Məhkəmə qərarları › İş №2(104)-909/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-909/2025

23.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-909/2025 23.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı qəyyumu X7 Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: miras əmlakdan payların müəyyən olunması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X15 və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı qəyyumu X7 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə1 və Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə2 iştirakları ilə, İddiaçı qəyyumu X7 Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanında yerləşən mənzilin ½ payının İddiaçı məxsus olması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 2(125)-252/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 23 iyun 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 08 mart 1982-ci il tarixli, İİ-ЖГ 435877 nömrəli Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X13 arasında nikah 08 mart 1982-ci ildə bağlanmışdır.

2. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə İddiaçı birgə nikahlarından 19 dekabr 2004-cü il tarixdə X18 anadan olmuşdur.

3. Nikahın pozulması haqqında AZ-İ 004754 nömrəli şəhadətnamənin surətindən görünür ki, X9 ilə İddiaçı arasında nikah 21 sentyabr 2001-ci tarixdə pozulmuşdur.

4. AZ-1 186342 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 23 fevral 2006-cı il tarixində ölmüşdür.

5. 23 iyul 2024-cü il tarixli, 3-48-DA-4F/2-İ-1285/8/2024 nömrəli arxiv arayışından görünür ki, Kəpəz Rayon X26nin İcra Komitəsi tərəfindən X6 1055 nömrəli orderlə indiki ünvan 2 ünvanında yerləşən mənzil onun və arvadı İddiaçı istifadəsinə verilmişdir.

6. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 31 iyul 2024-cü il tarixli, 248 nömrəli sərəncamından görünür ki, X14 xalası qızı İddiaçı qəyyum təyin edilmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 dekabr 2017-ci il tarixli, 2(102)-9040/17 nömrəli qərarından görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 02 aprel 2015-ci il tarixli, 2(043)-913/2015 nömrəli qətnaməsi ilə (hakim A.H.Hüseynzadə) iddiaçı Cavabdeh X10 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası təmin edilərək cavabdeh X8 Gəncə şəhəri, D.Qorqud küçəsi, ev 8, 23 nömrəli mənzilə istifadə hüququnun itirilmiş hesab olunması qət edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 avqust 2017-ci il tarixli, 2(104)- 2961/2017 saylı qətnaməsi ilə (hakimlər Ş.M.Əliyeva sədrlik edən, məruzəçi, R.Muradov və Ə.Məmmədov) Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 02 aprel 2015-ci il tarixli, 2(043)-913/2015 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi qət edilmişdir həmin qətnamədən Cavabdeh verdiyi kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 avqust 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 noyabr 2018-ci il tarixli, 2(102)-7024/18 nömrəli qərarından görünür ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 14 mart 2018-ci il tarixli 2(043)-77/2018 saylı qətnaməsi ilə (hakim V.Ə.Abdullayev), iddianın təmin edilməsi, Gəncə şəhəri Kəpəz rayonu Dədə Qorqud küçəsində yerləşən 8 nömrəli evin 23 nömrəli mənzilinə dair X5 adına verilmiş RX seriyalı, ******* saylı, 16 iyun 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli və Cavabdeh adına verilmiş RX seriyalı, ******* saylı, 30 iyun 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışlar etibarsız hesab edilməsi qət edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən F.Mehtiyev, hakimlər Ç.Məmmədov və Ş.Rzaquliyev, İş № 2(104)-2394/2018) apellyasiya şikayəti təmin edilməyərək iş üzrə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 14 mart 2018-ci il tarixli 2(043)-77/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, Cavabdeh həmin qətnamədən verdiyi kassasiya şikayəti təmin edilməmiş və iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 18 dekabr 2024-cü il tarixli, 3-21-3-33/2- 14359/2024 nömrəli məktubdan görünür ki, ünvan 3 ünvanında yerləşən 23 saylı mənzil Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin Gəncə filialının xx.xx.2013-cü il tarixli 670/5 saylı arayışı, Gəncə şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 01 iyun 2015-ci il tarixli 718 saylı Forma-2 arayışı və mənzildə qeyd qeydiyyatda olan şəxsin notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi əsasında X5 adına özəlləşdirilərək 16 iyun 2015-ci il tarixli, **********49-05101- 093028 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhər 3 saylı notariat kontorunun 25 iyun 2015-ci il tarixli, 2V-1-69 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən, Cavabdeh və X2 Vidadi Zülfüqar oğlunun vərəsələri tanınaraq adlarına 30 iyun 2015-cü il tarixli, **********49-05101-093028 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri, Kəpəz Rayon Məhkəməsinin 14 mart 2018-ci il tarixli, 2(043)-77/2018 saylı qətnaməsi ilə Gəncə şəhəri Kəpəz rayonu, Dədə Qorqud küçəsində yerləşən 8 nömrəli evin 23 nömrəli mənzilinə dair X5 adına verilmiş RX seriyalı, ******* saylı, 16 iyun 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli və Cavabdeh adına verilmiş RX seriyalı, ******* saylı, 30 iyun 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışların etibarsız hesab edilməsi qət edilmişdir. İsmayılova (Tahirova) Cəmilə İbrahim qızının ərizəsi üzrə Gəncə şəhəri, Kəpəz Rayon Məhkəməsinin 14 mart 2018-ci il tarixli, 2(043)-77/2018 saylı qətnaməsi tərəfindən icra edilmişdir.

10. Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 11 noyabr 2010-cu il tarixli, 2(044)- 1683/2010 nömrəli qətnamənin surətindən görünür ki, iddia təmin edilmiş, Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin hərəkəti qanunsuz hesab edilmiş və Cavabdeh ilə Gəncə şəhəri Dədə Qorqud küçəsi 8 nömrəli binanın 23cü mənzilinə sosial kirayə müqaviləsinin bağlanması vəzifəsi Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə həvalə edilmişdir.

11. Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 22 may 2025-ci il tarixli, 5-1-1/2-İ-xx-xx/2025 nömrəli məktubundan görünür ki, Gəncə şəhəri, Dədə Qorqud küçəsi, 8 saylı binanın 23 saylı mənzilinə dair Cavabdeh ilə Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi arasında 20 may 2025-ci il tarixli 06 saylı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanılmışdır.

12. № 06 nömrəli, 20 may 2025-ci il tarixli yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, Cavabdeh ilə Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi arasında Gəncə şəhər MKTİB-nin **********59 №-li şəxsi hesab vərəqəsi əsasında Azərbaycan Respublikasının mənzil qanunvericiliyinə uyğun olaraq kirayə müqaviləsi bağlamışlar.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı qəyyumu X14 Cavabdeh qarşı iddia ərizəsi Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, nikah dövründə əldə edilmiş ünvan 4 ünvanında yerləşən mənzilin ½ hissəsinə qəyyumu olduğu İsmayılova (Tahirova) Cəmilə İbrahim qızının mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, qəyyumu olduğu İsmayılova (Tahirova) Cəmilə İbrahim qızı 08 mart 1982-ci il tarxidə mərhum X9 ilə nikaha daxil olmuşdur. Gəncə şəhəri Dədə Qorqud küçəsi 8 nömrəli binanın, 23 saylı mənzil Kirovabad (indiki Gəncə) şəhəri Kəpəz rayonu, X28 İcrayyə Komitəsini 23 noyabr 1989-cu il tarixli qərarı ilə X11 və onun arvadı İddiaçı daimi istifadəsinə verilmiş və bu barədə 1055 nömrəli orderdə verilmişdir. İddiaçı 05 iyun 1996-cı il tarixdən bu günədək şizofreniya, paranoid forma diaqnozu ilə X31 Dispanserində qeydə alınmış və 2-ci qrup əlildir, hal-hazırda da daimi olaraq həkim nəzarətində ambulator müalicə olunur. Mübahisəli mənzil birgə nikah dövründə daimi istifadəyə verilmişdir. Mənzilə dair hüquq hazırda əvvəlki vəziyyətə qaytarılmışdır.

15. İddiaçı qəyyumu X7 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə1 iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, birgə nikah dövründə əldə edilmiş ünvan 4 ünvanında yerləşən mənzilin ½ payının iddiaçıya məxsus olmasının müəyyən olunmasını xahiş etmişdir.

16. Gəncə Şəhər Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 2(125)-252/2025 nömrəli qətnaməsi ilə (hakim X.Səfərli) iddianın təmin edilməsi, 23 fevral 2006-cı ildə vəfat etmiş X4 miras qalmış ünvan 5 ünvanında yerləşən 23 nömrəli mənzilə İddiaçı 2/4, Cavabdeh 1/4, X12 1/4 hissədə payı müəyyən edilməsi qət olunmuşdur.

17. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32, 37.1-ci maddələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1, 1146, 1159.1.1, 1243.2, 1246, maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 217.4, 218.3, 216-220, 227, 233, 358, 360, 362-ci maddələrinə istinad etmişdir.

b) Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

18. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, birinci instansiya məhkəməsi mənzilin xüsusi mülkiyyətdə olmamasına, iddiaçı ilə mərhum X5 artıq 23 il bundan əvvəl nikahlarının pozulmasına, iddiaçının birgə nikah dövründə və nikahın pozulmasından sonrakı 3 illik müddət ərzində pay tələb etməməsinə, eləcədə özəlləşmə ilə bağlı müraciət edilməməsinə diqqət yetirməmişdir. O, həmin evə gəlin köçən vaxt mənzil yanğından yeni çıxmış vəziyyətdə olmuşdur. Bütün bu müddət ərzində o, özünü mənzilin yeganə icarədarı hesab etmiş, şikayətə əlavə olunan aktda da qeyd edildiyi kimi, onun əri Vidadi İsmayılovun vəfatından sonra özü mənzilin döşəmə, ayna qapılarını, çöl qapısını yeniləyərək dəyişmiş, ara divarı, hamam və tualeti, eləcədə eyvanı yenidən təmir etdirmişdir. Gəncə Şəhər Nizami rayon Məhkəməsinin 11 noyabr 2010-cu il tarixli qətnaməsi ilə iddiası təmin olunaraq onunla hazırda mübahisə predmeti olan mənzilə sosial kirayə müqaviləsinin bağlanması vəzifəsi Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə həvalə edilmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, Gəncə şəhəri, Dədə Qorqud küçəsi, 8 nömrəli binanın 23 saylı mənzili özəlləşdirilməmişdir. Mənzil hazırda dövlətin balansındadır və həmin mənzilə dair onunla Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi arasında 20 may 2025-ci il tarixli 06 saylı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanılmışdır.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə2da nümayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat vermişdir.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı qəyyumu X7 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmumuna uyğun izahatında verdikdən sonra əlavə olaraq bildirmişdir ki, Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 noyabr 2018-ci il tarixli, 2(102)-7024/18 nömrəli qərarı ilə Gəncə şəhəri Kəpəz rayonu Dədə Qorqud küçəsində yerləşən 8 nömrəli evin 23 nömrəli mənzilinə dair X5 adına verilmiş və Cavabdeh adına verilmiş çıxarışlar etibarsız hesab edildiyi üçün İddiaçı həmin mənzilin ½ hissəsinə mülkiyyət hüququ tanınmalıdır. Nümayəndə1 sonda məhkəmə kolelgiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

24. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı qəyyumu X14 məhkəmə iclasına gəlməmişdir. Sonuncu nümayəndəsi vastəsilə təmsil olunduğundan kollegiya işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

25. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

26. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

27. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

28. Maddəə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

29. Maddə 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

35. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

37. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:

38. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;

39. Maddə 385.1.2. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması

40. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

41. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

Apellyasiya baxışının hədləri

42. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

43. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

44. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

46. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, X9 ilə İsmayılova (Tahirova) Cəmilə İbrahim qızı 08 mart 1982-ci il tarxidə nikaha daxil olmuşlar. Gəncə şəhəri Dədə Qorqud küçəsi 8 nömrəli binanın, 23 saylı mənzili Kirovabad (indiki Gəncə) şəhəri Kəpəz rayonu, X28 İcrayyə Komitəsinin 23 noyabr 1989-cu il tarixli qərarı ilə X11 və onun arvadı İddiaçı daimi istifadəsinə verilmişdir. Bu barədə birincinin adına 1055 nömrəli order yazılmışdır. Tərəflərin nikahı sonradan məhkəmə qaydasında pozulmuşdur. X3 adlı qadınla (hazırkı iş üzrə cavabdeh) ilə evlənmiş və sonuncuların nikahı 2002-ci ildə qeydə alınmışdır. 23 fevral 2006-cı ildə Vidadi İsmayılova ölmüşdür Mənzildə hal-hazırda iş üzrə Cavabdeh yaşayır. İddiaçı şizofreniya, paranoid forma diaqnozu ilə 2-ci qrup əlil olduğundan Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 31 iyul 2024-cü il tarixli, 248 nömrəli sərəncamı ilə X14 ona qəyyum təyin edilmişdir. İddiaçı qəyyumu X14 mübahisəli mənzilin birgə nikah dövründə əldə olunmasını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya mhkəməsidə iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı birgə nikah müddətində əldə olunmasına əsaslanaraq mübahisəli mənzilin ər-arvadın ümumi birgə mülkiyyəti sayılmasını və ümumi əmlakdakı payların bərabər müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə qeyd edilənlərə əsasın hesab edir ki, həmin tələb əsasslıdır Belə ki, nikah dövründə əldə edilmiş əmlakın əksi sübuta yetirilincəyə qədər ər-arvadın birgə mülkiyyətində olması prezumpsiyası mövcuddur. Bu halda nikah dövründə əldə edilmiş əmlakın birgə mülkiyyət olmamasını sübuta yetirmək vəzifəsi bunu mübahisələndirən tərəfin üzərinə düşür. X1 və İddiaçı ünvan 6 ünvanında yerləşən mənzilə hər birinin ½ payı müəyyən olunmalıdır. Eləcədə məhkəmə prosessual qənaət prinsipini əsas tutaraq hesab etmişdir ki, X5 23 fevral 2006-cı ildə ölümündən sonra onun iki nəfər birinci növbə vərəsələri, yəni arvadı X23 və övladı X18 qalmış onlar mübahisəli evdə yaşamış, həmin evə olan ½ miras paya faktiki sahiblik etmək yolu ilə qəbul etmişlər. Bundan başqa birinci növbə digər vərəsələrin olması və mirası qəbul etməsidə müəyyən olunmur. X23 və X12 əmlak üzərində ½ miras paya vərəsəlik hüququ müəyyən edilməlidir və bu bu hal tələbdən kənara çıxma hesab edilməməlidir.

47. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz.

49. Belə ki, yuxarıda da qeyd olunduğu kimi Gəncə şəhəri, Dədə Qorqud küçəsi 8 nömrəli binanın 23 saylı mənzili Kəpəz rayon X26 İcrayyə Komitəsinin 23 noyabr 1989-cu il tarixli qərarı X5 mülkiyyətinə deyil, ailə üzvləri ilə (keçmiş) birlikdə istifadəsinə verilmişdir. Göründüyü kimi mübahisəli mənzil dövlət mənzil fonduna aid olmaqla dövlətə məxsus olmuşdur.

50. Azərbaycan Respublikasının 1982-ci il 8 iyul tarixli qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 5-ci maddəsinə görə, Dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin mənzil (yerli sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və başqa idarələrin (dairə mənzil fondu) ixtiyarındadır.

51. Həmin Məcəllənin 6-cı maddəsində isə qeyd olunmuşdur ki, yaşayış evləri və yaşayış sahələri vətəmdaşların daimi yaşaması üçün, habelə müəyyən edilmiş qaydada xidməti yaşayış sahələri və yataqxanalar kimi istifadə olunmaq üçündür.

52. Qeyd olunan Məcəllənin 10-cu maddəsində isə göstərilmişdir ki, Azərbaycan SSR vətəndaşları müəyyən edilmiş qaydada dövlət və ya ictimi mənzil fondu evlərində, yaxud mənzil-tikinti kooperatifləri evlərində yaşayış sahəsi almaq hüququna malikdirlər.

53. Mənzilin hazırda da dövlətin mülkiyyətində olması iş üzrə Cavabdeh məhkəmə kollegiyasına təqdim etdiyi yaşayış sahəsinin kirayə müqaviləsi ilədə təsdiq olunur. Belə ki, həmin mənzilə dair Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə Cavabdeh arasında 20 may 2025-ci il tarixli 06 saylı müqavilə bağlanmışdır.

54. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

55. 01 oktyabr 2009-cu ildən qüvvədə olan Mənzil Məcəlləsinin 17.1. maddəsində qeyd olunmuşdur ki, Mənzil fondu – Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur. Mülkiyyət formasına görə mənzil fondu isə 17.2. maddədə aşağıdakı kimi bölünür: 17.2.1. xüsusi mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu; 17.2.2. dövlət mənzil fondu – mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu; 17.2.3. bələdiyyə mənzil fondu – bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu. 17.3. İstifadə məqsədlərinə görə dövlət və bələdiyyə mənzil fondu aşağıdakılara bölünür: 17.3.1. sosial təyinatlı mənzil fondu – dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu; 17.3.2. xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusu. 17.4. Mənzil fondu qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət uçotuna alınmalıdır. 17.5. Mənzil fondunun dövlət uçotu mənzil fondunun uçotunun digər formaları ilə yanaşı, onun texniki uçotunun aparılmasını, o cümlədən mənzil fondunun inventarlaşdırılmasını və texniki pasportlaşdırılmasını (yaşayış sahələrinin müəyyən edilmiş tələblərə uyğunluğunun təmin edilməsi ilə əlaqədar yaşayış sahələri barədə texniki və digər məlumatları özündə əks etdirən sənədlərin – yaşayış sahələrinin texniki pasportlarının tərtib edilməsi (rəsmiləşdirilməsi) də daxil olmaqla) nəzərdə tutmalıdır.

56. Yaşayış sahəsindən istifadənin hüquqi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsində yalnız mülkiyyətçiyə məxsus olan yaşayış sahələrindən, yəni özəl mənzil fonduna aid mənzillərdən, Vİİİ fəslində (59-90-cı maddələr) isə dövlət və bələdiyyə mənzil fonduna aid mənzillərin sosial kirayə müqaviləsi əsasında fiziki və hüquqi şəxslərin istifadəsində verilməsindən bəhs edilir.

57. Mənzil Məcəlləsinin 8-ci maddəsində mənzil hüquq və vəzifələrinin əmələ gəlməsinin əsasları müəyyən edilərək göstərilir ki, mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; mənzil-tikinti kooperativində üzvlük; mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi.

58. Mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur.

59. Əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi prinsipi dedikdə, heç kəsin qanunla müəyyən olunmuş hallardan başqa yaşayış sahəsindən çıxarılmasının, yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyü başa düşülür. Mənzil Məcəlləsinin 3-cü maddəsinə görə, mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir.

60. Mənzil Məcəlləsinin məqsədləri nöqteyi-nəzərindən mənzil hüququnun obyekti yaşayış sahələridir və yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir (Mənzil Məcəlləsinin 12.1 və 12.5-ci maddələri).

61. Mənzil Məcəlləsinin 12-ci maddəsində nəzərdə tutulan şərtlər yaşayış sahəsinin fiziki baxımdan mövcudluğunu təsdiq edir. Bu növ iddiaların həllində həm də mübahisəli yaşayış sahəsinin hüquqi statusu, yəni kimə məxsus olması mütləq müəyyən olunmalıdır. Çünki, mənzil fondu Məcəllədə özəl mənzil fondu, dövlət mənzil fondu və bələdiyyə mənzil fondu kimi təsnifatlaşdırılmışdır və onların hüquqi rejiminin tənzimlənməsində fərqli cəhətlər vardır. Mənzilin hüquqi statusunun müəyyən olunması mübahisə tərəflərinin düzgün müəyyənləşdirilməsi, bununla da prosessual hüquq normalarına əməl olunması baxımından əhəmiyyətlidir.

62. Mənzil Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər.

63. Həmin Məcəllənin 68.2-ci maddəsində isə təsbit olunmuşdur ki, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar.

64. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1. maddəsiə görə, ömüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

65. Həmin Məcəllənin 1151.1. baddəsində isə qeyd olunmuşdur ki, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

66. Kollegiya bir daha qeyd edir ki, X9 ilə İddiaçı Gəncə şəhəri Dədə Qorqud küçəsində yerləşən 8 nömrəli binanın, 23 saylı mənzilini birgə nikahda olduqları dövrdə mülkiyyət kimi əldə etməmişlər. Qeyd olunan mənzil kirayə müqaviləsi əsasında onların istifadəsinə verildiyinə görə, miras kimi qiymətlənirilməsi özlüyündə istisna olunur. Birinci insytansiya məhkəməsi isə işin yuxarıda qeyd olunan bu önəmli halların nəzərə almamış və nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir.

67. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

68. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 06 fevral 2025-ci il tarixli 2(125)- 252/2025 nömrəli qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı qəyyumu X7 Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 8 nömrəli binanın, 23 saylı mənzilin ½ payının İddiaçı məxsus olması tələbinə dair iddiası təmin edilməməlidir.

69. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 06 fevral 2025-ci il tarixli 2(125)-252/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı qəyyumu X7 Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 8 nömrəli binanın, 23 saylı mənzilin ½ payının İddiaçı məxsus olması tələbinə dair miras əmlakdan payların müəyyən olunması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar