Məhkəmə qərarları › İş №2(104)-794/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-794/2024

29.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-794/2024 29.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(045)-1838/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən hesablanmış 1555.2 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Goranboy rayonunun Səfikürd kəndində yaşayır. Yaşadığı ərazidə Cavabdeh İB-nin abonenti olduğu üçün təbii qaz istifədəçisidir. İstifadə etdiyi təbii qazın pulunu həmişə vaxt-vaxtında gecikdirmədən ödəmişdir. Heç vaxt Cavabdeh İB-nin nümayəndələri ilə aralarında heç bir mübahisə və yaxud hər hansı narazılıq olmamışdır. Cavabdeh İB-nin 26 aprel 2023-cü il tarixdə tərtib etdiyi təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktda göstərilir ki, guya sayğaca baxış keçirilərkən məlum olmuşdur ki, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarından alt hissədəkinin yuxarısının ətrafında cızıq izi var. Sayğac istismara yararsızdır. Bu səbəbdən Cavabdeh İB-nin əməkdaşları ona 1550.2 manat cərimə yazmışdır. O, barəsində hesablanmış itirilmiş qazın sərfiyyatı barədə yazılmış zərərlə bağlı cəriməni qanunsuz hesab edir və onun silinməsini tələb edir. Çünki, onun sayğaca heç bir müdaxiləsi olmamışdır. Aktı imzalamaqdan imtina etmişdir. Goranboy Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(045)-1838/2023 nömrəli qətnaməsi ilə (hakim T.Ələkbərov) iddia təmin edilərək, Cavabdeh İB tərəfindən istehlakçı İddiaçı qaz sərfinə görə hesablanmış 1555.2 manat məbləğində borcun silinməsi (Goranboy rayonu, Səfikürd kəndi abonent kodu: **********00000) və 35.56 (otuz beş manat əlli altı qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdehndən tutularaq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşdə olan sübutlar: “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli, xx.xx.2023-cü il tarixli akta əsasən İddiaçı istifadəsində olan mənzildə qaz sayğacı 12 aprel 2023-cü il tarixdə yenisi ilə əvəz edilmişdir. “Qaz sayğacının yoxlanılması haqqında” 25 aprel 2023-cü il tarixli, MSK-14-2-2/3-5- 4229-1 nömrəli rəydən görünür ki, iddiaçıya məxsus **********2 nömrəli qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarından alt hissədəki yuvasının ətrafında cızıq izi var. Sayğac istismara yararsızdır. Sayğacın mümbranı fasilələrlə işlədiyindən sayğacı sınaq qurğusuna yoxlmamaq mümkün deyil. Sayğacın daxilinə kamera ilə baxış keirilmiş, lakin kənar təsir izi aşkar edilməmişdir. Dəymiş ziyanın bərpasına dair 26 aprel 2023-c2 il tarixli, ******* saylı aktdan və 26 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, Elster G-4 markalı sayğacın maksimal saatlıq qaz sərfi 6 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və ödənilməsi qərara alınmışdır. Qaz sərfi 12960 kubmetr müəyyən edilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli, xx.xx.2023cü il tarixli aktdan görünür ki, MSK-14-2-2/3-5-4229-1 saylı akta əsasən sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarından alt hissədəkinin yuvasının ətrafında cızıq izi var. Abonentin saldosuna əsasən (2023-cü il) itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 1555.2 manat pul abonentdən tələb olunur (akt üzrə). Apellyasiya şikayətinin dəlilləri: Goranboy Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(045)-1838/2023 nömrəli qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Goranboy Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli 2(045)-1838/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvana quraşdırılmış qaz sayğacı abonentin iştirakı ilə şəbəkədən açılarkən sayğacın hesablama mexanizminin tutularaq işlədiyi, aşağı sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyi yerində aşkarlanmış və bu barədə xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi İddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Məhkəmə sayğacdan kənar hər hansı hesabatın aparılmadığını nəzərə almamışdır. Lakin, məhkəmə qaz sayğacının iddiaçının iştirakı ilə (akta imza olunmaqla) şəbəkədən iddiaçının iştirakı ilə açılmış, sayğacın sayğacın hesablama mexanizminin tutularaq işlədiyi, aşağı sərfiyyatda sərfiyyatı qeyd etmədiyi yerində aşkarlanmış, lakin buna qiymət verilməmişdir. İş materiallarına əlavə edilmiş, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin xx.xx.2023-cü il tarixli MSK-14-2-2/3-5-4229-1 rəyinə əsasən istismardan çıxarılmış qaz sayğacına baxış keçirilərkən sayğacın hesablama mexanizminin aşağı sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyi təsdiqini tapmış, sayğacın istismara yararsız olduğu məlum olmuşdur. Bundan sonra qaz sayğacına müdaxilə təsdiqini tapdığından ünvan üzrə itirilmiş 1555.20 manat məbləğində itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. Buna görə də apellyasiya şikayətinin təmin edilməsi xahiş edilmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı pellyasiya şikayətinin əsassız olduğunu, onun tərəfindən sayğaca hər hansı bir müdaxilə edilmədiyni bildirib, apellyasiyaş şikayətinin rədd edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”: 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli, xx.xx.2023-cü il tarixli akta əsasən İddiaçı məxsus qaz sayğacı yenisi ilə əvəz edilmişdir. Çıxarılmış sayğac yoxlamaya göndərilmiş və “Qaz sayğacının yoxlanılması haqqında” 25 aprel 2023-cü il tarixli, MSK-14-2-2/3-5-4229-1 nömrəli rəy verilmişdir ki, həmin rəydə sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarından alt hissədəki yuvasının ətrafında cızıq izinin olması, sayğacın istismara yararsız olmaqla, fasilələrlə işləməsi, fasilələrlə işlədiyindən sayğacı sınaq qurğusuna yoxlmamağın mümkün olmamasl və sayğacın daxilinə kamera ilə baxış keirilərkən isə kənar təsir izinin aşkar edilməməsi müəyyən edilmişdir ki, bununla da cavabdeh təşkilat qaz itkisinə məruz qaldığını iddia edərək iddiaçıya 12960 kubmetr həcmində, 1555.20 manat dəyərində zərər məbləği hesablayaraq, iddiaçının abonent hesabına borc qismində daxil etmişdir. Məhkəmə kollegiyası şikayətin dəliləri ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarında olan abonentin saldosu adlı sənəddən görünür ki, qaz sayğacı çıxarılmamışdan əvvəlki aylar üzrə iddiaçı tərəfindən istifadə edilmiş qazın həcmi hər ay qeydə alınmış və istifadə edilmiş qazın dəyərinə müvafiq olaraq ödənişlər edilmişdir ki, bununla da qaz sayğacının keçən qazın həcmini qeyd etməməsi halı bu faktla istisna olunmuşdur. Bundan başqa sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarından alt hissədəki yuvasının ətrafında cızıq izinin olması qeyd olunmuşdur ki, bu deşilmənin sayğacın hesablama mexanizminə hər hansı bir təsirinin olması da əsaslandırılmamışdır. Hərçənd ki, rəylə sayğacın daxilinə kamera ilə baxış keirilərkən kənar təsir izinin aşkar edilməməsi müəyyən edilmişdir. Buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, sayğacın zədələnməsində iddiaçının təqsirinin olması öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə kollegiyasının iclasında iddiaçının qaz sayağcına müdaxilə etməsi və bununla əlaqədar olaraq da hər hansı bir mülki hüquq pozuntusuna yol verməsi sübut olunmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instasniya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Goranboy Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(045)-1838/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(045)-1838/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıdığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar