Məhkəmə qərarları › İş №2(104)-795/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-795/2024

02.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-795/2024 02.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli 2(045)-2025/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən ona (Goranboy rayonu, Bəşirli kəndi, Abonent kodu: **********00000) hesablanmış 394 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli 2(045)-2025/2023 saylı qətnaməsi ilə (hakim Tural Ələkbərov) iddianın qismən təmin edilərək, Cavabdeh İB tərəfindən istehlakçı İddiaçı qaz sərfinə görə hesablanmış 345.6 manat məbləğində borcun silinməsi; (Goranboy rayonu, Bəşirli kəndi, ev 95 (Abonent kodu: **********00000). 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməsi; İddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh nümayəndəsi apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Goranboy rayonu, Bəşirli kəndində Cavabdeh abonenti olduğu üçün 2008-ci ildən təbii qaz istifadəçisidir. İstifadə etdiyi qazın pulunu vaxtı-vaxtında ödəmişdir. Heç bir vaxt Cavabdeh nümayəndələri ilə aralarında heç bir mübahisə və yaxud hər hansı bir narazılıq olmamışdır. Cavabdeh əməkdaşları qeydiyyatda olduğu ünvana qaz sayğacına baxış keçirərək sızma aşkar etdiklərinə görə onun iştirakı ilə xx.xx.2023-cü il tarixdə ******* №-li akt tərtib etmiş və o, akta imza etmişdir. Cavabdeh əməkdaşları qeydiyyatda olduğu ünvana qaz sayğacına ümumi baxış keçirərək sayğacdan qazın keçməsinə baxmayaraq, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmədiyinə görə xx.xx.2023-cü il tarixdə ******* №-li akt tərtib etmiş, aktı həyat yoldaşı Xatirə Məmmədova imza etmiş, **********2 №-li sayğac çıxarılmış, **********5 №-li sayğac quraşdırılmışdır. Bundan sonra Cavabdeh Gəncə X2 İdarəsi D/M Xidmət Sahəsinin əməkdaşları sahə rəisi E.Rüstəmov, mühəndis Vüsal Sarıyev, nəzarətçi Murad Rzayev tərəfindən mülkiyyətində olan fərdi ev üzrə xx.xx.2023-cü il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* №-li akt tərtib edilmişdir. Aktda istehlakçının istifadəsində olan qaz sayğacı G-4, №-si **********2, mexaniki, istifadə olunan qaz işlədiciləri: PQ-4, boru en kəsiyi - 15 mm, odluğun, işlədicinin sayı - 1 ədəd, radiator peçi, boru en kəsiyi - 15 mm, odluğun, işlədicinin sayı - 1 ədəd göstərilmiş, baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə qeyddə - MSK14-2-2/3-5-4567/Q002 saylı aktına əsasən sayğacdan qaz keçir hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır. Tələb: Dəymiş ziyanın hesablanması göstərilmiş, aktı yuxarıda adları qeyd edilmiş şəxslər özləri imza etmiş, istehlakçının isə özünün iştirak etmədiyi halda imtina edildiyi yazılmışdır. Cavabdeh İB Gəncə Regional Qİ İdarəsinin xx.xx.2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair Tələbnaməsi”ndə göstərilmişdir: “İstehlakçı: İddiaçı, Fəaliyyət növü: əhali, Ünvan: Goranboy, Bəşirli kəndi, ev 95 Abonent kodu: **********00000. Aşkar edilmiş nöqsan: Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli MSK-14-2-2/3-5-4567-2 №-li aktına əsasən G-4 markalı **********2 №-li sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmir. Cavabdehin ondan 2880 m3 qazın pulunu 394 manat tələb etməsi tamamilə qanunsuzdur. O, hər ayın sonunda vaxtıvaxtında qaz borcunu gecikdirmədən ödəmişdir. Yaşadığı yaşayış evinə quraşdırılmış qaz sayğacına ailə üzvləri tərəfindən də heç vaxt heç bir müdaxilə edilməmişdir. Bu vaxta kimi istehlak etdiyi təbii qazla bağlı heç bir problem olmamış, ödənişlərdə gecikmələri yaranmamış və ya sayğaca müdaxilə halları olmamışdır. Belə olan təqdirdə 60 günə uyğun sərfiyyat necə aparılmış və aylıq saz vəziyyətdə olan sayğaca 2 ay əvvələ necə cərimə hesablanmışdır. Göründüyü kimi onun sahibliyində olan evdə qaz sayğacı dəyişdirilərək dövlət yoxlamasından keçirilməsi üçün göndərilmiş, daha sonra itirilmiş qazın bərpası üçün Cavabdeh tərəfindən hesablanmış məbləğ ondan tələb edilmişdir. Göründüyü kimi Cavabdeh əməkdaşları belə bir akt tərtib edib istehlakçını əsassız cərimə etmək istəmişlər. Buna görə də hesab edir ki, cavabdehin tərtib etdiyi xx.xx.2023-cü il tarixli, ******* №-li akt və dəymiş ziyanın bərpasına dair tələbnamə əsasında hesablanmış 394 manat məbləğində borc silinməlidir. Mülki iş materiallarında olan: “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli, xx.xx.2023-cü il tarixli akta əsasən İddiaçı istifadəsində olan mənzildə qaz sayğacı yenisi ilə əvəz edilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli, xx.xx.2023cü il tarixli aktan görünür ki, MSK-14-2-2/3-5-4567/Q002 saylı akta əsasən sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır. Abonentin saldosuna əsasən (2023-cü il) itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 345.6 manat pul abonentdən tələb olunur (akt üzrə). xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən təbii qazın istehlakına görə 45 manat ödəniş olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır iddiaçıya 2023-ci ilin aprel ayında hesablanmış borc məbləği qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilərək iddiaçının abonent hesabına işlənmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Məhkəmə sayğacdan kənar hər hansı hesabatın aparılmadığını nəzərə almamışdır. İş materiallarından da göründüyü kimi iddiaçı tərəf iddia tələbinə dair heç bir sübut təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş abonent saldosundan göründüyü kimi iddiaçının qaz hesabına 2023-ci ilin mart ayında hər hansı əlavə hesabat yüklənməmişdir. Ünvana quraşdırılmış qaz sayğacı abonentin nümayəndəsinin iştirakı ilə şəbəkədən açılarkən sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi yerində aşkarlanmış və bu barədə xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib edilmişdir. Lakin, məhkəmə qaz sayğacının iddiaçının iştirakı ilə (akta imza olunmaqla) xx.xx.2023-cü il tarixdə şəbəkədən iddiaçının iştirakı ilə açılmış, sayğacın sərfiyyatı qeyd etmədiyi yerində aşkarlanmış, lakin buna qiymət verilməmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş, İnformasiyaTexnologiyaları və Rabitə İdarəsinin xx.xx.2023-cü il tarixli MSK-14-2-2/3-5-4567-2 rəyinə əsasən istismardan çıxarılmış qaz sayğacına baxış keçirilərkən sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi və sayğacın istismara yararsız olduğu məlum olmuşdur. Bundan sonra qaz sayğacına müdaxilə təsdiqini tapdığından ünvan üzrə itirilmiş 345.60 manat məbləğində itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. Apellyasiya şikayəti üzrə izahatlar Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, tərəfindən istifadəsində olan sayğaca heç bir müdaxilə olunmamışdır. Ona görə də, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə görə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir». Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən apellyasiya şikayətində qətnamənin ləğvi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, cavavdeh qətnamənin iddianın təmin olunmuş hissəsini mübahisələndirir. Ona görə qətnamənin əsaslılığı həmin hissədə yoxlanmalıdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanuna əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri təbii qazdan istifadə üzrə yaranmış mübahisədir. Ona görə də işin hallarına qanunvericiliyin təbii qazdan istifadə ilə bağlı müddəaları əsasında hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında təbii qazdan istifadə ilə bağlı müqavilə iş materiallarında olmasa da özləri bu faktı etiraf etdikləri üçün onlar arasında qazdan istifadəyə dair xidmət müqaviləsinin olması qəbul edilməlidir. Qaz təchizatı ilə bağlı münasibətləri tənzimləyən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində göstərilən anlayışlara əsasən, qaz paylayıcısı - alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. İstehlakçı – alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Həmin Qanunun 8-ci maddəsində deyilir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfıyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin) və qaz paylayıcısının plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, xx.xx.2023-cil tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akta əsasən sayğacın sərfiyyatı qeyd etməməsi əsası ilə qaz sayğacı başqası ilə əvəzlənmişdir. xx.xx.2023-cü il tarixdə isə sayğac yoxlamadan keçirilmiş və sayğacdan qazın keçməsi, lakin sərfiyyatı qeyd etməməsi müəyyən edilmişdir ki, bununla da cavabdeh təşkilat qaz itkisinə məruz qaldığını iddia etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2023-ci il tarixdə qaz sayğacı çıxarıldığı zaman sayğacada hər hansı bir müdaxilənin olması müəyyən edilməmiş və bu barədə akta hər hansı bir qeyd aparılmamış, sadəcə sayğacın keçən qazı qeyd etmədiyi göstərilsə də, lakin bunun səbəbi araşdırılmamışdır. Yəni, cavabdeh təşkilat qazın itkisinə səbəb olan halı müəyyən etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə abonent tərəfindən sayğaca müdaxilənin edilməsi araşdırılmalı və sübuta yetirilməli idi. Lakin, abonent tərəfindən qaz sayğacına müdaxilə olunmasına dair iş materiallarına hər hansı sübut əlavə edilməmişdir. Beləliklə, iddiaçının qaz sayğacına müdaxilə etməsi və bununla əlaqədar olaraq da hər hansı bir mülki hüquq pozuntusuna yol verməsi sübut olunmamaqla, iddiaçının cavabdeh qaz təchizatı müəssisəsinə ziyan vurması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə yuxarıda qeyd olunanlara əsasən əsassız hesab edilmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İşdən müəyyən olunur ki iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli 2(045)-2025/2023 saylı qətnaməsi yoxlanılan, yəni iddia tələbinin təmin olunması hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar