Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-828/2024 13.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: uşaqlara tutulan müalicə pulunun ləğvi Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X1 və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (bacısı) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müalicə pulunun ləğv edilməsi tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli 2(013)-2746/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 13 may 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Ağdam Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli, 2(013)-1324/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşağa 140 manat olmaqla cəmi 280 manat sabit pul məbləğində aliment, eləcədə uşaqların müalicəsi məqsədi ilə hər ay, hər uşağa 40 manat olmaqla, cəmi 80 manat miqdarında pulun İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 adlı uşaqların müalicəsi məqsədi ilə ondan tutulan hər ay, hər uşağa görə 40 manat olmaqla, cəmi 80 manat müalicə xərcinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 28 fevral 2012-ci ildə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 15 iyul 2012-ci il ildə Elcan, 26 avqust 2015-ci il ildə isə Elgün adlı iki uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğundan ayrılmışlar. Ağdam Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli, 2(013)-1324/2020 nömrəli qətnaməsi ilə İddiaçı hər uşağa 140 manat aliment, ümumilikdə 280 manat və hər uşağa müalicə xərci üçün 40 manat, ümumilikdə 80 manat tutularaq Cavabdeh verilməsi qət olunmuşdur. Eləcədə Ağdam Rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2(013)-1018/2023nömrəli qətnaməsi ilə əvvəl təyin olunmuş alimentin miqdarı artırılaraq, hər uşağa 150 manat, cəmi 300 manat müəyyən olunmuşdur. Övladı Elgün anadan olanda beyin təzyiqinə görə müalicə almış, lakin ciddi xəstəliyi olmamışdır. Uşaqlar Elcanın “Autizm”, Elgünün isə “Epilepsiya” xəstəliyindən əziyyət çəkmələri həqiqəti əks etdirmir. Təyin olunmuş aliment və müalicə xərci pulunu vaxtı-vaxtında tam ödəmişdir. Ancaq hazırda maddi vəziyəti ilə əlaqədar müalicə pulunun ödənilməsində çətinlik çəkir və həmin pulu ödəməyə etiraz edir.
4. Ağdam Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli 2(013)-2746/2023 nömrəli qətnaməsi ilə (hakim R.Məmmədov) İddiaçı Cavabdeh qarşı xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 adlı uşaqların müalicəsi məqsədi ilə ondan tutulan hər ay, hər uşağa görə 40 manat olmaqla, cəmi 80 (səksən) manat müalicə xərcinin ləğv edilməsi tələbinə dair iddianın təmin edilməməsi, ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət olunmuşdur.
5. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19, 81.2, 112.1-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3 119.1, 217.4, 218.3, 216-220, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
6. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Belə ki, uşaqlar onun iştirakı ilə yenidən müayinə olunmalıdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Cavabdeh apellyasiya şikayətinə etiraz verərək təmin olunmamasını məhkəmədən xahiş etmişdir.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (bacısı) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, qardaşı Elşənin əlilliyi olmasada hazırda işləmir. Təyin olunmuş alimenti və müalicə xərcini hazırda anası ödəyir. Uşaqların hər birinə 40 manat müalicə xərcinə görə aliment müəyyən olunsada, lakin uşaqlar hazırda sağlamdır. Ona görə də qardaşı Elşən müalicə pulu ödəməkdən azad olunmalıdır. İddaçının nümayəndəsi sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişlər. İddiaçı nümayəndəsi vastəsilə təmsil olunmuş, cavabdeh isə məhkəmə kollegiyasına etiraz göndərərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
11. Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
12. Maddə 34. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
13. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.
14. Maddə 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.
15. Maddə 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.
16. Maddə 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.
17. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
18. Maddə 4. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.
19. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.
20. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosialhüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
26. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
27. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 29.Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini ləğv olunmasını xahiş etdiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
31. Hazırkı işin müəyyən olunmuş faktiki hallarından görünür ki, Ağdam Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli, 2(013)-1324/2020 nömrəli qətnaməsi ilə İddiaçı Adığözəl oğlundan hər uşağa 140 manat aliment, ümumilikdə 280 manat və hər uşağa müalicə xərci üçün 40 manat, ümumilikdə 80 manat tutularaq Cavabdeh verilməsi qət olunmuşdur. Sonradan müəyyən olunmuş alimentin miqdarı Ağdam Rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2(013)-1018/2023-nömrəli qətnaməsi ilə artırılaraq, hər uşağa 150 manat, cəmi 300 manat müəyyən edilmişdir. İddiaçı Adığözəl oğlu övladlarının “Autizm” və “Epilepsiya” xəstəliyindən əziyyət çəkmələrinin həqiqəti əks etdirmədiyini, eləcədə təyin olunmuş müalicə xərcini ödəməyə maddi imkanının olmamasını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı təmin etməmişdir.
32. Məhkəmə kollegiyasıda birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin “birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılması və uşaqların onun iştirakı ilə yenidən müayinə olunması” dəlili qətnamənin ləğvi üçün əsas deyil. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir.
33. Yuxarıda da qeyd olunduğu kimi Ağdam Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli, 2(013)-1324/2020 nömrəli qətnaməsindən müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəflərin birgə nikahlarından anadan olmuş Elcan və Elgün adlı uşaqların hər biri üçün 40 manat müalicə xərcini müəyyən edərəkən birincinin “Autizm”, ikincinin isə “Epilepsiya” xəstəliyindən əziyyət çəkmələrinə istinad etmişdir. İddiaçı Adığözəl oğlu övladlarının hazırda “Autizm” və “Epilepsiya” xəstəliyindən əziyyət çəkmələrinin həqiqəti əks etdirmədiyini qeyd etsədə, lakin bu barədə məhkəməyə hər hansı möhtəbər sübut təqdim etməmişdir. Maddi imkanının olmamasına münasibətdə isə işdən müəyyən olunur ki, İddiaçı əmək qabliyyətlidir.
34. Mülki prosessual qanunvericiliyə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarıldımışdır və şikayətin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Qətnamə mübahisələndirilən hissədə alimentin (müalicə pulunun) bir illik məcmusu beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli 2(013)-2746/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayət verilə bilməz.