Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-83/2024 01.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin Cavabdeh1 qarşı mülki iş üzrə Açar sözlər: qaz boru kəmərinin mühafizə zonasında inşa edilmiş fərdi yaşayış evinin sökülməsi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3 və Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (bacısı) X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin Cavabdeh1 qarşı qaz boru kəmərinin mühafizə zonasında inşa edilmiş fərdi yaşayış evinin cavabdehin vəsaiti hesabına sökülməsi tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli 2(042)-31/2020 nömrəli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 01 oktyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 29 noyabr 2019-cu il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, Gədəbəy rayonu Xarxar kəndində yerləşən Cavabdeh1 məxsus 185,01 kv.m tikili qaz kəməri xəttindən şimal tərəfdən 34,5 m-dək və cənub tərəfdən 32,6 m-dək məsafədə yerləşir. Qaz xətti “Qaz İxrac” İdarəsinin əməkdaşları tərəfindən gətirilmiş xususi aparat vasitəsi ilə müəyyənləşdirilmişdir. Suallar cavablandırarkən qaz boru kəmərlərinin mühafizə zolağının xətti mərkəzi hissəsindən hansı məsafədə yerləşməsi Azərbaycan Respublikası Nazirlər Kabinentinin 1999-cu il tarixli 103 nömrəli qərarının 2.7 bəndinə əsaslandırlmışdır;
2. xx.xx.2010-cu il tarixli, A 217137 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 8 iyul 1998-ci il tarixli 20 nömrəli Qərarı ilə Cavabdeh1 mülkiyyətinə Gədəbəy rayonu Xar-Xar kəndi ərazisində 1198.76 kv.m həyətyanı torpaq sahəsi verilmişdir;
3. 25 iyul 2019-cu il tarixli aktdan görünür ki, Gədəbəy rayonu Xar-Xar kəndində yaşayan Cavabdeh1 tərəfindən Şəmkir-Gədəbəy Ds325m MQK qolumagistral qaz kəmərinin mühafizə zonasında kəmərdən P=12atm metr məsafdə yaşayış evi inşa edilmişdir;
4. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsi tərəfindən verilmiş 19 iyun 2023-cü il tarixli 10 nömrəli arayışdan görünür ki, QAZAX MQKS-nin balansında və istismarında olan DŞ 325 mm-lik Şəmkir-Gədəbəy qaz kəməri qolu 1986-cı ildən istismara verilmişdir. Halhazırda DŞ 325 mm-lik Şəmkir-Gədəbəy magistral qaz kəməri qolu 12 kq/sm2 təzyiq altında istismar olunur;
5. Gədəbəy rayonu Xar-xar kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyatyanı torpaq sahələrinə aid cədvələ əsasən müəyyən olunur ki, Cavabdeh1 0.12 ha torpaq sahəsi verilmişdir, onun faktiki istifadəsindəki torpaq sahəsi isə 0.1588 ha təşkil edir;
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2023-cü il tarixli 3-16-16/2-10/6208 nömrəli tikinti-texniki ekspertizası rəyindən görünür ki, Gədəbəy rayonu Xar-xar kəndində yerləşən Cavabdeh1 istifadəsində və sahibliyində olan fərdi yaşayış evi “Şəmkir-Gədəbəy” DS 325 mm-lik 12 atm qaz kəmərindən 34m kənarda yerləşdiyindən, həmin yaşayış evi bütövlükdə qaz kəmərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə olunan zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”-nın 2.7-ci bəndində göstərilən 50,0m-lik mühafizə zonasının daxilinə düşür.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 avqust 2024-cü il tarixli 3-16-16/2-10/6238 nömrəli tikinti-texniki ekspertizası rəyindən görünür ki, Cavabdeh1 sahibliyində və istifadəsində olan Gədəbəy rayonu Xar-xar kəndində yerləşən fərdi yaşayış evi xx.xx.2010-cu il tarixli A217137 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan 1198.73 kv həyatyanı torpaq sahəsi üzərində yerləşir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsi Cavabdeh1 qarşı iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, Gədəbəy rayonu Xarxar kəndi ərazisində 325 mm-lik yüksək təzyiqli magistral qaz kəmərinin 33 metr məsafədə inşa edilmiş tikilinin (yaşayış evinin) cavabdehin öz vəsaiti hesabına tam sökülərək mühafizə zonasında kənarlaşdırılması və ödənilmiş 10 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsi tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il tarixli 103 nömrəli qərarı və Az DTN 2.9-2 Magistral Boru kəməri Layihələndirmə Normalarının tələbləri pozularaq Gədəbəy rayonunun Xar-Xar kəndi ərazidən keçən diametri Dş 325 mm-lik Şəmkir-Gədəbəy magistral qaz kəməri qolunun 33 metr məsafədə yaşayış evi inşa olunmuşdur. Halbu ki, həmin məsafədə hər hansı tikilinin inşa olunması qadağandır və daima təhlükə mənbəyidir.
10. Gədəbəy Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli 2(042)-31/2020 nömrəli qətnaməsi ilə (hakim Fizuli Mirzəquliyev) iddia ərizəsi təmin edilməyərək, iş üzrə mütəxəssis rəyinin verilməsi görə çəkilən xərc 60,60 manat iddiaçı “Qaz İxrac” İdarəsindən tutularaq "xxxx" MMC-nin AZ23AİİB******************** nömrəli hesablaşma hesabına köçürülməsi; Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməsi qət olunmuşdur.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7-ci bəndinə, Avropa İnsan Hüquqları Məhkəməsinin “X5rşı” 18 iyun 2002-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsi qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Gədəbəy rayonu Xarxar kəndindən keçən “Şəmkir- Gədəbəy” 12 atmosfer gücündə olan yüksək təyziqli magistral qaz kəmərinin mühafizə zonasında cavabdehə məxsus tikilinin potensial təhlükə mənbəyi olması, eyni zamanda mənzil sakinlərinin həyatı və sağlamlığı üçün təhlükəli olması nəzərə alınmamışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
d) Apellyasiya instansiya məhkəməsində birinci icraat:
15. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 sentyabr 2022-ci il tarixli 2(104)-128/2022 saylı qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Gədəbəy Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli 2(042)-31/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
e) Kassasiya instansiyası məhkəməsində icraat:
16. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsi qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kolegiyasının 24 yanvar 2023cü il tarixli 2(102)-609/2023 saylı qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-128/2022 nömrəli 22 sentyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
f) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (bacısı) X4 apellyasiya şikayətini qəbul etməyərək oizahatında bildirmişdir ki, fərdi yaşayış evinin qaz kəmərinin mühafizə zonasında yerləşməsinin təhlükə mənbəyi olmasını qəbul edirlər. Gələcəkdə hər hansı hadisə baş vermə məsuliyyəti onlar daşıyırlar. Torpaq ahəsi onlara verilən zaman kənddə qaz xətti olmamışdır. Onlar haradan biləydilər ki, inşa etdikləri evin yerləşdiyi torpaq sahəsinin altından qaz xətti keçir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Sədrlik edənin sualına cavabq olaraq nümayəndə bildirmişdir ki, mübahisə predmeti olan yaşayış evi 2000-ci ildən sonra inşa edilib və hazırda inşası başa çatmışdır.
20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Cavabdeh məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil edildiyindən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
22. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
23. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
24. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
25. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
26. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
27. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu
28. Maddə 19.2. Mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”
29. 2.7-ci bənd. Boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; çoxlu sayda qarışıq boru kəmərləri boyunca, kənar kəmərlərin orta oxundan hər tərəfə, şərti xətlərlə 50 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır.
30. 2.23-cü bənd. Magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır.
31. 2.24-cü bənd. Kəmərləri istismar edən hüquqi şəxslərə, Dövlət Neft Şirkətinə, onun yerli orqanlarına və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, öz səlahiyyətləri çərçivəsində, bu Qaydaları pozanlar tərəfindən kəmərlərin mühafizə zonalarında və kəmərlərin (onun obyektlərinin) oxundan şəhərlərə və digər yaşayış məntəqələrinə qədər, minimal məsafəyə bərabər olan sahədə Azərbaycan Respublikası Dövləttikintikomun təsdiq etdiyi magistral kəmərlərin layihələndirilməsi qaydaları və normaları ilə müəyyən edilmiş məsafələr daxilində aparılan işləri dayandırmağa səlahiyyət verilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
36. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
37. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
39. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
40. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
41. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
42. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməli, Gədəbəy rayonu Xarxar kəndi ərazisində 325 mm-lik yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında inşa edilmiş Cavabdeh1 istifadəsində və sahibliyində olan fərdi yaşayış evi onun öz vəsaiti hesabına tam sökülərək mühafizə zonasında kənarlaşdırılmalıdır.
44. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, QAZAX MQKS-nin balansında və istismarında olan DŞ 325 mm-lik Şəmkir-Gədəbəy qaz kəməri qolu 1986-cı ildən istismara verilmişdir. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 8 iyul 1998-ci il tarixli 20 nömrəli Qərarı ilə Cavabdeh1 mülkiyyətinə Gədəbəy rayonu Xar-Xar kəndi ərazisində 1198.76 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin üzərində də Cavabdeh1 sahiblik və istifadəsində olan fərdi yaşayış evi mövcuddur. Lakin, nə torpaq sahəsi, nə də ki, torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi cavabdehin adına dövlət qeydiyyatına alınmamışdır. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsi sözügedən evin qaz kəmərinin mühafizə zonasında inşa edildiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmişdir.
45. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.
46. Kassasiya instansiyası məhkəməsi işin yeni apellyasiya baxışına göndərilməsi ilə bağlı 24 yanvar 2023-cü il tarixli qərarında mövqeyinin hüquqi əsasını belə şərh etmişdir ki, tərəflər arasında olan mübahisə magistral qaz boru xəttinin mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi üzrə yaranmışdır. Mülki Məcəllənin 180.4-cü maddəsi Şəhərsalma və Tikinti Məcəlləsinə zidd olmayan hissədə qüvvəsini saxladığından, öz əşya hüquqlarının müdafiəsinin və təsərrüfat fəaliyyətinin həyata keçirilməsinin təmin edilməsi ilə bağlı pozulduğunu güman etdiyi hüquqlarının müdafiəsi ilə əlaqədar istənilən fiziki və ya hüquqi şəxsin tikilinin və qurğunun sökülməsinə dair iddia qaldırması istisna olunmur. Mühafizə zonalarının müəyyən olunmasında qanunvericinin məqsədlərindən biri qaz kəmərlərinin istismarına normal şərait yaratmaq, zədələnmə hallarının qarşısını almaqdan ibarətdir. Buna görə də iddiaçının hazırkı iddianı verməyə subyektiv hüququ vardır. İddiaçı tələbində bəhs olunan boru xətti üçün mühafizə zonasının 50 metr olduğunu bildirmişdir. Lakin birinci instansiya məhkəməsinin gəldiyi nəticədən görünür ki, məhkəmə mübahisəli torpaq sahəsini kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi kimi qəbul etmişdir. Buna baxmayaraq, həmin faktı təsdiq edən hər hansı sübut işə əlavə olunmamışdır. Eyni zamanda, cavabdehin yaşayış evi inşa edən zaman yaxınlıqda yerin altından qazboru kəmərinin keçməməsini bilməməsi də iddianın rədd olunması üçün əsas deyildir. Çünki evin inşası zamanı ümumiyyətlə qanunvericiliklə müəyyən olunmuş qaydalara riayət olunması (torpaq sahəsinin alınması, evin inşa olunması üçün məlumatlandırma və s.) barədə hər hansı sübut əlavə olunmamışdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticədən görünür ki, məhkəmə kollegiyası sökülməsi tələb olunan fərdi yaşayış evinin cavabdehin mülkiyyətində olan torpaq sahəsində inşa olunduğuna əsaslanmışdır. Apellyasiya instansiyası məhkəməsi mübahisəli torpaq sahəsinin cavabdehin mülkiyyətində olması barədə nəticəyə gələrkən daşınmaz əmlakın dövlət reyestrində olan məlumata deyil, Gədəbəy rayon İcra Hakimiyyətinin başçısının Xarxar kənd İƏD üzrə nümayəndəliyindən alınmış 22 sentyabr 2022-ci il tarixli 107 nömrəli arayışına istinad etmişdir. Həmin arayışda isə, bu məlumatın hansı mənbədən verildiyinə dair heç bir qeyd yoxdur. Bundan başqa, nəzərə alınmalıdır ki, hətta torpaq sahəsinin cavabdehin qanuni istifadəsində olması, özü özlüyündə onun üzərində lazımi icazələr almadan, şəhərsalma və tikinti normalarına və qaydalarına riayət edilmədən hər hansı tikili inşa etməyə hüquq vermir. Hazırki halda tikili qaz boru kəmərinin təhlükəsizlik və mühafizə zonasında yerləşir və tikintinin aparılmasına əsas ola biləcək zəruri razılıqlar müəyyən olunmadığından yuxarıda qeyd olunan normativ hüquqi aktlara əsasən özbaşına tikili hesab olunur. Bu növ iddialara baxılanda müəyyən edilməli əhəmiyyətli hallardan biri də boru xəttinin nə vaxt – ev inşa ediləndən əvvəl və ya inşa ediləndən sonra inşa edilməsidir.
47. İşin obyektiv həlli baxımından ilk növbədə araşdırılmalı məsələ - mübahisə predmeti olan fərdi yaşayış evinin qaz kəmərinin mühafizə zonasında inşa edilibedilməməsinin aydınlaşdırılmasıdır ki, bunun üçün də xüsusi bilik tələb edən sualların cavablandırılması zəruridir. Bu hal isə MPM-nin 97.1-ci maddəsinə əsasən, iş üzrə ekspertiza təyin olunması zərurətini doğurur.
48. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” 18 noyabr 1999-cu il tarixli 758-İQ saylı Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, məhkəmə ekspertizası məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır.
49. Mülki işin icraatı zamanı ekspertiza mülki iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə elm, texnika və ya digər peşə sahələri üzrə, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliyə ehtiyac yarandıqda təyin edilməlidir. Qanunvericilikdə ekspertizanın keçirilməli olduğu xüsusi bilik sahələrinin dəqiq siyahısı göstərilməmişdir. Lakin mülki məhkəmə icraatı təcrübəsinin təhlili əsasında belə qənaətə gəlmək olar ki, hüquqi biliklər və hamı üçün aşkar olan ümumi məsələlər istisna olmaqla, xüsusi bilik tələb olunan istənilən halda ekspetiza təyin edilə bilər.
50. Qanunvericiliyin bu tələblərinə uyğun olaraq, hazırkı apellyasiya baxışı zamanı iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2023-cü il tarixli 3-16-16/2-10/6208 nömrəli tikinti-texniki ekspertizası rəyindən görünür ki, Gədəbəy rayonu Xar-xar kəndində yerləşən Cavabdeh1 istifadəsində və sahibliyində olan fərdi yaşayış evi “Şəmkir-Gədəbəy” DS 325 mm-lik 12 atm qaz kəmərindən 34m kənarda yerləşdiyindən, həmin yaşayış evi bütövlükdə qaz kəmərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə olunan zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”-nın 2.7-ci bəndində göstərilən 50,0m-lik mühafizə zonasının daxilinə düşür. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 avqust 2024-cü il tarixli 3-16-16/2-10/6238 nömrəli tikintitexniki ekspertizası rəyindən görünür ki, Cavabdeh1 sahibliyində və istifadəsində olan Gədəbəy rayonu Xar-xar kəndində yerləşən fərdi yaşayış evi xx.xx.2010-cu il tarixli A217137 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan 1198.73 kv həyatyanı torpaq sahəsi üzərində yerləşir.
51. Azərbaycan Respublikasının MPM-nin 76.2-ci maddəsində ekspertlərin rəyləri sübut növü kimi müəyyən olunmuşdur.
52. Həmin Məcəllənin 101.3-cü maddəsinin tələbinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
53. Məhkəmə kollegiyası rəyi işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Belə ki, rəyin qeyri-obyektiv olması barədə tərəflərin hər hansı arqumenti olmamışdır. Bundan əlavə, Azərbaycan Respublikası ƏMDX yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyi və fərdi yaşayış evinin yerləşmə vəziyyəti aşkar şəkildə müəyyən edilməklə, verilmiş rəyin mötəbərliyi məhkəmə kollegiyasında hər hansı şübhə yaratmamışdır.
54. Beləliklə, iş üzrə verilmiş ekspert rəyləri ilə müəyyən olunmuşdur ki, Gədəbəy rayonu Xar-xar kəndində yerləşən Cavabdeh1 istifadəsində və sahibliyində olan fərdi yaşayış evi “Şəmkir-Gədəbəy” DS 325 mm-lik 12 atm qaz kəmərindən 34m kənarda yerləşdiyindən, həmin yaşayış evi bütövlükdə qaz kəmərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə olunan zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”-nın 2.7-ci bəndində göstərilən 50,0m-lik mühafizə zonasının daxilinə düşür.
55. Məhkəmə kollegiyası ilk növbədə göstərir ki, mübahisə predmeti olan fərdi yaşayış evi dövlət qeydiyyatına alınmadığından həmin ev özbaşına tikili sayılır. Eyni zamanda müəyyən olunur ki, sözügedən fərdi yaşayış evi qaz boru kəmərinin təhlükəsizlik və mühafizə zonasında yerləşir və tikintinin aparılmasına əsas ola biləcək zəruri razılıqlar alınmamışdır.
56. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
57. Həmin normanın 29 mart 2019-cu il tarixli 1545-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilənədək redaksiyasında deyilirdi ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
58. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Bu normalardan göründüyü kimi, torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət qeydiyyatı əsasında müəyyən olunur.
59. Həmçinin məhkəmədə bu tikintinin inşa edilməsi üçün Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 8 iyul 1998-ci il tarixli 20 nömrəli Qərarı ilə 1198.76 kv.m həyətyanı torpaq sahəsi ayrılmasına baxmayaraq, sözügedən torpaq sahəsi ayrılması barədə ərizəyə baxılarkən əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla razılaşdırılması müəyyən olunmur. Bu barədə cavabdeh hər hansı sübut təqdim etməmişdir.
60. Bu hal isə «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən qeyd olunan binanın cavabdehin hesabına sökülməsi üçün əsasdır.
61. İş üzrə alınmış ekspert rəylərini və mübahisə predmeti olan fərdi yaşayış evinin özbaşına tikili olmasını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar vardır. Ona görə ki, evin qaz kəmərinin mühafizə zonasında yerləşməsi öz-özlüyündə potensial təhlükə mənbəyi olmaqla həm ev sakinlərinin, həm də digər şəxslərin həyatı və sağlamlığı baxımından risk daşıyır. 62.«Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən, sənaye qurğularını, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər.
62. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 1.1- ci bəndində göstərilmişdir ki, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununa, digər qanunvericilik aktlarına, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanına uyğun olaraq, qaz təchizatı sahəsində magistral və xarici qaz boru kəmərlərinin, sənaye qurğularının, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insan həyatı və ya sağlamlığını, ətraf mühiti və dövlətin əmlak maraqlarını mühafizə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədi ilə qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarını müəyyən edir.
62. Həmin Qaydaların 2.7-ci bəndində deyilir ki, boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir.
63. Məhkəmə kollegiyası həmçinin cavabdeh tərəfin “mübahisə predmeti olan yaşayış evi tikilən zaman həmin ərazidə qaz xəttinin olmaması” barədə dəlilini əsassız hesab edir.
64. Çünki iş materialları ilə mübahisə predmeti olan yaşayış evinin inşasına 2000-ci ildən sonra başlandığı və başa çatdığı, qaz kəmərinin isə 1986-cı ildə istismara verildiyi sübut olunur.
65. Birinci instansiya məhkəməsi işə yuxarıda qeyd olunan halları hərtərəfli, tam və obyektiv araşdırıb düzgün hüquqi qiymət vermədən iddia tələbini təmin etməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməlidir.
66. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri (100+100) 200 (iki yüz) manat təşkil edir. Həmçinin həmin ekspert rəylərinin verilməsinə görə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsindən alınmış mütəxəssis rəylərinin smeta haqqı olaraq iddiaçı tərəfindən 95 (doxsan beş) manat vəsait ödənilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə məhkəmə xərcləri cavabdehə aid edilməli, aparılmış ekspertiza tədqiqatının ümumi dəyəri 200 (iki yüz) manat cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilməli, iş üzrə mütəxəssis rəyinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 95 (doxsan beş) manat vəsait də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
67. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 385, 392-393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli 2(042)-31/2020 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin Cavabdeh1 qarşı qaz boru kəmərinin mühafizə zonasında inşa edilmiş fərdi yaşayış evinin cavabdehin vəsaiti hesabına sökülməsi tələbinə dair iddiası təmin edilsin. Gədəbəy rayonu Xarxar kəndi ərazisində 325 mm-lik yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında inşa edilmiş Cavabdeh1 istifadəsində və sahibliyində olan fərdi yaşayış evi onun öz vəsaiti hesabına tam sökülərək mühafizə zonasında kənarlaşdırılsın. Ekspertiza xərci olan 200 (iki yüz) manat məbləğində pul Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Mütəxəssis rəyinin verilməsinə görə ödənilmiş 95 (doxsan beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi 10 (on) manat vəsait Cavabdeh1 tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.