Məhkəmə qərarları › İş №2(104)-839/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-839/2024

08.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-839/2024 08.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiаçı İddiaçı iştirakı ilə, İddiаçı İddiaçı Cavabdehnə qаrşı “qeyri-qanuni hesablanmış borcun silinməsi” tələbinə dаir mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(066)- 177/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(066)-177/2024 saylı qətnaməsi ilə (hakim Ə.Kərimov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı adına hesablanmış 172,80 (yüz yetmiş iki manat səksən qəpik) manat borcun onun hesabından silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü i l tarixli, 2(066)-177/2024 saylı qətnaməsini ləğv edib, İddiaçıTəməl oğlunun iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edərək Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İşin halları: İddiаçı İddiaçı Cavabdehnə qаrşı “qeyri-qanuni hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-yi tərəfindən qanunsuz və əsassız olaraq ona yazılmış 220,55 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Göygöl rayonu, Aşıqlı kəndində mülkiyyətində yaşayış evi vardır. Qeyd olunan yaşayış evinə kommunal xidmətlərə görə sayğaclar quraşdırılb, o cümlədən təbii qaza görə də qaz sayğacı quraşdırılmışdır. 31 avqust 2023-cü il tarixdə onun adına quraşdırılmış qaz sayğacına baxış keçirlmiş və guya sayğacın hesablama mexanizmi keçən qaz həcmini qeyd etmir kimi müəyyən edilmişdir. Buna görə də qanunsuz və əsassız olaraq 220 manat məbləğində cərimə yazılmışdır. Halbuki, qeyd olunan hadisə ilə bağlı onun heç bir günahı yoxdur, cavabdeh tərəfindən qaz sayğacı quraşdırılmış, plomb qoyulub və hər ay onun tərəfindən sərf etdiyi təbii qaza görə ödəniş vaxtında ödəmişdir. Bu səbəbə görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi hissəsində gəldiyi nəticə səhvdir və bu səbəbdən əsassız qətnamə qəbul edilmişdir. Belə ki, sayğaca keçirilmiş baxış zamanı sayğacda olan gözlə görünən müdaxilə barədə yerində (abonentin iştirakı təmin olunmaqla və akta imza edilməklə) sənədləşmə aparılmış, müvafiq qaydada aktın bir nüsxəsi abonentə təqdim olunmaqla aktlaşdıırlmışdır. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göründüyü kimi iddiaçıya 2023-cü ilin avqust ayında hesablanmış borc məbləği qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilərək iddiaçının abonent hesabına işlənmişdir. Göründüyü kimi iddiaçıya 2018-ci ilin may, 2023-cü ilin iyun ayında hesablanmış borc məbləğləri qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilərək iddiaçının abonent hesabına işlənmişdir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Məhkəmə sayğacdan kənar hər hansı hesabatın aparılmadığını nəzərə almamışdır. İş materiallarından da göründüyü kimi iddiaçı tərəf iddia tələbinə dair heç bir sübut təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş abonent saldosundan göründüyü kimi iddiaçının qaz hesabına 2023-cü ilin avqust ayında hər hansı əlavə hesabat yüklənməmişdir. Belə ki, iddiaçının iştirakı ilə sayğac şəbəkədən açılarkən çıxarılma səbəbi qaz sayğacının aşağı sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyi yerində aşkarlanmış və bununla bağlı iddiaçının iştirakı və imzası ilə ******* saylı akt tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş, ******* saylı tərtib edilmiş sayğaca baxış aktında, İnformasiya Texnologiyaları və Rabitə İdarəsininMSK-14-2-2/3-5-8719/Q002 saylı sayğacın müayinə aktına, həmin akt əsasında tərtib olunmuş xx.xx.2023 saylı aktına əsasən istismardan çıxarılmış qaz sayğacının keçən qazın həcmini qeyd etmədiyi təsdiqini tapmışdır. Bundan sonra qaz sayğacına müdaxilə təsdiqini tapdığından ünvan üzrə itirilmiş 6480 m2 itirilmiş qazın bərpası üçün 172.80 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Buna baxmayaraq məhkəmə 2023-ci ilin avqust ayında sayğac üzrə müəyyən edilmiş məbləğin silinməsini qət etmişdir Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümüyəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin ediməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollеgiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin təmin edilməməsinə dair iddiaçının izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkldə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan Təbii X1nın pozulması haqqında 31 avqust 2023-cü il tarixli, ******* nömrəli Aktın surətindən görünür ki, baxış keçirilən zaman Azəriqaz İB-nin 14-2-2/3-5- 8719 /Q002 nömrəli məktubuna əsasən sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir kimi göstərilmişdir. Cəmi 1440 kub metr qaz sərfiyyatı hesablanmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli abonentin saldosundan görünür ki, abonent İddiaçı 2023-cü ilin noyabr ayının sonuna olan borcu 172,80 manat təşkil edir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, Göygöl rayonu, Aşıqlı kəndində yaşayış evinin mülkiyyətçisi olan İddiaçı evində təbii qaza görə qaz sayğacı quraşdırılmış və o, istifadə etdiyi qaza görə hesablanmış məblələri ödəmişdir. Lakin 31 avqust 2023-cü il tarixdə iddiaçının adına quraşdırılmış qaz sayğacına cavabdehin əməkdaşları tərəfindən baxış keçirlmiş və guya sayğacın hesablama mexanizmi keçən qaz həcmini qeyd etmir kimi göstərərək sayğac çıxarılıb laboratoriyaya göndərilmiş, laboratoriya baxışı zamanı sayğaca müdaxilə olunduğu. Ona görə də aşağı sərfiyyatı qeydə almadığı göstərilmişdir. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırmaq üçün göstərmişdir ki, işin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, iddiaçı tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməmiş, ümumiyyətlə iddiaçının hər hansı təqsirli hərəkət və hərəkətsizliyinin olması sübuta yetirilməmişdir. Cavabdeh təşkilat məhkəməyə qaz sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsini sübut edəcək mötəbər və təkzib olunmaz faktlar təqdim etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, qaz sayğacına baxış zamanı sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir kimi müəyyən olunması aşkarlansa da bunun iddiaçı tərəfindən edilməsi və sayğacdan keçən qazın sərfiyyatının düzgün aparılıb-aparılmaması ilə hər hansı səbəbli əlaqəsinin olması da cavabdeh tərəfindən sübut edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Məhkəmə iddiaçının hesabından silinəcək məbləğlə bağlı qeyd edir ki, iddiaçı iddia tələbində 220,55 manat borcunun silinməsini xahiş etmişdir. Lakin, Akt tərtib edilən tarixə yəni, 2023-cü ilin avqust ayına iddiaçıya akt əsasında 172.80 manat pul hesablanmışdır. Həmçinin, qaz sərfi aylıq borc, sərfin məbləğini göstərən abonentin saldosundan müəyyən edilir ki, iddiaçıya 2023-cü ilin noyabr ayı üçün akta əsasən 172.80 manat məbləğində pul hesablanmışdır. Qalan borc isə qazın sərfiyyatı əsasında yaranmışdır. Odur ki, iddia tələbi akta əsasən hesablanmış 172,80 manata münasibətdə təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X1”nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “X1”nın 3.1.10-cu bəndinə əsasən bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir Həmin Qaydaların 5.2-ci bəndinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Əhali abonentlərinin mənzillərində (evlərdə) qaz sayğaclarının quraşdırılması və istismarı barədə məlumat”ın 2.4-cü bəbdində göstərilir ki, qaz sayğacları hündür mərtəbəli binalarda mənzillərin çıxışında (pilləkən qəfəsində) və açıq şəraitdəki eyvanlarda, fərdi evlərdə isə həyətdən kənarda mənzilin qaz xəttinin başlanğıcında (həyətə giriş qapısının yaxınlığında) quraşdırılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə qazpaylayıcı tərəfindən abonentin qaz sayğacında baş vermiş nasazlıqda istehlakçının təqsiri müəyyən olunmadığı halda qaz sərfiyyatı ilə bağlı vurulmuş ziyan da ondan tələb oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda zərərin iddiaçı tərəfindən vurulduğu sübuta yetmədiyinə görə cavabdeh tərəfindən hesablanmış “Təbii X1nın pozulması haqqında” 31 avqust 2023-cü il tarixli, ******* nömrəli aktı əsasında hesablanmış 172,80 manat məbləğində pulun ödənilməsi iddiaçıdan tələb oluna bilməz. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur. Kollegiya həmçinin vurğulayır ki, əgər iddiaçı tərəfindən sayğaca müdaxilə edildiyinə görə sayğacın aşağı sərfiyyatı qeydə alması halı olmuş olsaydı. sayğac dəyişdirildikdən sonra abinentin sərfiyyatında ciddi dəyişiklik baş vermiş olardı. Lakin işdəki abonent saldosundan bu hal görünmür. Kollegiya apellyasiya şikayətinin yuxarıda qeyd olunan dəlilləri ilə bağlı qeyd edir ki, məişət abonentinə məxsus qaz sayğacının saz saxlanmasına cavabdehliyi abonent daşımır, digər tərəfdən iddiaçı tərəfindən sayğaca müdaxilə halı da mötəbər sübutla təsdiq olunmur. Odur ki, kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarını hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Buna görə də iddiaçının apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin bu qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Beləliklə, məhkəmə kollegiyasışərh olunanları və Azərbaycan Respublikasıнын MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(066)-177/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar