Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-806/2024 28.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-1418/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Şəmil oğlu cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında 377749 saylı xx.xx.2023- cü il tarixli protokolun ləğv edilməsi və hesablanmış cərimə borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC X11 Təchizatı və Satışı İdarəsi tərəfindən tərtib olunmuş 377749 saylı xx.xx.2023-cü il tarixli protokolun ləğv edilməsi və hesablanmış 288,03 AZN cərimə məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-1418/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən Q.Abbasov ) İddiaçı Şəmil oğlunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında 377749 saylı xx.xx.2023-cü il tarixli protokolun ləğv edilməsi və hesablanmış cərimə borcunun silinməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-1418/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun mərhum atası X2 Göygöl rayonu Dozular kəndində fərdi yaşayış evi vardır. Atası vəfat edəndən sonra o, kənddə qeydiyyatda olsa da, ailəsi ilə birlikdə köçüb Gəncə şəhərində yaşayır. Hərdən evə gedib ora nəzarət edir. 25 iyun 2023-cü il tarixdə (sayğac söküləndən 3 ay sonra) "xxxx" ASCnin Göygöl filialının nəzarətçi-mühəndisi X3 ona mobil telefon vasitəsilə demişdir ki, "xxxx"ASC X11 Təchizatı və Satışı İdarəsi tərəfindən 01 aprel 2023-cü il tarixdə atama məxsus evdə işıq sayğacı dəyişdirilmiş və ona cərimə yazılmışdır. O, bu barədə İdarəyə müraciət edəndə oradan bildirmişlər ki, sizin işıq sayğacınız dəyişdiriləndə bilinib ki, sayğaca müdaxilə etmisiniz, ona görə də 288.03 AZN cərimə yazılmış və sayğac ekspertizaya göndərilmişdir. İdarənin əməkdaşları xx.xx.2023-cü il tarixdə onun iştirakı olmadan sayğaçın dəyişdirilməsi barədə 377749 nömrəli protokol tərtib etmişlər.O, orada iştirak etmədiyi üçün protolda imzası da yoxdur. Protokolda qeyd edilmişdir ki,“sayğacın üst qapağının ilgəylərinə müdaxilə olunub, üst qapaq aralanır,Sayğac işləyir, istismara yararsızdır”. Protokoldan görünür ki, sayğacdakı zədələr ekspertə göndərilmədən adi gözlə baxarkən aşkar edilmişdir. Nəzarətçi mühəndis mütəmmadi olaraq gəlib onun iştirakı ilə işlənən enerjini qeyd etmək üçün sayğacı yoxlamışdır. O, heç vaxt ona deməmişdir ki, sayğaca müdaxilə edilib. Yəqin ki, idarənin əməkdaşları sayğacı söküb çıxaranda onu zədələyiblər. X11 Təchizatı və Satışı İdarəsindən aldığı 10 iyul 2023-cü il tarixli məktubda isə bildirilir ki, köhnə sayğac sökülərək rəy verilməsi üçün laboratoriyaya göndərilmiş,çıxarılan sayğac laboratoriya şəraitində yoxlanılaraq 377749 saylı Rəy verilmişdir.Guya nöqsanlar orada aşkar edilmişdir. Elə buradan aydın olur ki, tərtib edilmiş protokolda və rəydə yazılanlar doğru deyildir.Ona yalandan cərimə hesabladıqları azmış kim hələ tövsiyə ediblər ki, 285 manat 03 qəpik debitor borcunuzu ödəyəsiniz. Həqiqətdə isə onun debitor borcu yoxdur. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi. Həmçinin göstərdi ki, ev həyət evidir. Həmin evdə yaşamır. Gəncədə evi var, orada yaşayır. Apellyasiya şikayətinin təmin edilməsini, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-1418/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, sayğac istismara yararsız olmuş, üst qapağa müdaxilə halı olmuşdur. Sayğac mexaniki sayğacdır. Qətnaməni qanunsuz hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-1418/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, İddiaçı Şəmil oğlunun apellyasiya şikayəti təmin edilməli, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-1418/2023 nömrəli qətnaməsi qismən, mübahisələndirilən hissədə ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbi həmin hissədə təmin edilməli, İddiaçı Şəmil oğluna hesablanmış cəmi 288, 03 manat cərimə məbləği silinməlidir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddiaçı apellyasiya şikayətinin dəlillərindən görünür ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-1418/2023 nömrəli qətnaməsinin iddianın hesablanmış cərimə borcunun silinməsi hissəsini mübahisələndirmişdir. Qətnamənin digər elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında 377749 saylı xx.xx.2023-cü il tarixli protokolun ləğv edilməsi hissəsi mübahisələndirilməmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İşə əlavə edilmiş: "xxxx" ASC-nin “Qərb” RETSİ-nin 10 iyul 2023-cü il tarixli X4 ünvanlanmış məktubdan görünür ki, onun xx.xx.2023-cü il tarixli ərizəsi aidiyyəti üzrə araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə mənzilə quraşdırılmış elektrik sayğacı laboratoriyanın əməkdaşı tərəfindən 377749 saylı protokolla dəyişdirilmişdir. Köhnə sayğac sökülərək rəy verilməsi üçün laboratoriyaya göndərilmiş və xx.xx.2023-cü il tarixdə çıxarılan sayğac laboratoriya şəraitində yoxlanılaraq, aşağıdakı 377749 saylı Rəy verilmişdir. “Sayğacın üst qapağının ilgəklərinə müdaxilə olunub. Üst qapaq aralanır. Sayğac işləyir. İstismara yararsızdır.” Komissiyada akta baxılaraq, 1109kVt.s, dəyəri 144,17 manat itirilmiş enerji bərpa edilmişdir. Daha sonra, Aktların Uçotu və İcrasına Nəzarət şöbəsində akta yenidən baxılmış, artırılaraq 288,31 manat dəyərində hesablanmışdır. xx.xx.2023-cü il tarixə debitor borc 285,03 manat təşkil edir. Həmin məbləğin ödənilməsi tövsiyyə edilmişdir. X9 Cəmiyyətinin məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında 377749 saylı protokoldan görünür ki, sayğacın üst qapağının ilgəklərinə müdaxilə olunub. Üst qapaq aralıdır. Sayğac işləyir. İstismara yararsızdır. X9 Cəmiyyətinin Bildiriş xəbərdarlığından görünür ki, ödəniləcək məbləğ 288,07 manat təşkil edir. Azərişıq ASC-nin abunə haqqında saldosundan görünür ki, cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı Şəmil oğluna 288.07 manat borc hesablanmışdır. "xxxx" ASC-nin “Qərb” RETSİ-nin AKT komissiyasının sədrinin xx.xx.2023-cü il tarixli icra vərəqinin surətindən görünür ki, fərdi abonent Şəmil Qocayevə 144.17 manat dəyərində borc yazılmışdır. Göygöl rayonu İcra Hakimiyyəti Başçısının Dozular kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin 11 sentyabr 2023-cü il tarixli arayışından görünür ki, İddiaçı Göygöl rayon Dozular kəndində yaşayır, daimi qeydiyyatdadır və mərhum atası X6 ilə ölən günədək birlikdə yaşamış və hal-hazırda da Dozular kəndində olan fərdi yaşayış evində daimi qeydiyyatdadır. Göygöl rayonu İcra Hakimiyyəti Başçısının Dozular kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 sentyabr 2011-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 23 sentyabr 2011-ci ildə ölmüşdür. AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Şəmil oğlu xx.xx.1970-ci ildə doğulmuşdur. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, xx.xx.2023-cü il tarixdə iddiaçıya məxsus mənzilə quraşdırılmış elektrik sayğacı laboratoriyanın əməkdaşı tərəfindən 377749 saylı protokolla dəyişdirilmişdir. Köhnə sayğac sökülərək rəy verilməsi üçün laboratoriyaya göndərilmiş və xx.xx.2023-cü il tarixdə çıxarılan sayğac laboratoriya şəraitində yoxlanılaraq, sayğacın üst qapağının ilgəklərinə müdaxilə olunması, üst qapağının aralanması, sayğacın işləməməsi, istismara yararsız olması, komissiyada akta baxılaraq, 1109kVt.s, dəyəri 144,17 manat itirilmiş enerjinin bərpa edilməsi, daha sonra, Aktların Uçotu və İcrasına Nəzarət şöbəsində akta yenidən baxılması, məbləğin artırılaraq 288,31 manat dəyərində hesablanması və xx.xx.2023-cü il tarixə debitor borcun 285,03 manat təşkil etməsi barədə 377749 saylı Rəy verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 7.6.-cı maddəsinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Həmin Qaydaların 7.11-ci bəndinə əsasən, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enercitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Həmin Qaydaların 7.13-cü maddəsinin üçüncü abzasında göstərilir ki, məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Məişət abonentləri ilə hesablaşmalarda elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmır və ona görə ödəniş tutulmur. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enercisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində eletrik enercisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı Şəmil oğlunun yaşadığı Göygöl rayonu Dozular kəndində yerləşən mənzilə quraşdırılmış sayğacın üst qapağının ilgəklərinə müdaxilə olunması, üst qapağının aralanması, sayğacın işləməməsi, istismara yararsız olması aşkar olunsa da, həmin müdaxilə faktının iddiaçı tərəfindən törədilməsi və sayğacın onun təqsiri ucbatından zədələnməsi, yararsız hala salınması iş materialları ilə müəyyən edilməmişdir. Buna baxmayaraq, itirilmiş enerjinin bərpası məqsədilə iddiaçıya sayğacdan keçən yükə uyğun 288,31 manat məbləğində hesabat aparılmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır İddiaçı tərəfindən sayğaca müdaxilə edilməsi öz təsdiqini tapmamış və həmin müdaxilə faktının təsdiq edilməsi üçün heç bir mötəbər sübut növü təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1.-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 385.1.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-1418/2023 nömrəli qətnaməsi qismən, mübahisələndirilən hissədə ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməklə, İddiaçı Şəmil oğluna hesablanmış cəmi 288,03 manat cərimə məbləği silinməlidir. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPMnin 372, 382, 384, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddiaçı Şəmil oğlunun apellyasiya şikayəti təmin edilsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-1418/2023 nömrəli qətnaməsi qismən, mübahisələndirilən hissədə ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə təmin edilsin. İddiaçı Şəmil oğluna hesablanmış cəmi 288, 03 manat cərimə məbləği silinsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi vaxtdan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-806/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-806/2024
28.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver