Məhkəmə qərarları › İş №2(104)-863/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-863/2025

19.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-863/2025 19.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi ilə, Naftalan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(052)-4/2025 nömrəli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası Müəyyənetdi: İddiaçı Cavabdeh1 və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Naftalan Şəhər Məhkəməsinə müraciət edərək, Naftalan səhəri, Şirvan prospekti 31 ünvanda yerləşən qeyri-yaşayış sahəsi olan xüsusi mülkiyyətinə həmin ünvanda cavabdehin xüsusi mülkiyyətində olan torpaq sahəsindən piyada və avtomobillə keçidinin təmin edilməsi və binanın ümumi istifadədə olan giriş-çıxış qapısından daxil olmağına cavabdeh tərəfindən yaradılan hər cür maneənin cavabdehə qadağan edilməsi, onun və ailə üzvlərinin həmin girişdən sərbəst istifadə etmələrinə cavabdeh tərəfindən şərait yaradılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naftalan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(052)-4/2025 nömrəli qətnaməsi (hakim Ayaz Səlimov) ilə, iddianın təmin edilməsi, İddiaçı Naftalan şəhəri, Şirvan prospekti 31 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ona məxsus hissəsinə daxil olması məqsədi ilə onun cavabdeh "xxxx" MMC-yə məxsus torpaq sahəsindən piyada keçidi və zəruri yüklərin daşınması məqsədi ilə avtomobillə keçidinin təmin edilməsi, paylı mülkiyyətdə olan qeyri-yaşayış binasının qarşı tərəfində yerləşən və bölgü planında nəzərdə tutulmuş ümumi istifadədə olan giriş qapısından İddiaçı istifadəsinə cavabdehlər "xxxx" MMC və Cavabdeh1 tərəfindən yaradılan maneələr aradan qaldırılması qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in)361-ci maddəsinin tələblərinin yoxlanılması üçün geri qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi şikayət yoxlanılarkən cavabdeh "xxxx" MMC tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmiş elektron formada tərtib edilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikasının MPM-in 361.1-ci maddəsinin tələblərinə riayət olunmamaqla, Həmin Məcəlləsinin 2 saylı Əlavəsində nəzərdə tutulmuş formada olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-in 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Apellyasiya şikayətinin forması Mülki Prosessual Məcəllənin 2 saylı Əlavəsində müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-in 361.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı Azərbaycan Respublikasının MPM-in 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikasının MPM-in 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh "xxxx" MMC tərəfindən “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə verilmiş elektron formada tərtib olunmuş apellyasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər göstərilməmişdir. Belə ki, apellyator tərəfindən mübahisələndirilən hallar yalnız şikayətin 8-ci hissəsində qeyd edilmiş, lakin həmin halları əlaqəli formada şikayətin digər hissələrində aydın şəkildə ifadə edən izahlar verilməmişdir. (2 saylı Əlavənin 6 və 7-ci hissələr). Eyni zamanda, maddi və prosessual hüquq normaları sadalanaraq onların məzmunu qeyd edilmiş, lakin həmin maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 2 saylı Əlavəsinin “işin halları” hissəsində apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad edilməklə məhkəmələr tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmələr tərəfindən araşdırılmadığını dəqiq bildirməlidir. İşin halları ilə bağlı mövqe mübahisənin predmetinə aidiyyəti nəzərə alınmaqla, yığcam şəkildə, xronoloji ardıcıllıqla, sadə və anlaşıqlı formada təqdim edilməlidir. Lakin, apellyator tərəfindən yalnız iddiaçının hansı iddia ilə müraciət etməsi və birinci instansiya məhkəməsinin nəticə hissəsi qeyd edilmişdir ki, bu da mülki prosessual qanunvericiliyin tələbləri ilə uzlaşmamaqdadır. Göründüyü kimi, apellyasiya şikayət qanunvericiliyin tələb etdiyi formada, yəni MPMnin 2 saylı Əlavəsinə uyğun olmadan verilmişdir. Lakin, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxan zaman qeyd olunan hallara diqqət yetirməmişdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə verilmiş elektron formada tərtib olunmuş apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 2 saylı Əlavəsində nəzərdə tutulmuş formada tərtib edilməmiş, birinci instansiya məhkəməsi isə apellyasiya şikayətini Azərbaycan Respublikasının MPM-in 361-ci və 363.1.1-1-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Buna görə də apellyasiya şikayəti Azərbaycan Respublikasının MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Azərbaycan Respublikasının MPM-in 366.4-cü maddəsinə əsasən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10, 263, 264, 361, 363.1.1-1 və 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qəraraaldı: Naftalan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(052)-4/2025 nömrəli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Naftalan Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar