Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-804/2025 07.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, Cavabdeh1 və onun nümayəndəsi (vəkili) X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işi üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-3007/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları **-BF-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21074” minik markalı avtomobil mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsusdur. xx.xx.2023-cü il tarixdə Cavabdeh1 tərəfindən İddiaçı mülkiiyyətci Cavabdeh2 adından **-BF-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21074” minik markalı avtomobilin hüquqi müqəddəratını həll etmək hüququ da daxil olmaqla etibarnamə verilmişdir. Göyçay İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli, 206360/23-61-12 nömrəli məktubuna əsasən xx.xx.2023-cü il tarixdə Yevlax RQİ və TBŞ tərəfindən **-BF-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21074” minik markalı avtonəqliyyat vasitəsinə məhdudiyyət qeydə alınmışdır. İddiaçı iddiasına görə o, 5050 manat pul müqabilində xx.xx.2023-cü il tarixdə Tovuz şəhərində yerləşən avtomobil bazarından **-BF-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21074” minik markalı avtomobili Tovuz rayonu, Hunanlar kənd sakini Cavabdeh1 almış, bir müddət sonra avtomobili öz adına rəsmiləşdirmək istədikdə üzərində məhdudiyyət olduğu məlum olmuşdur. Tərəflər arasında rəsmi alğı-satqı müqaviləsi bağlanmamış və avtomobil hazırda cərimə meydançasında olmaqla İddiaçı sahibliyində deyildir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5050 manat pulun, tərəfindən ödənilmiş 70.50 manat dövlət rüsumunun alınaraq ona qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Tovuz şəhərində yerləşən avtomobil bazarından **-BF-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21074” minik markalı avtomobili Tovuz rayonu, Hunanlar kənd sakini Cavabdeh1 5050 manat müqabilində almışdır. Həmin tarixdə avtomobili özəlləşdirmək istəsə də, Teymur ona vaxtının olmadığını notariusda etibarnamə verə biləcəyini bildirmişdir. Bundan sonra Nurlan Kerimov ona generalni etibarnamə vermişdir. O, bir müddət avtomobili sözügedən etibarnamə ilə öz istifadəsində saxlasa da, texminən 2023-cü ilin sonlarında avtomobili öz adına rəsmiləşdirmək üçün Tovuz RQİ ve TBŞ-nə müraciət etmişdir. Oradan **-BF-*** dövlət qeydiyyat nişanlı, VAZ 21074 minik markalı avtomobilin üzərində həbs olduğunu özəlləşdirilməsinin qeyri mümkün olduğu bildirilmişdir. Bundan sonra o, avtomobili aldığı Cavabdeh1 müraciət etmiş, o isə bundan məlumatı olmadığını, pulu o, alsa da, avtomobilin Göyçay rayonu, Şıxbǝy kənd sakini Cavabdeh2 məxsus olduğunu və onunla danışmalı olduğunu bildirmişdir. O, dəfələrlə Nurlan və Teymura avtomobilin özəlləşdirilməsində ona kömək etmələrini, etmədikləri təqdirdə ödəmiş olduğu pulu geri qaytarmağını bildirsə də, heç bir müsbət nəticə əldə edə bilməmişdir. Nəticədə Cavabdeh2, Cavabdeh1 vasitəsi ilə 2000 manat pul verəcəyi təqdirdə avtomobili yenidən ona sata biləcəyini, eks təqdirdə "102" xidmətinə zəng edərək avtomobilinin onun tərəfindən oğurlandığını bildirərək şikayət edəcəyini bildirmişdir. Bir müddət Teymur və Nurlandan dəfələrlə xahiş etməyinə baxmayaraq onlar onun pulunu ödəməkdən qəsdən yayınmış və nəticədə Cavabdeh2 ondan DİN-nin "102" xidmətinə dəfələrlə müraciət edərək onun onlara məxsus avtomobili oğurladığını bildirmişdir. Nurlan və Teymur bir qrup şəxs halında onun etibarından istifadə edərək onu aldatmış və ona məxsus 5050 manat pulu aldadaraq ələ keçirmişlər. Sözügedən avtomobilin üzərində məhdudiyyət Göyçay rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən qoyulmuşdur. Odur ki, cavabdehdən həmin məbləğin alınaraq ona ödənilməsini xahiş edir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-3007/2024 nömrəli qətnaməsi ilə (hakim Z.Hümbətov) iddia qismən təmin edilmiş, Cavabdeh1 5000 (beş min) manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70 (yetmiş) manat pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı mübahisəli avtomobilin əldə edilməsi üçün ödənilmiş pulun cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmiş, mübahisəli avtomobilin onun adına rəsmiləşdirilməməsi ilə tələbini əsaslandırmışdır. Lakin mübahisəli avtomobil iddiaçının adına rəsmiləşdirilməmiş, yəni həyata keçirilməmiş əsasa görə pul ödənilmişdir, bu halı təkzib edən və ya pulun geri qaytarılmasını təsdiqləyən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, məhrum olan iddiaçının hesabına əmlak əldə etmiş və əsassız varlanmış cavabdehdən pulun tutulması barədə iddia əsaslıdır. Belə ki, varlanmış şəxs cavabdehin əməli gözlənilən məqsədə uyğun olmadığndan – mübahisəli avtomobil adına rəsmiləşdirilmədiyindən məhrum olan iddiaçı verdiyi pulu geri tələb etməkdə haqlıdır. Bundan başqa, qanunvericiliyə əsasən, qaytarma tələbini istisna edən hal müəyyən olunmur. İddiaçı cavabdehlərdən Cavabdeh1 münasibətdə qismən əsaslı hesab etsə də, digər cavabdehə münasibətdə əsaslı hesab etmədiyindən o hissədə iddianın rədd edilməsi qənaətinə gəlir. Məhkəmə iclasında Cavabdeh1 iddiaçıdan 4700-4800 manat pul aldığını bildirsə də, məhkəməyə təqdim edilmiş səs yazısındakı Cavabdeh1 ilə aparılan danışıqlardan müəyyən edilir ki, o iddiaçıdan 5000 manat məbləğində pul almışdır. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157, 337, 567, 570, 572.1, 596, 646, 648.1, 1091-ci maddələrinə istinad etmişdir. Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, evində avtomobil təmiri ilə məşğul olaraq nisbətən təmirə ehtiyacı olan avtomobilləri alaraq müəyyən təmir işlərini icra etdikdən sonra aldığından fərqli qiymətə sataraq ailənin maddi təminatını təmin etməyə çalışır. Bu minvalla ** BF *** dövlət qeydiyyat nişanlı, VAZ 21074 minik markalı avtomobili avtomobilin texniki pasportu üzrə mülkiyyətçisi olan Cavabdeh2 deyil, Bərdə rayonu Kələntərli kənd sakin X2 xx.xx.2023-cü il tarixdə 7E-10935 reyestrlə təsdiq edilmiş baş vəkalətnamə əsasında 4450(dörd min dörd yüz əlli) manata satın almış və təcili pula ehtiyacı olmasına görə bir gün sonra, yəni xx.xx.2023-cü il tarixdə Tovuz şəhərində yerləşən avtomobil bazarına satmağa çıxarmışdır. Bazarda bir cavan oğlan və bir nəfər orta yaşlı kişi ilə avtomobilin dəyərini beş min manata şifahi qaydada razılaşaraq həmin avtomobili onlara satası oldu. O, ümumiyyətlə avtomobilin texniki pasport üzrə rəsmi mülkiyyətçisini tanımır, bu səbəbdən baş verə biləcək narazılıqlara görə avtomobili almağa razılaşdığı həmin şəxslərdən avtomobilin alqı-satqı yolu ilə rəsmiləşdirilməsini tələb etdi, ancaq həmin şəxslər avtomobilin dəyərindən artıq əlavə pullarının qalmamasına görə avtomobili baş vəkalətnamə əsasında almağın onları qane etməsini, hətta əvvəllər də aldıqları avtomobilləri baş vəkalətnamə əsasında almış olmalarını bildirdilər, ancaq vəkalətnaməni cavan oğlanın anası dediyi, real alqı-satqı zamanı bazarda olmayan üzünü görmədiyim qadının, yəni İddiaçı adına xx.xx.2023-cüil tarixli 7E-20238 saylı reyestrlə təsdiq edilmiş baş vəkalətnamə əsasında vermişdir. Ancaq, məhkəmə məlum qətmaməsində həmin vəkalətnamənin guya avtomobilin texniki pasportu üzrə mülkiyyətçisi olan Cavabdeh2 xx.xx.2024-cü il tarixli vəkalətnamənin iddiaçının adına verilməsini qeyd etmişdir. Ona verilən xx.xx.2023-cü il tarixli 7E-10935 reyestrlə təsdiq edilmiş baş vəkalətnamədən məlum olur ki, o, həmin avtomobili bir gün sahibliyində saxlamış, növbəti gün iddiaçının sahibliyinə xx.xx.2023-cü il tarixli 7E-20238 saylı reyestrlə təsdiq edilmiş baş vəkalətnamə əsasında vermişdir.Həmin avtomobili alarkən o, öz adına aldığı 1 illik baş vəkalətməmə üzrə artıq 4 ay keçməsinə görə onun səlahiyyətinin qaldığı müddət üzrə yəni, iddiaçıya verdiyi vəkalətnamənin müddəti 7ay 26 gün sahiblik müddəti qalmışdı. Ancaq, iş materiallarına əlavə edilmiş Göyçay rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan məlum olur ki, mübahisəli avtomobilin üzərinə qoyulmuş həbs həmin avtomobilin onun tərəfindən iddiaçıya satılmasından ən azı 25 gün sonra məlum icra Şöbəsinin qərarı ilə qoyulmuşdur. Deməli, əgər həmin avtomobil tərəfindən satılandan əvvəl üzərinə həbs qoyulmuş olardısa, həmin halda avtomobilin iddiaçının adına rəsmiləşdirilməsinə yaranan maneədə onun təqsiri olardı. Göründüyü kimi, belə halın olması iş materialları ilə də öz təsdiqini tapmır. Ona görə həmin avtomobili faktiki olaraq ondan almış iddiaçı ən azından 25 günədək öz adına rəsmiləşdirsə idi, heç bir problem yaranmazdı. İddiaçının onunla olan telefon danışığı zamanı da etiraf etdiyi kimi avtomaşının ondan alınmasında özü şəxsən iştirak etməmiş, oğlu vasitəsi ilə alınmış, onun avtomobili alqı-satqı yolu ilə rəsmiləşdirilməsi barədəki tələbi isə nə oğlu, nə də onunla birlikdə avtomobilin alınmasında iştirak etmiş yaxın qohumu tərəfindən qəbul edilməmişdir. Bundan əlavə məhkəmə qətnaməsində iddiaçının ifadəsinə istinad edərək maşının mülkiyyətçisi Cavabdeh2 və ondan avtomaşının satın alınması zamanı ödəmiş olduğu beş min manat pulu ona qaytarmağı ondan tələb etmiş, ancaq onlar tələbi təmin etməmiş, əksinə Cavabdeh2 guya onun vasitəsilə iddiaçıdan əlavə olaraq iki min manat pul tələb etmişdir ki, avtomobili yenidən iddiaçının adına rəsmiləşdirdirsin. Ancaq, iddiaçının adından tərtib edilmiş ifadəsində isə guya iddiaçınını özünün avtomobilin alınmasında iştirakı olmuş və onun tərəfindən avtomobilin alqı-satqı yolu ilə satılmasına onun vaxtının olmaması bəhanəsi ilə imkan verilməmişdir. Nə qədər vicdansızcasına tərtib edilmiş ifadədir. Çünki, bu halın olmamasını iddiaçı onunla olan telefon danışığında da təsdiq etmişdir, məhkəmə isə obyektiv araşdırma aparmadan iddiaçının reallığı inkar edən ifadəsi üzrə məlum əsassız, qanunsuz və ədalətsiz qətnaməni çıxarmışdır. Qeyd etdiyi kimi, o, bu günədək tanımadığı avtomobilin mülkiyyətçisi ilə heç bir münasibəti olmamış, nə də mülkiyyətçi onun vasitəsilə, iddiaçıdan hər hansı məbləğdə pul istəməmişdir. Digər tərəfdən, iddiaçı tərəf alıcının aldığı avtomaşını istədiyi qaydada rəsmiləşdirmək hüququndan onu kimsə, o cümlədən, satıcı olaraq o da daşındıra bilməzdi, çünki, o, istəsə avtomobili alqı-satqı müqaviləsi tərtib edilmədən almazdı. Eyni zamanda, iddiçıya verilmiş vəkalətnamə əsasında avtomobilin istifadəsi zamanı törətdiyi hər hansı hadisə və ziyanla bağlı onun heç bir məsuliyyəti olmadığı kimi, avtomobilin iddiaçının sahibliyinə məlum qanuni vəkalətnamə əsasında verilməsindən sonra, avtomobillə bağlı hər hansı məhdudiyyətlərlə, üzərinə qoyulmuş həbslə əlaqədar onun məsuliyyəti də ola bilməz. Bu səbəbdən, tərəfindən avtomobilin qanuni əsaslarla iddiaçının sahibliyinə verilməsindən sonra avtomobilin üzərinə qoyulmuş həbslə bağlı iddiaçının avtomobili öz adına rəsmiləşdirə bilməməsinə görə onun məsuliyyət daşımalı olmağına dair məhkəmənin gəldiyi nəticə taməsassız və qanunsuzdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı xx.xx.2025-ci il tarixdə apellyasiya şikayətinə etirazla məhkəməyə müraciət edərək etirazını onunla əsaslandırmışdır ki, cavabdehin səs yazısının əks olunduğu diskdə və birinci instansiya məhkəməsində ifadəsində pulun ona verilməsini etiraf etmişdir. Digər cavabdeh olan avtomobilin mülkiyyətçisini isə tanımır. Ona avtomobili satan Cavabdeh1 olmuşdur. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahatında bildirdi ki, cavabdeh alğı-satqı zamanı avtomobilə mülkiyyət hüququnun rəısmiləşdirilməsi barədə qarşı tərəfə dəfələrlə təklif etmiş, onlar qəbul etməmişlər. Belə ki, avtomobil satılan zaman üzərində həbs olmamışdır. İndi maşın cərimə meydançasındadır, belə olan halda cavabdeh həm maşından məhrum edilir, həm də pulu qaytarır. Apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçıdan 5000 manatı aldığını inkar etmir, ancaq o, vaxtında adına rəsmiləşdirmədiyi üçün hazırki mübahisə yaranmışdır. O, avtomaşını Bərdə rayonundan almış və iddiaçıya satmışdır. İddiaçı vaxtında maşını adına rəsmləşdirsəydi bu mübahisə olmazdı. Bildiyi qədər maşının mülkiyyətçisi ilə arvadı arasında mübahisə vardır və onun arvadı məhkəmədə əmlakın bölünməsinə ilə bağlı iddia qaldırmışdır. İddiaçı və digər cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının və digər cavabdehin iştirakı olmadan baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamənin və Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması qaydasının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması Qaydası Bənd 1.1. Bu qaydalar “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanına müvafiq olaraq hazırlanmışdır və Azərbaycan Respublikası ərazisində hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kmdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinin, onların qoşqularının və yarımqoşqularının (bundan sonra "nəqliyyat vasitələri") özgəninkiləşdirilməsi və girov qoyulması qaydalarını müəyyən edir.[53] Bənd 1.2. Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması əqdləri Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq bağlanır. Bənd 1.3. Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması yalnız nəqliyyat vasitəsinin Azərbaycan Respublikası DİN X5 idarəsinin qeydiyyat-imtahan hissələrində (bundan sonra "qeydiyyat məntəqələri") müayinədən keçirilməsi haqqında arayış təqdim edildikdən sonra Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq aparılır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnamənin ləğv edilməsini xahiş etsə də, əslində qətnaməni ondan 5000 manat pulun tutulması hissəsində mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını mübahisələndirilən hissədə yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə araşdırması zamanı işin faktiki halları ilə müəyyən edilmişdir ki, **-BF-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21074” minik markalı avtomobil mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsusdur. İddiaçı 5000 manat pul müqabilində xx.xx.2023-cü il tarixdə Tovuz şəhərində yerləşən avtomobil bazarından **-BF-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21074” minik markalı avtomobili Tovuz rayonu, Hunanlar kənd sakini Cavabdeh1 almış, bir müddət sonra avtomobili öz adına rəsmiləşdirmək istədikdə üzərində həbs olduğu məlum olmuşdur. Bundan sonra avtomobili öz mülkiyyətinə rəsmiləşdirmək istəsə də bu mümkün olmamışdır. Avtomobil hazırda cərimə meydançasında olmaqla İddiaçı sahibliyində deyildir. Belə ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh1 tərəfindən İddiaçı mülkiiyyətci Cavabdeh2 adından **-BF-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21074” minik markalı avtomobilin hüquqi müqəddəratını həll etmək hüququ da daxil olmaqla etibarnamə verilmişdir. Bundan sonra Göyçay İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli, 206360/23-61-12 nömrəli məktubuna əsasən xx.xx.2023-cü il tarixdə Yevlax RQİ və TBŞ tərəfindən **-BF- *** dövlət qeydiyyat nişanlı, “VAZ 21074” minik markalı avtonəqliyyat vasitəsinə məhdudiyyət qeydə alınmışdır. İddiaçı cavabdehə 5050 manat pulun verildiyini iddia etsə də məhkəmə araşdırması zamanı istər məhkəmə iclas zalında izahatında, istər aöellyasiya şikaytində, istrsə də məhkəməyə təqdim edilən cavabdehin səs yazısında Cavabdeh1 ilə aparılan danışıqlardan onun iddiaçıdan nəqliyyat vasitəsinin satılması ilə əlaqədar 5000 manat məbləğində pul aldığı təsdiqini tapır və müəyyən edilmiş hallar işin mübahisələndirilməyən hallarıdır. İşin apellyator tərəfindən mübahisələndirilən halı ondan ibarətdir ki, o, nəqliyyat vasitəsini iddiaçıya satdığı zaman nəqliyyat vasitəsinin üzərində məhdudiyyət olmamışdır. İddiaçı vaxtında nəqliyyat vasitəsini sənədləşdirmədiyi üçün məsuliyyət onun üzərindədir və cavabdeh ona pul qaytarmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlarla bağlı məhkəmə qeyd edtməyi zəruri hesab edir ki, arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə xx.xx.2004-cü il tarixli Qərar). Etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır ki, daşınmaz əmlakın alğı-satqısına dair müqavilənin notarial qaydada bağlanması qanunvericiliyin tələbidir və əqdin qanunvericiliklə müəyyən olunmuş formasına riayət edilməməsi əqdin etibarsızlığına səbəb olur. Tərəflər arasında şifahi bağlanmış alğı-satqı müqaviləsi qanunveiciliyin tələblərinə zidd olduğundan etibarsız əqddir ki, Azərbaycan Republikası Mülki Mücəlləsinin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir ki, daşınmaz əmlaka dair bağlanmalı olan müqavilələr notarial qaydada təsdiq olunmalıdır. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamənin və Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması qaydasının təsdiq edilməsi barədə 15 mart 1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması Qaydası təsdiq edilmiş və həmin qaydaya görə nəqliyyat vasitəsinin alğı-satqısına dair müqavilələr müvafiq polis orqanlarında rsmləşdirilməlir. Məhkəmə araşdırması müəyyən olunduğu kimi, tərəflər nəqliyyat vasitəsinin alğısatqısı ilə bağlı niyytlərini rəsmləşdirməmiş və iddiaçıya mülkiyyətçinin adından etibarnamə verilmişdir. Etibarnamə isə alğı-satqı müqaviləsini əvəz etməməklə bir şəxsin üçünçü şəxslər qarşısında təmsilcilik məqsədi ilə verilir. Bu səbəbdən də məhkəmə hesab edir ki, nəqliyyat vasitəsinin etibarnamə verilməsi yolu ilə alğı-satqısı hüquqi nəticə yaratmamış və onların rəsmləşdirilməmiş niyyətlərinə ilə bağlı tərəflərin şifahi razılaşmasına dair şifahi əqd etibarsız olmuşdur. Etibarsız əqdin nəticəsində isə cavabdeh əsassız varlanmışdır və özünündə də etiraf etdiyi kimi iddiaçıdan 5000 manat pul vəsaitini almışdır. Məhkəmə hesab edir ki, belə olan təqdirdə iddianın hüquqi əsası kimi əmlak (pul) əldə etmə ilə əlaqədar əsassız varlanma nəticəsində əldə edilənləri qaytarma vəzifəsi ilə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091 və 1092-ci maddələri nəzərdən keçirilməlidir. Məhkəmənin qənaətinə görə tərəflərin arasında yaranmış mübahisə, əsassız varlanma ilə bağlı yaranan mübahisədir. Ona görə də işin hallarına əsassız varlanma ilə bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsidir. Həmin normada deyilir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 1091.2-ci maddəsinin tələbinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmasın. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Sonda məhkəmə qeyd etməyi zərui hesab edir ki, əhəmiyyətsiz əqd əsasında alınanların geri qaytarılması vəzifəsi apellyatorun nəqliyyat vasitəsini eyni qaydada əldə etdikləri şəxslərə də şamil edir ki, apellyator həmin şəxslərə qarşı məhkəməyə müraciət etmək hüququndan istifadə edə bilər. Beləliklə şərh olunanlara əsasən məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları yol verilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-3007/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-804/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-804/2025
07.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver