052)-18/2024 saylı qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Naftalan şəhəri, İsa Məmmədov adına yaşayış məhəlləsi, Xaqani Şirvani küçəsində yerləşən 46 nömrəli fərdi yaşayış evindən onun tərəfindən Cavabdeh 5000 (beş min) manat pul kompensasiyası ödəmək yolu ilə istifadə hüququna xitam verilməsi və cavabdehin uşaqları ilə birlikdə evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naftalan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(052)-18/2024 saylı qətnaməsi ilə (sədrlik edən hakim Ayaz Səlimov) iddianın təmin edilməməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin tam olaraq ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təklif olunan kompensasiya məbləği Cavabdeh birlikdə davamlı surətdə və müəyyən müddət daxilində yaşayış sahəsinə oxşar digər yaşayış sahəsində yaşamağa imkan verməlidir. Təklif olunan kompensasiya məbləği həmin cavabdehə təxminən 3 ildən artıq yaşayış sahəsində kirayəçi kimi yaşamağa imkan verir. Beləliklə, iddiaçının təklif etdiyi kompensasiya məbləği Cavabdeh inzibati ərazi vahidində xeyli müddətdə kirayə mənzil haqqını ödəməyə kifayət etdiyindən həmin məbləğ ədalətli olmaqla Cavabdeh hüquqlarının qorunamsı baxımından qəbul ediləndir. İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi. Həmçinin göstərdi ki, Naftalan şəhəri, Xaqani Şirvani küçəsində yerləşən 46 nömrəli fərdi yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Cavabdeh İddiaçı qarşı “evə köçürülmə” tələbinə dair iddiası Naftalan Şəhər Məhkəməsinin müvafiq qətnaməsinə əsasən təmin edilməmiş olsa da, sonradan Gəncə Apellyasiya Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2(104)-965/2022 saylı qətnaməsinə əsasən Cavabdeh iddiası təmin edilmiş və o, uşaqları ilə birlikdə Naftalan Şəhər İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən 2023-cü ilin yanvar ayında həmin mübahisəli evə köçürülmüşdür. Belə ki, cavabdeh mübahisəli fərdi yaşayış evinə köçürülərkən evin hüquqmüəyyənedici sənədləri olmamış, lakin sonradan ev İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilmişdir. Hazırda cavabdehin uşaqları ilə birlikdə iddiaçıya məxsus fərdi yaşayış evindən yaşaması iddiaçının mülkiyyət hüquqlarına toxunur. Cavabdeh mülkiyyətin birgə nikah dövründə əldə etdiyini desə də, evin tikildiyi torpaq sahəsinin birgə mülkiyyət olduğunu göstərən heç bir sübut təqdim edə bilmir. Belə ki, dövlət tərəfindən yalnız qeydiyyata alınmış əmlaklar tanınır. Həmin torpaq sahəsi əldə edilən zaman isə mülkiyyət sənədi olmamışdır. Həmin ev faktiki olaraq satılmış və evi almış şəxslərin isə həmin evdən çıxmaq fikirləri yoxdur. Hətta alıcı evi aldıqdan sonra, evi tam şəkildə təmir etmişlər. Ona görə də, apelyasiya şikayətinin təmin edilməsini, Naftalan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(052)- 18/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kolelgiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, o, İddiaçı ilə 2004-cü ildə rəsmi nikaha girməklə ailə həyatı qurmuşdur. İlk vaxtlar qısa müddət atasına məxsus evdə, həmçinin İddiaçı ailəsinə məxsus 29-cu binada yerləşən evdə yaşadıqdan sonra kirayə evdə yaşamağa başlamışlar. 2008-ci ildə Naftalan Şəhər İcra Hakimiyyəti tərəfindən onlara torpaq sahəsi ayrılmışdır. Bunun üçün isə onun atası tərəfindən 2000 manat pul həmin idarəyə ödənilmişdir. Torpaq sahəsi ayrılma sənədi əri İddiaçı adına olmuşdur. Həmin torpaq sahəsinin ölçüsü Naftalan şəhəri, İsa Məmmədov adına yaşayış məhəlləsi, Xaqani Şirvani küçəsində 6 sot olmuşdur. Həmin vaxt əri hərbçi işlədiyi üçün əmək haqqı yüksək olmamışdır. Bu səbəbdən 2008-ci ildən həmin torpaq sahəsində kiçik bir ev inşa etməyə başlamışlar. Əvvəlcə 1-2 il ərzində evin bir otağını inşa edərək orada yaşamağa başlamışlar. Daha sonra bir neçə il ərzində hissəhissə digər otaqlarını tikərək hazır vəziyyətə gətirmiş və orada yaşamışlar. 2018-ci ildə isə iddiaçı ilə nikahları pozulmuşdur. Daha sonra iddiaçı evin qapısının qıfılını dəyişərək, onu evə buraxmamış, evi satmaq istəyini ona bildirmiş, o da, evin dəyərinin yarısının ona veriləcəyi təqdirdə satılmasına razı olduğunu demişdir. Lakin sonra iddiaçı ondan xəbərsiz evi 32000 manata satmışdır. Həmin vaxt evin sənədləri olmadığından ev sənədsiz satılmışdır. Hazırda o, həmin evin içərisində evi alan şəxslər ilə birlikdə yaşayır. Belə ki, o, evə köçürülməsi barədə iddia ilə məhkəməyə müraciət edən zaman evi alan həmin şəxslər orada yaşamaqda idilər. Evi alanlar aldadıldıqları üçün ödəmiş olduqları pulları alaraq oradan çıxmaq niyyətindədirlər. İddiaçıya dəfələrlə evi birlikdə tikdikləri üçün onun da haqqı olduğunu və satışdan əldə etdiyi pulun yarısını ona verməsini demiş olsa da, qaynanası Pərzat xanım hələ ölmədiyini, qətiyyən ona hər hansı payın verilməyəcəni demişdir. Bu səbəbdən o da, həmin evə köçərək orada yaşamaq qərarına gəlmişdir. Ali Məhkəmənin yekun qərarı əsasında evə köçmüş və bir ildir artıq uşaqları ilə birlikdə orada yaşayır. Ümumiyyətlə ona hər hansı məbləğdə kompensasiya ödənilməsi ilə razı deyildir. İddiaçı ona ayrıca ev alıb verəcəyi və ya 32000 manat pul ödəyəcəyi təqdirdə evdən çıxa bilər. Belə ki, evin hazırkı dəyəri 65.000 manat olar. Ona görə də, apelyasiya şikayətinin təmin edilməməsini, Naftalan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(052)-18/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Naftalan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(052)-18/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdə İddiaçı adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Naftalan Şəhər Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 18 dekabr 2004-cü il tarixdə 2 saylı Bakı “Asan xidmət mərkəzində” 64 nömrəli akt qeydi ilə qeydiyyata alınmış nikahın pozulması, xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2007-ci il təvəllüdlü X3 anası Cavabdeh yanında saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 09 dekabr 2021-ci il tarixli 2(102)-6180/2021 saylı qərarından görünür ki, cavabdeh Əmirova X2 Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(052)- 158/2020 saylı qətnaməsindən Apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin 19 may 2021-ci il tarixli 2(104)- 1591/2021 saylı qətnaməsinə əsasən Cavabdeh iddiası təmin edilməmiş, iddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş, şikayət təmin edilərək Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 may 2021-ci il tarixli qətnaməsi ləğv edilərək yenidən işə baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 mart 2022-ci il tarixli, 2(104)-965/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Naftalan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(052)-158/2020 saylı qətnaməsi ləğv edilmiş və iddiaçının azyaşlı uşaqları ilə birlikdə Naftalan şəhəri, İsa Məmmədov məhəlləsi, 2 saylı küçədə 6 sot torpaqda 1 mərtəbədən ibarət 3 otaqlı yaşayış evinə köçürülmələri qət edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Naftalan şəhəri, İsa Məmmədov adına yaşayış məhəlləsi, Xaqani Şirvani küçəsində yerləşən 46 nömrəli fərdi yaşayış evindən onun tərəfindən Cavabdeh 5000 (beş min) manat pul kompensasiyası ödəmək yolu ilə istifadə hüququna xitam verilməsi və cavabdehin uşaqları ilə birlikdə evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instanisya məhkəməsi isə, gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, İddiaçı mülki qanunvericiliyin “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi” institutuna müraciət edərək Cavabdeh və onunla birlikdə yaşayan uşaqların mülkiyyətində olan evdən çıxarılması bərədə qərar qəbul edilməsini xahiş etsə də, cavabdehin məhkəmə qərarı ilə mübahisəli fərdi yaşayış evinə köçürülərkən evin məhz tərəflərin birgə nikah müddətində birgə vəsaitləri hesabına inşa edilməsinə istinad edilmiş olmasını nəzərə almamışdır. Belə ki, həmin fakt Gəncə Apellyasiya Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2(104)-965/2022 nömrəli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2(102)-4007/2022 nömrəli qərarı ilə müəyyən edilmişdir. Bu isə onu deməyən əsas verir ki, Cavabdeh hazırda mübahisəli fərdi yaşayış evində yaşaması Mülki Məcəllənin yaşayış binasının tərkib hissəsindən istifadə hüquqlarına deyil, Ailə Məcəlləsinin ər-arvadın əmlakının qanuni rejiminə dair müddəalara söykənir. Digər tərəfdən, iddiaçı cavabdehə qarşı iddia tələbi irəli sürərəkən, həm də, onun yanında yaşayan uşaqlarının da, evdən çıxarılmasını tələb edir. Halbu ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçının anası ilə birlikdə evdən çıxarılmasını istədiyi qızı X4 xx.xx.2005-ci il təvəllüdlü olmaqla, yetkinlik yaşına çatmış şəxsdir. Odur ki, iddiaçının cavabdeh kimi yalnız Cavabdeh qarşı iddia qaldıraraq eyni vaxtda yetkinlik yaşına çatmış digər şəxsin də, onunla birlikdə evdən çıxarılmasını xahiş etməsi mülki prosessual qanunvericiliyin tələblərinə uyğun deyildir. Məhkəmə kollegiyası birinci instanisya məhkəməsinin həmin nəticəsi ilə razılaşır. Belə ki, qanuni qüvvədə olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 mart 2022-ci il tarixli, 2(104)-965/2022 nömrəli qətnaməsində qeyd edilir ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 09 dekabr 2021-ci il tarixli, 2(102)-6180/2021 saylı qərarında şərh edilən göstərişləri yerinə yetirərək, tərəflərin irəli sürdüyü dəlilləri araşdırmış və müəyyən etmişdir ki, mübahisə edilən yaşayış evi onların birgə nikah müddətində birgə vəsaitləri hesabına inşa edilmişdir. Belə ki, onlar 2008-2009-cü illərdə mübahisəli evin əvvəlcə bir otağını tikərək, ora yığışmışlar, sonra isə artıraraq 2 otaq və zaldan ibarət vəziyyətə gətirərək, orada yaşamışlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.2. Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ərarvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə edilən yaşayış evi tərəflərin birgə nikah müddətində birgə vəsaitləri hesabına inşa edildiyi üçün, cavabdehin həmin evdən istifadə hüququna Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin tələblərinə uyğun müvafiq kompensasiya verməsi yolu ilə xitam verilməsi qanunin uyğun deyildir. Tərəflər arasdında mübahisə Ailə qanunvericiliyinin yuxarıda qeyd edilən tələblərinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinə uyğun həyata keçirilə bilər. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Naftalan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(052)-18/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Naftalan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(052)-18/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsiə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar