Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-806/2025 19.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-771/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə və Tovuz Elektrik şəbəkəsinə qarşı “elektrik verilişinin kabel elektrik ötürücü xətti vasitəsi ilə çəkilməsi öhdəliyinin həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, ********** qeydiyyat nömrəli, **********46 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında onun mülkiyyətində olan və Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən 0.06 ha torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış obyektinə yaxın məsafədən keçən 6 KV-luq elektrik verilişi xəttinin cavabdehlər tərəfindən kabel elektrik ötürücü xətti vasitəsilə çəkilməsi öhdəliyinin onların üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-771/2025 nömrəli qərardadı ilə (hakim Fərid Əliyev), iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Həmin qərardadın dəlilləri ilə razılaşmayan İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Belə ki, Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən 0.06 ha torpaq sahəsi xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********46 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında onun mülkiyyətinə verilmişdir. Torpaq sahəsi üzərində Tovuz rayon İcra Hakimiyyəti Başçısının 28 dekabr 2011-ci il tarixli, 190 saylı Sərəncamı ilə sahibkar obyekti tikintisinə icazə verilmiş və orada artıq neçə illər əvvəl bir mərtəbəli bina inşa edilmişdir. Həmin bina dövlət mülkiyyətində olan avtomobil yolunun qorunma (mühafizə) zolağından kənarda yerləşməklə obyektin tikintisi zamanı inşaat norma və qaydalarına əməl olunmaqla inşa edilmiş, bir neçə ildir ki, istifadədədir. Onun mülkiyyətində olan torpaq sahəsinin və onun üzərində yerləşən qeyriyaşayış obyektinin yerləşdiyi yerdə əvvəllər yolun digər tərəfində 6 kv-luq elektrik veriliş xətti keçirdi. Təxminən 1 il əvvəl həmin elektrik veriliş xəttinin yeri dəyişdirilərək, yolun onun mülkiyyətində olan torpaq sahəsi və üzərində olan qeyri-yaşayış obyekti yerləşən hissəsinə keçirildi və hazırda həmin elektrik veriliş xətti istismardadır. Hazırda bu vəziyyətdə onların qeyri-yaşayış obyektindən istifadə etməkləri təhlükəli olmaqla yanaşı, bir neçə il əvvəl hələ oradan yüksək gərginlikli elektrik xətti keçmədiyi vaxtda inşa edilmiş qeyri-yaşayış obyektinin "xxxx" ASC tərəfindən 6kVluq elektrik veriliş xəttinin mühafizə zonasında yerləşdiyi qeyd edilməklə istismarına icazə verilməmişdir. 6 kV-luq elektrik verilişi xətti yüksək gərginliklik elektrik xətti olmaqla onun qeyri-yaşayış binasından və torpaq sahəsindən istifadə hüququnu məhdudlaşdırır. Göründüyü kimi, hazırki iddianın mahiyyəti ondan ibarətdir ki, onun mülkiyyətçi olaraq hüquqları cavabdehlər tərəfindən pozulur. Ona görə də o hazırki iddia tələbi ilə Tovuz Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin, onun iddia ərizəsi əsassız olaraq geri qaytarılmışdır. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-771/2025 nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və Azərbaycan Respublikasının MPM-in 269-cu maddəsinə müvafiq olaraq iş materialları ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməli və Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-771/2025 nömrəli qərardadı tam və onun əsasında çıxarılmış xx.xx.2025-ci il tarixli, 2(062)-771/2025 nömrəli qərardadı isə qismən şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, mülki iş materialları mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, mülki prosessual qanunvericilik işlərə baxılmasının aidiyyət qaydalarını müəyyən etmişdir və bu qaydalara riayət olunmaması aparılmış prosessual hərəkətlərin qəbul edilməməsinə səbəb ola bilər. İlk növbədə kollegiya göstərir ki, Azərbaycan Respublikasının MPM-in 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının MPM-in 5.1-ci maddəsində göstərilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Lakin, məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Avropa Məhkəməsi «X2rşı» 21 fevral 1975-ci il tarixli qərarında göstərmişdir ki, məhkəməyə müraciət etmək hüququ özünün xarakteri etibarilə dövlət tərəfindən tənzimlənməli hüquqdur. Bu hüquqa qoyulan məhdudiyyətlər yalnız o halda Konvensiyanın 6-cı maddəsinə uyğun ola bilər ki, onlar qanuni məqsəd daşısın, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan əlaqə mövcud olsun. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinin tələbinə görə işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Azərbaycan Respublikasının MPM-in 24.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının məhkəmələri pozulmuş və mübahisə edilən hüquq və azadlıqların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafıq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Konstitusiyasının 62-ci maddəsindən çıxış etməklə Azərbaycan Respublikasının MPM-in 31.1-ci maddəsində də aidiyyət qaydalarının pozulmasına yol verilməməsi əksini tapmışdır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi işə baxan zaman hazırki iddia tələbinə Azərbaycan Respublikasının MPM-in 36.9-cu maddəsinin tələbinə görə iddia iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. İddia ərizəsinə hər hansı müqavilə əlavə edilməmişdir. Yəni iddiaçı öz seçiminə müvafiq olaraq yaşadığı yerin məhkəməsinə müraciət edə bilər. İddiaçının yaşayış yeri isə Abşeron rayonu, Masazır kəndidir. Bu elektron məhkəmə sistemi üzrə verilən məlumatlar ilə təsdiqin tapır. Daha sonra "xxxx" ASC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsidir. Digər cavabdeh kimi qeyd olunan Tovuz Elektrik şəbəkəsinin isə hüquqi ünvanı Tovuz Şəhəri, X5 küçəsi 10-dur. Lakin nəzərə almaq lazımdır ki, cavabdeh kimi yalnız "xxxx" ASC ola bilər. Çünki, Mülki Məcəllənin 53.3-cü maddəsinə görə nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Bu səbəbdən iddia ərizəsi ya iddiaçının yaşayış yeri üzrə, ya da cavabdeh "xxxx" ASC-nin hüquqi ünvanı üzrə verilməlidir. Əks yanaşma ərazi aidiyyəti qaydalarının pozulmasına gətirib çıxara biləcəyi qənaətinə gəlmişdir. Doğrudur ki, Azərbaycan Respublikasının MPM-in 35.2-ci maddəsində aidiyyətlə bağlı ümumi qayda müəyyən edərək göstərlir ki, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Lakin, qanunvericilik bu ümumi qaydadan fərqli olaraq həm də iddiaçının seçməsinə görə (36-cü maddə), hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi (37-ci maddə), fiziki və hüquqi şəxslərin müflisləşməsinə dair işlərin aidiyyəti (38-ci maddə), müstəsna aidiyyət (39-cu maddə), müqavilə aidiyyəti (40-cı maddə) və sair aidiyyət qaydalarını da müəyyən edir. Azərbaycan Respublikasının MPM-in 39-cu maddəsində müstəsna aidiyyət üçün əsas meyar kimi əmlakın olduğu yer və yük, sərnişin və baqaj daşınması üzrə iddialar üzrə nəqliyyat təşkilatının olduğu yer müəyyən olunur. Hazırki işdən isə görünür ki, Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərində tikilmiş bir mərtəbəli qeyri-yaşayış binası Tovuz rayonun inzibati ərazisinə aiddir. İddiaçının tələbi isə mülkiyyətində olan mübahisəli əmlakın üzərindən yüksək gərginlikli elektrik xəttinin keçməsi ilə bağlı olduğundan iddia həmin daşınmaz əmlaka mülkiyyət hüququnun müdafiəsi xarakterini daşıyır və bu hal da Azərbaycan Respublikasının MPM-in 39.1-ci maddəsi ilə müəyyən edilmiş müstəsna aidiyyət qaydasının təsiri altına düşür. Çünki, Azərbaycan Respublikasının MPM-in 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Ümumiyyətlə nəzərə alınmalıdır ki, müstəsna aidiyyət qaydasında baxılan işlərin həlli zamanı mübahisə obyektinin yerində müayinə olunması, bu əmlaklara dair sənədlərin vaxtında toplanması və zərurət yaranarsa şahidlərin dindirilməsi zərurəti yarana bilər. Qanunverici buna görə də prosessual qənaət və işin icraatının asanlaşdırılması mülahizələrindən çıxış etməklə, müstəsna aidiyyət qaydasını müəyyən etmişdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Azərbaycan Respublikasının MPM-in 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Azərbaycan Respublikasının MPM-in 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur:- daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması;- daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi;- sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Azərbaycan Respublikasının MPM-in 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz. Birinci instansiya məhkəməsi isə qeyd edilənlən halları nəzərə almayaraq iddia ərizəsini icraata qəbul etməmiş və ərizəni geri qaytarmışdır. Nəzərə alınmalıdır ki, Konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Eyni zamanda, kollegiya bildirir ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-771/2025 nömrəli qərardadı tam və onun əsasında çıxarılmış xx.xx.2025-ci il tarixli, 2(062)-771/2025 nömrəli qərardadı qismən şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, mülki iş materialları mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmçinin diqqətə çatdırılmalıdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman qərardadın əsaslandırma hissəsində göstərilən hüquqi mövqe nəzərə alınmalıdır. Azərbaycan Respublikasının MPM-in 399-cu maddəsində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir. Ona görə də, hazırki iş üzrə çıxarılan qərardadlardan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 263, 264, 398.0.2, 399 və 400-402-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şikayət təmin edilsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-771/2025 nömrəli qərardadı tam və onun əsasında çıxarılmış xx.xx.2025-ci il tarixli, 2(062)-771/2025 nömrəli qərardadı qismən, yəni şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. Mülki iş materialları mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-806/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-806/2025
19.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver