Məhkəmə qərarları › İş №2(104)-906/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-906/2025

15.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-906/2025 15.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli 2(125)-1249/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılara məxsus Gəncə şəhəri, Abdulla Şaiq küçəsi 38 saylı evin yenidən qiymətləndirilməsinin keçirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli 2(125)-1249/2025 nömrəli qərardadı ilə (hakim Ədil Məmmədov) İddiaçı cavabdeh X1 qarşı Gəncə şəhəri, Abdulla Şaiq küçəsi 38 saylı evin qiymətləndirilməsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Qərardadın dəlilləri ilə razılaşmayan İddiaçı şikayət verərək, qərardadın ləğv olunmasını və ərizənin məhkəmənin icraatına qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə onun iddiasını icraata qəbul etməkdən imtina edərkən belə bir arqumentə istinad etmişdir ki, guya onun evinin qiymətləndirilməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Bildirmişdir ki, evinin qiymətləndirilməsi düzgün qiymətləndirilməmişdir. Yəni qiymət çox aşağı müəyyən edilmişdir. O, evinin yenidən qiymətləndirilməsini tələb etsə də, xəstə olduğu üçün ekspert mülkə baxış keçirə bilməyib yenidən qiymətləndirmə aparmamışdır. Ona görə də, o, bu gün evinin qiymətləndirilməsini məhkəmədən xahiş etmişdir. İşə baxan məhkəmə onun iddiasını icraata qəbul etməkdən imtina etməklə onun MPM-nin 4.1-ci maddəsindəki hüququnu məhdudlaşdırmışdır. Gəncə Şəhər Məhkəməsinin 26 fevral 2025-ci il tarixli 2(125)-1249/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 397.2-ci maddəsinə müvafiq olaraq, işə yazılı icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-nin 153-cü maddəsində iddia ərizəsinin yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtinanın əsasları göstərilmişdir. Həmin maddədə göstərilən halların mövcudluğu, şəxsin müraciəti əsasında icraatın başlanmasını istisna edir. Mülki Prosessual Məcəllənin 153.2.2-ci maddəsinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)- 157/2024 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilir ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-65/2023 saylı qətnaməsi ilə cavabdeh İddiaçı xx.xx.2018-ci il tarixli, 3M-36 reyestr nömrəli kredit müqaviləsi üzrə 125.000 (bir yüz iyirmi beş min) ABŞ dolları kredit borcu ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində və ödənilmiş 503 (beş yüz üç) manat dövlət rüsumunun alınaraq Cavabdeh xeyrinə verilməsi, tutmanın xx.xx.2018-ci il tarixli, 3M-37 reyestr nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən 0,0272 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda satılaraq, ilkin satış qiymətinin (likvit dəyəri) 49.000 (qırx doqquz min) manat müəyyən edilməsi və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər çıxıldıqdan sonra əldə olunmuş pul vəsaiti hesabına xx.xx.2018-ci il tarixli, 3M-36 reyestr nömrəli kredit müqaviləsi üzrə borcun ödənilməsi, ödənişlər həyatakeçirildikdən sonra artıq vəsait qalarsa ipoteka qoyanlar İddiaçı və X3 qaytarılması, həmin əmlaka tutma yönəldikdə və açıq hərracda satıldıqdan sonra bir ay müddətində cavabdehlər İddiaçı və X2 istifadə hüquqlarına xitam verilərək evdən çıxarılmaları və evin boşaldılması qət edilmişdir; Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-157/2024 nömrəli qətnaməsi ilə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-65/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə mübahisə predmeti olan (ipoteka) əmlakın ilkin satış qiyməti müəyyən edilmişdir. Hazırkı işdən isə müəyyən olunur ki, iddia tələbi məhz həmin əmlakın yenidən satış qiymətinin müəyyən olunmasından ibarətdir. Nəzərə alınmalıdır ki, qanunda predmetin və əsasların eyniliyi dedikdə, onların hərfən eyni ifadə olunması deyil, məzmun və mahiyyəti etibarilə eyniliyi başa düşülür. Məhkəmə kollegiyası yuxarıda aparılan təhlilin yekunu olaraq bu nəticəyə gəlir ki, iddiaçının hazırkı iddia tələbinin faktiki əsasları, məzmunu və mahiyyəti baxımından Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-65/2023 saylı qanuni qüvvəyə minmiş qətnaməsində hüquqi qiymət verilmiş məsələ ilə eynidir. (əmlakın satış qiymətinin müəyyən olunması hissədə) Hazırkı iddianın predmeti hərfən bir qədər fərqli şəkildə ifadə olunmasına baxmayaraq, məzmun və mahiyyəti baxımından Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-65/2023 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə həll edilən məsələ barədə məhkəməyə təkrar müraciətdir. Çünki, hazırkı iddianın predmetinə, yəni ünvan 1 ünvanda yerləşən əmlakın ilkin satış qiymətinin müəyyən olunması məsələsinə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-65/2023 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə hüquqi qiymət verilmiş və məsələ öz həllini tapmışdır. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, hər iki iş üzrə tərəflər eyni şəxs olmuşlar. Nəzərə alınmalıdır ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Məhkəmə aktının müstəsnalığı bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Bu cür yanaşma ilk növbədə hüquqi müəyyənlik prinsipinə əsaslanmaqla, qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin təmin olunmasına yönəlmişdir. Bir dəfə həll edilmiş işə təkrar baxılmasının yolverilməzliyi prinsipi onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. Eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. Əks yanaşma proses iştirakçısının yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradar və bu hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldar. Göstərilən halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, ərizənin icraata qəbulundan imtina edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Şikayətin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilənlərə əsasən şikayətin dəlilləri kollegiya tərəfindən əsassız sayılmışdır. MPM-nin 398.0.1.-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyətinə malikdir. Yuxarıda şərh olunanlara əsasən və MPM-nin 152, 263-264, 267, 398 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli 2(125)-1249/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar