Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-799/2025 21.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X2 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı1 və Cavabdeh1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)- 1649/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 21 may 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Notarial qaydada təsdiq edilmiş xx.xx.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verənlər İddiaçı1, İddiaçı2 borc alanlara Cavabdeh1, Cavabdeh2 9000 manat borc verir, borc alanlar borcu xx.xx.2018-ci il tarixədək borc verənlərə qaytarmağı öhdəsinə götürür.
2. Gəncə şəhər 1 saylı Notariat ofisinin 18 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2028-ci il tarixdə 78 saylı reyestr ilə təsdiq edilmiş kredit müqaviləsi üzrə qeyd edilən məbləğ borc verənlər tərəfindən borc alanlara notariusun bankda olan depozit hesabı vasitəsilə ödənilməmişdir.
3. Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 1509 nömrəli sərəncamı ilə, Gəncə şəhəri, Kəpəz Rayonu, 30№li məktəbin şimal-qərb tərəfindən yerləşən 250 kv.m torpaq sahəsində X3 tərəfindən fərdi yaşayış evi yerləşdirilməsinə (lahiyələndirilməsinə) icazə verilmişdir.
4. Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 977 nömrəli sərəncamı ilə, Gəncə şəhəri, Kəpəz Rayonu, 30№li məktəbin şimal-qərb tərəfindən yerləşən 500 kv.m torpaq sahəsində Cavabdeh2 tərəfindn fərdi yaşayış evi yerləşdirilməsinə (lahiyələndirilməsinə) icazə verilmişdir. Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 1508 və 1606 nömrəli sərəncamları qüvvədən düşmüşdür.
5. Azərbaycan Respublikası Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli arxiv arayışından görünür ki, Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 1607 nömrəli sərəncamı ilə, Gəncə şəhəri, Kəpəz Rayonu, 30№li məktəbin şimal-qərb tərəfindən yerləşən 250 kv.m torpaq sahəsində İddiaçı1 tərəfindən fərdi yaşayış evi yerləşdirilməsinə (lahiyələndirilməsinə) icazə verilmişdir.
6. Azərbaycan Respublikası Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli arxiv arayışından görünür ki, Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 1608 nömrəli sərəncamı ilə, Gəncə şəhəri, Kəpəz Rayonu, 30№li məktəbin şimal-qərb tərəfindən yerləşən 250 kv.m torpaq sahəsində İddiaçı2 tərəfindən fərdi yaşayış evi yerləşdirilməsinə (lahiyələndirilməsinə) icazə verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Goranboy Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 9000 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun alınıb onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə aralarında 9000 manat xx.xx.2018-ci il tarixli kredit müqaviləsi bağlanmaqla tərəflər arasında notariat qaydasında imzaları ilə təsdiqlənmişdir. Borcun müddəti müqavilənin şərtlərinə əsasən 2 ay müddət bitdikdən sonra borc tam şəkildə qaytarılmalı idi. Cavabdehlərdən borcu tələb etdikdə, hər dəfə vaxt tələb edərək müddət bu günə kimi gəlib çıxmışdır.
9. Məhkəmə iclasında İddiaçı2 nümayəndəsi və İddiaçı1 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, onların torpaq sahəsi olmuş, torpaq sahəsini 2018-ci ildə 20000 manata cavabdehlərə vasitəçi yolu ilə satmışdır. Cababdehlər 11000 manat pulu ona ilkin olaraq vermiş, 9000 manat pulu isə iki ay ərzində ödəyəcəyini öhdəsinə götürmüşlər. Bu məqsədlə onlar notariat orqanında müqavilə bağlamış, cavabdehlər Cavabdeh1, Cavabdeh2 9000 manat borc pulu xx.xx.2018-ci il tarixdə qaytaracaqlarını öhdəsinə götürmüşlər. Lakin cavabehlər sonradan müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina etmişlər. Buna görə də cavabdehlərdən 9000 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun alınıb onlara verilməsi tələbini irəli sürmüşlər.
10. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, ona makler (vasitəçi) torpaq satıldığını bildirmiş, onlar torpağın qiymətini 20000 manata razılaşmış, 11000 manat pulu vasitəçiyə vermiş, torpağın sənədləri 5 sot onun, 5 sot isə Cavabdeh2 adına rəsmiləşmişdir. 9000 manat qalıq borcun qaytarılmasını öhdəsinə götürmüş, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi bağlamışlar. Lakin, notariat orqanında hər hansı bor pul götürməmişlər. Sonradan onun torpaq sahəsini başqası zəbt etmiş, həmin torpaq sahəsində tikinti aparılması üçün də icazə verilməmişdir. Buna görə də o, 11000 manat pulunu da geri tələb edəcəkdir. İddianın rədd edilməsini xahiş edir.
11. Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1649/2025 nömrəli qətnaməsi ilə (hakim Toğrul Məmmədov), iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada 9000 manat pul və ödənilmiş 110 manat dövlət rüsumu tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflərin razılaşmasına əsasən cavabdehlər iddiaçılara 9000 manat pil ödəməyi öhdəsinə götürmüş, 9000 manat borc pul cavabdehlərə notariat orqanının depozit hesabına köçürülməklə verilməsə də, artıq formalaşmış olan borcun müqavilə əsasında - iki ay ərzində qaytarılmasına dair tərəflər arasında razılıq əldə olunmuşdur.
13. Qeyd edilənlərə uyğun olaraq məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 9000 manat pul tutularaq iddiaçılar İddiaçı1, İddiaçı2 ödənilməlidir.
14. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” X1 12 avqust 2020-ci il tarixli qərarına və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 216-220, 233 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
15. Cavabdeh1 apellyasiya şikayəti verərək, Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1649/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür. O məhkəmədə israrla bildirməyinə baxmayaraq ki, borc müqaviləsi formal qaydada bağlanmışdır. Məhkəmə bu işlə bağlı bir araşdırma aparmamışdır. Onun notariusda olan mövcud sənədləri və bank hesablaşmaları əldə edilməsi imkanları xaricindədir. Bu səbəbdən Mülki Prosesual Məcəllənin tələbinə uyğun olaraq həmin sənədlərin ələdə edilməsi məhkəmənin sorğusu əsasında həyata keçirilməlidir. Goranboy rayon Məhkəməsində həmin əsasları vurğulamağına baxmayaraq heç bir araşdırma aparmadan qətnamə qəbul edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, o, İddiaçı2 məxsus torpaq sahəsini vasitəçi (makler) vasitəsi ilə 20.000 min manata razlaşaraq almış. Vasitəçi ilə (makler) razılaşmaları elə olmuşdur ki, torpağın 5 sot onun adına, 5 sotu isə Cavabdeh2 adına rəsmiləşdirilməli idi. Həmçinin 11.000 manat məbləğində pulu vasitəçiyə vermişdir. Digər hissəsini isə torpağın sənədinin onun adına rəsmiləşdirdikdən sonra verəcəyini bildirmişdir. Həmin tarixdən bu günədək torpaq onun adına rəsmiləşdirilməmişdir. Həmin torpağın 5 sotunu Gəncə şəhər İcra hakimiyyəti digər şəxsə satmış və həmin şəxsən adına rəsmiləşmişdir. 2018-ci il tarixində torpağı aldığı vasitəçi şəxs torpaq sahibinin onunla notarial qaydada borc müqaviləsi bağlamasını təklif etmişdir. O öz növbəsində vasitəçiyə bildirmişdir ki, torpağın sənədləri sərəncamdır. Bununla əlaqədar o torpaq sahəsinə çıxarış ala bilmir. Vasitəçi bildirmişdir ki, iddiaçı ilə formal müqavilə bağla nə vaxt sənədlər hazır olsa torpağını sənədləşdirib pulu verərsən. Əgər torpaqla bağlı problem olsa verdikləri 11.000 manat məbləği geri qaytarılacaq. O vasitəçinin dediklərini dinlədikdən sonra onun təklifini qəbul etmişdir. Notariat kontoruna gedərək borc müqaviləsinə imza etmişdir. Qətnamədə qeyd olunan məbləğ notarial qaydada bağlansa da pulun verilməsi və tərəfindən götürülməsi həyata keçirilməmişdir. Həmin sənədlər notariat kontorunun arxivində mövcuddur. O bu barədə Goranboy rayon Məhkməsində də bildirmişdir. Həmçinin məhkəmənin diqqətinə çatdırır ki, borc müqaviləsinin bağlandığından 7 il müddət keçmişdir. Onun bu tələbinə məhkəmə məhəl qoymamış və iddia müddətinin tətbiq edilməsi barədə ərizənin verilməsinə şərait yaratmamışdır. İddiaçının vermədiyi pulu tələb etmək deyə bir hüququ yoxdur. Qeyd olunan borc müqaviləsi torpaq alqı-satqısının pərdələnməsi məqsədi ilə bağlanmışdır. Belə olduğu halda müqavilə etibarsızdır və məhkəmədə mübahisə predmeti ola bilməz. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, onların torpaq sahəsi olmuş, torpaq sahəsini 2018-ci ildə 20000 manata cavabdehlərə vasitəçi yolu ilə satmışdır. Cababdehlər 11000 manat pulu ona ilkin olaraq vermiş, 9000 manat pulu isə iki ay ərzində ödəyəcəyini öhdəsinə götürmüşlər. Bu məqsədlə onlar notariat orqanında müqavilə bağlamış, cavabdehlər Cavabdeh1, Cavabdeh2 9000 manat borc pulu xx.xx.2018-ci il tarixdə qaytaracaqlarını öhdəsinə götürmüşlər. Lakin cavabehlər sonradan müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina etmişlər. Belə ki, 0,10 ha torpaq sahəsini 20.000 manata cavabdehlərə satmışlar. Hazırda torpaq sahəsi isə başqa adam tərəfindən zəbt edilmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.
20. İş üzrə İddiaçı2 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
21. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
22. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
24. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.
25. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
26. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.
27. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
28. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
29. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
30. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
31. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
32. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
33. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
34. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
35. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
36. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
37. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
38. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
39. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
40. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli Plenumunun Qərarı
41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir.
42. Yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməlidir.
43. Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər.
44. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: görüntüdə bağlanan əqd və ya pərdələyən əqd-tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; gizli bağlanan əqd və ya pərdələnən əqd-tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; yanlış təsəvvür yaratmaq niyyəti- tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
45. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
51. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
52. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
53. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
54. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
55. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarı
56. Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
57. Bənd 2.2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.
58. Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
Apellyasiya baxışının hədləri
59. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
60. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
62. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
63. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.
64. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
65. Belə ki, işin halları ondan ibarətdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 20000 manata iddiaçıların torpağının alınması üçün razılşamış, 11000 manat ödəmiş, qalan 9000 manatı iki ay ərzində ödəyəcəyini öhdəsinə götürmüşlər, bunu notarial qaydada təsdiq edilmiş xx.xx.2018-ci il tarixli kredit müqaviləsi ilə rəsmiləşdirmişlər. Cavabdehlər hazırda 9000 manat pulu verməməsinin səbəbini torpaq sahəsində tikini işləri apara bilməməsi, torpaq sahəsinin başqa şəxslər tərəfindən zəbt edilməsi ilə əsaslandırmışlar.
66. Yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər, eləcə də, əgər müqavilə notariat orqanında bağlanmışdırsa, notarius müqaviləni təsdiq etmədən əvvəl onun məzmununu tərəflərə izah edir.
67. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları).
68. Məhkəmə kollegiyası vurğulayır ki, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil.
69. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən, yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur.
70. Qeyd edilməlidir ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir.
71. Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
72. Pərdələnən müqavilədə tərəflərin həqiqi iradəsi ifadə olunduğundan, bu əqd mülki qanunvericiliklə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verdikdə, etibarlı əqd kimi arzu olunan hüquqi nəticələrə səbəb ola bilər. Belə ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır.
73. İş üzrə materialların və tərəflərin izahatlarının məcmusu məhkəmə kollegiyasına əsas verir ki, xx.xx.2018-ci il tarixli notariat qaydasında təsdiqlənmiş kredit müqaviləsi faktiki olaraq daşınmaz əmlakın alğı-satqısı münasibətini pərdələmək məqsədi ilə bağlanmış yalan əqd olmuşdur.
74. Hazırkı mübahisədə cavabdehlər torpaq sahəsi almaq məqsədilə 11.000 manat məbləğində ilkin ödəniş etdiklərini, torpağın sənədləri çıxarıldıqdan sonra qalan hissəni – 9.000 manatı ödəyəcəklərini bildirmişlər. Lakin, alğı-satqı müqaviləsi bağlanmamış, onun əvəzinə rəsmi sənədlərdə kredit müqaviləsi adı altında görünən, lakin tərəflərin real iradəsini əks etdirməyən saziş imzalanmışdır.
75. Beləliklə, tərəflər əmlakın alğı-satqısı məqsədilə danışıqlar aparmış və bu niyyət əsasında ilkin ödəniş həyata keçirmiş, lakin torpaq sahəsinin sənədlərinin olmaması səbəbindən hüquqi alğı-satqı mümkün olmamışdır. Əvəzində üçüncü şəxslərdə formal və hüquqi qüvvədə görünən sənəd təsəvvürü yaratmaq məqsədilə yalan kredit müqaviləsi bağlanmışdır.
76. Göründüyü kimi, baxılan işdə bağlanmış kredit müqaviləsi də məhz bu əlamətləri özündə birləşdirir. Birincisi, tərəflərin real məqsədi əmlakın alğı-satqısı olub. İkincisi, torpağın sənədləri hazır olmadığına görə bu əməliyyat rəsmi şəkildə alğı-satqı kimi sənədləşdirilə bilməmişdir. Üçüncüsü, vasitəçinin təklifi ilə, kredit müqaviləsi imzalanmaqla hüquqi görüntü formalaşdırılmışdır. Digər tərəfdən isə, 9000 manat pulun faktiki olaraq verilməsi baş verməmişdir.
77. Bundan əlavə, daşınmaz əmlakın alqı-satqısı qanunla müəyyən edilmiş qaydalara riayət edilməklə həyata keçirilməli idi.
78. Mülki dövriyyədə müəyyən növ müqavilələrin formalarını qanun birbaşa müəyyən etmişdir. Daşınmaz əmlakın dövriyyəsi ilə bağlı əqdlər də bu kateqoriyaya aiddir. Qanunvericilik, daşınmaz əmlak üzərində sərəncam verilməsi ilə bağlı müqavilələrin forması kimi onların yazılı şəkildə bağlanması və notarial qaydada təsdiqlənməli olduğunu müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144.1-ci maddəsinə görə, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.
79. Qeyd olunmalıdır ki, daşınmaz əmlakın alğı-satqısı yalnız notariat qaydasında təsdiqlənmiş müqavilə ilə və dövlət qeydiyyatı əsasında hüquqi qüvvəyə malik ola bilər. Bu qaydaların pozulması, mülki dövriyyənin sabitliyini və əmlak hüquqlarının etibarlılığını şübhə altına alır. Hal-hazırda tərəflər arasında belə bir müqavilə və qeydiyyat mövcud olmamışdır.
80. Yuxarıda qeyd olunan faktiki və hüquqi hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə iddia predmetini təşkil edən borc öhdəliyi mövcud deyildir, təqdim olunmuş müqavilə isə yalan əqd olmaqla əhəmiyyətsizdir, birinci instansiya məhkəməsi isə araşdırmadan iş üzrə qətnamə qəbul etmişdir. Bu isə məhkəmə kollegiyası tərəfindən hüquqi mövqe və faktların qiymətləndirilməsində prosessual və maddi hüquq pozuntusu kimi dəyərləndirilməlidir.
81. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
82. Azərbaycan Respublikasının MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olubolmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.
83. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.
84. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.
85. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
86. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
87. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
88. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
89. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
90. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur.
91. İşin yuxarıda sadalanan hallarından göründüyü kimi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 20000 manata iddiaçıların torpağının alınması üçün razılşamış, 11000 manat ödəmiş, qalan 9000 manatı iki ay ərzində ödəyəcəyini öhdəsinə götürmüşlər, bunu notarial qaydada təsdiq edilmiş xx.xx.2018-ci il tarixli kredit müqaviləsi ilə rəsmiləşdirmişlər. Cavabdehlər hazırda 9000 manat pulu verməməsinin səbəbini torpaq sahəsində tikini işləri apara bilməməsi, torpaq sahəsinin başqa şəxslər tərəfindən zəbt edilməsi ilə əsaslandırmışlar. İşdə olan materiallarin və tərəflərin izahatlarının məcmusu məhkəmə kollegiyasına əsas verir ki, xx.xx.2018-ci il tarixli notariat qaydasında təsdiqlənmiş kredit müqaviləsi faktiki olaraq daşınmaz əmlakın alğı-satqısı münasibətini pərdələmək məqsədi ilə bağlanmış yalan əqd olmuşdur. Göründüyü kimi, iş üzrə iddia predmetini təşkil edən borc öhdəliyi mövcud deyildir, təqdim olunmuş müqavilə isə yalan əqd olmaqla əhəmiyyətsizdir.
92. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməməlidir.
93. Eyni zamanda kollegiya hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən iddia təmin edilmədiyindən iddianın verilməsi üçün ödənilmiş 95 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
94. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 385.1, 382, 388, 393 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1649/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İddianın verilməsi üçün ödənilmiş 95 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində qətnamədən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.