Məhkəmə qərarları › İş №2(104)-916/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-916/2023

27.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-916/2023 27.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: maddi ziyan tələbi ) Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Ağstafa Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2(015)-972/2022 nömrəli qətnaməsindən cavabdeh X2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cavabdeh xx.xx.2020-ci il tarixdə təxminən saat 15 radələrində Bak-Qazax- Gürcüstan sərhəddi yolunun Ağstafa rayonu Qırılı kəndi ərazisindən keçən 455-ci kilometrliyində “X4” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq nəqliyyat vasitələrini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi və müvafiq etibarnamə olmadan idarə etdiyi Ford Transit markalı **-TE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini Qazax istiqamətində hərəkət etdirərkən öz hərəkət zolağından çıxaraq əks hərəkət zolağına keçib hərəkətdə olarkən avtomobilin ön sağ hissəsi ilə qarşıdan öz yolu ilə gələn sürücü İddiaçı idarə etdiyi Mercedes-Benz E220 CDl markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Baş vermiş avtoqəza nəticəsində İddiaçı baş beyin silkələnməsi, hər iki bud sümüyü boynunun və orta 1/3-nin qapalı yerdəyişmiş sınıqları, sol diz qapağının sol qapalı yerdəyişmiş qəlpəli sınığı, sağ baldır sümüklərinin orta 1/3-nin açıq, yerdəyişmiş qəlpəli sınığı, hər iki əlin və sol milbilək oynağı nahiyəsinin əzilmiş-cırılmış yaraları diaqnozu qoyulmuşdur. Həmin cinayət işi üzrə ibtidai istintaq zamanı alınmış xx.xx.2021-ci il tarixli akta əsasən İddiaçı idarə etdiyi Mercedes-Benz E220 CDl markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 14983 manat maddi ziyanlq dəyməsi müəyyən edilmişdir.

2. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-58/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilinmiş və ona 4 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhrum etmə cəzası təyin edilmişdir.

3. X6 Klinikası tərəfindən verilmiş arayışa əsasən İddiaçı xəstəxananın xəzinəsinə 25000 manat ödəniş etmişdir.

4. X6 Klinikası tərəfindən verilmiş arayışa əsasən İddiaçı tibbi təxliyyə xidməti ambulansa görə 1500 manat pul ödəniş etmişdir.

5. X6 Klinikası tərəfindən verilmiş qəbzlərə əsasən İddiaçı Xəstəxanaya ümumi müayinələr üçün 2018 manat məbləğində pul ödənişi etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı məhkəmədə iddia qaldıraraq, cinayət yolu ilə ona dəymiş 42361 manat maddi ziyanlığın, 10000 manat dəyərində mənəvi zərərin və ödənilmiş 248 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Azərbaycan Respublikasının CMnin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci tarixli 1(100)-58/2022 saylı hökmü ilə 4 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində onun sağlamlığına zərər yetirilmiş və sağlamlığını itirdiyinə görə işə çıxa bilmədiyindən cavabdehdən əldən çıxmış faydaya və mənəvi zərər tələbinə dair iddia qaldırmaq məcburiyyətində qalmışdır. Ona cavabdehin təqsiri ucbatından 62361 manat maddi ziyanlıq, 10000 manat dəyərində mənəvi zərər dəymişdir. Onun müalicələri üçün tələb olunan dərman preparatlarına çəkilən xərclər 795 manat, xəstəxana xərcləri 28183 manat, avtomobilinin bərpası üçün 14983 manat, aylıq gəlir olaraq əldən çıxmış faydaya görə xx.xx.2020-ci il tarixdən aylıq 1000 manat, hökm çıxarılan günə 10 ay hesablanmaqla 10000 manat, həyat yoldaşının ona qulluq etməsi səbəbi ilə, işə çıxa bilmədiyi xx.xx.2020ci il tarixdən hər gün üçün 21 manat, hökm çıxarılan günə 10 ay hesablanmaqla 6300 manat, xəstəliyi ilə bağlı tez-tez Bakı şəhərində müalicələr və müayinələr olmağına zərurət olduğundan kirayə haqqı aylıq 300 manat, xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2021-ci il tarixə kimi 7 ay hesabı ilə 2100 manat maddi ziyanlıq dəymişdir. Cavabdeh ona dəymiş ziyanlıqdan 20000 manat ödəniş etmiş, qalan məbləği ödəyəcəyinə söz versə də hadisədən kifayət qədər müddət keçməsinə baxmayaraq cavabdeh onun xərclərini ödəmir. Həmin maddi ziyanlıqdan 20000 manatı ödənildiyindən, cavabdehdən 42361 manat maddi ziyanlıq, 10000 manat dəyərində mənəvi zərər tələb edir. Ona görə də hazırki tələblə məhkəməyə müraciət etmişdir.

8. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(015)-972/2022 nömrəli qətnaməsi ilə (hakim Zamiq Rəsulov) iddia qismən təmin edilmiş, Cavabdeh 28183 manat maddi, 2000 manat mənəvi zərərə görə və ödənilmiş 248 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 30431 (otuz min dörd yüz otuz bir) manat pul tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmə öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh törətdiyi cinayət hadisəsi nəticəsində İddiaçı maddi və mənəvi zərər dəymişdir. İş üzrə iddiaçı cinayət mühakimə icraatı zamanı mülki iddia verməsə də, hazırki vəziyyətdə ona dəymiş maddi və mənəvi zərərə görə mülki mühakimə icraatı qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmişdir. İş üzrə iddiaçı ona 62361 manat maddi ziyanlıq dəyməsini və həmin ziyanlıqdan 20000 manatı cavabdeh tərəfindən ödənildiyindən, 42361 manat maddi ziyanlıq tələb etsə də həmin tələbi əsaslandıran hallara dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. İş üzrə iddiaçı məhkəməyə yalnız avtomobilinə və müalicə xərclərinə dəymiş ziyanlığa dair sübutları təqdim etmiş, cavabdeh tərəfindən iddiaçıya 20000 manat ziyanlıq ödənilməsi, həmin ödənişin iddiaçının avtomobilinə dəymiş ziyanlığa, müayinə, dərman və yol xərclərinə çıxılması nəzərə alınmaqla, iddiaçının cavabdehdən tələb etdiyi müalicə xərclərinə görə 28183 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı verilməlidir.

10. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-21.2, 1096.1-1096.2, 1097.1, 1115,1118-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 11.Cavabdeh X2 qətnamədən apellyasiya şikayəti verərək, Ağstafa Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli 2(015)-972/2022 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini xahiş etmişdir. 12.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-58/2022 saylı, 22 aprel 2022-ci il tarixli hökmündən göründüyü kimi, o hökm çıxarılanadək həmin zərərçəkmiş şəxs, hazırda İddiaçı ilə barışıq əldə etmiş və maddi ziyanı qarşılamışdır. Dəymiş zərərlə bağlı notariat qaydada rəsmi ərizə mövcuddur ki, hansı ki, zərəri tam olaraq qarşıladıqdan sonra barışdıqları barədə ərizə yazmışdır. Qəzadan sonra avtomobil İddiaçı özündə qalmış, o, isə avtomobili müəyyən qiymətə satmışdır.Özü isə zərəri artıqlaması ilə yəni 13700 manat bir dəfə, 6600 manat isə şəxsən özünə təqdim etməklə ödəmişdir, 6500 manat sığrtadan yararlanmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellysiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14.Cavabdeh işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir 15.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, xx.xx.2020-ci il tarixdə baş vermiş avtomobil qəzası nəticəsində ağır dərəcəli xəsarətlər almış, Cavabdeh Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-58/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək, 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhrum etmə cəzasına məhkum edilmişdir. Cavabdehin təqsiri ucbatından ona indiki vaxta qədər 62361 manat maddi ziyan dəymiş, lakin hələ də tam müalicə olunmamışdır. Cinayət işinə baxılarkən, cavabdeh tərəfindən ona ilikn olaraq həmin maddi ziyandan 20000 manat ona ödəniş edilmiş və digər müalicə xərclərini də ödəməyə söz verdiyindən, notariat qaydada rəsmi ərizə verərək, barışdıqlarını bildirmişdir ki, cavabddehə cəza təyinində köməklik olsun. Lakin bundan sonra, cavabdeh ona heç bir maddi kömək etməmişdir, halbu ki, onun külli miqdarda müalicə xərci çıxmışdır. Belə ki, o, əvvəlcə X1 müalçicə alsa da, lakin heç bir irəliləyiş olmamış və bundan sonra uzun müddət Bakı şəhərində X6 Klinikasında müalicə almış, bir neçə dəfə əməliyyatlar edilmiş və bu gün də müalicəsi davam etdirilir. O, bununla bağlı X6 Klinikasına tibbi təxliyyə xidməti üçün ambulansa görə 1500 manat pul ödəniş etmiş, X6 Klinikasının hesabına ilkin olaraq 25000 manat ödəniş etmiş, əməliyyatdan sonrakı müayinələr üçün müxtəlif vaxtlarda 2018 manat ödəniş etmişdir. Məhkəmənin qətnaməsi ilə razılaşır. Ona görə də, apellyasiya şikayətininin təmin edilməməsini və Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(015)-972/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası MM-i: Maddə 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək ücün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərcəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

17. Azərbaycan Respublikası MPM-i: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

Apellyasiya baxışının hədləri

18. Azərbaycan Respublikasının MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 20.İş materiallarından görünür ki, Cavabdeh apellyasiya şikayətində Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(015)-972/2022 nömrəli qətnaməsinin iddianın qismən təmin edilmiş hissəsini mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. 21.Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(015)-972/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

23. Qətnamənin qanuniliyi dedikdə, mülki işlərə mahiyyəti üzrə baxıb, onları həll edərkən qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə dəqiq və dönmədən riayət olunması başa düşülür.

24. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, ona baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilmiş faktlardan irəli gələn nəticə onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar iş materiallarına uyğun olsun.

25. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.

26. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən göründüyü kimi, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 27.Qanuni qüvvəsini almış məhkəmə hökmü üzrə Cavabdeh Azərbaycan Respublikasının CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilinmiş və ona 4 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhrum etmə cəzası təyin edilmişdir. 28.Həmin hökm üzrə müəyyən edilmişdir ki, Cavabdeh sürücülük vəsiqəsi və müvafiq etibarnamə olmadan idarə etdiyi Ford Transit markalı **-TE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini Qazax istiqamətində hərəkət etdirərkən öz hərəkət zolağından çıxaraq əks hərəkət zolağına keçib hərəkətdə olarkən avtomobilin ön sağ hissəsi ilə qarşıdan öz yolu ilə gələn sürücü İddiaçı idarə etdiyi Mercedes-Benz E220 CDl markalı **- FZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Cavabdeh təqsirli hərəkəti nəticəsində zərərçəkmiş şəxs İddiaçı avtomobilinə 14983 manat məbləğdə maddi ziyan dəymiş, habelə zərərçəkmiş şəxsin sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər dəymişdir. 29.MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 30.Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır.

31. İş materiallarından görünür ki, İddiaçı almış olduğu xəsarətlərlə bağlı X6 Klinikasında müayinə və müalicə olunmuş, o, bununla bağlı X6 Klinikasına tibbi təxliyyə xidməti üçün ambulansa görə 1500 manat pul ödəniş etmiş, X6 Klinikasının hesabına ilkin olaraq 25000 manat ödəniş etmiş, əməliyyatdan sonrakı müayinələr üçün müxtəlif vaxtlarda 2018 manat ödəniş etmişdir ki, bu ödənişlər işə əlavə edilən ödəniş qəbzləri ilə təsdiq edilir.

32. X6 Klinikasında müalicə xərclərinə görə 28518 manat xərclənsə də, iddiaçı 28183 manat məbləğində pul xərcləməsini bildirdiyindən və birinci instansiya məhkəməsi iddianı yalnız həmin hissədə təmin etdiyindən, məhkəmə kollegiyası həmin məbləğlə razılaşır.

33. Məhkəmə kollegiyası hesab edir ki, iddianı qismən təmin edən birinci instansiya məhkəməsinin bu iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, həmin hissədə mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin həmin hissələrdə ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Ağstafa Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2(015)-972/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392- 393, 402, 403, 404, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏTETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Ağstafa Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2(015)-972/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar