Məhkəmə qərarları › İş №2(104)-902/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-902/2025

01.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-902/2025 01.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İddiaçı qarşı mülki iş üzrə Açar sözlər: pul tələbi; əsassız varlanma Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Hüseynov Salman Bilal oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi (atası) X1 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli 2(062)-56/2025 saylı qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 01 iyul 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Nəqliyyat vasitəsinin AE 143075 saylı şəhadətnaməsinin surətindən görünür ki, ** XY *** dövlət qeydiyyat nişanlı Hyundai Matrix minik markalı avtomobilin mülkiyyətçisi X3r;

2. eManat ödəniş terminalı qəbzlərindən müəyyən olunur ki, Cavabdeh tərəfindən İddiaçı məxsus 416973******3289 saylı karta xx.xx.2023-cü il tarixdə 600 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 370+155+75=600, xx.xx.2023cü il tarixdə 600 manat, xx.xx.2023-cü il tarixdə 600 manat, xx.xx.2023-cü il tarixdə 600 manat və xx.xx.2023-cü il tarixdə 300 manat olmaqla, ümumilikdə 3600 manat vəsait köçürülmüşdür.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, 3000 manat pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Cavabdeh da məhkəməyə qarşılıqlı iddia ərizəsi verərək, İddiaçı ödəmiş olduğu 11700 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılması, habelə, avtomobilin mülkiyyətçisi X5 olduğu üçün əsassız ödəniş tələb etdiyinə görə cavabdeh barəsində xüsusi qərar çıxarılmaqla prokurorluğa məlumat verilməsi xahiş edilmişdir.

5. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ilin may ayından hər ay 600 manat ödəmək şərti ilə 30 ay müddətinə ** XY *** dövlət qeydiyyat nişanlı Hyundai Matrix minik markalı avtomobili almışdır. Razılaşdıqları zamandan ümumilikdə İddiaçı 11700 manat məbləğdə ödəniş etmişdir. Cavabdeh onun avtomobildən 6300 manat borcu qaldığı üçün gecə saat 2-də yaşadığı evin həyətindən avtomobili apartmışdır. Hansı ki, avtomobil cavabdehin qardaşına məxsusdur. Etdiyi ödənişlərin üç ayını cavabdehin istəyi üzrə Rahib adlı şəxsə etmişdir. Daha sonra cavabdeh ödənişlərin özünə edilməsini istəmişdir. Hətta avtomobil ona verilən zaman motorunda nasazlıq çıxmışdır. Bunun üçün də nə qədər xərc çəkmişdir. Hazırda cavabdeh ondan avtomobili alıb apardığı üçün onun da avtomobilə etdiyi ödənişləri tələb etmək hüququ vardır. Bundan başqa cavabdehin əməllərində cinayət tərkibi də vardır. Çünki hüquqi əsas olmadan ondan pul almışdır.

6. Tovuz Rayon Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli 2(062)-56/2025 saylı qətnaməsi ilə (hakim Fərid Əliyev) İddiaçı Cavabdeh qarşı «maddi ziyan» tələbinə dair ilkin iddia tələbinin təmin edilməməsi, Cavabdeh İddiaçı qarşı «pul» tələbinə dair qarşılıq iddia tələbinin təmin edilməməsi və iddia ərizələrinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 406.1, 406.2,427, 441, 600.1, 600.3 və 1096.1-ci maddələrinə, həmçinin Mülki Prosessual Məcəllənin 50.3, 54.1, 77.1, 88 və 217.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

8. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddianın təmin edilməməsini və qarşılıqlı iddiasının təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 2022-ci ilin may ayından hər ay 600 manat ödəmək şərtilə 30 ay müddətinə ** XY *** dövlət qeydiyyat nişanlı Hyundai Matrix minik markalı avtomobili almışdır. Razılaşdıqları zamandan ümumilikdə İddiaçı 11700 manat məbləğdə ödəniş etmişdir. Cavabdeh onun avtomobildən 6300 manat borcu qaldığı üçün gecə saat 2-də yaşadığı evin həyətindən avtomobili apartmışdır. Hansı ki, avtomobil cavabdehin qardaşına məxsusdur. Fazil həmin sənədləri də, ona vermişdir. Belə ki, gecə saat 2-də Fazil onu hədələdi ki, maşının sənədlərini də, verməsə polisdə, nazirlikdə adamı işləyir maşını axtarışa verəcəkdir. Etdiyi ödənişlərin üç ayını cavabdehin istəyi üzrə Rahib adlı şəxsə etmişdir. Daha sonra cavabdeh ödənişlərin özünə edilməsini istəmişdir. Hətta avtomobil ona verilən zaman motorunda nasazlıq çıxmışdır. Bunun üçün də nə qədər xərc çəkmişdir. Həmin nəqliyyat vasitəsi üçün o, cavabdeh İddiaçı 11700 manat nağd ödəniş etmişdir. Cavabdeh isə indi ona qarşı yalançı heç bir əsası olmayan iddia tələbi qaldırmışdır. Əgər cavabdeh ** XY *** qeydiyyat nişanlı Hyundai Matrix markalı minik avtomobilini onun əlindən alıb aparıbsa, onda o da cavabdehə həmin avtomobil üçün ödədiyi 11700 manat pulun geri qaytarılmasını tələb etməkdə haqlıdır və bu onun hüququdur. Ona görə də, hesab edir ki, cavabdeh İddiaçı ona həmin avtomabil üçün ödədiyi 11,700 manat pulun alınaraq, ona verilməsi zərurəti yaranmışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, qardaşı Rufad Rahib adlı şəxsdən maşın almışdır. 4 ay ödəniş etdikdən sonra qalan məbləğ onun tərəfindən ödənilmişdir. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh bildirmişdir ki, cəmi 11700 manat ödənilib. Həmin puldan 2400 manat hissəsini qardaşı, qalan hissəni isə özü ödəmişdir. Rahib adlı şəxslə razılaşmışlar ki, maşının pulunu qardaşı deyil, o ödəyəcək. Lakin 3-4 ay ödəniş etdikdən sonra cavabdeh onlara zəng edərək ödənişlərin ona çatmadığını, sonrakı ödənişlərin ona ödənilməsini tələb etmişdir, bundan sonra ödənişləri cavabdehə ödəmişlər. 3-4 ay ərzində pulu Rahib adlı şəxsə verdikləri zaman cavabdehi tanımamışdır. Sonradan cavabdeh özü onların nömrəsini tapıb zəng etmiş və onun atası ilə razılaşmışlar ki, avtomobilin pulu ona ödənilsin. Hazırda avtomobil onların sahibliyində deyil, avtomobili Rahib onlardan almışdır. Rahib onun xalası Ruhiyyə adlı xanımın əridir. Avtomobil üçün hər ay 600 manat olmaqla ödəniş etmişdir. Lakin, avtomobili taksi kimi günlük icarəyə götürməmişdir, hissə-hissə ödəniş etməklə almışdır. Avtomobilə dair aralarında icarə müqaviləsi bağlanmamışdır, onlar avtomobilin dəyərinin hissə-hissə ödənilməsi şərtilə alqı-satqısı barədə razılıq əldə etmişlər. Avtomobil cavabdehin qardaşının olmuşdur. Rahib adlı şəxs cavabdehdən etibarnamə alaraq avtomobili onlara gətirmişdir.

12. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi (atası) X4 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, avtomobili cavabdehdən icarəyə götürməmişlər. Hissə-hissə ödənilmək şərtilə alqı-satqı etmişlər. Avtomobilə görə ödədikləri pullara dair qəbzləri məhkəməyə təqdim etmişlər. Hətta cavabdehin özünün səs yazısı da var ki, Fazil özü deyir ki, «bu qədər pulu mənə veriblər, qalan pulu da mənə verəcəklər». Həmçinin sənəd imzalayıb ki, 30 aydan sonra maşın onlarda qalacaq.

13. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, avtomobili iddiaçılara satmamışdır, icarəyə vermişdir. Rahib adlı şəxs icarə pulunun bir hissəsini vermiş, digər hissəsini isə vermədiyinə görə Rahibi aradan çıxartmışdır. 2022-ci ildə Rahib adlı şəxslə aralarında bu səbəbdən böyük narazılıqlar olmuşdur. Sözügedən avtomobili əvvəllər günlük 20 manat, yəni aylıq 600 manat olmaqla iddiaçıya icarəyə vermişdir. Lakin, sonradan avtomobillərdə problemlər yarandığına görə Rahib adlı şəxsə demişdir ki, avtomobillər icarədarlarda qalsın, ödənişləri etsinlər. İddiaçı Cavabdeh özü şəxsən ona 1500 manat ödəniş edib. Sədrlik edənin suallarına cavab olaraq İddiaçı bildirmişdir ki, 2022-ci ilin sentyabr ayında avtomobili iddiaçı tərəfə icarəyə vermişdir. Dəfələrlə icarə müqaviləsi bağlamaq istəsə də, müəyyən səbəblərdən alınmamışdır. Əgər iddiaçı avtomobilin pulunu verib almış idisə, niyə avtomobili Rahibə qaytarırdı. Çünki, ödənişləri edə bilmədiklərinə görə Rahib adlı şəxsə bu barədə göstəriş vermişdir. Həmçinin bildirmişdir ki, 416973******3289 saylı kart ona məxsus olmaqla onun istifadəsindədir. Digər hesab nömrəli kartlar isə ona məxsus deyildir.

14. Hazırkı məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, ərizəyə əlavə edilmiş CD diskdə olan audio yazı onun atası ilə cavabdeh arasında olan telefon danışığıdır. Həmin audio yazıda atası 6000 manat borc qaldığını, Fazil isə borcun 7000 manat olduğunu bildirir. Fazilə şəxsən ödədiyi pullar məhkəməyə göndərilmiş qəbzlərdə öz əksini tapıb. 500 manat pulu isə qardaşı Rufad Rahib adlı şəxsə verib. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh bildirmişdir ki, cəmi 11700 manat puldan 3500 manatı qardaşı ödəyib, yəni 3000 manat aylıq, 500 manat isə depozit kimi verib. Onlar isə 3600 manat pulu Fazilin özünə şəxsən, qalan pulları isə Rahibə ödəmişlər. Çünki, avtomobili Rahibdən almışlar, həmin vaxt heç Fazili tanımırdılar, sonradan özü ilə telefonla danışmışlar və pulu onun özünə ödəməyini demişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

15. Hazırkı məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi (atası) X4 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, avtomobilə görə ödənilmiş pulun hamısını cavabdeh alıb, qeydə alınmış səs yazısında da özü bunu təsdiq edir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh İddiaçı məhkəmə iclasına gəlməmişdir. O, məhkəməyə teleqram ünvanlayaraq, səhhətində yaranmış problemə görə məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə baxılmasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işə baxılması müddətini və cavabdehin vəsatətinə əsasən xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasının da təxirə salındığını nəzərə alaraq işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

17. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

18. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

19. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

20. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

25. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

27. Maddə 385.1.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

28. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

31. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, həm ilkin iddia, həm də qarşılıqlı iddia təmin edilməmiş və ilkin iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Yalnız qarşılıqlı iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Sonuncu apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv olunmasını xahiş etsə də, lakin şikayətin məzmunundan müəyyən olunur ki, qətnamə qarşılıqlı iddiaya dair hissədə mübahisələndirilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamənin qanuniliyi və əsaslılığı yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni «Cavabdeh İddiaçı qarşı «pul» tələbinə dair qarşılıq iddia tələbinin təmin edilməməsi» hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, qarşılıqlı iddia qismən təmin edilməli, cavabdeh İddiaçı 3600 manat və qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumuna görə 56 manat, cəmi 3656 manat pul vəsaiti tutularaq iddiaçı Cavabdeh ödənilməli, qarşılıqlı iddia qalan hissədə təmin edilməməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

33. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, ** XY *** dövlət qeydiyyat nişanlı Hyundai Matrix markalı avtomobil X2 (İddiaçı qardaşı) mülkiyyətində olmuşdur. Rahib adlı şəxs vasitəsilə tərəflər arasında həmin avtomibilə dair şifahi razılaşma əldə edilmiş, həmin razılaşmaya görə, İddiaçı qardaşı Rasim Allazovun mülkiyyətində olan ** XY *** dövlət qeydiyyat nişanlı Hyundai Matrix markalı avtomobili 18000 manat müqabilində və dəyərinin ayda 600 manat olmaqla 30 ay müddətinə ödənilməsi, bütün ödənişlər edildikdən sonra sonunda avtomobilin ona qalması şərtilə Cavabdeh nisyə satmışdır. Beləliklə, İddiaçı sözügedən avtomobili Cavabdeh sahiblik və istifadəsinə vermiş, sonuncu da öz növbəsində avtomobilə görə İddiaçı hissə-hissə ödənişlər etmişdir. Lakin, sonradan ödənişlərdə çətinlik yarandığından tərəflər arasındakı faktiki alqı-satqı münasibətləri pozulmuş, ** XY *** dövlət qeydiyyat nişanlı Hyundai Matrix markalı avtomobil Cavabdeh sahiblik və istifadəsindən alınmışdır. Ona görə də iddiaçı Cavabdeh avtomobilə görə ödənilmiş pul vəsaitinin cavabdehdən tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir.

34. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianı təmin etməmiş və gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, qarşılıqlı iddia tələbi üzrə iddiaya cavab verməli olan şəxs Rahib adlı şəxsdir. Məhkəmə hazırlıq iclasında göstərilənlər iddiaçı tərəfin diqqətinə çatdırılmış, lakin, o, cavabdehin əsl cavabdeh ilə əvəz edilməsinə razı olmamışlar. Məhkəmə bu səbəbdən iddiaya irəli sürülmüş tələblər üzrə baxmağa davam etmişdir. Nə qədər ki, iddia tələbi doğru şəxsə qarşı yönəlməmişdir, bu zaman iddianın təmin edilməsi nəticəsinə gəlinməsi qanunamüvafiq olmaz. Ümumiyyətlə, nisyə alınmış əşya üzrə ödənişlər edilmədiyi üçün satıcının əşyanı geri alması təqdirində alıcının həmin əşya üzrə istifadəsində olduğu müddət üzrə etdiyi ödənişləri geri tələb etməsi yolverilməzdir. Hansı ki, bu barədə tərəflər arasında razılaşma da olmamışdır.

35. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.

36. İşin mübahisəsiz hallarıdır ki, mübahisəsi gedən avtomobil Rasim Allazovun (cavabdeh İddiaçı qardaşı) mülkiyyətində olmuş, lakin avtomobil faktiki olaraq cavabdehin sahiblik və istifadəsində olmuşdur. Rahib adlı şəxs vasitəsilə tərəflər arasında avtomobilə dair şifahi razılaşma əldə edilmiş, həmin razılaşmaya görə, İddiaçı qardaşı R.Allazovun mülkiyyətində olan ** XY *** dövlət qeydiyyat nişanlı Hyundai Matrix markalı avtomobili ayda 600 manat ödəmək şərtilə iddiaçı tərəfin sahiblik və istifadəsinə vermişdir.

37. Göstərilən hallar qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya baxışı zamanı verdiyi izahatla öz təsdiqini tapmışdır. O, məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, «avtomobili iddiaçıya icarəyə vermişdir. Rahib adlı şəxs icarə pulunun bir hissəsini vermiş, digər hissəsini isə vermədiyinə görə Rahibi aradan çıxartmışdır. 2022-ci ildə Rahib adlı şəxslə aralarında bu səbəbdən böyük narazılıqlar olmuşdur. Avtomobili əvvəllər günlük 20 manat, yəni aylıq 600 manat olmaqla iddiaçıya icarəyə vermişdir. Lakin, sonradan avtomobillərdə problemlər yarandığına görə Rahib adlı şəxsə demişdir ki, avtomobillər icarədarlarda qalsın, ödənişləri etsinlər. İddiaçı Cavabdeh özü şəxsən ona 1500 manat ödəniş edib. 2022-ci ilin sentyabr ayında avtomobili iddiaçı tərəfə icarəyə vermişdir. Dəfələrlə icarə müqaviləsi bağlamaq istəsə də, müəyyən səbəblərdən alınmamışdır. Əgər iddiaçı avtomobilin pulunu verib almış idisə, niyə avtomobili Rahibə qaytarırdı. Çünki, ödənişləri edə bilmədiklərinə görə Rahib adlı şəxsə bu barədə göstəriş vermişdir» (bax qətnamənin 13-cü bəndi).

38. Beləliklə, müəyyən edilmişdir ki, ** XY *** dövlət qeydiyyat nişanlı Hyundai Matrix markalı avtomobilə dair şifahi razılaşma iddiaçı Cavabdehla cavabdeh İddiaçı arasında olmuş, Rahib adlı şəxs isə onlar arasındakı bu münasibətlərdə vasitəçi rolunu oynamış, daha sonra isə cavabdeh İddiaçı həmin şəxsi cavabdehlə aralarındakı münasibətdən kənarlaşdırmışdır.

39. Göründüyü kimi, qarşılıqlı iddia üzrə cavabdeh mübahisəli hüquq münasibətinin subyekti olmuş və tərəflər arasındakı hazırkı mübahisə də həmin münasibətlərdən irəli gələn məsələdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia üzrə tələb düzgün olaraq ona cavab verməli olan şəxsə, yəni İddiaçı qarşı irəli sürülmüşdür.

40. Eyni zamanda işin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasındakı şifahi razılaşmaya görə, cavabdeh İddiaçı qardaşı R.Allazovun mülkiyyətində olan ** XY *** dövlət qeydiyyat nişanlı Hyundai Matrix markalı avtomobili ayda 600 manat ödəmək şərtilə iddiaçı tərəfin sahiblik və istifadəsinə vermişdir. İşin mümahisəsiz halı həmçinin ondan ibarətdir ki, bu məqsədlə iddiaçı tərəfindən cavabdehə müxtəlif vaxtlarda və müxtəlif məbləğdə ödənişlər edilmişdir.

41. İşin mübahisə doğuran tərəfi ** XY *** dövlət qeydiyyat nişanlı Hyundai Matrix markalı avtomobilin İddiaçı satılması və ya icarə verilməsindən ibarətdir. Çünki, iddiaçı həmin avtomobilin cavabdeh tərəfindən 18000 manat müqabilində və dəyərinin ayda 600 manat olmaqla 30 ay müddətinə ödənilməsi, bütün ödənişlər edildikdən sonra sonunda avtomobilin ona qalması şərtilə nisyə satıldığını iddia edir; cavabdeh isə buna etiraz edərək avtomobilin iddiaçıya icarəyə verildiyini bildirir.

42. İşin halları bu aspektdə araşdırıldıqda müəyyən edilir ki, tərəflər arasında avtomobilə dair nə icarə müqaviləsi bağlanmış, nə də ki, avtomobilin icarəyə verilməsi barədə onlar arasında şifahi razılaşma olmamışdır.

43. Kollegiya göstərir ki, cavabdeh tərəfindən avtomobilin iddiaçıya verilməsi, habelə bu məqsədlə iddiaçı tərəfindən cavabdehə müxtəlif vaxtlarda və müxtəlif məbləğdə ödənişlər edilməsi öz təsdiqini tapdığına görə mübahisə predmeti olan avtomobilin icarə verilmiş olması barədə cavabdeh İddiaçı tərəfindən irəli sürülən dəlili sübut etmə öhdəliyi də MPM-nin 77.1-ci maddəsinə əsasən sonuncunun üzərinə düşür. Çünki, həmin normaya əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

45. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

46. Lakin, cavabdeh tərəf bu sübut etmə öhdəliyin öhdəsindən gələ bilməmiş və avtomobilin iddiaçıya icarəyə verilmiş olmasını sübuta yetirə bilməmişdir.

47. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, işin hallarından göründüyü kimi, avtomobil üzrə hər ay həyata keçirilməli ödənişlərdə çətinlik yarandığına görə avtomobilə dair tərəflər arasındakı razılaşma pozulmuş və nəticədə ** XY *** dövlət qeydiyyat nişanlı Hyundai Matrix markalı avtomobil Cavabdeh sahiblik və istifadəsindən alınmışdır. Diqqət yetirilməli haldır ki, tərəflər arasındakı razılaşmanın pozulmasına səbəb cavabdehin avtomobilə görə aylıq ödənişləri ödəyə bilməməsi olduğu halda, cavabdeh İddiaçı Cavabdeh qarşı ödənişin (icarə haqqı) ödənilməsi barədə hər hansı tələbi olmamış, belə bir mübahisənin mövcudluğu işə baxılması zamanı da müəyyən edilməmişdir. Digər tərəfdən, cavabdeh İddiaçı ilkin iddia ərizəsinin məzmununda avtomobilin cavabdehə (qarşılıqlı iddiaçıya) icarəyə verildiyini qeyd etməmişdir. Bundan fərqli olaraq, o, ilkin iddia ərizəsində qeyd etmişdir ki, «2022-ci ilin may ayında cavabdeh ortaq tanışları Rahib adlı şəxs ilə onun yanına gələrək maşını sürmək üçün verməyini xahiş etmişdir. Tanış kimi cavabdehə inam gətirərək avtomobili ona vermişdir». Cavabdeh İddiaçı «avtomobil icarəyə verilmişdir» barədə arqumenti Cavabdeh «avtomobilin satılmasına görə ödənilmiş pul vəsaitinin qaytarılması» barədə qarşılıqlı iddia ərizəsi məhkəməyə daxil olduqdan sonra irəli sürülmüşdür.

48. Kollegiya işin şərh olunan hallarını ağlabatan mühakimə əsasında tədqqi edərək iddiaçı Cavabdeh səmimi olduğu və həqiqəti bəyan etdiyi qənaətinə gəlmişdir.

49. Mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil.

50. Bu kontekstdə kollegiya nəzərə alır ki, hazırkı iddia üzrə tələb iddiaçının avtomobilin satılmasına görə cavabdehə ödəmiş olduğu pul vəsaitinin ondan tutularaq özünə (iddiçıya) qaytarılması barəsindədir və yuxarıda qeyd olunan prinsipə görə iddia tələbinin qanuni əsasını müəyyənləşdirmək bilavasitə məhkəmənin vəzifəsidir. Ümumiyyətlə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

51. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü iddia tələbin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

52. Əsassız varlanma ilə bağlı tələbin təmin edilməsindən ötrü əsassız varlananın əmlak əldə etməli, həmin əmlakı məhrum olanın hesabına əldə etməli və bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır.

53. Bu üç hal olduqda tələb təmin edilə və əsassız varlanmış şəxsdən əmlak və ya dəyəri alınaraq məhrum olana verilməlidir.

54. Mülki Məcəllənin 1091-ci maddəsinin dispozitiv şərtlərinin ödənilməsi üçün bu cür varlanmaya haqq verən hər hansı qanuni əsas və ya müqavilə əsası olmamalıdır. Başqa sözlə, bu zaman zərərçəkənlə əldə edən arasında hər hansı razılaşma baş vermir, əldə edən qanunla və ya müqavilə (razılaşma) əsasında əmlak əldə etmir. Bu, o halda baş verir ki, zərərçəkən, əldə edilən razılaşmadan (razılaşma çərçivəsindən) kənar ödəniş edir, ödənişlərdə yanılmış olur, əldə edən bilərəkdən və ya bilməyərəkdən razılaşmadan kənar artıq ödəniş əldə edir, əldə edənə məxsus borc zərərçəkəndən tutulur.

55. İş materiallarına əlavə edilmiş eManat ödəniş terminalı qəbzlərindən müəyyən olunur ki, Cavabdeh tərəfindən İddiaçı məxsus 416973******3289 saylı karta xx.xx.2023cü il tarixdə 600 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 370+155+75=600, xx.xx.2023-cü il tarixdə 600 manat, xx.xx.2023-cü il tarixdə 600 manat, xx.xx.2023-cü il tarixdə 600 manat və xx.xx.2023-cü il tarixdə 300 manat olmaqla, ümumilikdə 3600 manat vəsait köçürülmüşdür.

56. İddiaçı Cavabdehə ödədiyi vəsaitin 11700 manat məbləğdə olduğunu iddia etsə də, lakin ödənilmiş vəsaitin məhz həmin məbləğdə olması barədə məhkəməyə sübut təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi daşıyır. Bununla belə, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş digər ödəniş qəbzləri isə mötəbər sübut kimi qiymətləndirilə bilməz. Ona görə ki, həmin qəbzlər üzrə ödənişlər cavabdehə deyil də, başqa şəxsə məxsus bank kartına köçürülmüşdür. Eyni zamanda, həmin ödənişlərin öhdəliyin icrasını qəbul etməyə ixtiyarı çatan şəxsə edilməsi də müəyyən olunmur. Halbuki, Mülki Məcəllənin 433.1-ci maddəsinə görə, borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir.

57. «Avtomobilə görə ödədikləri pullara dair cavabdehin özünün səs yazısı da var. Hansı ki, həmin səs yazısında Fazil özü deyir ki, “bu qədər pulu mənə veriblər, qalan pulu da mənə verəcəklər”» »barədə iddiaçı tərəfin dəlili də məhkəmə kollegiyası tərəfindən əsassız sayılmışdır. Ona görə ki, həmin audio yazı məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmiş və müəyyən edilmişdir ki, audio yazı iddiaçının atası Rasim Dəmirovla cavabdeh İddiaçı arasında qeydə alınmışdır. Həmin səs yazısında tərəflər arasındakı hazırkı münasibətdən irəli gələn məsələlər barədə danışıq getsə də, lakin həmin dialoq əsasında iddiaçı tərəfindən avtomobilin alqı-satqısına görə cavabdehə konkret olaraq hansı məbləğdə pul verilməsini dəqiq müəyyən etmək mümkün deyildir.

58. Göründüyü kimi, ** XY *** dövlət qeydiyyat nişanlı Hyundai Matrix markalı avtomobilin nisyə alqı-satqısı məqsədilə iddiaçı tərəfindən cavabdehə müxtəlif vaxtlarda və müxtəlif məbləğdə olmaqla ümumilikdə 3600 manat ödəniş edilmişdir. Bu isə o deməkdir ki, iddiaçı iddia tələbini əsaslandırdığı faktiki hallardan biri olan həmin hal üzrə sübutetmə vəzifəsindən azad olmaqla onun həmin vəsaiti geri tələb etmək hüququna sahib olub-olmadığı müəyyənləşdirilməlidir.

59. Kollegiya nəzərə alır ki, iddiaçı Cavabdeh sözügedən avtomobilin bütün ödənişləri edildikdən sonra sonunda avtomobilin onun mülkiyyətinə keçəcəyinə (rəsmi alqı-satqı ediləcəyinə) inanaraq bu məqsədlə avtomobilə görə hissə-hissə olmaqla, ümumilikdə cavabdehə 3600 vəsait vermişdir. Lakin, cavabdeh avtomobilə görə aylıq ödənişlərin vaxtında ödənilmədiyini səbəb göstərərək avtomobili iddiaçının sahiblik və istifadəsindən geri almışdır. Lakin, iddiaçının həmin avtomobilə görə cavabdehə ödədiyi 3600 manat pul vəsaiti isə sonuncu tərəfindən geri qaytarılmamaqla o, iddiaçının hesabına həmin məbləğdə əsassız varlanmışdır.

60. Şərh olunanları ümumiləşdirərək kollegiya, iddiaçının cavabdehə 3600 manat pul vəsaitini sonradan aradan qalxmış əsasla vermiş olduğu qənaətinə gəlir və hesab edir ki, iddiaçının ödəmiş olduğu həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

61. Məhkəmə kollegiyası həmçinin iddiaçının cavabdeh barəsində xüsusi qərardad qəbul edilərək prokurorluğa məlumat verilməsi barədə tələbinə münasibətdə qeyd edir ki, bu müraciət hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər. Məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə müvafiq qərarı qəbul etməsi mümkündür. Hazırkı apellyasiya baxışı zamanı isə, cavabdeh şəxsin hərəkətlərində cinayət əlamətləri aşkar edilməmişdir.

62. Birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlməyərək iddianı yoxlanılan hissədə təmin etməmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilərək qarşılıqlı iddia qismən təmin edilməli və cavabdehdən qarşılıqlı iddiaçının xeyrinə 3600 (üç min altı yüz) manat vəsait tutulmalıdır.

63. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddia ərizəsinin verilməsinə görə ödənilməli dövlət rüsumu məbləği 56 (əlli altı) manat təşkil edir. Odur ki, həmin vəsait cavabdehdən qarşılıqlı iddiaçının xeyrinə tutulmalıdır.

64. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 385, 392-393, 402 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli 2(062)-56/2025 saylı qətnaməsi yoxlanılan, yəni «Cavabdeh İddiaçı qarşı «pul» tələbinə dair qarşılıq iddia tələbinin təmin edilməməsi» hissədə ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Cavabdeh İddiaçı 3600 (üç min altı yüz) manat və qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumuna görə 56 (əlli altı) manat, cəmi 3656 (üç min altı yüz əlli altı) manat vəsait tutularaq iddiaçı Cavabdeh ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar