Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-878/2024 19.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı diplomun etibarsız sayılması tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli 2(062)-764/2024 nömrəli qərardadından iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Müəllimlər İnstitunun Gəncə filialı adından cavabdehin adına 2009-cu il tarixdə «ibtidai təhsilin pedaqogika və metodikası» ixtisası üzrə verilmiş B seriyalı 106718 saylı 2/0661 qeydiyyat nömrəli diplomun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli 2(062)-764/2024 nömrəli qərardadı ilə (hakim Fərid Əliyev) iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı «diplomun etibarsız sayılması» tələbinə dair iş üzrə icraatın Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı «diplomun hüquqi baxımdan əsaslı sayılması və imtahanlara buraxılma» tələbinə dair inzibati iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək dayandırılması qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi şikayətini onunla əsaslandırmışdır ki, hazırkı tələbə məhkəmə qaydasında baxıldıqdan sonra apellyasiya instansiyası məhkəməsinin icraatında olan işə baxıla bilər. Belə ki, cavabdehə məxsus diplomun gələcək statusu hazırkı iddia tələbinin nəticəsindən asılıdır. Nə qədər ki, diplomun statusu məhkəmə qaydasında müəyyən edilməyib digər işə baxıla bilməz. Çünki ilkin olaraq vcavabdehə məxsus diplomun etibarlılığı məhkəmə qaydasında müəyyən edilməlidir. Tovuz Rayon Məhkəməsinin 26 fevral 2024-cü il tarixli 2(062)-764/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə müvafiq olaraq, yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin 13 fevral 2024-cü il tarixli 2(062)-764/2024 nömrəli qərardadı tam, həmin qərardadla bağlı 26 fevral 2024-cü il tarixli 2(062)- 764/2024 nömrəli qərardadı isə qismən, yəni şikayətin təmin edilməməsi hissədə ləğv edilməli və mülki iş mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, məhkəmə iş üzrə icraatı dayandırmalıdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin «Konstitusiya Məhkəməsinin icraatı qaydasında mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə, işə baxmaq mümkün olmazsa» müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir. Həmin qərarda Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə prosesi zamanı elə hallar meydana çıxır ki, onlar mübahisənin operativ və obyektiv həll olunmasına mane olur. İcraatın dayandırılması qanunda göstərilən əsaslarla və məhkəmə icraatının davam etməsinə mane olan halların meydana çıxması ilə mümkündür. Belə vəziyyətdə mübahisənin həll olunması üçün müvəqqəti mane olan hallara başqa bir icraatda aydınlıq gətirilənə qədər həmin iş üzrə icraat dayandırılır. Qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın. İş materialları ilə müəyyən olunur ki, iddiaçı Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı diplomun hüquqi baxımdan əsaslı sayılması və imtahanlara buraxılma tələbinə dair inzibati məhkəmədə iddia qaldırmış və iş hazırda Gəncə Apellyasiya Məhkəməsinin icraatındadır. Hazırkı iş üzrə icraatı dayandıran birinci instansiya məhkəməsi gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı «diplomun hüquqi baxımdan əsaslı sayılması və imtahanlara buraxılma» tələbinə dair inzibati iş üzrə iddia tələbi təmin ediləcəyi halda hazırkı iş üzrə faktik hallar dəyişmiş olacaqdır. Ona görə də yuxarıda göstərilən iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək hazırki işin icraatı dayandırılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir. Qanunverici mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə” 15 iyul 2015-ci il tarixli Qərarda preyudisiya institutunun mahiyyəti barədə Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı diplomun etibarsız sayılması barədə hazırkı iş Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan digər iddiaçı Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı «diplomun hüquqi baxımdan əsaslı sayılması və imtahanlara buraxılma» tələbinə dair inzibati iş üzrə preyudisial əhəmiyyət daşıyır. Çünki hazırkı mülki işdə Cavabdeh verilmiş diplomun etibarsızlığı mübahisələndirilir. Nəzərə alınmalıdır ki, iddiaçının mübahisələndirdiyi diplomun etibarsız hesab edilməsi barədə hazırkı işin həlli digər məhkəmənin icraatında olan inzibati iş üzrə tələbdən daha geniş hüquqi nəticələrə malikdir. Çünki digər məhkəmənin icraatında olan inzibati iş üzrə tələb diplomun hüquqi baxımdan əsaslı sayılması və cavabdehin imtahanlara buraxılmasından ibarət olduğu halda, hazırkı işdə cavabdehə verilmiş diplomun məhkəmə qaydasında etibarsız hesab olunması mübahisələndirlir ki, bu hal da öz təsdiqini tapdığı halda bilavasitə digər məhkəmənin icraatında olan inzibati iş üzrə faktik halların dəyişilməsi ilə nəticələnəcəkdir. İşin qeyd olunan hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə icraatı dayandırmaqda haqlı olmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 255- 256, 263-264, 398.0.2 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş şikayət təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli 2(062)-764/2024 nömrəli qərardadı tam, həmin qərardadla bağlı 26 fevral 2024-cü il tarixli 2(062)-764/2024 nömrəli qərardadı isə qismən, yəni şikayətin təmin edilməməsi hissədə ləğv edilsin. Mülki iş mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün Tovuz Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-878/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-878/2024
19.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver