Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-797/2025 29.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X1 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkil) Vəkil və cavabdeh “X3” ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Gəncə şəhər 2 saylı Notariat Kontoru və “X3” ASC-yə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(125)-4773/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" KB ASC (bank) ilə İddiaçı (borcalan) arasında xx.xx.2023-cü il tarixli 2071micKPZ/23-EM saylı əsas kredit və bank hesabı müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2023-cü il tarixli, 2845micKPZ/23 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 18 ay müddətinə, xx.xx.2025-ci il tarixədək, illik 17% ödəmək şərtilə 45000 AZN məbləğində, xx.xx.2023- cü il tarixli, 2071micKPZ/23 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, xx.xx.2026-cı il tarixədək, illik 18% ödəmək şərtilə 60000 AZN məbləğində kredit verilmiş, borcalan isə müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür.
2. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı həmin kredit müqaviləsi üzrə bank qarşısında əsas kredit borcu üzrə 50559.45 manat, faiz borcu üzrə 1082.03 manat, cərimə borcu üzrə 82.20 manat olmaqla, cəmi 51723,68 manat məbləğində kredit borcu qalmışdır
3. "xxxx" KB ASC (kreditor-ipoteka saxlayan) ilə İddiaçı (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2071micİKPZ/23 reyestr nömrəli ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan mülkiyyətində olan ünvan 1 ünvanında (Yeni Qaydalarla AZ 2001 ünvan 2 sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 128.4 kv.m olan fərdi yaşayış evi yuxarıda adı çəkilən kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir.
4. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********80-10301 reyestr nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyət hüququ üzrə İddiaçı məxsus ünvan 1 ünvanında (Yeni Qaydalarla AZ 2001 ünvan 2 sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 128.4 kv.m olan fərdi yaşayış evi xx.xx.2023-cü il tarixli 2071micKPZ/23-EM saylı kredit müqaviləsi üzrə xx.xx.2023-xx.xx.2033 il müddətinə "xxxx" KB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
5. "xxxx" KB ASC tərəfindən xx.xx.2024-cü il tarixli bildiriş tərtib edilərək, İddiaçı Bank qarşısında yaranmış borcun 20 gün müddətində ödənilməyəcəyi təqdirdə, öhdəliyin icrasını təmin etmək məqsədilə yaranmış borc məbləğinə dair notarius tərəfindən icra qeydinin aparılacağı barədə məlumat verilmişdir.
6. 195266 nömrəli, xx.xx.2024-cü il tarixli poçt zərfindən görünür ki, qeyd edilən bildiriş İddiaçı yaşadığı AZ 2001 Gəncə şəhəri, Mirhüseyn Seyidzadə küçəsi 18 ünvanına göndərilmiş, bildiriş xx.xx.2024-cü il tarixdə “ünvanda yaşamır” qeydi ilə geri qayıtmışdır.
7. "xxxx" KB ASC tərəfindən xx.xx.2024-cü il tarixli bildiriş tərtib edilərək, İddiaçı Bank qarşısında yaranmış borcun 20 gün müddətində ödənilməyəcəyi təqdirdə, öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmetinə tutmanın yönəldilməsi prosedurunun başlanılacağı barədə məlumat verilmişdir.
8. 195250 nömrəli, xx.xx.2024-cü il tarixli poçt zərfindən görünür ki, qeyd edilən bildiriş İddiaçı yaşadığı Gəncə şəhəri, Mirhüseyn Seyidzadə küçəsi 18 ünvanına göndərilmiş, bildiriş xx.xx.2024-cü il tarixdə “ünvanda yaşamır” qeydi ilə geri qayıtmışdır. İş materiallarından görünür ki, "xxxx" KB ASC-nin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinə “bildirişin qeydə alınmasına dair” ərizə ilə müraciəti əsasında ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş dövlət qeydiyyatı orqanında qeydə alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehlər Gəncə şəhəri 2 saylı Notariat ofisinə və "X3" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər 2 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 8İ-1678 və 8İ-1679 savlı İcra qeydlərinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X3” ASC ilə onun arasında bağlanmış ayrı-ayrı kredit müqavilələrinə əsasən 60000 (altmış min) və 45000 (qırx beş min) manat məbləğində kredit götürmüşdür, kreditin təminatı kimi mülkiyyətində olan, ünvan 3 ünvanında yerləşən yaşayış evi ipoteka ilə yüklü edilmişdir. O, krediti götürəndən sonra hər ay vaxtlı-vaxtında 5 ay ödənişlər etmişdir, sonradan ailə vəziyyəti ilə bağlı, anası əməliyyat olduğu üçün ödəniş edə bilməmişdir, bankın razılığı ilə gündəlik 10 gün hər gün 300 manat ödəmişdir ki, qrafikə düşsün və aylıq normal ödəniş sonradan bank ondan birdəfəlik 5000 manat tələb etmiş və bildirmişdir ki, yeni cədvəl açılacaq və həmin gecikdirilmiş ayların da üzərinə faiz gəlinəcək. Daha sonra bank ondan 27000 manat tələb etmiş və bildirmişdir ki, əks halda evi əlindən alacaqlar. O, maddi vəziyyətinin çətin olduğunu, yalnız gündəlik З00 manat ödəyə biləcəyini desə də, ona bildirilmişdir ki, o, hələ gündəlik ödənişi dayandırsın. O, ona görə gündəlik ödənişi dayandırmışdır. Eyni zamanda da, onun gündəlik ödədiyi pulların hamısını dəbbə pulu kimi çıxmışlar. Ona görə də, ödənişi dayandırmış və bildirmişdir ki, məhkəməyə müraciət etsinlər, ya da o, özü müraciət edəcəkdir. Bank əməkdaşı ona bildirmişdir ki, bankın özü müraciət edəcək. Sonradan da, ona məlum olmuşdur ki, Gəncə 2 saylı Notariat ofisinə müraciət edilmiş və notarius icra qeyd verərək kredit müqavilələri üzrə tutmanı onun mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən yaşayış evinə yönəldilmişdir. Qeyd etdiyi kimi o, kredit borcunu ödəməkdən yayınmamışdır. Bundan başqa bank qanunsuz və əsassız olaraq 45000 manat kreditə görə olan 3000 manat gecikmiş borcuna 2697.04 manat faiz borcu, 590.48 manat dəbbə pulu hesablamış, 50000 manat kreditə görə gecikmiş 2000 manat borca görə 1082.03 manat faiz, 82.20 manat dəbbə pulu hesablamışdır. Qeyd olunan mübahisə üzrə o, borcunu bu gündə ödəməkdən imtina etmir. Notariat orqanı bunları nəzərə almadan və araşdırmadan qanunsuz və əsassız olaraq icra qeydi vermişdir. Halbuki, “Notariat haqqında” Qanunun 76-cı maddəsində göstərilir ki, icra qeydləri üzrə pul məbləğlərinin tutulması və əmlakın tələb edilib alınması borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır (göründüyü kimi icra qeydi borcun mübahisəsiz olduğu halda verib bilər. Hazırki mübahisədən isə görünür ki, o, 10 gün hər gün 300 manat ödəniş etdiyi halda bank həmin pulu çıxmamış, eyni zamanda krediti ilkin götürən vaxtdan sonra o, hər kredit üçün ayda 2000-3000 manat ödəmişdir). Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Tələbkar icra qeydinin aparılması ücün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Qanunun bu tələbinə baxmayaraq, tələbkar tərəfindən buna əməl edilməmiş, notariusa müraciət etməzdən əvvəl ona heç bir bildiriş göndəsilməmiş, ona heç bir məlumat verilməmişdir. Ona görə də Gəncə şəhər 2 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 8İ-1678 və 8İ-1679 saylı İcra qeydləri ləğv olunmalıdır.
11. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-4773/2024 saylı qətnaməsi ilə (hakim Ə.Məmmədov) iddia tələbi rədd edilmişdir.
12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, ipotekaya tutmanın yönəldilməsi barədə icra qeydi “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun aparıldığından icra qeydinin ləğvi üçün hüquqi əsas yoxdur.
13. Məhkəmə öz mövqeyini “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34-38-ci maddələrinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
14. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-4773/2024 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, icra qeydləri üzrə pul məbləğlərinin tutulması və əmlakın tələb edilib alınması borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır, barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Göründüyü kimi, icra qeydi borcun mübahisəsiz olduğu halda verilə bilər. Hazırki mübahisədən isə görünür ki, o, 10 gün hər gün 300 manat ödəniş etdiyi halda bank həmin pulu çıxmamış, eyni zamanda krediti ilkin götürən vaxtdən sonra o hər kredit üçün ayda 2000-3000 manat ödəmişdir. Onda sual yaranır ki, iddiaçı ödəniş etdiyi halda icra qeydinin verilməsinə nə əsas olub. Bundan başqa, qanunvericiliyin tələbindən görünür ki, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Göründüyü kimi, qanunvericilik tələbkar notariat orqanına müraciət etməmişdən 20 gün əvvəl borclunu məlumatlandırmalıdır və bunun üçün də "xxxx" fəaliyyət göstərir. Buna baxmayaraq Unibank KB ASC tərəfindən "GARANT POST" adlı hansısa bir poçt xidməti vasitəsi ilə guya göndərmiş, poçtalyon da qəbzdə yaşamır qeyd etməklə geri qaytarmışdır. Halbuki qeyd olunan ünvandan başqa onların, yaşayış yeri yoxdur. Həmin ünvanda iddiaçının qoca ata, ana, həyat yoldaşı, uşaqları yaşayır. Bu gündə onun ailəsi həmin evdə yaşayır, ata, anası həmin evdə vəfat etmişdir və orada yas mərasimləri keçirilmişdir.
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, oxşar məzmunlu izahat vermişdir. Apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, 6 ay vaxtı-vaxtında ödəniş etdikdən sonra ödəniş edə bilməmişdir. Gecikmədən sonra ödənişlər etsə də, ödədiyi məbləğləri cərimələrə silmişdirlər.
18. İddiaçı nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, oxşar məzmunlu izahat vermişdir. Apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, iddiaçı elektron poçt işlətmir. İcra qeydi barədə ona məlumat verilməmişdir.
19. Cavabdeh “X3” ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, şəxsin ünvanına bildiriş göndərilmiş, həmçinin, onun elektron poçtuna da bildiriş yerləşdirilmişdir. Qanunvericilikdə vətəndaşın axtarılması nəzərdə tutulmur, vətəndaşın qeyd etdiyi poçta bildiriş göndərilməsi nəzərdə tutulur. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, problemli şöbənin işçiləri daim vətəndaşlara məlumat verir. Sadəcə onu sənəd kimi işə əlavə edilməsi üçün təqdim edə bilmirik. Unibank KB ASC tərəfindən istifadə olunan "GARANT POST" adlı poçt xidməti rəsmi dövlət qeydiyyatında keçmiş poçt xidmətidir. Sürətli olduğu üçün ondan istifadə edirik. Onların həmin poçt xidməti ilə müqaviləsi vardır.
20. İş üzrə Gəncə şəhər 2 saylı Notariat Kontoruna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə bildirişi ilə onlara hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasına gəlməyəcəkləri təqdirdə işə onların iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Notariat haqqında Azərbaycan Respublikasının Qanunu:
21. Maddə 76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
22. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
29. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
30. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
31. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-4773/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında müqavilələrin bağlanması və müqavilələrdə əks olunun məbləğlərdə kreditin "xxxx" KB ASC tərəfindən İddiaçı verilməsi işin mübahisəsiz hallarıdır. Gəncə şəhər 2 saylı Notariat Ofisi tərəfindən xx.xx.2024-cü il tarixli, 8İ-1678 nömrəli reyestrlə təsdiq olunmuş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydi ilə ipoteka müqaviləsi üzrə ipoteka saxlayan "Unibank” KB ASC-nin tələbi ilə borc alan İddiaçı ipoteka qoyan İddiaçı məxsus, ipoteka predmeti olan ünvan 3 ünvanında(Yeni Qaydalarla AZ 2001 ünvan 2 sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 128.4 kv.m olan fərdi yaşayış evinə tutma yönəldilmişdir (öhdəliyi müəyyən edən 2845micKPZ/23 saylı əlavə kredit müqaviləsinə əsasən müddət üçün vaxtında ödənilməmiş 45000 manat, faiz borcu üzrə 2697.04 manat, cərimə borcu üzrə 590.48 manat olmaqla, cəmi tutulmalı məbləğ 48287.52 manat təşkil edir). Gəncə şəhər 2 saylı Notariat Ofisi tərəfindən xx.xx.2024-cü il tarixli, 8İ-1679 nömrəli reyestrlə təsdiq olunmuş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydi ilə ipoteka müqaviləsi üzrə ipoteka saxlayan "Unibank” KB ASC-nin tələbi ilə borc alan İddiaçı ipoteka qoyan İddiaçı məxsus, ipoteka predmeti olan ünvan 3 ünvanında(Yeni Qaydalarla AZ 2001 ünvan 2 sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 128.4 kv.m olan fərdi yaşayış evinə tutma yönəldilmişdir (öhdəliyi müəyyən edən 2071micKPZ/23 saylı əlavə kredit müqaviləsinə əsasən müddət üçün vaxtında ödənilməmiş 50559.45 manat, faiz borcu üzrə 1082.03 manat, cərimə borcu üzrə 82.20 manat olmaqla, cəmi tutulmalı məbləğ 51723,68 manat təşkil edir).
36. Məhkəmə kollegiyası tələbkar tərəfindən icra qeydi veriləcəyi barədə borcluya bildiriş göndərilməməsi apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iş materiallarının 81 və 83-cü vərəqində olan sənədlərdən görünür ki, “İcra qeydinin aparılacağı barədə” bildiriş xx.xx.2024-cü il tarixində qanunvericiliyin tələbinə uyğun olaraq, ipoteka saxlayanın nümayəndəsi tərəfindən ipoteka qoyan İddiaçı qeydiyyatda olduğu ünvan 4 ünvanına göndərilmiş, xx.xx.2024-cü il tarixdə “Ünvanda yaşamır” qeydi edilərək geri qaytarılmışdır. Həmçinin, iddiaçının elektron kabinetinə yerləşdirilmişdir. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. İş materialları ilə icra qeydi verilərkən “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinin tələbkarın icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli olması ilə bağlı müddəasının tələblərinin pozulduğu müəyyən edilməmişdir. Borcalana yaranmış borc öhdəliyini 20 gün müddətində icra etməyəcəyi təqdirdə icra qeydinin aparılması barədə bildiriş göndərilmiş, həmçinin bank tərəfindən ipoteka qoyana borc öhdəliyi icra edilməyəcəyi təqdirdə tutmanın ipoteka predmetinə yönəldiləcəyi barədə xəbərdarlıq bildirişi göndərilmişdir. Lakin borcalan və ipoteka qoyan tərəfindən verilmiş müddət ərzində borc öhdəliyi icra edilməmişdir.
37. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Birinci instansiya məhkəməsi tərəfindən Gəncə şəhər 2 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-1678, xx.xx.2024-cü il tarixli, 8İ-1679 reyestr nömrəli icra qeydlərinə aid olan sənədlərin surətləri əldə edilmişdir. Həmin sənədlər qismində “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” icra qeydi, “Notariat icra qeydi haqqında” ərizə, “İpoteka müqaviləsi”, “Sürətli poçt daşıma” qəbzi və “İcra qeydinin aparılacağı barədə” bildiriş mövcud olmuşdur. Kollegiya hesab edir ki, ipotekaya tutmanın yönəldilməsi barədə icra qeydi Gəncə şəhər 5 saylı notariat ofisinin notariusu tərəfindən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq, müvafiq sənədlər təqdim edildikdən sonra aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin” Siyahısının İİ. hissəsinin 2-ci bəndinə əsasən, borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı təqdim olunur.
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin borcu ödənilməsi ilə bağlı mübahisə olması barədə dəlilləri ilə bağlı qeyd edir ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinin tələblərinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər.
39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci bəndinə əsasən, borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq... üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir.
40. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir.
41. Məhkəmə kollegiyası iddiaçının icra qeydini mübahisələndirməsi ilə bağlı apellyasiya dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində məhkəməyə şikayət verməmiş, qanunvericilik isə ipoteka qoyanın kredit borcunu mübahisələndirə bilməsi üçün müvafiq bildirişi aldıqdan sonra müəyyən müddətdə məhkəməyə müraciət imkanını nəzərdə tutmuşdur.
42. Göründüyü kimi, Gəncə şəhəri 2 saylı notariat ofisi tərəfindən xx.xx.2024-cü il tarixli, 8İ-1678, xx.xx.2024-cü il tarixli, 8İ-1679 reyestr nömrəli icra qeydləri “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsində nəzərdə tutulan qaydalara riayət edilməklə verilmişdir ki, apellyasiya şikayətinin dəlilləri onun məhkəmə qaydasında ləğvi üçün əsas deyildir.
43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-4773/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-4773/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.