Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-862/2024 16.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, Rüstəmova Mülayim Akif qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli 2(045)-2180/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən barəsində tətbiq edilmiş 1555,20 (bir min beş yüz əlli beş manat, iyirmi qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli 2(045)-2180/2023 saylı qətnaməsi ilə (hakim Taleh Mustafayev) iddia təmin edilərək, Cavabdeh İB tərəfindən ******* nömrəli akta əsasən İddiaçı (ünvan 1 ünvanı, Abonent kodu: **********00000) hesablanmış 1555,20 manat məbləğində borc silinməsi; Cavabdehndən dövlət büdcəsinə 35,55 manat məbləğində dövlət rüsumu tutulması qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh nümayəndəsi apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o Goranboy rayonunun İrəvanlı kəndində ailəsi ilə birlikdə yaşayır. Yaşadığı ərazidə Cavabdeh abonenti olduğu üçün təbii qaz istifadəçisidir. 2023-cü ilin mart ayında evində olan qaz plitəsinə gələn qaz birdən dayanmışdır və elə bilib ki, ümumi qaz xətti müvəqqəti dayandırılıb, lakin bir müddət keçəndən sonra bilmişdir ki, qonşuların qazı işləyir və o gedib qaz sayğacına baxanda görmüşdür ki, qaz sayğacı keçən qazı xətti buraxmır. Ona gğrə də, dərhal “104” qaynar xəttinə zəng edərək evinə qazın gəlmədiyini bildirmiş və 3-4 gündən sonra Cavabdeh əməkdaşları onlara gələrək sayğacı dəyişərək əvəzinə “Smart” kart tipli sayğacla əvəz etmişlər. Bu zaman onlar heç evdə olmamışlar. Onlara bu barədə heç nə bildirməmişlər. Bir müddətdən sonra ona nəzarətçi tərəfindən bildirilib ki, sayğaca müdaxilə olunduğu üçün ona 1750,15 manat dəymiş zərər hesablanmışdır. O, bunu aydınlaşdırmaq üçün Cavabdeh Goranboy şöbəsində olmuş və Goranboy şöbəsində ona məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ******* və ******* saylı tərtib olunmuş aktları, xx.xx.2023-cü il tarixə dəymiş ziyanın bərpasına dair tələbnamə və məhkəməyə təqdim etdiyi digər sənədləri vermişlər. Aktda göstərilir ki, sayğacın plasmas qapağının alt hissəsi deşilib və ona 6x24x90=12960 kub,yəni 1750.15 manat dəymiş ziyan hesablanmışdır. O, barəsində yazılmış borcu qanunsuz hesab edir və aşağıdakı səbəblərə görə hesab edir ki, borc ləğv edilməlidir. Əlavə olaraq bildirir ki, sayğac həyətdən kənarda quraşdırılmışdır. Ona nəzarət etmək onun vəzifəsim deyildir. Bununla belə evinə qaz gəlmədiyi üçün xəttə baxmış və qaz gəlmədiyi üçün “104” qaynar xəttinə xəbər vermiş, elə həmin gündən, yəni 2023-cü ilin mart ayından bugünə kimi onun ailəsi təbii qazdan isdifadə edə bilmir. Yəni evində qaz yoxdur, çünki “Smartkart” tipli sayğaclar karta vurulan pulu borca silir. Əslində bu borcun haradan, necə yarandığı ona məlum deyildir. Eyni zamanda sayğac “Azəriqaz" İsehsalat Birliyinin əməkdaşları tərəfindən dəyişdirilmişdir. Dəyişdirilərkən onlar heç evdə olmamışlar. Onun tərəfindən heç bir akta və sair imza edilməmişdir. Hazırda onun sərf etdiyi təbii qaza görə borcu 164,59 manat olduğu halda, ona 1555,20 manat borc hesablanmışdır. O, hesablanmış bu borcu əsassız hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur Mülki iş materiallarında olan: Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı məxsus Goranboy rayonu Nadirkənd kəndində fərdi yaşayış evindəki sayğac yenisi ilə əvəz edilmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, sayğaca baxış keçirilərkən sayğacın plastmas qapağının alt hissəsinin deşildiyi müəyyən edilmişdir. Abonentin saldosundan görünür ki, (2023-cü il) itirilmiş qazın bərpası üçün hesabat aparılmış və ona 1555,20 manat məbləğində borc pul hesablanmışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır iddiaçıya 2023-ci ilin mart ayında hesablanmış borc məbləği qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilərək iddiaçının abonent hesabına işlənmişdir. Bildiririk ki, iş materiallarından da göründüyü kimi iddiaçı tərəf iddia tələbinə dair heç bir sübut təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş abonent saldosundan göründüyü kimi iddiaçının qaz hesabına 2023-ci ilin mart ayında hər hansı əlavə hesabat yüklənməmişdir. Belə ki, ünvana quraşdırılmış qaz sayğacı abonentin nümayəndəsinin iştirakı ilə şəbəkədən açılarkən sayğacın plastmas qapağının alt hissəsinin deşici alətlə deşildiyi yerində aşkarlanmış və bu barədə xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi İddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Məhkəmə sayğacdan kənar hər hansı hesabatın aparılmadığını nəzərə almamışdır. Apellyasiya şikayəti üzrə izahatlar Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə görə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanuna əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri təbii qazdan istifadə üzrə yaranmış mübahisədir. Ona görə də işin hallarına qanunvericiliyin təbii qazdan istifadə ilə bağlı müddəaları əsasında hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında təbii qazdan istifadə ilə bağlı müqavilə iş materiallarında olmasa da özləri bu faktı etiraf etdikləri üçün onlar arasında qazdan istifadəyə dair xidmət müqaviləsinin olması qəbul edilməlidir. Qaz təchizatı ilə bağlı münasibətləri tənzimləyən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində göstərilən anlayışlara əsasən, qaz paylayıcısı - alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. İstehlakçı – alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Həmin Qanunun 8-ci maddəsində deyilir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfıyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin) və qaz paylayıcısının plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, ******* nömrəli, xx.xx.2023cü il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akta əsasən qaz sayğacı başqası ilə əvəzlənmişdir. Bundan sonra istismar sayğac yoxlamadan keçirilmiş və sayğacın plastmas qapağının alt hissəsinin deşildiyi müəyyən edilmişdir ki, bununla da cavabdeh təşkilat 12960 kub m. qaz itkisinə məruz qaldığını iddia etmişdir. Lakin, iş materiallarında olan abonentin saldosu adlı sənəddən görünür ki, qaz sayğacı çıxarılmamışdan əvvəlki aylar üzrə iddiaçı tərəfindən istifadə edilmiş qazın həcmi hər ay qeydə alınmış və müvafiq ödənişlər edilmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, qaz sayğacı çıxarıldıqdan sonra yoxlamaya göndərildiyi müddət ərzində ehtiyyatsızlıqdan və ya hər hansı məqsədə nail olmaq üçün qərəzli olaraq sayğaca müdaxilə edilməsi də istisna olunmayan haldır. Digər tərəfdən cavabdeh təşkilat sayğacın hesablama mexanizminin müdaxilə nəticəsində qaz itkisinə səbəb olmasını da əsaslandırmamışdır. Beləliklə, məhkəmə kollegiyasının iclasında iddiaçının qaz sayağcına müdaxilə etməsi və bununla əlaqədar olaraq da hər hansı bir mülki hüquq pozuntusuna yol verməsi sübut olunmamışdır ki, bununla da iddiaçının cavabdeh qaz təchizatı müəssisəsinə ziyan vurması məhkəmə araşdırması zamanı öz təsdqini tapmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə yuxarıda qeyd olunanlara əsasən əsassız hesab edilmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İşdən müəyyən olunur ki iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli 2(045)-2180/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-862/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-862/2024
16.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver