Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-855/2023 28.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkil) X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2(125)-1896/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, 585 əyarlı, çəkisi 24 qram olan brilyant qaşlı 1700 manat dəyərində olan badam dəst sırğa-üzük komplekti; 750 əyarlı, çəkisi 7 qram olan, 800 manat dəyərində olan nişan üzüyü; 585 əyarlı çəkisi, 30 qram olan, 2100 manat dəyərində olan 1 ədəd rekert sep; 1 ədəd, 1000 manat dəyərində olan 10-luq klon; 585 əyarlı, çəkisi 3 qram olan, 1 ədəd, 200 manat dəyərində olan nazik sep, cəmi 5800 manat qızıl-zinət əşyaların və ya onların dəyərinin, 81 manat dövlət rüsumunun və 50 manat mediasiya üçün ödənilmiş rüsumun Cavabdeh alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2(125)-1896/2022 nömrəli qətnaməsi ilə (hakim: X.Səfərli) iddia təmin edilmiş, Cavabdeh 585 əyarlı, çəkisi 24 qram olan brilyant qaşlı 1700 manat dəyərində olan badam dəst sırğa-üzük komplekti; 750 əyarlı, çəkisi 7 qram olan, 800 manat dəyərində olan nişan üzüyü; 585 əyarlı çəkisi, 30 qram olan, 2100 manat dəyərində olan 1 ədəd rekert sep; 1 ədəd, 1000 manat dəyərində olan 10-luq klon; 585 əyarlı, çəkisi 3 qram olan, 1 ədəd, 200 manat dəyərində olan nazik sep, həmin qızıl-zinət əşyaları olmadığı təqdirdə isə onların dəyəri olan 5800 (beş min səkkiz yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 81 (səksən bir) manat pul alınaraq İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnaməni 585 əyarlı, 30 qram, dəyəri 2100 manat olan rekert sep və 10-luq klon dəyəri 1000 manat məbləğində olan qızıl-zinət əşyalarına münasibətdə dəyişdirərək rekert sepin 20 qram çəkidə, 10-luq klonun isə 5 qram çəkidə olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, uşaqlarının olmasına baxmayaraq, birqə yaşamaları baş tutmadığından o, 9 aylıq körpəsi ilə valideynlərinin evinə qayıtmışdır. Cavabdeh tərəfin evində qalmış ona hədiyyə edilmiş qızıl-zinət əşyaları cavabdeh tərəfindən könüllü qaytarılmır. Bu səbəbdən də, ona məxsus qızıl-zinət əşyalarının qaytarılması üçün məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. Həmin qızıl-zinət əşyaları 1700 manat dəyərində 585 əyarlı çəkisi 24 qram olan brilliant qaşlı badam dəst komplekt sırğa-üzük, 800 manat dəyərində 750 əyarlı çəkisi 7 qram olan nişan üzüyü, 2100 manat dəyərində 585 əyarlı çəkisi 30 qram olan 1 ədəd rekert sep, 1000 manat dəyərində olan 1 ədəd 10-luq klon, 200 manat dəyərində 585 əyarlı çəkisi 3 qram olan 1 ədəd nazik sepdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırma apararkən doğru nəticəyə gəlməmiş, tərəfindən təqdim edilən şahid ifadələrinə tənqidi yanaşaraq sonda hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Belə ki, dindirilən şahid ifadələrinin nə üçün mötəbər hesab edilməməsi və hansı səbəblərdən onların verdikləri ifadələrə tənqidi yanaşılması qətnamədə əsaslandırılmamışdır. İddiaçı verdiyi iddianı sübut etmədən məhkəmə iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı 585 əyarlı, 30 qram, dəyəri 2100 manat məbləğində olan reket sepin və 1000 manat dəyərində olan 10-luq klonun həmin qram, əyar və məbləğdə olmasını sübuta yetirməmiş, bu barədə məhkəməyə sübut təqdim etməmişdir. Əksinə olaraq tərəfindən məhkəməyə təqdim edilən şahidlər və onların təqdim etdikləri fotoşəkil sübut edir ki, reket sep 20 qram, 10-luq klon isə 5 qram olmuşdur. İddiaçının tələb etdiyi qızıl-zinət əşyaları cavabdehin nəninki qanunsuz istifadəsində hətta istifadəsində belə deyil. Məhkəmə nəticəyə gələrkən 1 ədəd reket sepin və 10-luq klonun cavabdehdə qalması halının səbəbini araşdırmamışdır. Belə ki, sözügedən iki qızıl-zinət əşyası nikah dövründə satılaraq ailənin ümumi ehtiyaclarına xərclənmişdir. Həmin qızıl-zinət əşyaları iddiaçının razılığı ilə satılmışdır. Sözügedən qızıl-zinət əşyalarını iddiaçıya hədiyyə edən şəxslər tərəfindən həmin sepin qramı və dəyəri dəqiq bildirilsə də məhkəmə bunu nəzərə almamışdır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, o, qızılların mövcudluğunu mübahisələndirmir. Lakin, qızılların çəkisi çox göstərilmişdir. Reket sep 30 qram deyil 20 qram, klon isə 10-luq deyil 5-likdir. Məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini və iddia tələbinin qismən təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, qızılların çəkisini çox göstərməmişdir. Reket sep 30 qram, klon isə 10-luq qızıl olmuşdur. Məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) X1 apellyasiya şikayətini qəbul etməyərək İddiaçı ilə eyni məzmunda izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasına mütəxəsis qismində dəvət edilmiş X3 izahat verərək bildirdi ki, qızıl-zinət əşyalarının alğı-satqısı ilə məşğul olmaqdadır. Ona təqdim edilmiş fotoşəkillədə görünən qızıl-zinət əşyalarından qızıl reket sepin çəkisi təxminən 20 qram olmaqla 1400 manat, həmçinin klon 5-lik klon olmaqla dəyəri 500 manat təşkil edir. Həmçinin hesab edir ki, mütəxəssis rəyində sepin qiyməti və çəkisi də artıq yazılmışdır. İş materiallarında olan: "xxxx" qızıl-zinət əşyalarının qiymətləndirilməsi mütəxəssisi X2 tərəfindən verilmiş rəydən görünür ki, 585 əyarlı, çəkisi 24 qram olan brilliant qaşlı badam dəst komplekt sırğa-üzük - 1700 manat dəyərində, 750 əyarlı, çəkisi 7 qram olan nişan üzüyü - 800 manat dəyərində, 585 əyarlı çəkisi 30 qram olan 1 ədəd rekert sep - 2100 manat dəyərində, 585 əyarlı 1 ədəd 10-luq klon - 1000 manat dəyərində, 585 əyarlı, çəkisi 3 qram olan 1 ədəd nazik sep - 200 manat təşkil edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir». Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən apellyasiya şikayətində qətnamənin yalnız qızıl-zinət əşyalarından 01 ədəd 2100 manat dəyərində olan rekert sepin və 01 ədəd 1000 manat dəyərində olan 10-luq klonun təmin edilməsi hissəsində mübahisələndirir. Ona görə qətnamənin əsaslılığı həmin hissələr üzrə yoxlanmalı və digər hissələr üzrə yoxlanılmamalıdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2(125)-1896/2022 nömrəli qətnaməsi yoxlanılan hissədə dəyişdirilməlidir. Belə ki, cavabdeh bildirir ki, təmin edilmiş 01 ədəd rekert sepin dəyəri və çəkisi, həmçinin klonun 5-lik klon olmaqla dəyəri artıq yazılmış, buna baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən iddiaçının təqdim etdiyi mütəxəssis rəyini ətraflı araşdırılmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi yoxlanılan hissədə iddiaçıya məxsus qızıl-zinət əşyalarının cavabdehdə olması ilə bağlı düzgün nəticəyə gəlsə də, lakin mütəxəssis rəyini kifayət qədər araşdırmadan yekun nəticəyə gəlməmişdir. Belə ki, “"xxxx" MMC-nin mütəxəssisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, 585 əyarlı, çəkisi 24 qram olan brilliant qaşlı badam dəst komplekt sırğa-üzük - 1700 manat dəyərində, 750 əyarlı, çəkisi 7 qram olan nişan üzüyü - 800 manat dəyərində, 585 əyarlı çəkisi 30 qram olan 1 ədəd rekert sep - 2100 manat dəyərində, 585 əyarlı 1 ədəd 10-luq klon - 1000 manat dəyərində, 585 əyarlı, çəkisi 3 qram olan 1 ədəd nazik sep - 200 manat təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinə təqdim edilmiş mütəxəssis rəyində qızıl-zinət əşyalarının qiymətləndirilməsi aparılarkən mübahisəli qızıl-zinət əşyalarının çəkisi, əyyarı dəqiqləşdirilməmiş və yalnız ümumi olaraq qiymətləndirilmişdir. Göründüyü kimi, mütəxəsisin gəldiyi nəticə ağlabatan olmamaqla qəbuledilən deyildir. Buna görə qeyd olunan sübutun mötəbərliyinin yoxlanılması və qzıl-zinət əşyalarının qiymətinin müaəyyənləşdirilməsi üçün məhkəmə kollegiyası tərəfindən iclasa başqa mütəxəsis dəvət edilmiş və həmin mütəxəsisin rəyinə əsasən, mübahisələndirilən qızıl-zinət əşyalarından rekert sepin çəkisi təxminən 20 qram olmaqla dəyəri 1400 manat, klonun isə 5-lik klon olmaqla dəyəri 500 manat təşkil etmişdir. Məhkəmə kollegiyası bu rəyi sübut kimi qəbul edir. Çünki, rəy verilən zaman mübahisəli qızılzinət əşyalarının fotoşəkillərinə istinad edilmiş, həmin qızılların çəkisi, növü və əyarı müəyyən edilmişdir. Bu isə qızılların naturada mövcud olmadığı halda qiymətinin müəyyən edilməsi üçün mümkün olan yeganə üsuldur və məhkəmə kollegiyası tərəfindən dəvət edilmiş mütəxəsisin gəldiyi nəticə ağlabatan olmaqla qəbulediləndir. Mütəxəsis rəyində göstərilən məlumatları təkzib edən hər hansı sübut iddiaçı tərəfindən təqdim olunmamışdır. Ona görə də, kollegiya hesab edir ki, sonuncu rəy daha mötəbər sübut kimi qəbul edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi mütəxəssisin rəyinə əsasən mübahisələndirilən qızıl-zinət əşyalarının çəkisi və dəyəri hissəsində dəyişdirilməlidir. Məhkəmə kollegiyası cavabdehin 01 ədəd reket sepin və klonun nikah dövründə iddiaçının razılığı ilə satılaraq ailələrinin ümumi ehtiyaclarına xərcləməsi ilə bağlı apellyasiya şikayətinin dəlilini əsassız hesab etmişdir. Belə ki, cavadbeh həmin dəlilini təsdiq edən hər hansı bir sübutu təqdim etməmişdir. Halbu ki, Qanunvericiliyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 225.1-ci maddəsinin tələbinə görə, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.2-ci maddəsinə görə, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə kollegiyası həmçinin izah edir ki, mübahisələndirilən qızıl-zinət əşyalarının qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2(125)-1896/2022 nömrəli qətnaməsi yoxlanılan hissədə, yəni 2100 manat dəyərində olan 01 ədəd rekert sep və 01 ədəd 1000 manat dəyərində olan 10-luq klonun cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində dəyişdirilsin. Cavabdeh 585 əyarlı, çəkisi 24 qram olan brilyant qaşlı 1700 manat dəyərində badam dəst sırğa-üzük komplekti, 750 əyarlı, çəkisi 7 qram olan, 800 manat dəyərində nişan üzüyü, 585 əyarlı çəkisi 20 qram olan 1400 manat dəyərində 01 ədəd rekert sep, 01 ədəd 500 manat dəyərində 5-lik klon, 585 əyarlı, çəkisi 3 qram olan 01 ədəd 200 manat dəyərində nazik sep, həmin qızıl-zinət əşyaları olmadığı təqdirdə isə onların ümumi dəyəri 4600 (dörd min altı yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 81 (səksən bir) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul olunduğu andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-855/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-855/2023
28.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver